Günay Qarayeva - Uşaq nəsri və dramaturgiyasının müasir durumu və perspektivləri

 

Yola saldığımız 2017-ci ildə uşaq ədəbiyyatının inkişafı istiqamətində polemikalar aparılmış, layihələr reallaşdırılmışdır. Ötən il bu ədəbiyyatın təbliğinə ilk olaraq "Ədəbiyyat qəzeti"nin müzakirə saatında başlanıldı. Uşaq ədəbiyyatının müasir durumu, aktual problemləri, onun geriləmə səbəbləri yazarlar, ədəbi tənqid nümayəndələrinin iştirakı ilə ətraflı müzakirəyə çıxarıldı. Vaxtaşırı aparılan disputlar bu sahədə yetərincə boşluqların olması, bu ədəbiyyatın müasir durumu, uşağın daxili aləmini, psixoloji yaşantılarını ortaya qoyacaq əsərlərə böyük ehtiyac hiss olunduğu, uşaq ədəbiyyatımızın həmin məsələlərə yetərincə cavab verə bilmədiyini və bu sahədə ictimai işlərin dominantlığını təsdiqlədi. Ötən il uşaq ədəbiyyatının təbliği, gənc nəslin inkişafı və onlarda estetik zövq aşılamaq məqsədilə bir çox layihələr həyata keçirilmişdir. Azərbaycan yazıçıları Kamran Əlioğlu və Fərid Qorxmazoğlunun "İliş və ya hörülmüş hekayə" kitabının İsveçin paytaxtı Stokholmda Maria Sheval adına "Uşaq mövzusuna həsr olunmuş ən gözəl əsər" mükafatına layiq görülmələri də ilin uğurları sırasındadır.

Yola saldığımız 2017-ci ildə "Göyərçin", "Göy qurşağı", "Savalan", "Qaranquş", "Sehirli dünya" kimi uşaq jurnalları maraqlı nağıl və hekayələr, zəngin elmi, informativ məlumatlar, rəngarəng rublikaları ilə kiçik oxucuların ixtiyarında olmuşdur. Əfsuslar olsun ki, uşaq mətbuatında hələ də durğunluq hiss olunmaqdadır. 

2017-ci ildə "Azərbaycan", "Ulduz", "Göyərçin", "Göy qurşağı", "Savalan", "Qaranquş" jurnalları, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Kaspi" qəzetlərində, kulis.az, manera.az. saytları və ayrı-ayrı nəşriyyatlar oxucularına nağıllar, uşaq hekayələri, povest və dram əsərləri təqdim etmişdir ki, biz də kəmiyyət və keyfiyyətindən asılı olmayaraq bu nümunələri nəzərdən keçirmiş və ədəbi prosesdə uşaq ədəbiyyatının ümumi mənzərəsini əhatə etməyə çalışmışıq. 2017-ci ilin ədəbi mənzərəsi bu istiqamətdə uşaq ədəbiyyatımızın gələcək perspektivləri haqqında nikbin danışmağa əsas verir. Müxtəlif nəsilləri təmsil edən yazarlarımızdan öz dəsti-xətləri ilə tanınan Zahid Xəlil, Rafiq Yusifoğlu, Ələmdar Quluzadə, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Aygün Bünyadzadə, Gülzar İbrahimova, imzaları ilə seçılən Əfsanə Laçın, Vüqar Haqverdiyev, Elvira Məmmədova, Sevinc Elsevər, Alov İnanna, yeni nağıl, hekayə və povestləri ilə diqqəti cəlb edən Amin Sükut, Səmayə Bayramova və b. müəlliflərin bir qisminin əsərləri kitab halında çap olunmuş, bir qisminin isə nağıl və hekayələri  ayrı-ayrı dərgilərdə, müxtəlif saytlarda yayımlanmışdır. R.Yusifqızının "Dostum Mimi" (Bakı, 2017), V.Haqverdiyevin "Müasir nağıllar" (Bakı, 2017), Sevinc Elsəvərin "Donu qırmızı" (Bakı, 2017), Amin Sükutun "Tuflinlər" (Bakı, 2017) kitabları çap olunmuşdur. Zahid Xəlil, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Gülzar İbrahimova, Elvira Məmmədova, Əfsanə Laçın, Tural İsmayılov, Dilqəm Əhməd, Səmayə Bayramova və b. nağıl və hekayələri yuxarıda adlarını qeyd etdiyimiz qəzet və jurnallarda kiçik oxucuların ixtiyarına verilmiş, saytlarda yerləşdirilmişdir. 

Uşaq yazarlarımız uşaqları düşündürmək, onların təbiət, ətraf aləmlə bağlı bilgilərini genişləndirmək, əşya və predmetlər haqqında anlayışlarını möhkəmləndirmək məqsədilə hekayə janrının imkanlarından daha çox istifadə edirlər. Son dövrlər bu janrın imkanları genişlənmiş, uşaqlarda ənənəvi məzmunda dostluq, xeyirxahlıq, əməyə çağırış, zəhmətə qatlaşmaq motivləri ilə yanaşı, onların elmi biliklərini artırmaq, tarixi gün və hadisələr, ayrı-ayrı şəxsiyyətlər haqqında bilgilərini möhkəmləndirmək məqsədilə maraqlı hekayələr yazmışdılar. Z.Xəlilin "Qarğaların dostluğu", "Aysu və Cansu", Q.İsabəylinin "Qərib uşaqla qərib itin əhvalatı", "Şəhid bulud", R.Yusifoğlunun "Rənglərin anası", S.Nuruqızının "Danışan ilmələr",  "Saqlana", R.Yusifqızının "Qar", "Fevral ayının sirri", "Dəcəl ilbizlər", Ə.Laçının "Xahiş edirik kəmərləri bağlayın", E.Məmmədovanın "Qanadlı dostlar" və s. hekayələr ilin ən uğurlu nümunələri sırasındadır.  2017-ci ildə təcrübəli yazar Qəşəm İsabəylinin də "Ədəbiyyat qəzeti"ndə silsilə nağıl və hekayələri çap olunmuşdur. "Qərib uşaqla qərib itin əhvalatı", "Şəhid bulud"  hekayələri seçilən nümunələrdəndir. Müəllif "Qərib uşaqla qərib itin əhvalatı" hekayəsində Naxçıvandan köçüb Türkiyədə - İstanbulda məskunlaşan bir ailənin, xüsusilə onun övladı balaca Elgünün yaşantıları, iztirabları fonunda qəriblik, yurd həsrəti məsələsini qoyur, yaşadığı məkandan asılı olmayaraq öz elinə, ulusuna bağlı olmaq fikrini ümumiləşdirir. Q.İsabəylinin cazibədar üslubu, yığcam, lakonik təsvir üsulu, sadə cümlələrlə daha geniş mətləbləri ifadə etmək bacarığı olsa da, çox zaman qoyulan problemlərin dərin psixoloji tutumu  uşaq təfəkkürü ilə uyğunlaşmır. Müəllif  əhatəli, geniş bəşəri problemləri, günümüzün reallıqlarını kiçik uşaq dünyasına sığışdıra, onun yaşantıları fonunda gerçəkləşdirə bilir. Əgər diqqət etsək, kiçik qəhrəmanlarının əksəriyyəti həm də zamanımızın, yaşadığımız reallığın böyük qəhrəmanlarıdır.

Uşaq hekayələrində kiçik uşaqların obrazlarını yaradarkən onları mürəkkəb həyat gerçəkliklərinin fonunda heç bir çətinliklərdən qorxmayan mübariz, cəsur qəhrəmanlara çevirmək çox zaman fantaziyadan qaynaqlanan  nağıl süjetlərinin identivliyini meydana çıxarır. Bu da müasir ədəbiyyatda nağılla hekayə arasında  müəyyən bağlılıqlar və sərhədlərin açılmasına gətirib çıxarır. S.Nuruqızının "Saqlana" hekayəsində uzaq Tayqada yaşlı baba və nənəsinin himayəsində yaşayan 4 yaşlı balaca qızcığazın şücaətindən danışılır. 

Bəzən bir-birilə əlaqəsi olmayan, assosiativ şəkildə həyat hadisələri, predmetləri arasında uyarlıq, müəllifin təlqin etdiyi fikri sxematiklikdən, qəliblikdən çıxarır, ona dərin məntiqi ardıcıllıqla, idrak mexanizmi ilə yanaşmağı tələb edir. E.Məmmədovanın "Qanadlı dostlar" hekayəsi bu baxımdan maraqlı nümunələr sırasındadır. Hekayə maraqlı, tərbiyəvidir. Lakin müasir uşaq hekayələrində rastlaşdığımız ümumi qüsurları da nəzərə çatdırmaq  istərdim. Yuxarıda qeyd etdiyim kimi müasir uşaq hekayələrində əxlaqi-tərbiyəvi məzmundan daha çox, öyrətmək, bilgi vermək,  məlumatlandırmaq istəyi aparıcıdır. Bu baxımdan Reyhan Yusifqızının "Fevral ayının sirri", "Dəcəl ilbizlər", "Hədiyyə kitab", "Düşərgədə hadisə", "Qobustan macərası", Cəlil Cavanşirin "Yeni dost",  Əfsanə Laçının "Xahiş edirik kəmərləri bağlayın" və s. hekayələrin adlarını çəkə bilərik. Bu məzmunda yazılmış nümunələr yetərincədir. Lakin çox zaman yazarlar elmi materialı bədii mətnə çevirməkdə çətinlik çəkir, hər hansı bir təbiət hadisəsi, məfhumu, tarixi hadisəni uşaq təfəkkürü səviyyəsində canlandıra bilmir,  məlumatı cilalanmamış,  fakt kimi bəzən təsvir vasitəsilə ifadə edir,bəzən də informasiya məzmunla, fikirlə uzlaşmır. Primitivlik, cilalanmamış dil, bəzən sərlövhənin məzmunla uyğunsuzluğu, uzunçuluq, konkretliliyin olmaması, mətləb və süjeti  ümumiləşdirə bilməmək müasir uşaq hekayələrində təsadüf olunan xüsusiyyətlərdəndir. S.Əhmədlinin "Ağacı kəsmək lazımdır", Tural İsmayılovun "Fatimə ilə Şəkərin nağılı", "Kələm və çuğundur", "Şəkərbura ilə çəyirtkənin nağılı" buna misal ola bilər. Bu daha çox gənc və qeyri-peşəkar müəlliflərin yaradıcılığında təsadüf edilir. Bizcə, yeni yazarlara istiqamət vermək, onlara nədən yazmağı deyil, necə yazmağı təlqin etmək zəruri məsələlərdən biridir. Bəzən dil qüsurları, təkrarlar, süjetdəki mətləbin bədii həqiqətə çevrilməməsi  maraqlı quruluşa, ideya-məzmuna  malik əsərin bədii dəyərini azaldır.

Son dövrlər fantastik  janra artan maraq bu ilin nəsr nümunələrində də rast gəlinir. Müasir dövrümüzdə uşaqların geniş maraq dairəsini kəsb edən bu janra diqqət  artmaqdadır. R.Yusifqızının "Dostum Mimi", S.Elsəvərin "Nuhun gəmisində kosmosa səyahət", Kamran Əlioğlu və Fərid Qorxmazoğlunun "İliş və ya hörülmüş hekayə" əsərləri bu cəhətdən ilin ən uğurlu və seçilən nümunələr sırasındadır.  Müasir təhsil sisteminin xarakterinə uyğun olaraq uşaqları elmə, təhsilə yönəltmək,  müxtəlif elm sahələrində bilik və bacarıqlarını formalaşdırmaqdır. Elmi kəşflər və ixtiralar, gələcəklə bugün arasında əlaqə və bağlılıqların qurulmasında, uşaqları məlumatlandırmaq, düşündürmək, tərbiyələndirmək istiqamətində elmi-fantastik janrın imkanları olduqca genişdir. Təcrübə göstərir ki, yüksək texnologiyalar əsrində böyüyən uşaqlarımız üçün milli ədəbiyyatımızda müasir yazarlar tərəfindən elmi-kütləvi və elmi fantastik əsərlərin yazılması vacibdir. Müasir uşaq ədəbiyyatında bu sahədə əsərləri məktəblilər tərəfindən sevilə-sevilə oxunan, intellektual nəsrin ən gözəl nümunələrinin yaradıcısı olan müəlliflərdən biri də Reyhan Yusifqızıdır. Uşaq ədəbiyyatında intellektual nəsr sahəsində az sayda yazan yazıçılarımızdan olan Reyhan xanımın  "Dostum Mimi" əsəri kiçikyaşlı uşaqların intellektual səviyyələrinin yüksəlməsində, elmi biliklərinin genişlənməsində  yüksək əhəmiyyət kəsb edəcək əsərlərdəndir. Süni intellekt sahəsində mütəxəssis olduğundan yazıçının bu mövzunu ədəbiyyata gətirməsi təsadüfi deyil. Əsər süni-intellekt nəzəriyyəsinin banisi Lütfizadəyə həsr olunub. "Dostum Mimi" əsəri qoca professorun  düzəltdiyi robot-siçanın balaca Aylinlə dostluğundan bəhs edir. Əsər axıra qədər maraqla oxunur, dili kifayət qədər sadədir.

Süjet boyu Aylinin Mimiylə dostluğu, danışıqları, yaşadıqları macəralar, həyəcanlı məqamlar bir tərəfdən kiçik oxucunu cəlb edir, digər tərəfdən robot-siçanın timsalında müasir elmin nailiyyətlərini, yeni texnologiyalardakı yenilikləri əsaslandırır. Müəllif uşaqlara intellekt, süni intellekt, kompüter texnologiyaları, neyron, laboratoriya, avtomat qurğular, robot, knoubot, AİV və s. haqqında uşaq təfəkkürünə uyğun heç bir süniliyə yol vermədən ətraflı məlumat verir. Hadisələrin uşaq fantaziyasına uyğun maraqlı gedişi və məntiqi nəticəsi  inandırıcıdır.

Sevinc Elsevərin "Nuhun gəmisində kosmosa səyahət" əsəri də fantastik janrda yazılmış maraqlı nəsr nümunələrindəndir. Müəllif canlı aləmi təhlükədə qoyan ekoloji böhran, bütün yer üzünü bürümüş bu böhranın doğurduğu fəlakətləri əks etdirir.

Son dövrlər uşaq yazarlarının elmi fantastik janra üstünlük vermələri ( bu da müasir təhsil sisteminin tələblərindən irəli gəlir) bədii fantastik janrın imkanlarını məhdudlaşdırmışdır. Kamran Əlioğlu və Fərid Qorxmazoğlunun "İliş və ya hörülmüş hekayə" əsəri 2016-cı ildə çap olunmasına baxmayaraq 2017-ci ildə Beynəlxalq mükafata layiq görülmüş bədii fantastik nəsrin ən gözəl nümunələrindən biri kimi dəyərləndirilə bilər. Əsər qeyri-adiliyi ilə seçilən İliş adlı balaca oğlanın macəralarından bəhs edir. Əsərdə bir-birini əvəzləyən məkanlar, cərəyan edən hadisələr maraqla izlənilir, kiçik oxucunun diqqəti bu hadisələrin işığında İlişin sevdiyi işin axarından ayrılmır, daim onu izləyir. Maraqlı quruluşa malik olan bu əsərdə bəzən yorucu səhnələrə, bir-birilə əlaqəsi olmayan əsaslandırılmamış məqamlara da rast gəlmək mümkündür. Digər tərəfdən əsərdə emosiya gücü, həyəcan, oxucu ilə bədii mətn arasında qurulan bağlantı zəifdir.  Uşaq nəsrində maraqlı məsələlərdən biri yazarlarımızın dar, məhdud mövzu anlayışlarından sivrilib, daha geniş ictimai - sosial məsələlərə, cəmiyyət, təbiət haqqında düşüncələrə, hadisə və təfərrüatlara yer vermələdir. Gənc yazar Amin Sükutun "Tuflinlər" əsəri bu baxımdan ilin seçilən ən maraqlı nəsr nümunələri sırasındadır. Mövzu yeniliyi və əlvanlığı,  sosial həyatın geniş, epik təsviri, alleqorik şəkildə təbətdən qlobal məsələlərə, bəşəri problemlərə nüfuz etmək povestin əsas məziyyətlərindəndir. Əsərin ən maraqlı xüsusiyyətlərindən biri əslində dili, üslubu, strukturu, quruluşu baxımından uşaqlar üçün nəzərdə tutulsa da, yaşam tərzi, təbiətdəki nizam, qayda-qanunlarla cəmiyyət normaları arasında ümumi bağlılıqların qurulması, professional şəkildə əsaslandırılması baxımından böyüklərin də marağına səbəb olacaq nümunələrdəndir. Bolclara - düşmənlərinə qarşı yeganə  çıxış yolunu mübarizə aparmaqda görən Susal və Oşan onların axtarışına çıxırlar, yerin üstündə hər birinin özəlliyi, fərqli yaşam tərzi olan əqrəb, ilan, koalo, kenquru, arı, eşşək, ağacdələn, qarışqa, qunduz, tülkü, qarğa, sərçə, tutuquşu  və s. heyvanlarla rastlaşırlar. Povestdə mübarizə aparmaq, qarşısına məqsəd qoyub ona doğru irəliləmək, risk etmək, həqiqəti  görmək, həyatı dərk etmək və s. kimi məsələlər öyüd-nəsihət şəklində deyil, Susal və Oşanın mübarizəsi, tuflinlərin rastlaşdıqları heyvanlar və onların təcrübələri əsasında əyaniləşir. Əsərdə heyvanlar, onların görünüşü, qidalanması, yaşayışı haqqında yeri gəldikcə müəllif maraqlı bilgilər verir, onların təbiət qüvvələri, anlayışları haqqında bilgilərini genişləndirir. Özünə güvənc hissi, risk etmək, yaxşı düşünmək və s. kimi  fikirlər təlqin edilir. Əsərin müsbət tərəfləri çoxdur. Lakin bir neçə çatışmayan məsələləri də nəzərə çatdırmaq istərdim. Müəllif uşaqların təbiət və heyvanlar haqqında təsəvvürlərini, bilgilərini  genişləndirmək məqsədilə maraqlı məlumatlar verir. Lakin çox zaman uşaq təfəkkürünə uyğun olmayan, olduqca çətin, dolaşıq şəkildə verilən elmi izahlar uşaq təfəkkürünə uyğun deyil. Müəllif mübariz olmaq, məqsədə doğru əzmkarlıq , cəsarətli addım atmaq, qorxmamaq və s. təlqin edərkən cox zaman ifrata varır, halbuki, uşaqlar üçün yazan müəlliflər bəzi məqamlarda ehtiyatlı davranmalı, ciddi məsələlərdə hökmlə çıxış etməməlidir.

2017-ci il uşaq dramaturgiyasının inkişafı istiqamətində də müəyyən irəliləyişlər olduğunu desək yanılmarıq. Əfsuslar olsun ki, bu irəliləyiş demək olar ki, illərlə boş qalmış sahəyə bir neçə pyesin əlavə olunması, nəşr olunan kitablarda uşaq pyesləri adına nümunələrin artması ilə yadda qalır. Kiçik tamaşaçı ənənəvi Azərbaycan və rus nağıllarının  təkrar süjetləri əsasında  səhnələşdirilmiş, bəzən isə yeni quruluşda və tərtibatda dekonstruksiya olunmuş mətnlərin izləyicisi olaraq qalır. 2017-ci ildə Pərvinin "Səhnə" kitabında uşaqlar üçün "Balaca və damda yaşayan Karlson", "Dəcəl keçi", "Qoğalın sərgüzəştləri", "Mauqlinin yeni ili" olmaqla dörd uşaq pyesi, S.Elsevərin "Donu qırmızı" kitabında isə "Lokomativ və vaqonları" adlı bir uşaq tamaşası yer almışdır. Əfsuslar olsun ki, yazılan pyeslərin əksəriyyəti  iqtibas, povestlərdən tərcümə, ya da Azərbaycan və rus nağıllarının dekonstruksiyasıdır. Uşaqla ünsiyyət, onunla qurulan müsahibə, müxtəlif vasitələrlə yaradılan əlaqə müəllifdən hədsiz diqqət, tələbkarlıq tələb edir. Ədəbiyyatın digər sahələrindən fərqli olaraq uşaq ədəbiyyatı öz məğzində yalnız tərbiyələndirmək, maarifləndirmək, anlatmaq, öyrətmək  və yaxud öyrənməyə istiqamətləndirmək missiyası daşıyır. Bu zaman uşaqla yaradılan bağlantı öz təsirini göstərmiş olur. Müəllif pisliyi, naqisliyi elə tərzdə təqdim etməlidir ki, uşaq nəticə çıxarsın, yanlışlığı görsün və ondan  ehtiyatlana bilsin. Pərvinin "Səhnə" kitabında yer alan "Qoğalın sərgüzəştləri" pyesi məşhur rus xalq nağılının motivləri əsasında qələmə alınmışdır. Pyesdə qoğalın baba və nənədən qaçması ilk növbədə əyləncəli deyil, düşündürücüdür. Qoğalın tez böyümək, ağıllanmaq sevdası onu canavar, ayı ilə qarşılaşdırır, uşaq  onların "ağıllı" yaşam düsturu ilə tanış olur. Müəllif hər bir mövzuya yanaşmada müasir dövrün, cəmiyyətin tələblərini nəzərə almalıdır. Lakin çox zaman cəmiyyətin çatışmayan, nöqsanlı tərəflərinin qabardılması uşaq təfəkkürünə mənfi təsir göstərir. Ağıllı olmağın gərəksizliyini, əsas güclü və yaxşı yerdə yaşamağın zəruriliyini müsahibinə çatdırarkən qoğal cavabsız qalır. Ayı körpünün üstündə yaşadığını və onun icazəsi olmadan heç kəsin bu körpüdən keçmək hüququnun olmadığını deyir. Bunu anlamayan qoğalın təəccübünü gördükdə Ayı deyir: "Ayı: Ay səni.... (söymək istəyir guya, özünü saxlayır). Demək istəyirəm körpü mənə baxır. İstəsəm buraxaram, istəsəm yox. Bir balaca hörmət eləsələr, rahat olur....

Qoğal: (yenə gözlərini döyür) -Hmmm...Mənim də sizə böyük hörmətim var.

Ayı: Ver, gəlsin...

Qoğal: (çaşır) Nəyi?

Ayı: Eeehh axmaq....Hörmət. Yəni ki, rüşvət. Bir çəllək bal."

Müəllifin folklor motivləri əsasında yazılan "Dəcəl keçi" pyesi isə əyləncəlidir. Pyesdə bir dəcəl, yalançı keçinin sərgüzəştlərindən danışılır. Dəcəl keçi ərköyünlüyü, dəcəlliyi, yalançılığı ilə babanı, nənəni və nəvəni incidir. Onun yalançılığı ucbatından günahsız yerə nənə və nəvə baba tərəfindən cəzalandırılır. Pyes uşaqlara "yalan ayaq tutar yeriməz" misalını təlqin edir. Ona qarşı xoş münasibətdən istifadə edən keçi axırda öz cəzasını alır, qovulur.

Bakı Uşaq Teatrının fəaliyyəti təqdirəlayiqdir. Teatr keçən mövsümdə "Qeyri-adi məhkəmə", "Xaşxaşın göz yaşı və ya həyatla oyun", "Günahsız günahkarlar" tamaşaları ilə müxtəlif əyalətlərdə də çıxış etmişdir ki, mövzusu  müasir cəmiyyətin problemlərini, cəmiyyətdəki mənəvi-əxlaqi aşınmaların qurbanı olan gəncliyin taleyini, yaşadıqları ruhi-psixoloji sarsıntıları əks etdirən bu tamaşaların tərbiyəvi əhəmiyyəti, təsir qüvvəsi olduqca böyükdür.

2017-ci ildə Naxçıvan Dövlət Uşaq Teatrında əməkdar artist Tofiq Seyidovun ssenarisi əsasında "Bizə, dovşanla meşəbəyi lazımdır" ikişəkilli alleqorik tamaşa kiçik uşaqların ixiyarına verilmişdir. Balaca tamaşaçı alleqorik şəkildə canlandırılmış Bəbir, Ay, Canavar, Tülkü, Çaqqal, Zürafə, Dələ, Meymun və s. heyvanlarla tanış olur, onların obrazları uşaqların gözündə aydın canlandırılır. Pyesdə təbiətdə heyvanların hökmranlığı, mənəm-mənəmlik davası, onlar arasında hakimiyyət bölgüsü  və s. cəmiyyətdə insan münasibətləri, cəmiyyət əlaqələrindəki ziddiyyəti, ayrı-seçkiliyi ifadə edir. Pyesdə yumor hissi ilə yanaşı kinayə də vardır. Lakin pyesin konflikti zəif, sönük, müəllifin məqsədi isə aydın ifadə olunmamışdır.

Beləliklə,  uşaq nəsri və dramaturgiyası ilə bağlı il boyu  apardığımız müşahidələri ümumiləşdirərək deyə bilərik ki, müəyyən qüsurlarına baxmayaraq uşaq ədəbiyyatı inkişaf etməkdədir. Uşaqların zövqünü oxşayan, onların maariflənməsi və formalaşmasında bu sahənin imkanları yetərincə genişdir. Əvvəlki illərlə müqayisədə uşaq ədəbiyyatına artan maraq, yeni imzaların görünməsi, janr təkamülü, uzun müddətdir kiçik yaş sindromundan qurtula bilməyən ədəbiyyatın yeniyetmələrin və gənclərin mənəvi aclığını ödəyən əsərlərlə gündəmdə olmaları ilin bu sahədə uğurları sırasındadır. Ötən ilin uşaq ədəbiyyatı nümunələri içərisində bir neçə əsərin seçilib fərqləndirilməsi, beynəlxalq mükafata layiq görülməsi bu ədəbiyyatın perspektivləri haqqında nikbin danışmağa əsas verir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!