Ədəbiyyatşünaslıq elminin mühüm araşdırma obyektlərindən biri olan bədii tərcümə problemi ədəbi-bədii nümunələrin digər dillərə çevrilməsi ilə yanaşı, daha geniş bir ədəbi mühitə inteqrasiyası məsələsini araşdırır... Bəs tərcümə işi Azərbaycanda 2017-ci ildə necə inkişaf edir, hansı problemlərlə üzləşir, ölkədə gedən tərcümə prosesini qənaətbəxş hesab etmək olarmı?
Ədəbiyyatşünaslıq elminin mühüm araşdırma obyektlərindən biri olan bədii tərcümə problemi ədəbi-bədii nümunələrin digər dillərə çevrilməsi ilə yanaşı, daha geniş bir ədəbi mühitə inteqrasiyası məsələsini araşdırır... Bəs tərcümə işi Azərbaycanda 2017-ci ildə necə inkişaf edir, hansı problemlərlə üzləşir, ölkədə gedən tərcümə prosesini qənaətbəxş hesab etmək olarmı? Tərcümə prosesi ölkəmizdə cari ildə iki istiqamədə inkişaf etmişdir.
1. Orijinaldan edilən tərcümələr;
2. İkinci dil vasitəsilə edilən tərcümələr.
Bu il də ikinci dildən tərcümə məsələsi aktuallıq təşkil edir. Əsərlərin əksəriyyəti rus, bəzən isə türk dili vasitəsi ilə həllini tapır. Bədii tərcümələrin bəzən yeni olmaması, hətta bəzilərinin sovet dövründə ingilis, fransız, alman və rus ədəbiyyatlarından edilməsi və nəşri məsələsi bu il də aktualdır.
Tərcümə prosesinin inkişaf sxemi aşağıdakı kimi əksini tapmışdır.
1. Diplomatik əlaqələrin yaradılması
2. Milli ədəbiyyatların qarşılıqlı təbliği
3. Bədii tərcümələrin kitab şəklində nəşr edilməsi
4. Mətbu orqanlarında il ərzində dövrü olaraq çapı
2017-ci ildə Avropa (əsasən ingilis, fransız, alman və italyan ədəbiyyatlarından), Amerika və rus ədəbiyyatları nümənələrinin tərcüməsinə üstünlük verilməsi faktı ilə üzləşirik. Türkdilli xalqların, ərəb, fars, yapon, çin və digər xalqların ədəbiyyat nümunələrindən də tərcümələr yer almaqdadır. Roman ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatı nümayəndələrinin həyat və yaradıçılığından səhifələr, hekayələr, epistolyar ədəbiyyat nümunələri, esselər, ədəbi-nəzəri və fəlsəfi fikirlər, xatirələr, məktublar, çıxışlar geniş yer tutur. Bu da ondan irəli gəlir ki, böyük həcmli əsərlərin tərcüməsi daha çox zaman və səriştə tələb edir və dövrü mətbuatlarda daha çox qısa məzmunlu, dərin fəlsəfi, ədəbi-bədii və estetik məzmunlu əsərlərin çapına üstünlük verilir.
Tərcümə sahəsində böyük xidmətlər göstərən təşkilatlardan biri Afaq Məsudun rəhbərlik etdiyi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi işini müxtəlif istiqamətlərdə qurmuş, bir sıra ölkələrlə mədəni-diplomatik əlaqələr yaratmış, işgüzar görüşlər keçirmiş və əhəmiyyətli nəticələr əldə etmişdir.
Dünya şöhrətli yazıçı Stiven Kinqin "Seçilmiş əsərləri", XX əsr rus ədəbiyyatının görkəmli nümayəndələri, eləcə də, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquronun "O günlərdən qalanlar", Argentina uşaq ədəbiyyatı nümayəndəsi Mariya Elena Valşın "Dailan Kifki" adlı əsərləri kitab halında nəşr edilmişdir.
Viktor Jirmunskinin "Xalq qəhrəmanlıq eposu" kitabı isə german-roman, rus və cənubi slavyan, Orta Asiya, həmçinin, Azərbaycan xalqının dastan yaradıcılığından bəhs edir. "Kitabi Dədə Qorqud", "Koroğlu", "Alpamış", Karel-fin dastanı "Kalevala" və digər dastanları arasında müqayisəli elmi araşdırmaların yer aldığı bu kitab dəyərli tədqiqat məxəzidir. Ön söz akademik Muxtar İmanova, tərcümə E.Başkeçidə aiddir.
Mərkəzdə, həmçinin, ikicildlik "Dünya dramaturgiyası antologiyası" işıq üzü görüb. "Skapenin kələkləri" adlanan I cildi dilimizə Xalq yazıçısı Elçin, "Lanqustun gülüşü" adlanan II cildi isə yazıçı-tərcüməçilər - Yaşar və S.Budaqlı çevirib. Elçinin tərcüməsində işıq üzü görən əsər yazıçı psixologiyasının ifadəsi, ideya mahiyyətinin ötürülməsi, bədii ifadəlilik baxımından yüksək məqama sahibdir. Yazıçının yüksək peşəkarlığı və üslubun qorunub saxlanılması ən vacib və dəyərli amillərdəndir.
"Türkiyə ədəbiyyatı antologiyası" (XIX-XXI əsrlər) və Ukrayna poeziyasını əks etdirən "Kişi, qadın və çətir" adlanan antologiyada (XX-XXI əsrlər) isə bu ölkələrin ədəbi mənzərəsini küll halında təqdim edir, bir çox tanınmış ədiblərin əsərləri ilə baglı müfəssəl təsəvvür yaranır.
Mərkəzin mətbu orqanı olan "Xəzər" jurnalının dörd sayı işıq üzü görüb. Jurnal Poeziya, İntibah, Korifeylər, Memuar, Cağdaş dövr ədəbiyyatı, Teatr, Ədəbi mozaika kimi müxtəlif bölmələrdən ibarətdir. "Buker mükafatı laureatları" bölməsi yeni əlavə olunmuşdur. Buradakı sistemlilik dünya ədəbiyyatının müxtəlif inkişaf istiqamətləri ilə tanış olmağa imkan yaradır, klassik və müasir dövr ədəbiyyatinin müxtəlif məsələlərini əhatə edir. Ədəbi nümunələrlə yanaşı, görkəmli simaların həyat və yaradıcılığını tədqiq etməkdə böyük əhəmiyyət kəsb edən məktublar, xatirələr, gündəliklərdən qeydlər tərcümə olunmuşdur.
Səlim Babullaoğlunun rəhbərliyi ilə Azərbaycan Yazıçılar Birliyi Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzi də ədəbi əlaqələrin genişlənməsi və bədii tərcümə sahəsində əhəmiyyətli nəticələr əldə etmiş, mədəni-diplomatik görüşlər keçirmiş, əməkdaşlıq memorandumları imzalamış, qarşılıqlı ədəbi əlaqələrin inkişafı istiqamətində ciddi işlərə imza atılmış, "Dünya ədəbiyyatı" dərgisinin İngiltərə və Moldova sayı işıq üzü görmüşdür...
S.Hüseynlinin tərcüməsində C.Barnsın "Aqibət duyğusu" romanı və C.Yusiflinin tərcüməsində Tomas Eliotun "Bəhrəsiz torpaq" poeması ayrıca kitab halında nəşr olunmuşdur.
Ədəbi əlaqələrinin inkişafı baxımından bu il mərkəz möhtəşəm bir layihəyə -Moldova Yazıçılar Birliyi ilə əməkdaşlıq memorandumu imza atmışdır. Əməkdaşlıq çərçivəsində görkəmli moldovan şairi Arkadie Suçevyanunun "Qağayı ilə göndərilən məktub" şeirlər toplusu nəşr olundu. Kitab özünün orijinallığı ilə fərqlənir. Bütün şeirlər, hətta titul səhifəsi, ön söz və mündəricat paralel olaraq Azərbaycan və Moldova dillərində təqdim olunmuşdur. Kitab Azərbaycanda moldovaşünaslığın inkişafı və ədəbi əlaqələrin araşdırma obyeki kimi dəyərli məxəzdir. Tərcümələr S.Babullaoğlu və Q.Rüstəmova aiddir.
Moldova ədəbiyyatının tanınmış gənc yazarı İqor Volnitskinin "Mənə ölməyi öyrət" romanı da ayrıca kitab halında nəşr edildi. Romanı dilimizə A.Yaşar çevirib.
"Dünya ədəbiyyatı" dərgisinin "Moldova" sayında isə 40-a yaxın müəllifin yaradıcılığından nümunələr təqdim olunub. Tərcümə prosesində S.Babullaoğlu, A.Yaşar, S.Şahmursoy, E.Hüseynbəyli, C.Yusifli, Qismət, H.Piriyev, Cavid, P.Zakirova Gülzar və digərləri iştirak ediblər.
İran, konkret desək, farsdilli İran ədəbiyyatına həsr olunmuş "Dostun evi hardadır" poeziya antologiyasında bir çox görkəmli şairin yaradıcılığı əksini tapmışdır. Otuz bir şair və 200-dən çox şeirin toplandığı bu nəşr XX əsr İran ərazisindəki farsdilli poeziyanın aynasına çevrilir. Orijinaldan edilmiş tərcümələrin müəllifləri dəyərli alim M.Məhəmmədi, M.Nuri, A.Tarverdiyev və Ə.Qərəculudur.
Tərcümə fəaliyyəti ilə milli tərcümə sənətinə öz töhfələrini verən daha bir dövri mətbuat orqanı "Azərbaycan" jurnalıdır. Dərgidə tərcümələrin keçən ilə nisbətən azaldığını müşahidə etdik (yalnız 1, 5, 6, 9, 10. 11 sayları). 2016-ci il ərzində demək olar jurnalın bütün saylarında təcümələr mövcud idisə, bu il say və həcm baxımından kifayət qədər geriləmə var. 2017-ci il nəşrlərində Kurt Vonnequtun "Qonşu qapı" və "Gəzinti" hekayəsi ingiliscədən S.Gültən, Oleq Omiqin (Sidorov) "Tigin ağacı" hekayəsi M.İsmayıl, Rus ədibi Yuri Serbakovun şeirləri S.Məmmədzadə, Vasili Belovun hekayələr silsiləsi E.Hüseynbəyli, Arsen Titovun "Zınqırovlu dəvə" hekayəsi və Andrey Rastorquyevin "Portağal bağının xiyabanına" şeiri K.Qoçaq, Misir yazıçısı Süheyr əl-Qalamavinin "Alovlu məktub", Əlcəzair yazıçısı Hənəfi bin İsanın "Əlcəzairli Parisdə" hekayəsi X.Ələkbərli, Tatyana Sivesin "Baki" haqqında poeması K.Arif tərfindən tərcümə olunmuşdur.
Bu il "Azərbaycan" jurnalında diqqətimizi cəlb edən əsas tərcümə mətnlərindən biri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin macar ədəbiyyatı klassiki Miksat Kalman yaradıcılığından "Danışan kürk" povesti oldu. Klassik macar yazıçısı kədərlə gülüşü, reallıqla fantastikanı, düşüncə ilə təsviri paralel şəkildə verə bilən ədiblərdəndir. Pevosti təqdim etməzdən əvvəl mütərcim, M.Kalman yaradıcılığı haqqında "Miksat Kalman və onun "Türk povesti" adlı məqaləsini təqdim edir. Povest elə həmin ərəfədə "Qanun" nəşriyyatında kitab şəklində də nəşr etdirərək geniş oxucu kütləsinin ixtiyarına həvalə etmişdi. Əsər orijinaldan deyil, türk dilindən tərcümə olunmuşdur və eyni zamanda "Ədəbiyyat qəzeti"nə də təqdim olunmuşdur.
"Ulduz" jurnalı da tərcümə sahəsində bir çox işlər görmüş, bədii ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslığın müxtəlif sahələrini əhatə edən aktual problemləri əhatə etdirir. Fars ədəbiyyatından Füruğ Fərruxzadın poeziyasını orijinaldan M.Nuri, ingilis ədəbiyyatından Corc Oruellin "Tolstoy və Şekspir" komparativistik məzmunlu əsəri X.Xatun, amerika şairi Qeri Şnayderin şeirləri ingiliscədən R.Abbaslı, Türkiyə ədəbiyyatından Həsən Özqılıncin şeirləri O.Hacımusalı, Qazax ədəbiyyatından Maruana Həmzəqızı "Sənsiz olmaq" A.Arifqızı, özbək publisist və tərcüməçisi Sabit Mədəliyevin şeirləri Ə.Qiyas, gürcü ədəbiyyatından Quri Otabaianın şeirləri R.Hümmət, alman yazıçısı Henrix Bölün "Mənim bahalı ayağım" romanından parça T.Eminoğlu, Mar Bayjiyevin "Səhv"əsəri N.Əbilova və digərləri tərəfindən tərcümə olunmuşdur.
2017-ci il ərzində tərcümə sahəsində əhəmiyyətli işlər görən mətbu orqanlarından biri də "Ədəbiyyat qəzeti"dir. Əvvəlcədən qeyd edək ki, keçən il rastlaşdığımız silsilə tərcümələr bu il, ümumiyyətlə, yoxluq təşkil edir. Daha çox qısa məzmunlu ədəbi nümunələr tərcümə olunmuşdur. Qəzet bir qədər sistemləşdirilmiş bir inkişaf xətti üzrə fəaliyyət göstərir. Təkcə ədəbi nümunələr deyil, ədəbiyyatşünaslığın elmi-nəzəri, ədəbi-estetik problemləri də əks olunmuşdur. Sözsüz ki, bu cür yanaşma ədəbiyyatşünalıq elminin və ədəbiyyatın daşıdığı məzmunu daha dərindən anlamağa xidmət edir. Dünya ədəbiyyatı problemlərinin bu şəkildə qəzetin müxtəlif saylarında tərcümə olunaraq əks olunmasının digər üstün cəhəti isə Azərbaycan ədəbiyyatşünaslıq elminin bu irsdən zənginləşməsi və bəhrələnməsi məsələsidir.
Keçən il qəzetin başlatdığı "Ədəbiyyat üzrə Nobel mükafatçıları" rubrikası bu il də davam edir. Təqdim olunan bütün ədəbi nümunələri elə rubrika rəhbəri Əyyub Qiyas tərcümə etmişdir. Bütün əsərlər yalnız ikinci dil, yəni rus dili vasitəsi ilə edilmişdir. Lakin buna baxmayaraq, tərcümələr yüksək səviyyədədir və bu fakt tərcümənin ümumi vəziyyətinə xələl gətirmir.
Qəzetdə Türkiyə və türk ədəbiyyatı nümunələri Dilsuz Mustafayev tərəfindən dilimizə uyğunlaşdırılmışdır. Mütərcim klassik və müasir türk poeziyasına müraciət etmişdir.
Eyni zamanda, qəzetdə ədəbiyyatşünaslığın nəzəri problemləri haqqında da bir sıra tərcümələr yer almışdır.
Cari ildə "Qanun" nəşriyyatının fəaliyyəti də diqqətdən kənarda qalmamalıdır. Klassik və müasir dövr ədəbiyyatı nümunələri, o cümlədən tanınmış, sevilən yazıçılarla bərabər, hələ ədəbiyyatda yeni söz sahibi olan gənc yazarların da əsərləri diqqəti cəlb edir. Nəşrlər arasında hətta sovet dövründən qalan tərcümələr də mövcuddur.
Tərcümə yaradıcılığına hörmətlə yanaşdığımız peşəkar tərcüməçilər Vilayət Haciyev və Cəmşid Cəmşidovun adlarını xüsusilə qeyd etməyi lazım bilirik. Tərcümə prosesində ən incə məqamları belə diqqətdən qaçırmayan mütərcimlər bu günün tərcümə məktəbini yaratmaqla bərabər, dost xalqlar arasında ədəbi əlaqələrinin inkişafında və genişlənməsində əvəzsiz xidmətlər göstərir, fəaliyyətləri ilə bu sənətin ən yüksək zirvələrini fəth edirlər. Hər iki mütərcimin tərcümələri "Ədəbiyyat qəzeti"ndə, "Ulduz" və "Azərbaycan" jurnallarında, "Xəzər" bədii tərcümə dərgisində və xüsusilə də kitab halında uzun illərdir ki, çap olunmaqdadır.
Geniş və peşəkar tərcümə fəaliyyəti ilə dünya ədəbiyyatı nümunələrini dilimizə çevirən daha bir mütərcim AMEA Ədəbiyyat İnstitutun əməkdaşı, f.e.d. Cavanşir Yusiflidir. Peşəkar tərcümə fəaliyyətinin kifayət qədər uğurlu və geniş olmasını nəzərə alaraq onun tərcümə irsinin artıq bir tədqiqat obyekti kimi dəyərləndirilməsinin zamanı gəldiyini desək, yəqin ki, yanılmarıq. İngilis və fransız dillərində orijinal mətnlərlə işləyir, hər iki dildən etdiyi tərcümələr bu sənətin yüksək standartlarına cavab verir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 12 may 2017-ci il tarixli, 6 saylı iclasının qərarı ilə "Plyus bədii yaradıcılıq" ədəbi almanaxı çap edilmişdir. Almanaxın çapı institutun direktoru, akademik İsa Həbibbəylinin xüsusi təşəbbüsü və təşkilatçılığı ilə əsəyə gəlmişdir. Kitabda institutun əməkdaşları R.Nəbioğlu, N.Cabbarlı, İ.Həmidov, C.Yusifli, X.Zairova, E.Babayeva, A.Paşayevanının ingilis, faransız, ərəb, türk ədəbiyyatlarından orijinal tərcümələri əksini tapmışdır. Məcmuədə R.Nəbioğlunun C.Q.Bayron yaradıçılığından tərcümə etdiyi "Ayrılıb gedəndə biz" "When we two parted" şeirinin tərcüməsi zamanı Bayronun incə ruhunu oxucuya çatdırmaqla yanaşı orijinala sadiq qala bilmiş, qafiyə sisteminə xələl gətirməmişdir.
Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması məsələsində Tərcümə Mərkəzi Azərbaycan tarixinin və milli faciələrimizin ifadəsi baxımından çox işlər görülmüşdür. "Azərbaycan xalqının tarixi və ya "tərcümeyi-halı" kitabı ərəb dilində işıq üzü görüb. Kitabın müəllifi - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nizami Cəfərov, ərəb dilinə tərcüməsinin müəllifi Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi, filologiya üzrə fəlsəfə doktoru Əhməd Sami Elaydidir. Digər bir kitab "Azərbaycana qarşı Sumqayıt təxribatı"adlanır. 1988-ci ildə Eduard Qriqoryanın rəhbərliyi altında baş verən təxribat hadisələri tarixi faktlar, dəlillər və sübutlar əsasında təsdiqini tapır.
Bolqarıstanın paytaxtı Sofiyada işıq üzü görən kitab AMEA, Azərbaycanın Bolqarıstandakı səfirliyi və Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Avstriya tarixçisi, alim və yazıçı Erix Fayqlın "İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi" adlanır. Kitabı bolqar dilinə Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının üzvü, polkovnik Todor Enev tərcümə etmişdir. Tərcüməçi bu nəşrdə ermənilərin Qafqaza köçürülməsinin faktlarla sübut olunduğunu, onların törətdiyi cinayətlərin oxucuya təqdim edildiyini söyləyib.
Klassik və müasir ədəbiyyatımızın bir sıra görkəmli nümayəndələrinin əsərləri ingilis, fransız, alman, bolqar, rus, ispan, polyak və digər dillərə tərcümə edilərək nəşr edilmiş və müxtəlif ölkələrdə təqdimat mərasimləri keçirilmişdir. Azərbaycan ədəbi xəzinəsinin ən dəyərli gövhəri dahi Nizaminin dünya dillərinə tərcüməsi məsələsi hər zaman diqqət mərkəzində saxlanılır. Cari ildə Braziliya Milli Konqresində ədibin portuqal dilinə tərcümə edilmiş aforizmlərindən ibarət "Zaman üzərindən bir körpü" adlı kitabın təqdimetmə mərasimi keçirilmişdir. Nəvai adına Özbəkistan Milli Kitabxanasında özbək şair-tərcüməçi Olimcan Buriyevin Özbək dilinə tərcümə olunmuş "Xəmsə" əsərinin təqdimat mərasimi keçirilib. Qeyd edək ki, ilk dəfə olaraq şairin "Xəmsə"si özbək dilində bütöv halda tərcümə edilərək nəşr edilmişdir. Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin şərqşünas-alimi Yevgeni Bertelsin (1890-1957) "Böyük Azərbaycan şairi Nizami" ("The Great Azerbaijani Poet, Nizami") adlı kitabının da ingilis dilinə ilk akademik tərcümənin təqdimat mərasimi keçirilib.
Görkəmli yazıçısı Mir Cəlal Paşayevin ingilis dilində qısa hekayələrindən ibarət olan kitabı Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə təqdim edilib. ADA Universiteti tərəfindən bu il nəşr edilən kitabın ilk təqdimatı ABŞ-da keçirilmiş və qısa hekayələrdən ibarət kitabın redaktoru Betti Bleyerdir. Təqdimatda amerikalı aktyorlar M.Ceykobson, K.Gerla və K.Agilanın təqdimatında yazıçının "Anket Anketov", "İclas qurusu" və "Söyüd kölgəsi" hekayələri nümayiş etdirilib.
Cari ilin daha bir uğurlu layihəsi Kolumbiya Respublikasının Azərbaycandakı Səfirliyinin və Tərcümə Mərkəzinin birgə əməkdaşlığının nəticəsi kimi ərsəyə gətirdiyi Azərbaycan və Kolumbiya şeiri antologiyası - "İyirmi şeir" kitabıdır. Şeirləri ispan dilinə R.Həsənova, Azərbaycan dilinə isə E.Ələsgərov tərcümə edib.
Gürcüstanda işıq üzü görən "Müasir Azərbaycan nəsr antologiyası" milli ədəbiyyatımızın tanıdılmasına və tədqiq olunmasına xidmər edir və müasir milli ədəbiyyatın ümumi mənzərəsini əks etdirir. Kitabın tərcüməçisi - Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi, doktor Əhməd Sami Elaydidir), "Müasir Azərbaycan ədəbiyyatı" kitabı da Bolqarıstanda - Sofiyada bolqar dilində "Bclqarski pisatel" nəşriyyatında işıq üzü görüb. Tərcüməçilər bolqar şair və yazıçıları B.Angelov, N.Popova, İ.Yesenski, D.Xristov, İ.Nikolovadır. Azərbaycan poeziya antologiyası Ukraynada "Küləklə göndərilən məktublar" adı altında nəşr olunmuşdur.
Cari ildə xalq yazıçısı Anarın əsərləri - "Dantenin yubileyi" və "Otel otağı" ingilis dilinə tərcümə edilmiş və iki cilddə nəşr edilmiş, "Azerbaijan International" jurnalının təşəbbüsü ilə ABŞ-da təqdimat mərasimi keçirilmişdir. Tərcüməçilər J.Qəribovaya, S.Seyidova və A.Hüseynova, tərtibçisi və redaktoru "Azerbaijan International" jurnalının baş redaktoru Betti Bleyerdir. Digər kitab ərəb dilində işıq üzü görmüşdür. Xalq şairi Vaqif Səmədoğlunun "Bir gün təbəssüm olmuşdum" kitabı Parisdə fransız, xalq yazıçısı Elçinin "Baş" romanı Moskvada rus, ikicildliyi Özbəkistanda özbək, Vaqif Sultanlının "Ölüm yuxusu" kitabı Özbəkistanda özbək (tərcümə R.Cabbarov), "Kor düyün" (A Blind Tie. Selected Works) adlı kitabı ABŞ-da ingilis (tərcümə C.Abbasov, redaktoru M.Brannok), "İnsan dənizi" romanı Almaniyada alman ("Das Menschenmeer") Fərid Hüseynin "Kəpənək dərsi" ("Studying a butterfly") kitabı Amerikada ingilis dillərində (tərcümə C.Yusifli, redaktor şair Gjeke Marinajdır) nəşr olunmuşdur.
2017-ci il ərzində ölkədə gedən tərcümə prosesinə ətraflı nəzər salaraq aşağıdaki nəticələrə gəlmək olar. Cari ildə kifayət qədər tərcümə əsəri müxtəlif mətbu orqanlarında və nəşriyyatlarda işıq üzü görmüşdür. Orijinaldan tərcümə problemi hələ də mövcuddur. Tərcümə mütəxəssislərinin mövcud olduğu bir zamanda hələ də ikinci dildən tərcümə məsələsi bir qədər təəssüf doğurur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!