Azərbaycan ədəbi mühitində bölgə və Bakı ayrı-seçkiliyi olmadan yeni ədəbi-bədii nümunələr yaranır, kəmiyyət və keyfiyyətcə daha da böyüyür. Son illərdə şəhərləşmə prosesinin sürətlənməsi, insanların paytaxta sürətli axını və s. proseslər nəticəsində əsas ədəbi qüvvələr Bakıya yerləşsə də, hələ də bölgələrdə Musa Yaqub (İsmayıllı), Ramiz Qusarçaylı (Quba), Asim Yadigar (Naxçıvan), Bahadur Fərman (Gəncə), Qərib Mehdi (Gəncə), Meyxoş Abdulla (Cəlilabad), Vaqif Aslan (Şəki) kimi sənətkarlar yaşayır, yaradırlar. Ümumilikdə, bölgə ədəbi mühiti nümayəndələrini isə sayıb bitirə bilmərik. Təkcə onu xatırlatmaq kifayətdir ki, Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunan "Bölgələrdən səslər" kitabında 63 müəllifin, Şimal bölgəsi şairlərinin şeirlərindən seçmələrin toplandığı "Bir yanı Şahdağı, bir yanı Xəzər" kitabında 54 müəllifin şeirləri dərc edilmiş, elmlər doktoru Vaqif Yusiflinin 2017-ci ildə çap olunmuş "Bölgələrdə ədəbi həyat" kitabında 100-dən çox şair və yazıçı xatırlanmışdır.
Region, xüsusən, Şimal bölgəsi ədəbiyyatı haqqında araşdırma edərkən, belə bir fikir ortaya çıxır: "Bölgələrdə ədəbi həyat" adı 2017-ci il üçün həm də "Bölgələrdə poeziya" adı ilə əvəz oluna bilər. Çünki bölgə ədəbiyyatı hələ də nəzm çərçivələrini aşa bilmir, bədii yaradıcılığın digər istiqamətlərinə yönəlməkdə çətinlik çəkir...
Poeziyanın mövzu arealı haqqında danışmalıyıq. Ədəbiyyatın aparıcı mövzuları olan "Vətən", "Eşq", "Ailə" 2017-ci il üçün də aktuallığını qorumuşdur. "Vətən" mövzusu sadalananlar içində ən aktualdır. Xüsusən, 2016-cı il aprel döyüşlərindəki müzəffər qələbənin ədəbiyyata gəlişi və nəşri 2017-ci ilin ədəbi hadisəsidir:
Vətən darda olsa, əgər,
Qeyrətini mərdlər çəkər.
Hamı olsun igid əsgər,
Künc-bucağa qısılmasın,
Azərbaycan basılmasın!
Qüdrət Minhacoğlu
Analar vərdişin dəyişər əlbət,
Daha corab deyil, kəfən toxuyar.
Boyunlar bükülü qalacaq bu yaz,
Bu yaz bənövşələr şəhid qoxuyar.
Habil Rzanur
Çalındı intiqam, zəfər nəğməsi,
Vətən əsgərinin ucaldı səsi.
Kəsildi düşmənin mənfur nəfəsi,
Düşdü vahiməyə bu səksəkədən,
Tutuldu atəşə Lələtəpədən.
Zakir Bayramlı
2015-ci ilin ədəbi yekunlarına həsr olunmuş ədəbi müşavirədə tənqidçi, filologiya elmləri doktoru Akimova Elnarə yazır: "Araşdırma apararkən milli poeziyamızda da rəşadətli ordu simvolikasının əlamətlərini axtarmağa rəvac verdim. Amma bu şeirlərdə dominant olan başqa xüsusiyyətlərlə rastlaşdım: sevinc hissinin, məmnunluğun, "gözəl gələcəklə" bağlı qurulan xəyalların ifadəsi azalıb, "döyüşkən xalq" obrazını göz yaşı tökən, gücsüzləşən "məzlum xalq" obrazı əvəz edib".
Qələbə və savaş əzmindən yoğrulmasa da, o taylı - bu taylı Azərbaycan dərdini qələmə alan Ramiz Qusarçaylını bir daha xatırlamalıyıq. 2017-ci ildə Cənubi Azərbaycana olan səfəri zamanı müəllifin qələmə aldığı şeirinə baxaq. Bu şeiri ilə Ramiz Qusarçaylı bir növ "daha hecada gözəl şeir yazılmır" deyənlərin də, "bölgələrdə ədəbi həyat yoxdur" söyləyənlərin də dodağının üstünə barmağını qoyub "susun" deyir:
Gəl gəzək Təbrizin küçələrini,
Gəzişək qolbaqol, dolanbadolan...
Çəkək gözümüzə gecələrini
Təbriz pıçıldasın: - Xoş gəlib balam...
2017-ci ildə mətbuatda tez-tez imzası ilə rastlaşdığımız şairə Xatirə Fərəclinin yaradıcılığında da mövzuların harmoniyasını, prozaikliyin mənəvi duyğularla sintezini görürük. Onun "Tənha türk məzarına" yazdığı şeir də dəfələrlə işlənmiş bu mövzuya fərqli baxış və fərqli üslub gətirir...
Sumqayıt ədəbi mühitinin Azərbaycan ədəbiyyatına qazandırdığı dəyərli qələm sahiblərindən olan Gülnarə Cəmaləddin təzadlı, bir-birinə əks duyğuları, zaman etibarilə keçmişi və indini, gözəlliyi və bunun qəsdinə duran aləmi şeirlərində əks etdirir. Bizə məlum olan motivlərə mürəciət edəndə mütləq sxemdən, deyilmiş fikirlərdən mümkün qədər uzaqlaşır. Vətəndən şeir yazanda Vətən sevgisini şablona çevirmir, bu sevginin təzə çalarını bizə təqdim edir...
Janrda və üslubda qeyri-adilik, yenilik axtarışları 2017-ci ilin ədəbi həyatı üçün daha çox sevgi şeirləri üzərindən gerçəkləşdi.
Sumqayıt ədəbi mühitində gənc qələm sahibləri bu cəhətdən fərqlənir. Sevinc Qəribin "Hardasa o uzaqlarda" şeir kitabında oxuyuruq:
Qoltuq ağaclarına söykənən
əlilin ümidləri kimidi ümidlərim.
Hərdən ölür, hərdən:
"Bir gün mütləq yeriyəcəm" - deyir,
Yanır gözlərimdə bir ulduz,
Ürəyimdə bir qığılcım alışır,
Tutunuram həyata...
Sən qoltuq ağaclarının
Verdiyi əzab kimi
Ürəyimdə qövr edən
Yaranın üstünə basırsan
Ayrılığınla...
XXI əsr Azərbaycan şeirində bu tip bənzətmələrlə tez-tez rastlaşırıq. Məişət dili və üslubu şeirə keçdikcə, şeir əsrlərdir davam edən pafosundan uzaqlaşır, sadələşir, xəlqiləşir. Amma bəzən şişirtmənin əndazədən çıxması şeirin estetikasını alt-üst edir.
Bölgə ədəbiyyatında son illər Şəfa Vəli imzası ilə də tez-tez rastlaşırıq. 2017-ci il ədəbi hadisəsi olan "Poçtalyona məktub" kitabının da əsasını sevgi şeirləri təşkil edir:
Sevirdi deyə səni
Ölçüsüz "böyütmüşdü".
Qurduğu evciyinin
"Adamı" düzəltmişdi.
Yıxmısan dünyasını
O kür, utancaq qızın.
Səni görcək, ovcunda
Saçı "oyuncaq" qızın.
Sevgi mövzusunu ənənəvi qəlibindən çıxararaq yeni poetik donda təqdim edən gənc şairlərdən biri də Günel Eyvazlıdır. Günelin lirik qəhrəmanı Leyli kimi şamlara, pərvanələrə dərdini danışmır, sevginin onda buraxdığı izləri tərənnüm edir. Günel Eyvazlı "Mən sevəndə" şeirində yazır:
Mən sevəndə məni tərk et,
Yəni dərk et.
Unut, dərd ver, intizar ver,
Məhəbbəti yumaq elə
Toxumaqçün əllərə ver.
Mən sevəndə dəymə mənə
Qoy ağlayım, qoy sızlayım.
Varlığında yoxluğunu,
Yoxluğunda varlığını
Tarazlayım.
Son illər ədəbi mühitdə imzası və kitabları ilə özündən söz etdirən qələm sahiblərindən biri də Emin Piridir. Emin Pirinin 2017-ci ildə çap olunmuş "Sağ qalan varmı?" şeirlər kitabında oxuduğumuz şeirlər də yenilik və fərqli ədəbi priyomlar baxımından xüsusi diqqət çəkir.
Emin Pirinin şeirlərində lirik qəhrəman milli obraz deyil, dünyəvidir. Bu qəhrəmanın duyğuları təkcə sevgi ilə zəncirlənməyib, həm də çoxcəhətli psixoloji ovqatın tərənnümünü ehtiva edir.
Havası alınmamış mətbəxin
Nəmlənmiş divarları küncündə
Boyat çörək kimisən.
Nə özüm yeyə bilərəm,
Nə də bərəkətdi deyə
Çölə ata bilmədiyim -
Sən!
Şeirlərinin kəmiyyət yükünün sevgi mövzusunun üzərinə düşdüyü digər şairə Aybəniz Əliyardır. Bu şeirlərdə ayrılıqdan və həsrətdən doğan hisslər, duyğular qələmə alınır, daha doğrusu, bir sevginin tarixçəsi oxunur:
Həsrətin üşüyür gecədən bəri,
Keçib boylanırsan şəhərə sarı.
Yenə nəfəsinə od qatacaq, od,
Mənim şəhərimin gur işıqları.
Əllərin yanacaq işıq selində,
Əllərim dağların qarı kimidir.
Mənim xəyallarım sənin əlində,
Bir gülü qoxlayan arı kimidir.
***
Bölgələrdə ədəbi həyat həm pərakəndə, həm də birlik halında nəzərə çarpır. Şimal regionunda Qubada "Ay işığı" və "Gülüstan" ədəbi məclisləri, Şabranda "Xaqani poeziya evi", Sumqayıtda "Sumqayıt poeziya evi", "Əli Kərim poeziya klubu", "Zərif qadınlar məclisi" və digər ədəbi birliklər fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan Yazıçılar Birliyinin müxtəlif rayonlarda bölmələri fəaliyyət göstərir ki, bunlar da ədəbiyyatın təmayülləşməsinə xidmət edir. Quba, Şabran, Sumqayıtda fəaliyyət göstərən ədəbi birliklərin 2017-ci il üçün fəaliyyət istiqamətini aşağıdakı kimi ümumiləşdirə bilərik:
1. Sumqayıt"Poeziya evi"ndə "Qəlbdəki və qələmdəki Qarabağ", eləcə də "Şeir çələngi" kitablarının təqdimatı keçirilmiş, Aida Eyvazlı Göytürkün "Qalibiyyət - Şəhidlər və Şahidlər", "Samir, Nazim , Elşən!" kitablarının təqdimatı baş tutmuşdur. Jurnalist Namiq Dəlidağlının "Otel otağından reportaj" adlı yeni kitabının "İmza günü", Nigar İsmayılqızının "Bakıdan İstanbulacan və dönüş" adlı kitabının təqdimat mərasimi, "Qazax şeiri antologiyası"nın təqdimatı və imzalanma mərasimi keçirilmişdir. Bu işlərin həyata keçirilməsi Sumqayıt "Poeziya evi"nin adı ilə bağlıdır.
2. Şabranda şairə Qızqayıt Mahmudovanın "Burdan yol başlanırdı" şeir kitabının, şair Şərbətəli Mahmudovun "Yoldayam" kitabının, "Şabran nəğmələri - VIII" almanaxının, şair Nəcməddin Mürvətovun "Şairdə sirr olmur" kitabının, şair Zakir Bayramlının "Mən çağlayan bir bulağam" şeirlər kitabının təqdimatları keçirilmişdir.
Quba ədəbi mühiti haqqında daha ətraflı məlumat vermək istəyirik.
1993-cü ildə Ramiz Qusarçaylının təşəbbüsü və rəhbərliyi ilə Qubada "Ay işığı" adında yeni bir ədəbi məclis yaradıldı. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Dəmirqapı Dərbəndi təmsil edən istedadlı qələm sahibləri bir işığa üz tutdu, bu işığın içində bir əyalət tənhalığı, ədəbi nigarançılıq və narahatlıq əriyib yox oldu, mənəvi və əbədiyaşar sabahlara ümidlə baxılmağa başlanıldı.
Bölgədə yaşayıb yaratmış klassiklərlə birgə Dəmirqapı Dərbəndin də Hüseynəli Xan Məhzun, Xəlil Dərbəndi, Zərnigar Dərbəndi, Əhməd Dərbəndi, Niftullah Dərbəndi, Məşhur Dərbəndi, Şikəstə Dərbəndi, Bayat Abbas, Yusif Dərbəndi, Diləfruz Pəri, Məhəmməd Tağı Qumru kimi ulu qələm sahibləri, eyni zamanda Fəxrəddin Oruc Qəribsəs, Təhmiraz İmamov, Şıx İbrahim Manafov, Əmirbəy Çepivi, Elman Abbas, Düriyyə Rəhimova, Aşıq Sakit, Natiq Seyidov və başqaları kimi müasir dövrün söz ustalarının da əsərləri "Ay işığı" ədəbi məclisinin toplularında dərc olunur, respublika mətbuatında təbliğ edilir. Bu il Qubanın "Ay işığı" ədəbi məclisinin 25 və məclisin rəhbərinin isə 60 yaşı tamam olur. Bu münasibətlə "Ay işığı" ədəbi məclisində yubileyə hazırlıq işləri gedir, hazırda bölgə yazarlarının əsərlərindən ibarət "Ay işığı-25" adlı almanaxı çapa hazırlanır.
Bu gün Qubadakı ədəbi mühit milli tərkibi müxtəlif olan bir bölgədə böyük ədəbiyyata, eləcə də dostluğa, qardaşlığa, ən başlıcası isə bütöv Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına xidmət edir.
Bədii tərcümə və ədəbiyyatşünaslıq: Regionlarda ədəbi yaradıcılığın nəsr və dramaturgiya qollarının zəif inkişafı kimi, tənqid və ədəbiyyatşünaslıq işi də diqqətdən yayınmışdır. Bir çox region şairləri haqqında ön sözlər Bakıda görkəmli alim və tədqiqatçılar tərəfindən yazılmış, yaxud ciddi təhlildən uzaq şərhlər verilmişdir. Burada da təəssüfedici bir məqam ortaya çıxır: Region yazarlarının bir çoxu haqqında yazan müəllif ilə daha çox öyünür, bunun üçün də görkəmli alimlərdən və peşəkar tənqidçilərdən rəy almağa səy göstərirlər.
İbrahim İlyaslının "Sən eşqsən" adlı tərcümə kitabı Sərvət Gürcan qələminin məhsuludur. Son illərdə şeir tərcüməsində müsbət məqamlar artsa da, qəbul etmək lazımdır ki, hələ ki şeir tərcüməmiz yüksək səviyyədə deyil. Xüsusən, türk dilindən edilən tərcümələr yarımçıq tərcümələrdir. Amma İbrahim İlyaslının tərcüməsində şeirin ruhunu, məğzini aydın duymaq olur, şeir orijinalı qədər təsir buraxır:
Bu il baharı sevdim.
Daha əvvəllər
fərqinə varmazdım baharın.
Qocalığın başlamağındandır yəqin.
Bu qədər stresini yaşamazdım rüzgarın.
Özləmini duyaraq gözlədim
neçə həftə, neçə ay.
Bu il baharı sevdim.
Bölgələrdə ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsinin öyrənilməsi prosesi də davam etməkdədir. Son illərdə ali məktəblərin regionlarda açılan filialları elmi tərəqqqini də regionlara apara bilmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!