Ötən ilin ədəbi məhsullarına nəzər saldıqda, çağdaş dövr Azərbaycan ədəbiyyatının janr zənginliyini və epik şeir mənzərəsini yaradan nəşrlərdən biri kimi AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin (18 oktyabr 2016-cı il tarixli 11 saylı qərarı) tövsiyəsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyinin rəyi ilə nəşr olunmuş "Biz də varıq" toplusunu qeyd edə bilərik. Topluda AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında çalışan, eyni zamanda həm də bədii yaradıcılıqla məşğul olan əməkdaşların əsərləri yer alıb. Həmin nümunələr arasında Şakir Albalıyevin "Durğu işarəsiyəm", Sevil Mehdiyeva-Nurəlibəylinin "Yenə o bağ olaydı..." və Fəridə Hicranın "Xocalı sülh istəyir" miniatür poeması da vardır... Akademik İ.Həbibbəylinin topluya yazdığı ön sözdə vurğuladığı bu "tam özünüifadəetmə" Şakir Albalıyevin "Durğu işarəsiyəm" adlı modern poemasında daha aydın müşahidə olunur. Poemada dilimizdə bol-bol işlədilən durğu işarələrinə alim-şair yanaşmasının, "lirik mən"in öz-özünə ünvanladığı suallara dərin məntiqə söykənən bitkin cavablarının və çıxarılan fəlsəfi nəticələrin şahidi oluruq. Müəllifə görə, bizi çevrələyən yaşam müstəvisində hər şeyin batinində bir sual durur və həmin sualdan yeni suallar doğulur. Beləliklə, İnsanın içi ilə dış dünyasının, könlü ilə çöhrəsinin özü də bir suala dönüşür. Gəldiyi sonucla bağlı düşünməyə dəyər Şakirin: "Ey insan, hər iki cismani və mənəvi dünyamızın əksi budur: Sual içində sual! Görk üçün ibrət götür, cavab al! Bax ki, şələ çəkib yük götürəni sual görkəminə salıb, düz qamətini dəvənin belinə, əlif qəddini dal hərfinə çevirən bu dünya nə demək istəyir?! Bir damladan, bir nöqtədən başlayan canlı həyatın, yaşanmış röya olan dünyanın mahiyyətinin çuval dolu yükünü daşıyan canlı sualın - İnsan taleyinin sonu da - Amansız əbədi sual və... bir tapmacadır!.."
Nə yazıq ki, bu sualın dəqiq bir cavabı hələ ki, yoxdur... Ancaq yenə də o, "lirik mən"ə ünvanladığı saysız-hesabsız sualların mahiyyətinə varır, iç qatlarına baş vurur. Beləliklə, bu elmi dərketmə elmi idrakın poeziyasının yaranmasına və ədəbiyyatda inikasına gətirib çıxarır. Bu "fərqli baxış, fərqli yanaşma" durğu işarələrinə ədəbiyyatda yeni anlam qazandırır, onların durğu deyil, duyğu işarələri kimi özəlliklərini açır, vergülün, qoşa nöqtənin, apostrof, vurğu, sual, nida işarələrinin məna çalarlarını yaradır. Şakir durğu işarələrini həyatın hər üzünü ifadə etmək gücünə malik vurğu//duyğu işarəsi, bəxtə-taleyə istixarə, fal//sual kitabı kimi xarakterizə edir, qoşa nöqtəni siyasi boyasız, hiyləsiz-riyasız, könül dünyası apaydın oxunan dupduru gözlərinə, nidanı zəriflik timsalı incə bədənə, düz qamətə, həyəcan siqnalına, sual işarəsini üstünə ələnən hər dərdi çəkməkdən bükülmüş belə, vergülü isə doğulan körpəyə, gülə-buta-sevgiliyə bənzətməsi poetik tapıntıdır:
Düşdüm nöqtə kimi ana bətninə,
Vergül tək anadan gəldim dünyaya,
İşarə-mənalar vergülün özü,
Vergül görünüşcə bənzər butaya!
Vergül tək dünyaya gələn körpəni,
Tanrı bu dünyaya verdi gül kimi.
Sözdə, ya cümlədə bir vergül olcaq,
Davamı məntiqlə tamamlanmalı!
Vergül görkəmində doğulan uşaq,
Ağlayır: dünyaya yarımçıq gəlib,
Anlayır: vergüldə məna yarımçıq!
"Ver gülümü!" - deyə uca Tanrıdan
İstəyir özünə buta-vergülün,
Olsun göbəkkəsmə buta vergili!..
Düşünürəm ki, kifayət qədər uğurlu alınan bu əsər ədəbiyyat tariximizdə öz yerini tutacaq və dəyişməz mövqeyini qoruyub saxlayacaqdır. Ancaq bu fikirləri nə S.M.Nurəliyevanın "Yenə o bağ olaydı" adlı böyük həcmli poemasına, nə də Tahirə Məğrurun ayrıca kitabçalarda çap edilmiş "Atatürk dastanı" və "Öndər yolu" poemalarına şamil edə bilmirik. Sevil xanım ölməz M.Müşfiqin eyniadlı şeirinə nəzirə olaraq yazdığı və toplunun 25 səhifəsində yayımlanan "Yenə o bağ olaydı" poemasında ötən günlərin nostalgiyasını yaradır, ancaq xatirələrini, nostalji duyğularını, artıq keçmişdə qalmış əlçatmaz gözəl çağlara olan dibsiz həsrətini o səviyyədə ifadə etməkdə çətiinlik çəkir. Sevil xanım M.Müşfiqin üslubunu, yazı tərzini, şeir şəklini olduğu kimi saxlasa da, yığcam bir şeirdəki yüksək poetikliyi, dərin məna və lirikanı böyük həcmli bu poemada yarada bilmir. Tahirə Məğrur isə "Atatürk dastanı" və "Öndər yolu" poemalarında çağının iki qüdrətli şəxsiyyətini, tarixə öz parlaq səhifələrini yazmış öndərləri, ölməz Atatürkü və Heydər Əliyevi yetərincə təqdim edə, parlaq obrazlarını yaratmağa nail ola bilmir. Bu poemalar zəmanəsinin iki dahisinə, liderlərinə müəllifin böyük sevgisindən yaransa da, janrın tələbləri qarşısında gücsüz qalır.
Şair Balayar Sadiq son çağlar poema janrına sıx-sıx müraciət edən şairlərimizdəndir. "Ömrün gəraylı çağları" kitabında altı poemasını oxuduğumuz müəllifin 2017-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "Qızlbaş fəsli" poemasının da vətənpərvərlik duyğularından, milli təəssübkeşlik ruhundan doğulduğu şəksizdir. Janrın tələbləri əsasən gözlənilən, proloqla başlayıb epiloqla bitən, ənənəvi heca qəlibində, dördlüklər şəklində və irfani təfəkkürün işığında qələmə alınan əsər ancaq həcm etibarilə ənənəvilikdən çıxır və belə demək mümkündür ki, Güney və Quzey ədəbiyyatında son çağlar dəbə düşən miniatür poemaların sırasını zənginləşdirir. Şeir və poemalarında tarixi keçmişimizə bağlılıq, unutqanlığa etiraz, milli kimlik, dəyərlərimizə sahiblik duyğusunun azalması, yaralı milli yaddaşımızın get-gedə daha çox korşalması və s. kimi məsələlərə önəm verən şairin "Qızılbaş fəsli" poemasında da bu ana xəttə sadiqlik nümayiş olunur. Poemanı oxuyub başa çatdıranda içimdə bir dilək boy verdi: Kaş bədii dili, məcazlar sistemi mükəmməl olan bu əsərdə bitkin bir süjet xətti də olaydı!.. İkicə beytə nəzər salmaqla, söylədiklərimizin öz təsdiqini tapdığını müşahidə etmiş olarıq:
Gəl, Pir-i mürşidim, pir məqamıdı,
Alnından gün doğur pir olanların.
Könlümün içində söz gülümsəyir,
Yağır misralardan sirr narın-narın.
Qızılbaş çölləri alın yazımdı,
Qoxla bu yazıda iman ətrini.
Haqq öz dərgahına özü qaldırıb
Sevgi bayrağıtək sənin xətrini.
Miniatür poemada "Ömrünün təbəssüm gününün itkin düşməsi, qızılbaş kimi səbrin çiliklənməsi, alnındakı qara yazının üşüməsi, sözün başına üzərlik çevirmək, göz yaşlarında zamanı güzgüləndirmək, həqiqətlərin alnına qar yağdırmaq, fələyin güzgüsünü gözündən düşürmək, arzuların gözünü aydın etmək, dilin çiçək dərməsi, səbrin heyrətdən qaşını çatması, döyüş meydanında ömürdaşıyla əcəl çiçəyini dərmək" və s. kimi təşbeh və metaforaları, irfan dünyasından təlmihləri belə rahatlıqla yaradan Balayar Sadiq kaş əsəri məntiqə söykənərək qurmayıb, Şah İsmayıl Xətayini necə varsa, təsvir edə, bitkin obrazını yarada, qızılbaşlığın mahiyyətini aça biləydi!..
Çağdaş Güney Azərbaycan şairi Hüseyn Düzgünün "Şeyx Məhəmməd Xiyabani" adlı ayrı-ayrı dörd poemasında və Güneydə çağdaş dövr uşaq ədəbiyyatının banisi Səməd Behrəngiyə həsr elədiyi eyniadlı poemada mütəfəkkir tarixi şəxsiyyətin və böyük yazarın doğuluşundan ölümünədək, həyatının bütün səhifələrinə işıq saldığı kimi!.. Bu cür bütövlük, tarixi şəxsiyyətin ömür səhifələrinin, yaşamının tam mənzərəsi, əlbəttə, həm də vahid süjet xəttinin bitkinliyi və dinamik bütövlüyü hesabına gerçəkləşir. Bir də davamlı mütaliənin, şəxsiyyətin həyatını ən incə məqamlarınadək öyrənməsinin sayəsində...
Yurdumuzun gözləri ilə odlar, alovlar götürmüş döyüşçü qızı - Qarabağ faciəsinin canlı şahidi və iştirakçısı olan və bu faciənin qanlı hekayətini, müharibənin gerçəklərini qələmə alan Fəridə Hicranın "Xocalı sülh istəyir" miniatür poemasıbu ədalətsiz savaş zamanı çəkdiyi acıların, iztirablarınbədii-poetik ifadəsi kimi dərk edilir. Adı çəkilən epik şeir nümunəsində xanım yazar təəssübkeş soydaşlarını varından yox edən, ürəklərə talan salan milli dərdlərimizin, Qarabağ müharibəsinin bir halqası olan Xocalının işğalı - bir gecənin içində bir şəhərin yer üzündən silinməsi hadisəsini, xalqın işğaldan sonrakıçətindən-çətin yaşayışını, maddi və mənəvi sıxıntılarını, düşmənə qarşı hiddət duyğularını, bütün bunlara rəğmən insanların sülh, əmin-amanlıq və sakit həyat arzularını kifayət qədər özündə əks etdirir. "Xocalı sülh istəyir" miniatür poemasını janrın bütün tələblərinə cavab verən mükəmməl süjetli lirika örnəyi kimi təqdim etmək fikrində deyiləm, amma altını cızaraq qeyd edirəm ki, bu əsər yurdumuzu kənd-kənd, şəhər-şəhər talan edən, millətimizi soy qırğınına uğradan, var-dövlətini çapıb-talayan, uşaqlarımızın, analarımızın, qız və gəlinlərimizin ləyaqətini murdar ayaqları altında tapdalayan erməni cəlladlarının vəhşiliyini bir növ bədii detallarla sənədləşdirir, hadisələrin "Qarabağda talan var" kitabında yazmağa başladığı tarixi salnaməsinin davamı kimi diqqəti çəkir. Fəridə Hicranın indiki və gələcək nəsillərə mesajları da ibrətamizdir: "Bu müharibəni törədən insan cəlladları, bu illər ərzində rəhbərlikdə olan siyasi xadimlər əzilən və qırılan xalq qarşısında, bu xalqın həyatına yazdıqları qanlı tarix qarşısında cavabdehdirlər. Ermənilərin Azərbaycan xalqına vurduğu yaraları, tarixdə analoqu olmayan cinayətlərini, riyakarlığı, Qan yaddaşımızı heç kim unutmamalı, günahsız Şəhidlərimizin qanı yerdə qalmamalıdır!"
Bu missiyanı çağımızın əyalət şairi Sabir Arazlı Özgün bədii yaradıcılığında, həm də son illər bir-birinin ardınca yazdığı və 2017-ci ildə çap olunmuş 4 cildlik "Əsərləri"nin II və III cildinə daxil edilmiş silsilə poemalarında yerinə yetirməyə səy göstərir...
S.A.Özgünün görkəmli şair Musa Yaquba həsr etdiyi üç poemanın yer aldığı "Bizdən salam olsun Musa Yaquba" adlı kitabı xüsusi maraq doğurur.
Silsilə poemaların əsas qayəsi, başlıca məramı Vətənləşmək və Yurdlaşmaqdır. S.A.Özgünə hərbi vətənpərvərlik mövzusu çox doğmadır. Əzəmətli, sarsılmaz milli ruh bu mövzuda yazdığı əsərlərin ana xəttini təşkil edir. Hərbi vətənpərvərlik, Qarabağ müharibəsi, Vətənin mərd, cəsur oğul və qızlarının qutsüal yurd uğrunda savaşda göstərdiyi igidlik və şücaət onun bədii və publisistik yazılarının, eləcə də poemalarının əsas leytmotividir.
Səriştəli tədqiqatçı və şair kimi tanıdığımız Nazim Rizvanın "Yarımçıq vüsal" adlandırdığımız kitabında yayımlanan poemaları 2017-ci ilin son çap məhsuludur. Mövzu əhatəliliyi, dramatizmi, geniş həyat materialı baxımından diqqəti cəlb edən poemanın maraqlı kompozisiyası, axıcı dili, alim-şair ustalığı ilə yaradılmış bitkin quruluşu var. Yüksək obrazlılığı, toxunulan mövzuların cazibədarlığı ilə diqqəti çəkən əsər ən yaxın keçmişdə, keçən əsrin 90-cı illərində Tehranda və Təbrizdə keçirilmiş Uluslararası Şəhriyar konqresi zamanı şairin yaşadıqları, qəlbindən keçən duyğular, xəyalən təsəvvüründə canlandırdıqları keçmişlə bu günün qovşağında Güney Azərbaycan xalqının başından keçən olaylar, bir xalqın bətnindən doğurduğu Şəhriyar adlı bir dühanın yetişməsi, formalaşması və türkün qürur qaynağına çevrilməsi prosesi əsl sənətkar səriştəsi ilə təsvir edilir.
N.Rizvanın"Yarımçıq vüsal" poemasının son bəndindəki arzusu, indiki və gələcək nəsillərə ismarıcı üzərində düşünməyə dəyər. Əgər şairin bu arzusu çin olarsa, dünyanı ürəklərində əsir torpaq niskili ilə tərk etmiş bütün yazarlarımızın, cəmi şəhidlərimizin ruhu da şad olacaqdır:
Qoy mənim Vətənim vüsala çatsın,
Qəmdən azad olsun, gülsün sözlərim.
Uca dağ başından baxanda bir gün
Vahid bir Vətəni görsün gözlərim!
Şairin "Yarımçıq vüsal" kitabında yer almış "Anam Xəzər" və "Kitabxanaçı qadın" poemaları da əhatələdiyi mövzu dairəsi, fəlsəfi dərinliyi, həyat materiallarının genişliyi və hadisələrin zənginliyi baxımından fərqlənir. Milli dərd və problemlərin, milli mənlik şüurunun və Azərbaycanın bütövlüyü arzusunun poetik inikası olan "Anam Xəzər" poeması ustad Şəhriyarın "Heydərbabaya salam"ına yazılmış mükəmməl bir nəzirədir.
Məqalə boyu təhlil etdiyimiz poema örnəklərində əsas mövzuların Vətən və doğma yurd sevgisi, tarixi şəxsiyyətlərə ehtiram, Qarabağ müharibəsi, xalqın sülh, əmin-amanlıq, birlik, bütövlük arzuları, milli-mənəvi dəyərlərə sahib çıxmaq istəkləri olduğu görünür. Ancaq bu mövzularla bərabər, Qarabağ müharibəsi, dədə-baba torpaqlarımız uğrunda aparılan ədalətsiz savaşın fəsadları, itirilmiş yurd yerlərinin ağrısı poemalardaaparıcı xətt olduğu diqqət çəkir. Süjetli lirikanın önə çıxması, sərbəst, azad şeirə meyl, heca ilə əruz vəznlərinin qovuşuğu, orijinal metafora sistemi, görməyin eşitməkdən daha üstün, daha gözəl olduğuna çağırış,eyni zamanda təqlid elementlərinin, mübahisə doğuran məqamların varlığı da nəzərdən qaçmayan cəhətlərdir.
Fil.e.d. Elnarə Akimova "Janrın qürubu, yoxsa ədəbi laqeydliyimiz" məruzəsində şairlərin bu janra az müraciət etmələrinin səbəblərini araşdırır və bu sonuca varırdı ki, bütün janrlara, sahələrə vüsətli nüfuz edilib, poema janrı isə ikinci, üçüncü dərəcəli nəsnə kimi unudulub. Ancaq N.Rizvan, S.A.Özgün, Ş.Albalıyev, B.Sadiq, F.Hicran, H.Qaraçay S.Səccadi, K.Xiyav və b. kimi çağdaş dövrün poema yazarları da məhz özlərinə, "lirik mən"in prinsiplərinə sadiqlik nümayiş etdirən əsərlər yaratmaqla janrın üfüqlərində azad qanad çalmaq məsudluğunu yaşamış olublar. Nazim Rizvanın "Hər soyuq qışın qabaqda yaz ilə davası var. Gözəlliyə, Vətənimə, mən işığa vurulmuşam!" misralarındakı sevgi, yurdumuzun və xalqımızın soyuq qışının yaz günəşi ilə isinəcəyinə, Qarabağın yağı düşməndən azad ediləcəyinə və qələbə qazacağımıza inam hissi istər zəif olsun, istərsə də güclü poemalar qələmə alan digər yazarların da əsərlərində bariz şəkildə duyulmaqdadır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!