Ümumiyyətlə, tarixi-ədəbi prosesin xarakter və çalarlarını dərk etmədən müasir prosesi təhlil etmək və qiymətləndirmək, onun şərhinə və dərkinə girişmək metodoloji baxımdan doğru deyil. Ona görə də müasir prosesə klassik ədəbiyyatın təcrübəsini çatdırmaq, hadisənin, faktın etnik-tarixi tipini müəyyənləşdirmək üçün ədəbiyyatşünasların bu gün öz qüvvə və bacarığını birləşdirməsinə ehtiyac dünənkindən daha böyükdür...
Elnarə AKİMOVA
Elnarə AKİMOVA
Ötən ilin ədəbi mənzərəsi haqda düşünərkən, nədənsə, türk şair və nasiri Ahmed Hamdi Tanpınarın misralarını xatırladım: "Ne içindeyim zamanın, /Ne de büsbütün dışında;/Yekpare geniş bir anın/ Parçalanmaz akışında". Yəni, bu elə hardasa bizim geridə qoyduğumuz zaman kəsiminə aid olan işarə sistemidi: indi nə onun içindəyik, nə də büsbütün ondan uzaqda. Amma həm də onun bir parçasıyıq. Axı zaman bütöv anlayışdı. Yola saldığımız 2017-ci il də bütöv anın parçası kimi önəmlidir.
İl girər-girməz ard-arda eşitdiyimiz ölüm xəbərlərinə üzüldük. Gənc yazıçı Mövlud Mövludun intihar xəbərinin ağırlığını hələ də daşıya bilmirik. Daha sonra dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə Kaliforniyada dünyasını dəyişdi. İlyas Tapdıq, Camal Yusifzadə, Sabir Sarvan, Aşıq Ədalətin ölümü də mədəniyyətimizdə, milli idrak sferamızda böyük boşluqla səciyyələnən itkilərdən oldu.
Müsabiqələr, mükafatlar. Ədəbiyyatı fərdlər yaradır, əlbəttə. Müxtəlif mükafatlar, müsabiqələr və onların fonunda aparılan dəyərləndirmələr də ilk növbədə, bəzi qurumların ədəbiyyat sferasına müdaxilə edib ona müəyyən qatqılarda bulunmaq cəhdinin nəticəsidir. Ötən il mükafatlar baxımından müəyyən ayrıntılarla yadda qaldı. Nobel, Blutzer, Booker kimi ali mükafatlar bizdən yan ötsə də, sahibini tapdı. 2017-ci il ədəbiyyat üzrə Nobel mükafatınaYapon əsilli ingilis yazıçı Kasuqo İsiquro layiq görüldü. Bir müddət sonra TEASpress nəşriyyatında yazıçının "Məni heç vaxt tərk etmə" romanı İlahə Əkbərin tərcüməsində çap olundu.
Dünyanın digər nüfuzlu ədəbiyyat mükafatlarından olan Bukerin 2017-ci il üzrə qalibi isə "Linkoln Bardoda" romanı ilə Corc Sonders oldu.
Bu ali mükafatlar sırasında yerimiz olmasa da, ölkəni təmsil edən yazıçı və şairlərimizin beynəlxalq aləmə çıxışına rəvac verən bir sıra uğurlarına imza atıldı. Ötən ilin sentyabrında Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görüldü. Qeyd etmək lazımdır ki, Ural Federal Universiteti Rusiyanın ən nüfuzlu universitetlərindən biridir və Rusiyanın ilk prezidenti Boris Yeltsinin adını daşıyır.
Yazıçı Varis Yolçuyev ötən il Fransanın "L`Autographe" ("Avtoqraf") almanaxına daxil edilmiş "İyirmi bir" adlı hekayəsinə görə Antuan de Sent Ekzüperi medalının nominantı elan olunaraq "Antuan de Sent Ekzüperi diplomu"na, Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatının (YUNESKO), Moskvada və Varşavada keçirilən Slavyan Ədəbiyyat Festivalının, Beynəlmiləl Yazıçılar İttifaqının "Adam Mitskeviç" medalına layiq görülmüşdür. Qeyd edək ki, indiyədək dünya üzrə bu medala layiq görülən 101-ci ədib Varis oldu.
Gənc yazıçı Mirmehdi Ağaoğlunun "85-ci gün" hekayəsi İslam Əməkdaşlığı Təşkilatının keçirdiyi Birinci Qısa hekayə müsabiqəsində qalib oldu. Pərvin Nurəliyeva Ankarada İkinci Beynəlxalq "Dədə Qorqud" teatr əsərləri müsabiqəsinin qalibləri sırasında yer aldı. Gənc şairlər Şəhriyar del Gerani və Fərid Hüseyn Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bəyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında iştirak etdilər.
Ötən il Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan V Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası kitabın təbliği yönündə atılan mütərəqqi addımlardan biridir. Belə mütərəqqi addımlardan digərini Nazirliyin həyata keçirdiyi "Qızıl kəlmə" ədəbiyyat müsabiqəsinə də aid etmək olar. Müsabiqənin nəticələri elan olunan günü nazir Əbülfəs Qarayevın səsləndirdiyi çıxışı xatırlayıram: "Mükafatın nominasiyalarının sayını artırmaqla biz ədəbiyyatın inkişafına müəyyən dərəcədə təkan vermək istədik". Hər halda, mükafat alan əsərlərin geniş ictimaiyyətə təqdim olunması baxımından bu cür müsabiqələrin böyük rolu olur. Elə yaradıcılığına qiymət verilən müəlliflərin bundan stimul alıb yola davam etməsində də.
Ədəbiyyatımız sərhəddən kənarda-xarici nəşrlərdə. Dünyaya açılmaq, ölkəmizdən kənarda çap olunmaq qarşılıqlı mübadilənin əhəmiyyətli şərtlərindəndir. Yola saldığımız il bu yöndə mövcud olan uğurları ilə spesifik oldu. Bu uğurlardan biri böyük Azərbaycan şairi Nizami Gəncəvinin tədqiqi istiqamətində qazanılmaqdadır. Bildiyimiz kimi 2013-cü ildə dünyanın ən möhtəşəm universitetlərindən sayılan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi yaradılmışdır. Artıq beşinci ildönümünü keçirməyə hazırlaşan Mərkəz akademik Nərgiz Paşayevanın təşəbbüsü və rəhbərliyi ilə Oksford Universitetinin tərkib hissəsi və nadir tədqiqat müəssisəsi olaraq Azərbaycan və onun elmi irsi üçün xüsusi əhəmiyyət daşıyır. Hər bir ölkənin bədii-poetik təfəkkürünün real mənzərəsinin yaradılması, onun tarix və mədəniyyətinin öyrənilməsi həmin xalqın görkəmli şəxsiyyətlərinin dünya sferasına uğurlu təqdimatından asılıdır. Qeyd edək ki, ötən il dünya şöhrətli şərqşünas-nizamişünas Yevgeni Bertelsin "Böyük Azərbaycan şairi Nizami" kitabı da ilk dəfə ingilis dilinə tərcümə olunmuş və iyunun 5-də Londonda təqdimatı keçirilmişdir.
Yola saldığımız il bir sıra nəsr və poeziya nümunələrinin xaricdə nəşr olunması, təbliği və təqdimi yönündən də əlamətdar sayıla bilər. Azərbaycanın görkəmli yazıçısı Mir Cəlal Paşayevin ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən ibarət kitab Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə, "Bir gəncin manifesti" romanı isə Türkiyədə çap olundu.
Xalq yazıçısı Anarın "İyi padişahın masalı", şair Firuzə Məmmədlinin "Sözlərim könlümü almağa gəlir" adlı kitabları türk dilində, Sona Vəliyevanın "Dünya görüş yerimiz" kitabı rus dilində, "Qapına gəldim İlahi" şeirlər toplusu ərəb dilində, Rəşad Məcidin, Aysel Əlizadənin, Fərid Hüseynin şeirlər kitabı ingilis dilində çap olundu. Məqsəd Nurun "Şəhər meri" romanı Türkiyədə, Mübariz Cəfərlinin "Bərpaçı" romanı "Yuxu" adıyla İranda, Vaqif Sultanlının romanları Avropa və Amerikada çap edildi. Vaqif Sultanlının Amerika və Londonda nəşr etdirdiyi "Modern Azərbaycan nəsri", "Güney Azərbaycan nəsri" kitablarını da təqdir etməyə lüzum var.
Ötən il Belarus şəhəri Poloçkda "Sözün diplomatiyası" adlı beynəlxalq müzakirəyə, həmçinin Belarus Yazı Günü münasibətilə təşkil olunan bayram tədbirlərinə qatılan Kamran Nəzirli iki ölkə arasında ədəbi əlaqələrin genişlənməsi baxımından səmərəli planlar həyata keçirib. Belə plan əsasında gerçəkləşən işlər sırasında ötən il Belarusun paytaxtı Minskdə MDB üzrə Beynəlxalq Ədəbiyyat və Publisistika Portalı - "Sozvuçie"də müstəqillik dövrü Azərbaycan qadın şairlərindən bir qrupunun şeirlərindən müəyyən nümunələrin təqdim edilməsini qeyd etmək yerinə düşər. Rus dilində yerləşdirilən şeirləri və onların müəlliflərini MDB və Şərqi Avropa oxucularına "Qadın poeziyadır" başlıqlı yazı ilə təqdim edən Kamran Nəzirli olmuşdur.
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı" dərgisinin ötən il iki sayı - İngiltərə və Moldova ədəbiyyatı sayı çap edildi və bu ölkələri təmsil edən onlarla ədibin əsərləri topluda yer aldı. Bundan başqa Bakıda İran ədəbiyyatı ilə bağlı silsilə tədbirlər keçirildi. İranın ölkəmizdəki səfirliyinin mədəniyyət müşavirliyi ilə əməkdaşlıq əsasında İran yazıçısı Mustafa Məstur Bakıya dəvət edildi, akademiyanın Elmi Kitabxanasında, Səməd Vurğun adına muzeydə və bir çox başqa yerlərdə onunla görüşlər oldu.
Ötən il "ATV kitab" layihəsi çərçivəsində 16 kitab çap edildi ki, bu işdə də Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi yaxından iştirak etdi. Həmin kitabların yarısı tərcümə ədəbiyyatına aid idi.
2017-ci ildə Dünya Gənc Türk Yazarlar Birliyinin yeni nəşri işıq üzü gördü. Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanmış, "Yeni qazax şeiri antologiyası" adlanan nəşrin baş redaktoru (və nəşrə məsul) Əkbər Qoşalıdır.
Dekabrın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Poeziya günü" keçirildi. Tədbir Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində gerçəkləşdi. 2017-ci ilin oktyabrında II "Məmməd Araz Poeziya günü"nə həsr olunmuş tədbirlər təşkil olundu.
Elmi həyat. 2017-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin təşəbbüsü və rəhbərliyi ilə bir sıra işlər meydana qoyuldu. Cəlil Məmmədquluzadənin Litva və Gürcüstanda kitabları çap olundu. böyük ədəbiyyatşünas alimlərdən - Əlyar Səfərlinin 80 illik yubileyi, Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş elmi sessiya, Məmməd Cəfər Cəfərovla bağlı "Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımlar" mövzusunda tədbir, onun "Get dolangilən, xainsən hələ" pyesinin ilk dəfə çapı və akademik İsa Həbibbəylinin təqdimatında elmi ictimaiyyətə təqdim edilməsi ilin əlamətdar ədəbi hadisələri kimi səciyyələnə bilər. Eləcə də Ədəbiyyat İnstitutu tərəfindən "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyası çərçivəsində yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin "Seçilmiş əsərləri" çap olundu. "Elm" nəşriyyatında çapdan çıxan kitabın baş redaktoru AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəylidir. Kitabın məsul redaktoru filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı, tərtibçisi, ön söz və qeydlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Abid Tahirlidir.
2017-ci il həmçinin Molla Pənah Vaqif və Hüseyn Cavid ili kimi yadda qaldı. İl boyu Molla Pənah Vaqifin 300, Hüseyn Cavidin 135 illiyi ilə (şairin yubileyi ötən il Sofiyada belə keçirilmişdir) bağlı müxtəlif tədbirlər, konfranslar, elmi sessiyalar keçirildi, məqalələr toplusu çap olundu.
Ədəbi həyat. 2017-ci ilin mayında "Ədəbiyyat qəzeti"nin saytı təqdim olundu, eyni zamanda, qəzetin yayınları seriyasından mərhum şair Faiq İsmayılovun şeirlərinin və haqqında tənqidi məqalələrin yer aldığı "İynəboyu böyük dünya" kitabı çap olundu, qəzetin seçilən imzalarından bir qisminə "Əli bəy Hüseynzadə" mükafatları verildi.
Ötən il "525-cı qəzet"in yubiley ili kimi də yadda qaldı. Qəzetin 25 illiyi ölkənin müxtəlif ədəbi-ictimai məkanlarında qeyd edildi. Elə Ədəbiyyat İnstitutunda da o cümlədən. Qəzetlə bağlı müxtəlif ictimaiyyət nümayəndələrinin məqalələrinin və təbriklərinin yer aldığı "525" - zamanın sorağında" adlı kitab çap olundu.
Belə bir yubiley sevinci "Azərbaycan" jurnalının da payına düşdü. Ədəbi həyatımızda xüsusi yeri olan bu qocaman jurnalın yubiley ab-havası geniş hiss olunmasa da bu, onunla bağlı məlum gerçəyi dəyişmir: "Azərbaycan" jurnalı tarixi qata vurğusu güclü, bir neçə nəsil ədəbiyyatına şahidlik edən, yeni bədii nümunələrin ilkin ədəbi tribunası sayılan jurnaldır.
Bütün bunlar əlbəttə ki, statistik məlumatlar idi. İlin reallıqlarını, mənzərəsini gündəmə gətirmək baxımından faktlara müraciət zəruridir. Ədəbi gedişat ədəbiyyata aid bütün materialların bir axarda təqdim olunması ilə meydana çıxır. Amma həmişə vurğuladığım və dönə-dönə qeyd etdiyim gerçək: ədəbiyyat nə mükafat, müsabiqələr deməkdir, nə müzakirə-disput söhbətləri, nə də müsahibə-məqalələr çeşidi. Ədəbiyyat ilk növbədə, əsərlər deməkdir. Bu baxımdan yanaşdıqda ədəbi mənzərə nə vəd edir?
***
Nəsr. 2017-ci ildə roman sahəsində bir neçə əsər meydana qoyulub: "Dərdin sarı çəpkəni" (Zahir Sarıtorpaq), "Arzulardan sonrakı şəhər" (Şərif Ağayar), "Taclı" (Nəriman Əbdürrəhmanlı), "Akademikin ölümü" (S.Rüstəmxanlı), "Atabəylər" (Yunus Oğuz), "Qazi Burhanəddin səltənətinin süqutu" (H.Mirələmov), "Həyat epiqrizi" (Alpay Azər), "Yelkənsiz qadınlar" (Fərhad Amur) və s.
Nəsrdə tarixi qat və bu qata vurğusu ilə seçilən romanlara maraq dominantlığı əldən vermək istəmir. Təsadüfi deyil ki, Elçinin "Baş" və Sona Vəliyevanın Həsən bəy Zərdabinin həyat yolundan, XIX əsrin tarixi-ədəbi proseslərindən bəhs edən "İşığa gedən yol" romanı əvvəlki illərin ədəbi faktı olmasına baxmayaraq, ötən il də elmi-nəzəri düşüncənin predmetinə çevrilməyi bacardılar. Elçinin romanı bir neçə dilə tərcümə olundu, Sona Vəliyevanın romanı isə "Qızıl kəlmə" ədəbi mükafatını qazandı. Ötən il yazılan romanlar arasında Sabir Rüstəmxanlının "Akademikin ölümü"ndə dərin ictimai-sosial siqlətli nəsrin təzahürləri ilə rastlaşmaq olur. Buna baxmayaraq, tarixə və mifolojiyə, çoxqatlılığa və zamanlararası əlaqəyə maraq roman janrında aparıcı istiqamətdir.
Nəriman Əbdürrəhmanlının "Taclı" romanında böyük dövlət xadimi Şah İsmayıl Xətai və onun həyat yoldaşı Taclı Bəyimin həyatından bəhs edilir. Yunus Oğuzun "Atabəylər"ində XII əsr tarixi təsvir predmetinə çevrilir. Yaxud Hüseynbala Mirələmovun "Qazi Burhanəddin səltənətinin süqutu" əsərində Uzun Həsən, Sara Xatun obrazları ilə saraydaxili çəkişmələrə, eyni zamanda dövlətçilik şüurunun yaranışı proseslərinə diqqət yönəldilir.
Zahid Sarıtorpağın "Dərdin sarı çəpkəni" romanı "Azərbaycan" jurnalının 2014-cü il 9-cu sayında çap olunsa da"Kül", "Qarğa marşrutu" kimi digər iki romanı əhatələyən kitab olaraq 2017-ci ildə işıq üzü gördü. İrfanın kodları üzərində qurulan "Dərdin sarı çəpkəni" romanında real və mistik dünya antitezaları, ölümdən öncəki düşüncələr, dini, mədəni və ədəbi mətnlərin bir araya gətirilərək əsərin qəhrəmanı Bulud müəllimin həyatında bağlantı yaratması oxucunu yaradılışın mahiyyəti, son problematikası kimi məsələlər barədə düşüncələrə sövq edir.
2017-ci ildə yazılmış iki əsər - M.Örənin "Ağ buludlar" povesti və Ş.Ağayarın "Arzulardan sonrakı şəhər" romanında mifoloji kontekst, arxetiplərlərə maraq öndədi. İnsan həyatına ritualların təsiri, etiologiyası müxtəlif dini-mifoloji pritçalara söykənən arxetiplər mətndə iç-içə gətirilir. M.Örənin "Ağ buludlar" povestində müqəddəs göl, Ş.Ağayarın "Arzulardan sonrakı şəhər" romanında İterü çayı əsərdə müxtəlif duyğu, düşüncə və yaddaşa şifrələnmiş informasiya, kod daşıyıcı olmaqla yalnız mətn qatlarında deyil, obrazların daxili dünyasında özünə yer edir.
Ötən illərə qədər roman bumu yaşandığı fakt idi. İstər yaşlı, istərsə də yeni nəsil yazıçılar daha geniş, miqyaslı təsvirlərə üstünlük verir, hətta həcm etibarilə az görünsə belə povesti roman kimi tədqim etməyə maraqlı idilər. Ötən il belə tendensiya ilə rastlaşmadıq. Əksinə, deyək ki, M.Örənin "Ağ buludlar" əsərinin roman siqləti daşısa da, povest adı ilə təqdim olunması nəsrin özündə belə janr-ölçü münasibətlərində tənzimlənmənin mövcudluğunu istisna etmir. Bu xüsusda ötən il Kənan Hacının "Fironun dəftəri", Günel Şəmilqızının "Div olanda noolar" povestləri seçilən mətnlər sırasında qərarlaşa bildilər.
Qeyd edim ki, roman janrında olduğu kimi povestlərdə də çağın problematikasına meyil hələ hiss olunmur. Keçmişə qayıdış povest janrında da tez-tez istifadə olunan bədii üsul kimi qalmaqdadır. Əlyazmalara, nağıllara dekonstuktiv müraciət, arxetip obraz və süjetlərin aktuallandırılması mətnlərdə fərqli formalarda əksini tapmışdır.
Ötən il müəyyən mövzularda romanlar meydana qoyulsa da məncə, hekayə ili kimi daha əlamətdar oldu. Bu qənaəti həm il boyu çap olunan hekayə kitablarının sayına və ayrılıqda çap olunan hekayələrin sanbalına əsasən deyirəm. ATV-nin "Hədəf nəşrləri " ilə təsis edilən "Çağdaş nəsrin ustaları" seriyasından Mübariz Örənin "Balıq gülüşü" və Əjdər Olun "Qəzənfər müəllimgilin Şuşaya yürüşü" hekayələr toplusu işıq üzü gördü. Vaqif Nəsibin hekayə və romanın yer aldığı "Rəngli günlər", Həmid Piriyevin "Sərçələr üçün poema"sı, Seymur Baycanın "Alatoran" yayınlarında "Gecikmiş hekayələr", Faiq Balabəylinin məhbəs xatirələrinin yer aldığı "Bayıldan bayıra", Ayxan Ayvazın "Buri", Çinarə Ömrayın "Məcnunxana", Günel Eminlinin "Cənnətdə payız", Mövlud Mövludun"Çətirsiz" (ölümündən sonra) adlı hekayələr kitabları çap olundu. Alpay Azərin bu yaxınlarda çap olunan "Yazıçı və arvadı" hekayələr kitabını da qeyd etmək yerinə düşər.
İl boyu Elçinin, Vaqif Nəsibin, Kamal Abdullanın, Orxan Fikrətoğlunun, Seyran Səxavətin, Azad Qaradərəlinin, Təranə Vahidin, Elçin Hüseynbəylinin, Vüsal Nurunun, Meyxoş Abdullanın, Ümid Nəccarinin, Kamran Nəzirlinin, Aslan Quliyevin, Həmid Piriyevin, Kənan Hacının, Firuz Mustafanın, Azər Qismətin, Alpay Azərin çap olunan hekayələri janrın ideya-məzmun keyfiyyətlərini ifadə eləmək baxımından material verən nümunələrdir. Onu da qeyd edim ki, yuxarıda vurğuladığım bir məqam hekayə janrı üçün xarakterik deyil. Belə ki, il boyu çap olunan hekayələrdə rastlaşdığımız bəzi hallar - nağıl süjeti, mif başlanğıcının işləkliyi keçmişi interpretasiyanın müxtəlif tipoloji təsnifatını aparmağa imkan versə də, real həyat təsvirlərinin bədii-estetik səciyyədə təqdimi, cəsarətli müşahidələr, dövrün vacib problemlərinə nüfuz, ciddi ictimai-tarixi qayğılarla yüklənmə onları fərqli düşüncə sferasından dərk etməyi və dəyərləndirməyi şərtləndirir.
Mənəvi tərəqqinin strategiyasını həmişə ədəbiyyat hazırlayıb. Xüsusilə, nəsrin missiyası bu yöndə digərlərindən daha fərqlidir, baş verənlərə epoxal baxış ona zamanın səlnaməsini yaratmaq baxımından gərək olub. Bu baxımdan yanaşdıqda, ədəbiyyatımızın bir çox dövrlərinə münasibətdə boşluqlar olduğu üzə çıxır. Repressiya prosesi, 31 mart soyqırımı, Azərbaycanlıların deportasiyası və s. kimi məsələlər nəsrdə bədii təcəssümün predmeti olmaqdan yan keçib. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ili Cumhuriyyət ili elan elədi. Düzdür, müxtəlif mətbu orqanlarda tədqiqat xarakterli silsilə yazılar əksini tapdı: "525-ci qəzet"də Vilayət Quliyevin Cumhuriyyətlə bağlı yazıları, Şirməmməd Hüseynovun ADR haqda məqalələrini xüsusi qeyd etmək lazımdır. Hər hansı bir dövrün ədəbi-fəlsəfi və siyasi proseslərinin bütün təfərrüatı, tərkib və parametrləri ilə canlandırılması həmin mərhələnin sistemli tədqiqat predmetinə çevrildiyi təqdirdə əyaniləşir. Bu baxımdan, adı çəkilən müəlliflərin məqalələri dövrün fəlsəfi dərkində, onun xarakterinin müəyyənləşdirilməsində zəruri önəm daşıyır.
Eləcə də "Ədəbiyyat qəzeti"ndə "Azərbaycan Cümhuriyyəti: tarixi, siyasi və ədəbi-fəlsəfi aspektləri ilə" mövzusunda müzakirə saatında tanınmış tədqiqatçılar: Ədalət Tahirzadə, Alxan Bayramoğlu, Vaqif Sultanlı və qəzetin baş redaktoru Azər Turanın təqdimində dövrün siyasi-ədəbi mənzərəsinə, müxtəlif problemlərinə yeni metodoloji mövqedən nəzər salındı.
Dilqəm Əhmədin "Mühacirlərin dönüşü" kitabı Azərbaycan Cümhuriyyət tarixinin, o dövrün görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı haqqında yeni araşdırma tipi meydana qoyan əsərdir. Kitabda Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinə aid 50-yə yaxın yeni material təqdim edilib. Buna baxmayaraq, bu önəmli hadisəyə qarşılıq verən bədii əsərlə rastlaşmadıq. Halbuki, tarixi-ədəbi proseslərin bədii-estetik mündəricə qazanmasına ehtiyac böyükdür. Yazıçı istənilən hadisənin təfərrüatına varılmasında tarixçi qədər əhəmiyyətli rol oynayır. Yəni ədəbiyyat və tarix yeganə sahələrdir ki, onların büllurlaşan guşə daşında zamanın obrazı görünə bilir.
Poeziya. 2017-ci ildə çap olunan şeir kitabları çoxluq təşkil etsə də seçilən mətn nümunələri kimi bunları qeyd edə bilərik: Qabilin 7 cildlik külliyatı, Firuzə Məmmədlinin "Söz macalı", Salam Sarvanın "Heykəl tənhalığı", Hədiyyə Şəfaqətin "Qapı", Aqşin Evrenin "Mənfi sənsiz dərəcə", Emin Pirinin "Sağ qalan varmı", Tural Turanın "Tanrı qağaya ismarış", Hikmət Orhunun "Qadın qolları dövrü", Ulucay Akifin "Günəşə atılan mərmilər", Məhərrəm Qasımlının "Saz başına döndüyüm", Süleyman Abdullanın müharibə şeirlərindən ibarət "Qara beret" kitabı və s.
Ötən ilin ən gözəl şeirlərindən bir qismini Musa Yaqubdan oxuduq. ("Azərbaycan" jurnalı, № 5, 2017, "Ədəbiyyat qəzeti", 13 yanvar, 2018). Ömür "ura"sına yazılan bu şeirlər duyğuların təbiət fonunda mənalanması, təbiəti poetik qavrayış idi əlbəttə, amma həm də həyat, yaşanılan, yaşlanan ömürlə bağlı ciddi poetik düşüncələrin məntiqi bağlılığı idi. İlin son günlərində yazdığı "Sən mənimləsən" şeiri ilə isə 81 yaşlı Musa Yaqub gənc nəslə belə meydan oxuya bildi. Şeirdə metaforaların uçuşu, lirik psixoloji vüsət, mənalı düşüncələr axarı orijinal intonasiya çalarlarında üzə çıxdı.
Nə yaxşı bilmisən xəstə halımı
Həqiqət eylədin xoş xəyalımı.
Sənin nəfəsindir, sənin əllərin
Oxşayır ruhumu, ovur alnımı-
Kövrəltdi əlimi isti yaşların...
Var ol, bu istəyə, təmasa görə,
Mənimçin Allaha yalvarışların,
Nə deyim bu nəzir-niyaza görə?..
Mən indi bildim ki, sən mənimləsən...
Səlim Babullaoğlunun "Noyabr gündəliyi" silsiləsindən olan şeirləri də poetik siqləti ilə seçilə bildi. Şair anasının xatirəsinə həsr etdiyi bu şeirlərlə, ilk növbədə düşünürəm ki, mövzuya münasibətin özünü təzələmiş oldu.
Düz beş ildir demək olar heç nə yazmıram.
Ömrün qırx dördüncü payızında dünyam
qırx dördün payızındakı
dünya qədər xarabalıqdı.
Ümidsizlik içindəyəm,
yaddaşın saralmış xəritəsi əlimdə
uşaqlığın mücrüsünü axtarıram o uzaq,
yaxın, yad və tanış yerlərdə.
İriçınqıllı yaş qumsal zolaq, lal qayalıq,
bir də atılmış dəlik-deşik qayıqdı.
Sahildə cızılmış "ana" kəlməsindən
uzaqlaşır ləpirlər.
Ləpələr yuyur hər şeyi; Günəş yanmış
evin arxasından qürub edir.
Şeirin oxucu ilə baş tutan ünsiyyətinə səbəb müəllifin daxili yaşantılarının hamıya tanış həyati detallarla ifadə olunmasındadır. Ona görə bədii təsir qüvvəsi ilə seçilə bilir bu şeirlər. Obrazların reallığı, əyaniliyi poetik mənanın yaşarılığını şərtləndirən başlıca amilə çevrilir. Bu şeirləri anımlar silsiləsi də adlandırmaq mümkündür. Səlim Babullaoğlu kamera effekti yaradır, poetik lövhələrin ardıcıl dəyişimi bir ömrün dramasını göz önünə gətirir. Seirin forması həm də bununla, publisist və lirik intonasiyaların biri digərini əvəzləməsi ilə yeni estetik təcəssüm qazana bilir.
Ötən il poetik üslub çalarlarının zənginliyi baxımından seçilən bir il olmasa da, gerçəkliyi qavrayışda yeni görünən müxtəlif duyum tərzi bir neçə gənc şairin şeirlərində özünü göstərdi: Hədiyyə Şəfaqət, Aqşin Evrən, Elşən Mehdi, Faiq Hüseynbəyli, Emin Piri, Ümid Nəccari, Rəşad Nağı Mustafa, Günel Şəmilqızı, Orxan Bahadursoy, Tural Turan və b.
Hədiyyə Şəfaqət öz nəfəsi, ruhu olan şairdi, yeni dövr poeziyamızda adını inamla çəkə biləcəyimiz imzalardandı. Poeziyamızda qadın başlanğıclı şeirlərin vüsət alması 90-cı illərdən bu yana xarakterik hal olsa da, Hədiyyə Şəfaqətin şeirlərində bu, feminist nöqteyi-nəzərdən mətnə gətirilmir. Burada bütün hallarda qadın var, təslim olmağı sevməyən, amma mübarizələrdən də qaçan qadın. Sadəcə öz içinə yıxılıb yaşamağı tərcih edən qadın... Çünki bu qadının hüzuru hansısa iddia, istəklər sırasında deyil. Ruhun dincliyini tapdığı anda xoşbəxt olur, tapmayanda səssizliyə çəkilib ağlayır. Qınamır, taleyini ittiham etmir, üsyana qalxmır, sadəcə ağlayır... Hədiyyə Şəfaqət də poeziyamızda Elnaz Eyvazlı, Rəbiqə Nazimqızı, Günel Eyvazlı, Aysel Əlizadə kimi sevən qadını yazır. Bəlkə, poetik mexanizm bütün gücüylə işləmir, amma poeziya dalğası nəğmə kimi həzinləşdirir insanı.
Faiq Hüseynbəylinin şeirləri poetik sistem etibarilə tamdır, bütövdür. Onun şeirlərindəki mətləb bir şeirin ümumi axarında, intonasiya, ritm və ahəng vəhdətinin qarışığında yaranır, ayrılıqda bir misranın, yaxud beytin üzərinə yüklənmir. Sevgi hissi Faiq Hüseynbəylinin poetik mətnlərində ovqat, yaşam kimi doğula bilir.
Sənə gələn haqq yoludu, əfəndim,
Kölə canım xan da olsa, gələrəm.
Çağır məni, səssizlikdən ürpəndim,
Can üstündə can da olsa, gələrəm.
Dilə gətir içimdəki rübabı,
Bu quluna rəva görmə əzabı.
İki nədir, dünyaların hesabı
Beş də olsa, on da olsa gələrəm.
Elşən Mehdinin poeziyamıza yeni imza kimi gəlişi uğurludur. Şeirlərinin ümumi əhvalında R.Rövşən, V.B.Odər şeirinin hüznü boy versə də, xüsusən heca vəzndə meydana qoyduğu şeirlərində sözə yeni poetik nəfəs ötürə bilib. O nəfəs ki çağdaş şeirimizdə çox az hallarda təsadüf edirik. E.Mehdinin şeirlərində yeni poetik üslubun öz fərdiliyi, dəst-xətti, biçimi görünür, sözlər yüklüdür, rənglər yerindədir, təsvir israfçılığına yol verilmir. Bədii fikrin əsas axarını həyat, dünya və ölümlə bağlı düşüncələr təşkil etsə də, lirik ovqat həzin və işıqlı notlar üzərindədir:
Dünya biraz çətin olur
Çiyninə yük götürənə
Dost demişik demə bizi
Məzaracan ötürənə.
Çıx gəz axtar qarış-qarış
Bir nəfər tap ruhu tanış
Bütün sirlərini danış
Yaddaşını itirənə..
Kədər çəkib həsrət qalmaq
Nə oyundu, nə oyuncaq
Sevgi gözəl hissdir, ancaq
Başlamamış bitirənə.
Bir məqama da toxunmadan ötə bilmirəm. Çağdaş şeirimizdə şeirin leksikonu bilərəkdən ibarələrlə doldurulur, qaba erotizm, hadisələrə çılpaq, birbaşa münasibət, prozaik ifadə meydan sulayır və bu hallar modern düşüncənin, yeni yanaşmanın əlaməti olaraq gətirilir poeziyamıza. Bu çatışmazlıq yalnız ötən ilin poeziyası üçün xarakterik deyil əlbəttə. Lakin ilbəil gözləmə mövqeyi tutub yeni nəfəs doğuluşuna, yeni poetik düşüncənin estetik biçimdə təzahür məqamına təşnə olurkən əksinə naqis olan köhnənin rişələndiyini sezirik. Bu, xüsusən sevgi şeirlərində daha aydın nəzərə çarpır. Məncə, mövzunun modern səviyyədə ifadəsinə nail olmaq o zaman mümkünləşir ki, bu, təfəkkür, düşüncə və dil hadisəsi kimi gerçəkləşsin, poetexnik islahat əzmindən doğsun, görüntü, dəb, psevdomüasirlik effekti sərgiləmək xatirinə yazılmasın. Məsələn, istedadlı şair və nasir kimi tanıdığımız Ümid Nəccarinin sevgi himni kimi səslənən aşağıdakı şeirində olduğu kimi:
Səni yaşamaq lazım,
bir ağac kimi bahar günündə,
bir qaya kimi üzü dənizə,
bir ümid kimi sevə-sevə!
Səni yaşamaq lazım,
yaşıl-yaşıl yarpaqları tökmədən,
bir Mövlanə, Şəmsə olan kimi,
sənə Kərəm kimi yanmaq lazım,
səni yaşamaq lazım...
Tərcümə. Ötən il tərcümə əsərləri sırasında Migel Delibes "Seçilmiş əsərləri" (Saday Budaqlı), Culian Barns "Aqibət duyğusu (Seyfəddin Hüseynli); Qismət Rüstəmovun tərcümə etdiyi "Ədəbiyyatsız dünya" esselər toplusu, eləcə də Vladimir Nabokovun "Rus ədəbiyyatından mühazirələr" kitabı, müasir İran poeziyasını əhatə edən "Dostun evi haradadır" antologiyasını qeyd edə bilərik. Artıq üçüncü ilə yaxındır ki, Əyyub Qiyas "Ədəbiyyat qəzeti"ndə Nobel alan yazıçıların əsərini silsilə olaraq təqdim edir. Eləcə də gözəl yazıçımız Dilsuzun təqdimatında türk poeziyasından seçmə örnəklər oxucunun ixtiyarına verilir. Qeyd edək ki, Nazim Hikmətin "İnsan mənzərələri" əsəri də ilk dəfə məhz Dilsuzun təqdimatında milli ədəbiyyatımızda əks olunma dövrünü yaşayır. Həmçinin gözəl şairimiz Məmməd İsmayılın dünya yazarlarından etdiyi tərcümələr və onların oxuculara tanıdılması yönündə xidmətləri qeyd olunası vacib məqamlardandır.
Esse. Esse janrı bədii əsərlərin təhlili ilə məşğul olmaq yükündən özünü xilas edib, əvəzində ədəbiyyata daha geniş ərazidə, ölçü və miqyasda, heç nəyin qoşqusu olmadan, müstəqil konteksdə nəzər yetirməyin gərəkliyini sübuta yetirməkdədir. Burada da, başlıca predmet ədəbiyyatdır, müəlliflər məhz ədəbiyyat müstəvisi üzərində özlərinin ədəbi-fəlsəfi düşüncələrini oynadır, müxtəlif mətnləri eyni kontekstə yerləşdirib müqayisəli təhlilə üstünlük verirlər. Ötən il janrın inkişafı baxımından işlək bir dövr oldu. Mətanət Vahidin elmi və ədəbi üslubunun uğurlu birgəliyindən hasilə gələn mətnlərindəki əsas məziyyət sehirli, duyğusal, qavramı fərqli şəkildə qoyulan dünyanın bədii sözün axarında üzə çıxarılmasıdır. Xüsusən, müəllifin ədəbiyyatı intermediallıq kontekstində təhlilə cəlb etməsi, onu daha geniş bədii-mənəvi ərazidə dərki məqamları - kino, teatr, moda, iqtisadiyyat kimi sahələrlə bağlılığını araması meyilləri yenilik ruhu ilə bərabər fərqli düşüncə sferalarına çıxmaq baxımından əhəmiyyətlidir. Digər müəlliflər - Sərdar Amin, Günel Eyvazlı, Ülvi Babasoy, Cahan Seyidzadə, Xuraman Hüseynzadə, Azər Qismət, Kənan Hacının il boyu çap olunan esseləri də janrın dinamikliyi istiqamətində əhəmiyyəti ilə seçildilər. Nərmin Kamalın "Küçədən Keçən Adam haqda yazılar", Cəlil Cavanşirin "Sola dönmək qadağandır" adlı esselər kitabı çap olundu. Həmçinin Fərid Hüseynin "Hər kəsin öz eşqi" və "Ömür - doğum günü hədiyyəmiz" kitabları meydana qoyuldu. Müxtəlif şairlərin həyat yoldaşları ilə müsahibələrin yer aldığı birinci kitab tanıdığımız şair obrazlarının qadın nəzərlərindən təsvirə çəkilməsi, onların yeni görüm bucaqları ilə dərk olunmasına imkan yaradır. Gənc və istedadlı şair Fərhad Metenin qısa ömür bioqrafiyasına həsr olunmuş ikinci kitab isə öz sənət baxışı, diri qalan xatirələri, yaddaşa hopmuş yaşantıları ilə "işıqlı qəm içində" yazılan poetik etüddür.
Qeyd edək ki, yola saldığımız il kino və teatr estetikasına yönələn baxışın sistemliliyi və daim diqqətdə saxlanması, Azərbaycanın müasir mənəvi mədəniyyətinə daha çox yaxınlaşmaq baxımından əlahiddəliyi ilə yadda qaldı. Qanturalının teatr, kino, ədəbiyyat yönündə esseləri öz polemik ruhu ilə mövzuya münasibətdə fərqli estetik baxış yarada bildilər. Ən son tamaşa və kinolarla bağlı resenziya nümunələrini Aliyə, Sevda Sultanova və Samirə Əşrəfin təqdimatında izlədik. Sevda Sultanovanın "Kulis.az" saytında yayımlanan "Naməlum kino" layihəsi milli kino tariximizin uzaq, kənar qalan faktlarını dövriyyəyə qatmaq baxımından gərəkli hesab olunmalıdır. Eləcə də "Ədəbiyyat qəzeti"nin "Dördüncü divar" layihəsində Samirə Əşrəfin təqdimatında incəsənət xadimləri ilə aparılan söhbətlər, "525-ci qəzet"də Pərvinin dərc olunan kino və teatrla bağlı silsilə yazıları, o cümlədən, teatr görüşlərini əks etdirən "Səhnə" kitabı kino və teatr sənətinin mahiyyətinə, bədii-estetik qavrayışına kömək edən nümunələr kimi səciyyəvidir.
Tənqid və ədəbiyyatşünaslıq. Çağdaş ədəbi mühit qarışıq təsir bağışlayır, fərdi üslublar büllurlaşıb önə çıxmır. Yeni yaradıcılıq axtarışları görünmür, ədəbi gəncliyin ruhunda dağınıqlıq, pessimist əhval-ruhiyyə hakimdir. Tez-tez rastlaşdığımız bu hal gənclərin klassiklərdən heyif çıxma tendensiyasında özünü daha bariz göstərir. Bunu ona görə deyirəm ki, ötən il klassik irsə münasibətdə bəzi ifratlar özünü göstərdi. Daha çox isə S.Vurğuna münasibətdə hakim oldu bu ifratlar. Əlbəttə, heç kim büt deyil, ədəbiyyatda adı, sözü keçən hər kəslə bağlı fikir bildirmək yasaqlanmamalıdır. Üstəlik, klassika özü özünü mətn olaraq qorumağı bacarmırsa, deməli, deyilənlərin hardasa həqiqət çaları da var. Burda problem sadəcə nədə özünü göstərir? Bir tərəfdən əlbəttə ki, pozulan meyarların, zədələnmiş psixi şüurun neqativlərində. Digər tərəfdən isə müstəqillik dövrünün yazarının keçmiş irsi dəyərləndirmədə formalaşmış yanlış təsəvvürlərində. Lixaçovun bir fikrinə istinad etmək istəyirəm: "Biz keçmişin estetik mədəniyyətini müasir təsəvvürlərdən çıxış edərək dərk edirik. Bu həm düzdür, həm də dərindən səhvdir". Müstəqilliyi qazandığımız bu illərdə bizdə yaradıcılığı mübahisə predmetinə çevrilmiş bir çox şəxsiyyətlərin əsərləri çağdaş dəyərlər kontekstində öz qiymətini almayıb. Tarixi faktlar, situasiyalar, yaddaşa münasibət məsələsi yeni reallıqlarla dərk olunub meydana qoyulmayıb. Niyə? Çünki əksər tədqiqatlarda da bu şəxsiyyətlər "mif" kimi tədqiq olunub. Yaradıcılıq incəlikləri deyil, rejim mürəkkəblikləri önə keçib. Təbii ki, zaman faktoru şəxsiyyəti dəyərləndirmədə meyar rolunu oynamalıdır, kimisə tarixi ədəbi prosesin inkişaf kontekstindən ayırıb tədqiqat predmetinə çevirmək metodoloji yanlışlıqdır. Amma etiraf edək ki, bəzən bu amil tədqiqatçını inersiya ilə istiqamətləndirib. S.Vurğunun istedadlı şair olduğunu isbat eləmək üçün mütləq siyasi gerçəkləri sıralayıb sanki nəyinsə bəraətini axtarmışıq. Halbuki, S.Vurğunun istedadı onun poetikasını incələyən mətnlər vasitəsilə müasir mövqedən əyaniləşməli idi. Yəqin belə olsaydı, müstəqillik dövrünün yazarı da məhz azad ədəbi müstəvidə dayanıb özünü ideologiyaya tabe olan, siyasi müdaxilənin qaçılmaz etdiyi S.Vurğun şeiri ilə deyil, məhz mətn, sənət faktı olan, bəlli bir meyar, estetika daşıyıcısı S.Vurğunla müqayisə etməyə lüzum görməzdi.
Ümumiyyətlə, tarixi-ədəbi prosesin xarakter və çalarlarını dərk etmədən müasir prosesi təhlil etmək və qiymətləndirmək, onun şərhinə və dərkinə girişmək metodoloji baxımdan doğru deyil. Ona görə də müasir prosesə klassik ədəbiyyatın təcrübəsini çatdırmaq, hadisənin, faktın etnik-tarixi tipini müəyyənləşdirmək üçün ədəbiyyatşünasların bu gün öz qüvvə və bacarığını birləşdirməsinə ehtiyac dünənkindən daha böyükdür. Bu üzdən akademik İsa Həbibbəylinin ədəbiyyat tarixçiliyi istiqamətində il boyu çap olunan məqalələribu məsələyə son dərəcə ciddiliklə yanaşaraq, keçmiş tarixçilik ənənələrindən heç də sərf-nəzər edilmədən obyektiv, tarixi qanunlar və qanunauyğunluqlara səriştəli yanaşma meydana qoyur. Ədəbiyyat tarixinin təsnifinin əsasında duran meyarları, prinsipləri və struktur vahidlərini müəyyənləşdirmək vəzifəsinin həllini arayan bu yazılarda Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsi ilə əlaqədar ədəbiyyatşünaslığın irəli sürdüyü tədqiqat ideyalarının elmi mənzərəsi verilir, yazılı ədəbiyyatımızın mənşəyi, onun dövrləşdirilməsi məsələsi, maarifçilik dövründə yaranan ədəbiyyatın elmi təsnifatı aparılır, ümumiyyətlə, bütün Azərbaycan ədəbiyyatı barədə mövcud metodoloji qənaətlərə diqqət yönəldilir.
Nizami Cəfərovun "Afaq Məsud dünyası" və "Elçin. Yazıçının yaradıcılıq yolu" kitablarını bir yazıçının yaradıcılıq yolunun təhlil predmetinə çevrilməsi istiqamətində, bütünlükdə XX əsr nəsrinə yönələn baxışın sistemli təzahürü saymaq olar. Daha sonra Rüstəm Kamalın "Güzgü günü", Azər Turanın "Fəryadın metafizikası", İradə Musayevanın "Ceyms Coysun "Uliss" romanı və ədəbiyyatda devrim", Nərgiz Cabbarlının "Qurtuluşdan sonrakı ədəbiyyat" kitabları ədəbi tənqidin ötən ildəki funksiyasını təsəvvür etməyə imkan verir. Bura həmçinin il boyu ədəbiyyatımızın müxtəlif yaradıcılıq problemləri ilə çıxış edən imzaların - Vaqif Yusifli, Məti Osmanoğlu, Cavanşir Yusifli, Tehran Əlişanoğlunun tənqidi yazılarını da əlavə etsək yetərincə dinamik mənzərə yaranar. Həmçinin tənqidçi olmayan şəxslərin ədəbi proseslə bağlı yazıları da ümumi mənzərəni ifadə etməyə şərait yaradır. Məsələn, Qəşəm Nəcəfzadənin "Ulduz" jurnalında "Gənc şairlər haqqında tənqidi qeydlər" məqaləsi müasir poetik mənzərəni tənqidi duyumla təhlilə çəkən nümunə kimi yaddaqalandır.
Adətən, tənqidin gücü ədəbiyyata bağlı məsələdir. Tənqidin məhsuldar işlədiyi bütün dövrlərdə onun fəaliyyəti məhz ədəbi əsərlər haqqında mühakiməsinin çəkisi, tutumu ilə şərtlənib. Bu mənada müxtəlif ədəbi növlərlə tənqidin gedişi sinxron rabitədə baş verib, biri digərinin fəaliyyətini şərtləndirib. Ötən il tənqidin fəaliyyəti meydana qoyulan müxtəlif janrlı mətnlərə yazılan resenziyalarla, portret və problem yazılarla yadda qalsa da, ümumən ədəbiyyatmızda mövcud olan problemlərin çoxluğu tənqidçilərə cari ədəbiyyata köklənməyə imkan vermir. Bunu tənqidçilərin ötən il qələm işlətdikləri fəaliyyət sferası da sərgilədi, bu fəaliyyətin sonucu kimi ərsəyə gələn tənqid kitabları da.
"Güzgü günü" Rüstəm Kamalın "Ədəbiyyat qəzeti"ndə çap olunan esselərindən ibarət kitab kimi ərsəyə gəlmişdir. Ədəbiyyatşünas alim Məti Osmanoğlu kitabın ön sözündə qeyd edir ki, "ədəbi tənqidə ədəbiyyatşünaslığın "qeyri-rentabelli" sahəsi kimi yanaşan R.Kamalın esseləri tənqidçi təhlilindən təmamilə fərqlənir. Bununla belə, onun müasirlik anlayışı ilə bağlı mülahizələri ("Müasirliyin hüdudları, yaxud ədəbiyyatşünaslığın nəfəsi") ədəbiyyatşünaslığımız və tənqidimiz üçün yeni görüm hədəfi müəyyənləşdirir". Haqlı mülahizələrdir. Məhz yeni görüm bucağı! Rüstəm Kamal tənqidinin rəng spektrində incələnən assosiasiya çalarları, məna oyunları rəngarəng və çeşidlidir. Hamımızın süjet, mövzu, problematika məsələlərinə aludə olduğumuz mətn müstəvisində onun axtarışları özgə səmtləri nişan alır, ağlagəlməz paralelliyə yol açır. Bəzən mətnlərdəki ilğım kimi görünüb yoxa çıxan nəsnələr, baxıb önəmsəmədiyimiz məqamlar Rüstəm Kamalın yaradıcı zəkası üçün əsl təhlil predmetinə çevrilir, onlardakı ahəng və məna düzümü, səs və rəng polifonizmi tənqidçinin duyğu və düşüncələr axarına vahid məcra verən bədii fabula rolunu yerinə yetirir. Məqalələrin adları belə artıq fikirlərimizin təsdiqidir: "Molla Pənah Vaqif və Səməd Vurğun: felin karması", "Mirzə Cəlilin teleqraf poetikası", "Əbdürrəhim bəyin stomatoloji fantaziyası", "Yuxudan oyanma qorxusu: Frans Kafka və Mirzə Cəlil", "Fonoqraf: Mikayıl Müşfiq və Asəf Zeynallı", "Üç Aleksandr, yaxud "dekabrist" gülü qışda açır", "Repressiya yuxuları" və s.
Azər Turanın "Fəryadın metafizikası" əsərində modernizm cərəyanı, onun dünya ədəbiyyatında qoyuluşu və təzahür şəkilləri modern bir təfəkkürlə araşdırılır. Kitab bütünlükdə XX əsrin estetik dalğası üzərindədir, onun tarixini, inkişaf meyillərini, çağdaş milli və dünya ədəbiyyatı kontekstində mövqeyini öyrənmək baxımından zəngin material verir.
Ədəbiyyat tarixi həm də cərəyanlar tarixidir. Bu kontekstdə araşdıranda tipoloji baxımdan XX əsr Azərbaycan ədəbiyyatı XIX-XX əsr dünya ədəbiyyatına nəzərən səciyyələnir, xüsusilə əsrin birinci iki onilliyi həmin faktların təzahürünü verir, Avropada əsası qoyulmuş cərəyanları, ideya-estetik fəlsəfə sistemlərini təcəssüm etdirir. Azər Turanın hər iki qütbün ədəbiyyatına, onların özünəməxsus inkişaf qanunauyğunluğuna vaqif olması ona beləcə, müxtəlif analogiyaları yanaşı verməyə zəmin yaradır. Müəllif iki onildən artıq bəhs edilən məsələyə problemin qoyuluş şəklindən başlamır, onun səbəbləri deyil, nəticələri üzərinə diqqət çəkir. Boşluq hardadır, milli ədəbi-ictimai düşüncənin hansı qatında? Modernizmin mövcud kontekstini müəyyənləşdirmək, dünyabaxış sistemində mövzuya müraciətin imkanlarını meydana çıxarmaq, yeni paradiqmaların fonunda qərarlaşan prinsipləri qarşılaşdırmaq yolu ilə cərəyanlar məsələsini dövriyyəyə qatmaq. Beləcə, Avropa ədəbiyyatında gedən modernizm prosesinin üzün və sürəkli yolunun Cənab Şihabəddin, Əhməd Haşim, Yəhya Kamal Bayatlı, Nazim Hikmət, Orxan Vəli, Cahit Sıtkı Tarançı, Edip Cansevər, Cəmal Sürəyya və başqa şairlərin yaradıcılığı əsasında mənzərəsini verir.
İradə Musayeva boşluqlar üzərində dayanan, təhlil sferasını o istiqamətə yönəldib araşdırmalara meyil göstərən tənqidçidir. Ötən il müəllifin repressiyanın 80 illiyi münasibətilə silsilə olaraq yazdığı "Sözlərin rəng assosiasiyası... Qara rəngli "repressiya"..." məqalələri dövrün ictimai-siyasi ab-havasını görükdürmək, diqqəti məşum faciə qəhrəmanlarının ömür bioqrafiyaları üzərinə yönəltmək, 1937-ci ildə yaşanan ümummilli iztirabın sosial miqyasını və şiddətini öz məzmununda ifadə baxımından əhəmiyyətli sayılmalıdır. Eləcə də tənqidçinin "Ceyms Coysun "Uliss" romanı və ədəbiyyatda devrim" kitabı. Ədəbiyyat aləmində təlatüm yaratmış və nəsrin yeni istiqamətini müəyyən etmiş "Uliss" romanı bu gün də birmənalı olaraq qəbul edilmir. Bildiyimiz kimi, "Uliss" çətin oxunan romandır. Yəni əsəri oxumaq oxucudan yalnız səbr deyil, həm də elmi-intellektual səriştə, nəzəri hazırlıq tələb edir. Digər tərəfdən, Coysun romanı bizim öyrəşdiyimiz klassik romanlardan fərqlənir, izahat metodu fərqlidir. "Uliss"lə bağlı isə bədii düşüncənin özündə bir boşluq vardı. Oxucu ilə əsər, tərcüməçi ilə əsər, yaradıcı insanla əsər arasına qarşısıalınmaz bir sədd çəkilmişdi. İradə Musayeva ilk növbədə bu səddi aradan götürməyə çalışdı. Bu əsərin qayəsində dayanan əsas mürəkkəblik nədən ibarətdir? Mövzu, mündəricə nədir? "Ceyms Coysun "Uliss" romanı və ədəbiyyatda devrim" kitabında bu suallara cavab aranır. Həm də Şərq ədəbiyyatı ilə müqayisəli kontektdə, oxşar tipoloji təsnifatı aparmağa imkan verən mətnlərin bir estetik müstəviyə gətirilməsi ilə.
Ötən ilin tənqidlə bağlı yekun sözünü zənnimcə, Elçinin "Söz azadlığı tənqidimizə nə verib?" silsilə məqalələri dedi. Bu məqalələrdə bədii təcrübənin müxtəlif təmayüllərindən doğan və elmi-tənqidi düşüncənin mərkəzinə çəkilən köklü problemlər qaldırıldı. Həm də üslubunun məziyyəti sayəsində prosesə münasibətdə həm əhatəlilik, həm də ciddi elmi-nəzəri qanunauyğunluqdan çıxış edildi, ciddi elmi polemikaya yol açıldı. Belə ki, İradə Musayevanın "Xalq yazıçısı Elçin Əfəndiyevə cavab...", Qanturalının "Söz azadlığında düşən dolu və ya ədəbi sətəlcəmlik diaqnozu" və mənim "Polemikaya sözardı, yaxud öyünə biləcəyimiz ədəbiyyat" məqalələrim Elçin məqalələrinin doğurduğu təsir nəticəsində ərsəyə gəlmişdi.
Bu məqalələrin əhəmiyyəti onda idi ki, yalnız müsbət məqamlara istinad etmirdi, problemləri dilə gətirirdi, ədəbi tənqidimizdə mövcud olan bir sıra çatışmazlıqlarla bağlı məsələlərin mahiyyətinə enirdi, tənqidlə çağdaş ədəbi proses arasında ögeylik, qarşıdurma hallarının olması, tənqidin yeni yaranmış mətnlərə dəyər vermək missiyasından uzaqlaşması, klassik ədəbi irsin milli dəyərlər işığında çağın dövriyyəsinə qatılmaması kimi hallar bu məqalələrdə qabaran başlıca amillər idi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!