Nizaməddin Mustafa
Əvvəli ötən saylarımızda
Ədəbiyyat tarixindən öyrəndiyimiz kimi, bu dövrdə hakim çar üsuli-idarəsinin şeirə himayəsindən danışmaq qeyri-mümkündür. Ədib və şairlərimizin kiçik bir qismi (A.Bakıxanov, X.Natəvan və b.) imkanlı ailələrə, zadəgan və mülkədar zümrəsinə mənsub idilər, irsən sahib olduqları mal-mülk hesabına (A.Bakıxanovun adı Qubanın Amsar, Zakirin adı Qarabağın Xındırıstan kəndi ilə bağlı çəkilir və b.) yaşayır, hətta bəziləri (misal üçün, X.Natəvan) başqa şairlərə də himayədarlıq edirdilər. Bir qismi M.F.Axundov və A.Bakıxanov kimi çar hakimiyyəti orqanlarında müxtəlif vəzifələrdə çalışır və yaşayışlarını məmurluqla təmin edirdilər. Bu dövrün ədibləri arasında mütərcim, həkim, mirzə, musiqiçi olanlar da vardı. Müdərrislər və məktəbdarlar sayca üstünlük təşkil etsə də, çarıqçı, dülgər, bəzzaz, əttar, baftaçı kimi sənətlərlə kəsbkarlıq edənlər də az deyildi. Əksəriyyət isə dolanışığını əkin-biçindən, yaxud kiçik ticarətdən "çıxarırdı". Əlbəttə, aralarında bunu özlərinə yaraşdırmayanlar, azad yaradıcı həyat yolu seçib, zehni əməklə məşğul olmaq istəyənlər də tapılırdı. Əslində, belələri özlərinin və ailə üzvlərinin maddi rifahını riskə atır, təsadüfi gəlirlərə bel bağlayırdılar. Seyid Əzimin tərcümeyi-halından gördüyümüz kimi, zehni əməklə məşğuliyyət yolları olduqca məhdud idi. Rəsmi yazışmalar da (mərhum professor Xeyrulla Məmmədov bəzi sənədlərdən parçaları açıqlamışdır) göstərir ki, Seyid Əzim 1874-cü ildə Hacı Səid Ünsizadənin təşəbbüsü və səyi ilə "30 nəfər dil kağızı verib məktəbi saxlamaq üçün ayda 1 manat verəcəklərini öhdəsinə götürdükdən" sonra Şamaxıda "ruhani "okrujnoy" məclisinin təhti-nəzarətində" açılmış "Məclis" adlı "camaat məktəbində" fars dili müəllimi təyin olunmuşdu. Şair özü H.B.Zərdabiyə yazdığı mənzum məktublardan birində bu haqda yazır:
Əhli-Şirvan edib hədisini səm
Şiəvü sünni oldu bir yerə cəm.
Sözlərin etdi onlara təsir
Etdilər məktəb açmağa tədbir.
İttifaq ilə tutdular dəftər. (...)
Əvvəli-kar o qövmi-fərzanə
Tutdular yüz mənatə bir xanə.
Məsləhətçün dübarə oldu cülus
Manveli tutdular müəllimi-rus.
Onu üç yüz mənata söylədilər
Mərhəba, fikri-bikr eylədilər...
Biz də olduq müəllimi-sani
Ta ki təlim edək "Gülüstan"i.
Tapdılar həm müəllimi salis
Odu Qürrai-Səbəyə varis.
Pürlətafət kəlam, ibni-Lətif
Adı Molla Hüseynağayi-zərif.
Verə ətfalə dərsi-Qurani
Artıra rövnəqi-müsəlmani...
X.Məmmədovun qeyd etdiyi kimi, cəmi ilyarım sonra Hacı Səid və Cəlal Ünsizadə qardaşlarının Tiflisə köçməsi ilə "məktəb və onun 70 nəfər şagirdi Seyid Əzim Şirvaninin öhdəsinə qalmışdır". Dilindən kağız verənlər isə vədlərini yerinə yetirməkdən imtina etmişlər ki, şair bu barədə yazmışdır:
...Nisfi-məbləğ deyildi cəm hənuz
Əhli-fisqin fəsadı etdi büruz.
Vermədi yazdığı pulun hüzzar
Hamı iqrarın etdilər inkar.
Müvafiq çar idarəsinin rəsmi sənədlərində də qeydə alınmışdır ki: "Məclis" məktəbi" ancaq Seyid Əzim Məhəmməd oğlunun səyi ilə yaşayır". Şair əlinə düşən hər fürsətdə məktəbin dərdini dilə gətirir, millətin başbilənlərindən yardım gözləyirdi:
İndi Şirvanda açmışıq məktəb
Dərsimiz rusü, türkü, farsü, ərəb.
Zəhmətim çoxdu, hiç nəfim yox,
Leyk həqqə ümidvarəm çox -
Kim, bu zəhmətlər olmaya zaye
Bəlkə bu macəra ola şaye.
Şeyxül-İslamü müftiyü-İslam
İkisi bir olub edə əncam.
Çünki bunlar rəisi-millətdir
Mədəni-lütfü kani-qeyrətdir...
Seyyida, bəsdi nəzmi qıl kütah
Xatirin cəm qıl ki, inşallah
Şeyxülislamü müftiyi-xoşnam
Uşqola əmrinə edər əncam!..
Göründüyü kimi, şair "Məclis" məktəbində çalışmaqla güzəranını keçirə bilmədiyini gizlətmir: "Zəhmətim çoxdu, hiç nəfim yox". Məlumdur ki, 1877-ci ilin sentyabrında o, H.Zərdabinin köməyi ilə Şamaxı şəhər məktəbinə də müəllim təyin edilmişdi. Lakin görünür, bu da problemin həlli üçün yetərli olmamışdı və Seyid Əzim bu və ya başqa səbəbdən iki il sonra Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində türk dili və şəriət fənləri üzrə müəllim yerini tutmaq üçün ərizə ilə müraciət etmişdi (hərçənd, cəhdi nəticəsiz qalmışdı).
Bəzi mənbələrdə şairin seyid olması məqsədli şəkildə qabardılır və bununla seyidlərin nəzir yığmasına işarə vurulur. Yəqin, müasirlərindən Məhəmməd ağa Cürminin ona həcvində də bu məsələ xüsusi vurğulandığından Seyid Əzim cavabında yazmışdı:
Zahirən seyyidəm, əmma nə o seyyiddən kim
Xüms alam, mali-imam,
yox buna imkan, Cürmi.
Deyiləm müftəxori-gərkəsi-murdartələb
Mənə öz rəncim olub vasiteyi-nan, Cürmi...
Şair seyid olsa da, imam malı, xüms-zəkat alıb dolanmadığını qətiyyətlə bəyan edib, ruzisini "öz rənci", işi, zəhməti ilə qazandığını yazır. Onun əsas işi isə şairlikdir. Nə qədər qəribə və tərəfimizdən ehtiyatsız səslənsə də, Seyid Əzimin güzəranının böyük hissəsini məhz şairliklə - mərsiyələri, mədhiyyələri, şəbihxanlığı, qəzəlxanlığı müqabilində din xadimlərindən, məscid və vəqflərdən, şeirə-sənətə qiymət verən müasirlərindən aldığı "ehsan" hesabına təmin etməsi ehtimalı böyükdür. "Hacı Molla Qəniyə" qəsidəsində "Quran" ayəsinə istinad edərək Allahın kasıbı (burada şairi) özünə dost bildiyini, lakin il ərzində gah şəbihxanlıq, gah mərsiyəxanlıq etməsinə baxmayaraq, axund tərəfindən əməyinin aşağı qiymətləndirildiyini yazır:
...Əhli-kəsbi eyləyib mədh şahənşahi-rüsul
Dedi "kasibdi həbibulla", əya ruhi-rəvan! (...)
Sizdən ötrü bu il, ey dust, çəkirdim zəhmət
Gəh şəbihxan olurdum sizə, gəh mərsiyəxan.
Öz əlinlə elədin pulları yeksər təqsim
Göftguyə ləb açıb eyləmədim şikvə bəyan.
On manat oldu o məclisdə bərati-Seyyid
Məndən artıq aparıbdır pulu hər bir heyvan...
Şair burada "vasiteyi-nan"ının mərsiyə, növhə, sinəzən, şəbih mətnləri yazmaq (birbaşa, yaxud dolayısı ilə) olduğuna işarə edir. Lakin düşünürük ki, türk-İslam poeziyasının çox mühüm bir qolunu təşkil etmiş mərsiyə şeirinin XIX əsrdə geniş yayılmasını yalnız sırf merkantil maraqlarla əlaqələndirmək də sadəlövhlük olardı. Bu amil, şəksiz ki, var və nəzərdən yayındırıla bilməz. Amma başqa, daha ciddi amilləri də unutmağa haqqımız yoxdur.
Mərsiyə və mərsiyəxanlıq
Öncə qeyd olunmalıdır ki, hər il məhərrəm ayında Kərbəla müsibətinin, müqəddəs şəhidlərin anıldığı təziyə və təkyə məclisləri şairlərin yaradıcı qüdrətlərini nümayiş etdirmələri üçün əlavə bir meydan açır, ədəbi mühitin əhatə dairəsini genişləndirirdi. Ölkə boyunca mərsiyələrə ehtiyac hansısa şeir növü ilə müqayisəyə gəlməyəcək dərəcədə böyük idi. Əgər həqiqətən də bədii sözə ictimai sifariş deyilən şey varsa, XIX əsrə nisbətdə bu anlayış, ilk növbədə, mərsiyəyə aid edilməlidir. Kərbəla mərsiyələrinin auditoriyası bütün Azərbaycanı - hər bir eli, obanı, şəhəri, kəndi, məscidləri, bazar-dükanları, hətta, məhəllə və əza məclisi qurulan ayrı-ayrı evləri əhatə edirdi. Əlbəttə, belə bir miqyasda yaddaqalan söz söyləmək, özünü göstərə bilmək, Füzuli kimi azman bir sənətkarın hələ "diri" olduğu bu meydanda eşidilmək kiçik şərəf sayıla bilməzdi, şairə şan-şöhrət, kütləvi ehtiram vəd edirdi; bir şərtlə ki, insanların dəruni duyğularına təsir göstərmək məharəti olsun. Şəbih tamaşalarında hər məhəllə, hər dəstə Kərbəla şəhidlərinin yoluna başqalarından daha çox bağlı olduğunu isbat etmək üçün ən qatı və qanlı üsullardan necə istifadə edirdisə, təziyə məclislərində də söz, təzə nəfəs qızıl qiymətində tutulurdu. F.Köçərli "Azərbaycan ədəbiyyatı" əsərində diqqəti mərsiyəxanlığın məhz bu cəhətinə yönəltməkdə haqlı idi: "Beş-on sənə bundan əqdəm artıq hörmət və şöhrətdə olan ancaq İmam Hüseyn müsibətinə dair növhə və mərsiyə yazan şairlər idi ki, onların kəlamı məscidlərdə, təkyələrdə oxunurdu və onlar öz kəlamlarını eşidib, xalqın tərifü tövsifi ilə sərəfraz olurdular və növhə yazmağa dəxi də artıq şövqmənd olub bütün vaxtlarını və qüvveyi-şeriyyələrini bu yolda sərf edirdilər".
Yaddan çıxarmayaq ki, mərsiyələrin meydanı əza məclisləri ilə məhdudlaşmır, gündəlik yas mərasimlərinə qədər uzanırdı. Hüzr yerlərində ağıçılar, adi günlərdə küçə-bazarda, çayxanalarda dərviş və qissəxanlar tərəfindən mərsiyə söylənilməsi adi hal almışdı. Belə demək mümkündür ki, mərsiyə şeiri ictimai-kütləvi həyatın ayrılmaz tərkib hissələrindən birini təşkil edir və toy-düyün məclislərində xanəndələr tərəfindən muğam üstündə oxunan qəzəllə belə rəqabətdə uduzmurdu. E.Sultanovun "Azərbaycanlılar nə oxuyurlar?" məqaləsində mərsiyənin yüksək populyarlığını xüsusi vurğulaması təsadüfi deyil. Maraqlıdır ki, yenilikçi təmayüllərin başında gələn mətbuat da mərsiyəyə "dəyib-toxunmurdu". "Əkinçi"nin kimliyi bu gün də mübahisə mövzusu olan anonim müxbirlərindən (cəsarətinə görə anonimliyi vacib idi) Əhsənül-Qəvaid belə baş yarmaq, qan tökmək kimi vaxtı keçmiş Aşura adətlərinə münasibətdə göstərdiyi radikallığın onda birini mərsiyə şeirlərinə münasibətdə göstərməmişdir. "Ziyayi-Qafqaziyyə" isə 1881-ci ilin sonlarında Qumrinin "Kənzül-məsaib"ini "Məcmuəyi-mötəbər" adlandırır, kitabın ədəbi aləmdə rəğbətlə qarşılandığını yazırdı (Zaman Əsgərli). Bu amil Mirzə Məhəmməd Tağı Qumri, Mirzə Kərim Şüai, Mirzə Cəbrail Sipehri, Əbülhəsən Raci, Mirzə Həsən Qüdsi, Məhəmmədəmin Dilsuz, Seyid Rza Sərraf, Hacı Əli Pərişan, Hacı Şıxəli Tuti kimi bir çox şairlərin, istedadlarını məhz bu sahəyə yönəldərək, belə demək mümkünsə, mərsiyə, sinəzən, növhə üzrə ixtisaslaşmasına əlverişli imkan yaratmışdı. Seyid Əzim bu şairləri məhz mərsiyə ənənələrini yaşatdıqlarına görə təqdir edirdi. Qumriyə münasibəti bu cəhətdən xüsusi maraq kəsb edir. Seyid Əzim qəsidələrinin birində onu Şərq şeirinin ən görkəmli nümayəndələri ilə müqayisə və tərif edir. Bir neçə şeirində ortabab şair kimi qiymət verdiyi, bəzi hallarda şeirin qayda-qanunlarını kamil bilmədiyinə görə tənqid etdiyi Qumrini bu mərtəbəyə nədən layiq gördüyü də qəsidədə açıq göstərilmişdir:
Əgər olsaydı Həssani-ərəb bu əsrdə zində
Fəsahət kəsbinə səndən edərdi iltica, Qümri.
Sipehri gərçi xurşidi-sipehri-nəzmdir, lakin
Olur xurşid nəzmin ərzgahında Şüha, Qümri.
Xəlilin gülşəni-təbi yetirməz bir güli-ziyba
Əgər ol gülşən içrə olmasa
lütfün səba, Qümri. (...)
Məcalislərdə, məclislərdə təqrir etdim ol nəzmin
Oxundu hər tərəfdə mədhinə
yüz mərhəba, Qümri.
Olubdur cəddimin övsafına çün təbiniz guya
Müin olsun sənə daim Əliyyül-mürtəza, Qümri!
Səni mən vəsf qıllam ta ki dünyada həyatım var
Neçin kim olmusan
vəssafi-şahi-Kərbəla, Qümri...
Davamı gələn sayımızda
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!