"Səhəri gözləyək göyün üzündə" - "1 şeir/2 rakurs" - LAYİHƏ

"Ədəbiyyat qəzeti" "1 şeir/2 rakurs" layihəsini davam etdirir. Bu həftə təhlilə cəlb olunan şeir Məstan Günərin "Səhəri gözləyək göyün üzündə" şeiridi.

 

Gəl bir az aldadaq öz-özümüzü,

təzədən üfürək

qor olan közü,

yaşadaq nağıla çəkilən günü.

Qaytaraq gəncliyin xoş nəfəsini,

əllərin üşümək bəhanəsini,

əlim əllərinə bükülən günü.

Gəl zümrüd quşuna döndərim səni.

sakit gecələrin süd dənizində.

Aç qanadlarını iki ay kimi

səhəri gözləyək göyün üzündə.

 

 

 

Elnarə AKİMOVA

“Aç qanadlarını iki ay kimi” 

Həqiqi poeziya insanı yalnız ilahi lallığa çəkib aparan poeziya deyil, həm də sükutun bağrını yaran, onun səssizliyini darmadağın edəndir. Məstan Günərin təhlilə çəkilən şeirində olduğu kimi. Nə vaxtsa yaşanmış müdhiş duyğuların baş qaldıraraq yaddaş hasarı önünə sürüklənməsi, könlünün hansısa hücrəsində özünə əbədi yer eləmiş əziz anların əl-ələ tutan uçuşu var bu şeirdə. Şairin ruhunu saran hisslər keçmişin qəlpələri  kimi üstünə yağır, bunun qarşısındasa gücü ancaq ilkinliyə qayıtmağa çatır. Təsəllisi ilə nisgili bir arada olan duyğuların həzin oyanışı "mənliyini bərbad etsə" də, cəfasını çəkməkdən özünü əsirgəmir. Xatirələrin şirin aldanışı başlayır. Sevgi dünənlə bu gün, keçmişlə gələcək arasında mediuma çevrilir.

Gəl bir az aldadaq öz-özümüzü,
təzədən üfürək
qor olan közü.

Bu kiçik şeir parçasında oxucunu təsirdə buraxan məqamlar nədir? Əvvəla, fərqli nəfəsin şeir məkanını başdan-başa çevrələməsi. Keçmişdə qalmış həyat hekayətinin nəqlində aydın nəzərə çarpan montaj effekti... Təsvir olunan təfərrüatların lirik "mən"in duyğular aləmini dərindən incələməyə gücünün çatması. M.Günər şeiri üçün əhəmiyyətli olan elə budur: bütün məqam və situasiyalarda poetik mexanizm işləyir. Həm də hiss edirsən ki, bu, yəni şairin qurduğu süjet poetikasının zənginliyi yazı mexanizminin mükəmməlliyinə deyil, alt qatda, şair təfəkküründə sıxılıb bərkimiş mifoloji, etnoqrafik zənginliyə, folklor motivlərinə əsaslanır, bu qatdan bəhrələnib tüğyan edən təxəyyülün çeşməsi öz qafiyə, obrazlar, təşbehlər polifonizmi ilə fərqli bir nağıl dünyası yaradır.

Gəl zümrüd quşuna döndərim səni
sakit gecələrin süd dənizində.

Məstan Günərin şeiri iki nəfər üçün oxunan eşq balladasıdır. "Əlləri əllərinə bükmək", "sakit gecələrin süd dənizi", "göyün üzündə səhəri gözləmək", "qanadlarını iki ay kimi açmaq"... bu ifadələr ona görə sirayətedici qüvvəyə malikdir ki, onlar sevən bir qəlbin yanğısı, yaşanmış eşq dastanının təzahürü olaraq doğulurlar. Şeirdəki hisslər o qədər duyumlu şəkildə ifadə olunur ki, müəllifinin sevmək bacarığı qarşısında heyrət etməkdən başqa çarən qalmır. Buna görə deyirik, sevginin yaşı olmur, buna görə sevgi əbədi var olandır. Nə vaxt sevirsənsə, sevgi səndən keçirsə, gəncsən demək. Gənclik sevginin özüdür ki, var. Amma illər ötür, insan sevən bir ürəyin hərarətini qoruyub saxlasa da, nə gülüş gəncliyindəki kimi şaqraqdı, nə baxış gəncliyindəki kimi odlu. Ona görə insanın keçmişə dönmək təşnəsi onunla əbədi yol gedir, həmişə xoşbəxt olsa belə ömrün gənclik, duyğuların sevgi qatında yaşayır daha çox.

Yaşadaq nağıla çəkilən günü,
Qaytaraq gəncliyin xoş nəfəsini.

Burada ötən günlərə dönmək yanğısı var. Gəncliyin sevdalı, həzin günlərini bir toxunuşla diriltmək yanğısıdı bu. Yaş ötür, ömür bir göz qırpımında "ura"sına yetişir, amma nə vaxtsa yaşadığı bənzərsiz duyğuların xatirəsi onu tərk etmir. Xatirələrə dönmək, onların istisində qızınmaq vədəsi başlayır şair üçün. Bu mənəvi ucalarda qalmaq, eşqin əbədi dövriyyəsində qərar tutmaq istəyi ilə: "Aç qanadlarını iki ay kimi/ səhəri gözləyək göyün üzündə", - deyir.

Doğrudan da, "yoxdur yer üzündə qocalıq, yoxdur!" (V.Səmədoğlu)

 

Cahanxanım Seyidzadə

Anlar, sadəcə anlar 

Məstan Günərin təqdim olunan şeirini sevgiyə aid duyğular silsiləsinin gözəl nümunələrindən biri hesab etmək olar. Lakin mən sevgidən daha çox şeirin ilk misralarından boylanan "gəncliyin xoş nəfəsi", "əllərin əllərə bükülən günü", "əllərin üşümək bəhanəsi" kimi  "anlar" haqqında danışmaq istəyirəm.

İnsan nə qədər ömür sürürsə-sürsün, sadəcə "anlar"da yaşayır, sevir, xoşbəxt olur və dolayısıyla da əlinə şans keçəcəyi təqdirdə yalnız onları qaytarmaq istəyir. O səbəbdəndir ki, dərin bir hüzn və məsumluqla yazılmış bu şeir istənilən insanın ürəyinə hopur, dilində cücərir, hisslərinə hakim olur. Bəs görəsən, insanı daim keçmişə səsləyən nədir və ya kimdir? Şübhəsiz ki, vaxtında dəyərini bilmədiyimiz, doya-doya yaşamadığımız, "dadını çıxarmadığımız" həyatımızın ən önəmli dəqiqələri, dünyadakı bütün mahnıların, şeirlərin əsas mövzusu olan, "keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim"- deyən şairin harayındakı, şahidi olduğu möhtəşəmliyi kətan üzərində əbədiləşdirmək istəyən rəssamın rəsmindəki anlar... Keçmişə qayıtmaq müxtəlif formalarda, demək olar ki, hər kəsin həyatında, arzusunda və ya yaratdığı hər hansı əsərdə mütləq nə vaxtsa  zühur edir. Həm də qəddarcasına.  Bəzən Məstan Günərin şeirindəki kimi:

Qaytaraq gəncliyin xoş nəfəsini,
əllərin üşümək bəhanəsini
əlim əllərinə bükülən günü...

Bəzən isə Borxesin şeirindəki kimi:


Yenidən başlaya bilsəydim həyata
yalnızca xoşbəxt anlarım olardı...
\Bilirsinizmi həyat da budur
Anlar, sadəcə anlar.
Siz də anı yaşayın...

Təəssüf ki, insan anı yaşamağı çox vaxt bacarmır, onu daima güclü qüvvəylə cəzb edən keçmiş və gələcək arasında sıxışıb qalır. İnsan həyatının bu ziddiyyəti şeirdə mükəmməlliklə ifadə olunub. Gəncliyin xoş nəfəsini qaytarmaq istəyən şair həm də səhəri gözləyir.

Sakit gecələrin süd dənizində
Aç qanadlarını iki ay kimi.
Səhəri gözləyək göyün üzündə...

Çünki səhərlərdə həmişə bir ümid var. O ümid ki, insanı bu anı ciddiyyətlə yaşamaqdan məhrum edir. Bu gün yaşamadığımız hər an arzuladığımız keçmişə və gözlədiyimiz səhərə çevrilir. Bir gün hər şeyin bitməsinə lap az qalanda isə gözlərinin nurunu deyil, sadəcə yaşaya bilmədiyi zamanları qaytarmaq istəyən Qoca Borxessayağı "anlar"da ilişib qalırıq. Məsələn, mən şairin qayıtmaq istədiyi - "gəncliyin xoş nəfəsini duyduğum" yaşdayam və böyük ümidlərlə səhəri gözlədiyim kimi, uşaq olduğum vaxtlara da dönmək istəyirəm. Eyni zamanda, mən gələn bütün səhərlərdə həm də gündən-günə yaşlanan bir qadının şiddətlə arzuladığı "keçmiş" olacağam... Demək ki, insan həmişə "keçmiş"dir, həmişə keçmişdədir: şeirlərdə, mahnılarda, rəsmlərdə, xatirələrdə və yaşadığı bütün zamanlarda... Nəhayət, "gələcək" bir gün bitir və insan tamamilə "keçmiş"ə dönür...Buna görə də Məstan Günər dəqiqliklə qeyd edir: "gəl bir az aldadaq öz-özümüzü", çünki bilir insanı özündən başqa heç kim daha yaxşı aldada bilməz. Gələcək insanın özünü mükəmməl şəkildə aldatmasıdır.
Həqiqət isə bu andır, bu gün... əllərini bəhanəsiz kiminsə əlinə bükmək, gəncliyin qaynar közünə doya-doya isinmək və Nazim Hikməti dinləmək:

Yaşamaq zarafat deyil,
Böyük bir ciddiyətlə yaşamalısan
Bir sincab kimi məsələn...

"Yaşadım" deyə bilmək üçün...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!