"Doqquzuncu hekayə" hədəfdədir - "Tənqid və mətn" - LAYİHƏ

Məti Osmanoğlu və Rüstəm Kamalın münasibəti

Son zamanlar ard-arda yazılan nəsr əsərləri və şeirlər çağın reallığında nə qədər dəyərləndirilib qiymətini ala bilir? Bu məsələni stimullaşdırmaq baxımından "Ədəbiyyat qəzeti" ötən saylarımızdan başlayaraq yeni layihəyə start verib. “Tənqid və mətn” adlanan bu layihəyə ilk olaraq, hekayə janrından başladıq. Seçilən 12 hekayənin təhlilindən sonra ekspertlərin rəyləri əsasında ən yaxşı 3 hekayə müəllifi mükafatlandırılacaq.  Müzakirəyə çıxarılan növbəti mətn Orxan Fikrətoğlunun “Doqquzuncu hekayə”sidir.

 

 

Məti OSMANOĞLU

Odla oynayanda...

 

"Bu gün Avropada əyləncə ədəbiyyatı ilə elita ədəbiyyatın sınırları dəqiq bəllidir. Azərbaycanda isə kütləvi ədəbiyyat və bu bəsitliyi yaradanlar az qala bir sosial təbəqə kimi formalaşıblar. Sosial şəbəkə əxlaqı, dili və məntiqsizliyi ədəbi dəyər kimi tanıdılıb. Zövq o qədər korlanıb ki, artıq bədii mətnlə söz yığınını fərqləndirən oxucu demək olar ki, azdır.

Bu xaosu görüb mətnin özünü bir "ədəbi obraz" olaraq gündəmə gətirmək fikrinə düşdüm. Gözlədiyim kimi, ənənə üstə yazdığım yeni intellektual mətnlərim Azərbaycanda alternativ ədəbiyyat kimi göründü. Əslində, mən ənənəvi nəsr yazıram".

Bu cümlələri Orxan Fikrətoğlunun "sobadan təzə çıxmış" müsahibələrinin birindən götürmüşəm. Yazıçının müzakirə üçün təqdim edilmiş "Doqquzuncu hekayə"sini də elə bu mülahizələr fonunda oxumağa, hekayəyə ənənə üstündə qələmə alınmış intellektual mətn kimi yanaşmağa çalışdım...

Əvvəlcə, mətnin ənənə tərəfi barədə... Bu yazının nəsr təcrübəsindən daha çox XIX əsrin mənzum hekayə ənənəsi ilə bağlı olduğunu düşünürəm. "Doqquzuncu hekayə", məsələn, Sevid Əzim Şirvaninin uşaqlar üçün tərtib etdiyi "Rəbiül-ətfal" kitabındakı mənzum hekayələri ilə yaxından səsləşir. Seyid Əzimin bəzilərini nəsrə çevirdiyi mənzum hekayələrin - pritçaların əsas məqsədi oxuyanlara nəsihət və ibrət dərsi vermək, onları düz yola yönəltməkdir - o dövrün "ictimai sifarişi" yazıçıdan bunu tələb edirdi.

Orxan Fikrətoğlu XXI əsrin yazıçısıdır, sözdən, mətndən, oxucudan nə istədiyini və sözə, mətnə, oxucuya nə verdiyini yaxşı bilir. Onun təqdim etdiyi mətnə pritça yanaşması isə heç də yazıda ibrətamiz məna, nəsihətamiz ümumiləşdirmə axtarmaq istəyindən gəlmir. Bunu "Doqquzuncu hekayə"nin yazılış texnikası, müəllif düşüncəsinin reallaşma üslubu təklif edir. Bu kiçik mətndə nəsr üçün zəruri olan konkret vəziyyətlərin təfərrüatları, bədii detallar  mümkün olduğu qədər xəsisliklə verilir. Məsnəvidə hər beyt avtonom mətn olduğu kimi, burada da kiçik abzasların avtonomluğu gözlənilir. Təhkiyəyə müdaxilələr, təsvir və məna yükü daşıyan cümlələr bir-biri ilə məsnəvi beytləri kimi əlaqələndirilir. Hətta şeir təcrübəsinə aid mətn təkriri ilə də rastlaşırıq: "Sima xala anasının ən yaxın rəfiqəsi idi. Onun əri də vardı. Rəşid baba. Uşaq onu sevmirdi. O, uşağı "odla oynamağa" qoymurdu. Sima xalanın bu "odla oynamayan" adamla necə yaşadığını uşaq bilmirdi..." 

Mətnin intellektuallığına gəldikdə... "Doqquzuncu hekayə"də indiki ədəbiyyatşünaslıqda dəbdə olan müəyyən mətnaltı, mətnüstü və mətn(lər)arası məqamlar axtarmaq mümkündür. Yazıda freydizmlə səsləşən instinktiv-psixoloji, şüuraltı və şüurüstü təhriklər var - ümumiyyətlə, bu cür motivlər Orxan Fikrətoğlunun nəsri üçün səciyyəvidir. Ancaq hansı tərəfə yozsaq da, mətndə əhəmiyyətli olan "odla oynamağın" ibrət dərsi, pritçasıdır.

Uşağı odla oynamaqdan çəkindirmək üçün maraqlı bir xalq deyimi var: "odla oynayan yerinə işəyər". Dünyaya xəstə gəlmiş, zahiri görünüşü qüsurlu, fiziki və zehni inkişafı anormal olan uşağınkı bundan keçib, "çişisi gələndə" evdə qab-qacağın içinə işəyir. Təkcə odla oynayanda, alışqanları yandırıb-söndürəndə başı qarışır. Anasının ona aldığı "oyuncaq" da oddur - cürbəcür alışqanlardır...

Yazıda "odla oynayan"ın ən böyüyü anadır. Ən təhlükəli odla o, oynayır - şikəst övladını sevmir, balasına əhəmiyyət vermir (uşağın vanna otağının qapısının altından çılpaq bədəninə baxanda ananın bundan üşənərək döşlərinin iri gilələrini gizlətməsi istisna olmaqla). Yaxınlarından oğlunun varlığını gizlədir... Lakin qadını analıq instinktindən məhrum edən, şikəst və köməksiz balasından öyümək dərəcəsində iyrəndirən nədir - mətndə bunu görmürük. Uşağı odla oynamağa təhrik edən qüvvə qaranlıq qalır. Uşağın hansı yaşda olduğunu təxmin etmək də çətindir. Sadəcə, mətndəki motivlər əsaslandırılmır. Görünür, mənzum pritça ənənəsindən gələn təsvir xəsisliyi mətndəki motivlərin əsaslandırılması zərurətini aradan qaldırır.  

Düşdüyü laqeydlik quyusunun içində odla oynamaqdan başqa əyləncəsi olmayan uşağın fəlakət törədəcəyi mətnin məntiqinə görə o qədər də gözlənilməz deyil.  Uşaq acısını dərk etmədən evi və evin içində bir-birinə yük olan varlıqları - anasını və özünü yandırır. Yazının bütün mətnaltı, mətnüstü mənaları sadə məntiqi nəticə ilə bitir: odla oynayan ana-bala sevgisizliyin, laqeydliyin qurbanı olur, diri-diri yanırlar...

"Doqquzuncu hekayə"ni Orxan Fikrətoğlunun ən yaxşı əsərlərindən hesab etməyə çətinlik çəkirəm. Yazının dilindəki qüsurlar isə mətnin kifayət qədər bişirilmədiyini göstərir. Dil səliqəsizliyi Orxan Fikrətoğlu üçün yolverilməzdir:

"Sima xalanın bu "odla oynamayan" adamla necə yaşadığını  uşaq bilmirdi" cümləsini dəqiqləşdirməyə ehtiyacı var. Burada söhbət uşağın "odla oynamayan" insanla bir yerdə yaşamağın mümkünlüyünə inana bilmədiyindən gedir.  Yaxud:

 "Anası onu hələ evdən eşiyə çıxarmamışdı. Olduğunu dostlarından gizlətmişdi. Sevdiyi iş alışqanlarını yandırıb-söndürməkdi". Birinci cümlədən ikinci cümləyə keçid üslubi cəhətdən düz qurulmayıb. Üçüncü cümlədəki "sevdiyi iş" ananın sevdiyi iş kimi anlaşılır, halbuki söhbət uşaqdan gedir. Yaxud:

"Anası ancaq bundan sonra yanını bura-bura yataq otağına keçdi". Yanını burmaq dəqiq deyil. Yaxud:

"Sima xala Rəşid baba ilə eyvanda oturmuşdular(?!)". Cümlənin mübtədası ilə xəbəri arasından uzlaşma pozulub. Mübtəda (Sima xala) təkdə olduğuna görə xəbər də təkdə olmalıdır. Rəşid baba isə cümlənin başqa üzvü - tamamlığıdır...

Bədii sözə hökm verən, ona padşahlıq edən yazıçı olsa da, bir qaçılmaz qayda var: "Ceasar non est supra grammaticos" - padşah qrammatiklərdən üstün deyil!

 

 

Rüstəm KAMAL

Absurdluq sevdası

 

Mən Orxan Fikrətoğlunu həmişə qaravəlli stixiyasına, folklor yumoruna, qroteskə bağlı yazıçı kimi tanımışam və sevmişəm. Həmişə bu stixiyanın davamını arzulamışam. Orxan Fikrətoğlu yaradıcılığı da məhz absurdluğu pritça səviyyəsində, yığcam və lakonik şəkildə yazması ilə diqqəti cəlb edir. Düşünürəm ki, bu gün (elə həmişə!) lakonik, pritçavari yazmaq özü əxlaq məsələsidir. Qrotesk-qaravəlli yazıçıya gerçəkliyin fantastik obrazlılığını yaratmağa imkan verir. Qrotesk obrazların deformasiyasını tələb edir (Və nədənsə mənə elə gəlir ki, Orxan şüuraltı dağıdıcı qroteskə meyillidir). Alogizm, paradoksallıq absurdluq poetikasının əsasıdır. Təəssüf ki, absurdluq poetikası nəsrimizdə dahi Mirzə Cəlildən sonra mükəmməl poetik sistemə və ənənəyə çevrilmədi…

Mirzə Cəlil, Üzeyir bəy nəsrinin (eləcə də Anar, Elçin nəsrinin) absurdizm poetikası göstərir ki, qutsallıq kimi, absurdluq da Azərbaycan insanının metafizikasının cövhərindədir, mənasındadır. Sadəcə, biz bu absurdluğu görməzlikdən gəlirik, həyatımızı "ciddi" göstərməyə çalışırıq...

Orxan "absurd oyunu" oynamağı bacarır, absurdluğun iyisini uzaqdan duyur, hiss edir. Həyatımızın mənasız, anormal, anlaşılmaz məqamlarını metaforaya çevirmək şansını əldən buraxmır. Bir mətnin metaforaya çevrilməsi artıq pritçadır.

İndisə bir-iki kəlmə Orxanın "Doqquzuncu hekayə"si haqqında... Əslində, səhifəyarımlıq bir hekayəni oxuyub üslubu, yazısı-pozusu oturuşmuş, tanınmış yazıçıya nə demək olar? Dil-üslub xətaları axtarmalıyıq? İstəsən, o da mümkündür...

Hekayə qısametrajlı filmin ssenarisi kimi yazılıb. Cümlələrin tavtoloji təkrarı və hərəkət feillərilə yüklənməsi absurdluğu bir az gücləndirir. Orxanın ruhundan və bədii təfəkküründən gələn parodiya elmentlərini mətndə aşkar edə bilərik. Bu tipli hekayələrdə adətən dərin psixoloji təfərrüat olmur. Hekayə mənəvi boşluqda, mənəvi vakuumda, məişət nizamsızlığı, soyuqluq, biganəlik, sevgisizlik içində vurnuxan anormal bir  uşağın "qiyamı"nı təsvir edir. Klassik ailə dəyərlərinin heç bir məntiqi yoxdur. Ona görə də xəstə uşaq bu anormal, məntiqsiz dünyanı oda-atəşə yaxır.

Hekayədə qarmaqarışıq yuxuların absurdluğu da nəzərə alınmış kimi görünür. Yuxu mətni adətən iki başlanğıcdan - erotik və tanatoloji (ölüm) başlanğıclardan birinin ifadəsidir (Sima adı da erotik başlanğıca uyğun gəlir). Hekayədə yuxu absurdluğu ilə eros və tanatos başlanğıclarının vəhdəti "qara yumor" effekti yaradır.

Bizim oxucu müəyyən səbəblərdən (etnik, etik, psixoloji…) adətən "qara yumor"un qavrayışına o qədər də hazır olmur…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!