Azərbaycan ədəbi fikrində Məhtimqulu Fəraqi irsinə ilk müraciətin tarixindən - Hüseyn HƏŞİMLİ - Hüseyn HƏŞİMLİ

Hüseyn HƏŞİMLİ

 

Azərbaycan-Türkmənistan ədəbi əlaqələri tarixindən söz açan əksər tədqiqatçılar  türkmən ədəbiyyatının böyük ustadı Məhtimqulu Fəraqinin ədəbi irsinin  ölkəmizdə tanıtdırılması, nəşri, tədqiqi məsələlərinə də toxunmuş, bu yöndə diqqətəlayiq elmi araşdırmalar aparmışlar.

Azərbaycan ədəbiyyatşünaslığında  Məhtimqulu yaradıcılığına diqqət yetirilməsi nə vaxtdan başlanır, bu sahədə ilk təşəbbüs kimə aiddir?

Elmi-ədəbi fikirdə üstünlük verilən fikir budur ki, Azərbaycan ədəbiyyatşünaslığında  Məhtimqulu Fəraqi haqqında ilk yazı fədakar tədqiqatçı Salman Mümtazın "Maarif və mədəniyyət" (indiki "Azərbaycan") jurnalının 1923-cü ildəki 8-9-cu  sayında dərc olunmuş  "Türkmən şairləri"  məqaləsidir. Türkmən ədəbiyyatı ilə oxucuları tanış etmək məqsədi daşıyan həmin məqalədə yığcam qeydlərdən sonra Məhtimqulu ilə Durdu Şeyxin on iki bəndlik deyişməsi də verilmişdir. Haşiyə çıxaraq deyək ki, "Maarif  və mədəniyyət"in 1927-ci ildəki 3-cü sayında  tədqiqatçı Həsən Sadiqinin "Məxtumqulu qoşquları" adlı yazısı da bu sahədə ilk addımlardandır...

Ədəbiyyatşünas Nəcəf  Nəcəfovun "Salman Mümtazın ədəbi və elmi fəaliyyəti" kitabındakı bir başqa məlumat da (Bakı: Maarif, 1987, s.60) bu baxımdan diqqəti çəkir: "Türkmən şairlərindən Azərbaycanla ən çox bağlı olanı Maxtumquludur... Hələ inqilabdan əvvəl Y.V.Çəmənzəminli onun bir neçə şeirini mətbuatda vermişdir". Lakin kitab müəllifi Yusif Vəzir Çəmənzəminlinin bu şeirləri hansı mətbuat orqanında və nə vaxt dərc etdirməsini bildirməmişdir.

Əvəzində isə ustad ədəbiyyatşünas, akademik Kamal Talıbzadənin "XX əsr Azərbaycan tənqidi" adlı fundamental monoqrafiyasındakı bir cümlə (Bakı: Azərb. EA nəşriyyatı, 1966, s.515)  mövzumuzla bağlı dəqiq məlumat verir: "Seyid Hüseyn  məşhur türkmən şairi Məhtimqulunun əsərlərini Azərbaycan mətbuatında  ilk dəfə nəşr edərək onun yaradıcılığına maraq göstərmiş,...".  Səhifəaltı qeyddə mənbə də nəzərə çatdırılır: "İqbal" qəzeti, 18 iyun 1913, № 388.

K.Talıbzadə yalnız bu bir cümlə ilə kifayətlənmiş, Seyid Hüseynin həmin təşəbbüsünə aid qəzet materialını təhlil etməmişdir. O vaxtdan ötən yarım əsrdən artıq müddət ərzində respublikamızda Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinə dair tədqiqatlarda bu məlumat, demək olar ki, diqqəti çəkməmiş, əksər ədəbiyyatşünaslar Azərbaycan məhtimquluşünaslığının start nöqtəsini Salman Mümtazın yuxarıda adı çəkilən məqaləsi ilə bağlamışlar.

Haşiyə çıxaraq bildirək ki, 2008-ci ildən etibarən Türkmənistanda, Azərbaycanda və Türkiyədə nəşr olunmuş bəzi yazılarımızda Məhtimqulu Fəraqinin yaradıcılığına mətbuatımızda müraciətin tarixini işıqlandırmağa çalışmış, xüsusən "Azərbaycan" jurnalının bu sahədə roluna diqqət yetirmişik. Həmçinin qısaca qeyd etmişdik ki, "məşhur tənqidçi Seyid Hüseyn Kazımoğlu hələ 1913-cü ildə Bakıda çıxan "İqbal" qəzetinin səhifələrində onun əsərlərindən nümunələri oxuculara çatdırmışdı" (bax: H.Həşimli. Azərbaycan ədəbi mühiti və türk dünyası. Bakı: Mütərcim, 2009, s.14; H.Haşimli. Türk halklarının  edebiyat ilişkilerine dair araştırmalar. Ankara: Kültür ajans yayınları, 2009, s.12; H.Həşimli. Azərbaycan ədəbi mətbuatı və türkmən klassik poeziyası. "Filologiya məsələləri", 2012,  № 3 və s.) Lakin biz də Seyid Hüseynin "İqbal"dakı yazısını indiyədək araşdırmamışıq.

Bu məqaləmizdə məşhur tənqidçi Seyid Hüseynin hazırlayıb "İqbal" qəzetində oxuculara çatdırdığı "Maxdumqulu" başlıqlı materialı ilk dəfə tədqiqata cəlb edəcəyik. Həmin yazı "İqbal" qəzetinin  18 iyun 1913-cü il tarixli 388-ci sayının 3-cü səhifəsində  "Kazımoğlu"  imzasıyla verilib.

Materialla tanışlıq göstərir ki, Seyid Hüseyn türkmən şairinin ədəbi şəxsiyyətinə və yaradıcılığına o qədər də bələd deyil.  Onun şeirlərini oxumuş, bəyənmiş və bəzi nümunələrlə mətbuatda ədəbi ictimaiyyəti də tanış etmək istəmişdir. Kazımoğlu yazırdı: "...Türkman obaları arasında çıxmış və tərcümeyi-halı, tarixi-zühuru məəttəəssüf bizcə məlum olmayan bu türk şairinin əlimizə keçmiş şeirlərindən nümunə olmaq üçün bir neçəsini möhtərəm "İqbal"ın sütunlarında dərc etməklə bu türk şairinin barəsində məlumatı olanlardan bildiklərini bəyan eyləmələri rica olunur". Bunun ardınca isə qəzetdə Maxdumqulunun aşağıdakı üç şeiri verilmişdir:

Bilinməz

Dərdim bardır, diyarimdin, dövrümdin,

Xeyir qapısı, ehsan qapısı bilinməz.

Cahillərin cəfasindin, cövrindin

İslam qapısı, iman qapısı bilinməz.

 

Söhbətində həqq kəlamın söyləyən yox,

Məclisində bir nəsihət edən yox.

Halal qapısı, haram qapısı sayılan yox,

Sud qapısıdır, ziyan qapısı, bilinməz.

 

Xəlayiqdə görəldə yox, görüm yox,

Baylarında səxavət yox, verim yox.

Əyallarda oyat1, qızlarda şərm yox,

Ədəb qapısı, ərkan qapısı bilinməz.

 

Kişi malına quvanıb göz aldurarlar,

Təəssüb edib könlünə genə doldurarlar,

Bir-birini nahaqq yerə öldürərlər,

Nürbət2 qapısı, aman qapısı bilinməz.

 

Maxdumqulu, can mehmandır güdən leş,

Yaxşı dost  köp, yaman bulsan, yox qardaş.

Bir əyyamdır, baş ayaqdır, ayaq baş,

Yaxşı qapısı, yaman qapısı bilinməz.

 

1. Oyat - həya

2. Nürbət - ədalət

 

Ögüd 

Adam bulsan, qulaq birgil ögüdə,

Mollalar yanıda söhbət yaxşıdır.

Ataran-çaparan alunur yigitdə,

Yeri gilsə, bir mürüvvət yaxşıdır.

 

Yoldaş bolub oturmagil fis bilə,

Ol nəcisdir, beynin dolar pis ilə.

Gövhər daşın yüzük etsən mis bilə,

Qiyməti əksilmaz, hörmət yaxşıdır.

 

Qəsd etmagil, zinhar, yedigin nana,

Könlün xeyrə bağla, sidqin imana.

Heç azar birmagil sən bir insana,

Oğru ərdən bir doğru it yaxşıdır.

 

Ol adam bu dünyağa gilmasa,

Gilandan son duran sorsa, olmasa,

Əldən gilan yaxşı işin bulmasa,

Könlün içrə yaxşı niyyət yaxşıdır.

 

Yaxşılıq

Yaxşı sözdən yarır cahan,

Yaxşı bilən, qardaş bolan.

Qaçıb qurtulmağa  unar,

Yaman bilən, yoldaş bolan.

 

Dünyanın sonu ötmakdır,

Murad bunda iş bitmakdır.

Dəmbədəm qüssə butmaqdır,

Bir yaman qonşa duş bulan.

 

Hər yaman söz yürək bolar,

Yaxşını aləm arzular.

Yaddin çıxmaz, kömək qılar,

Bireyden  könlü xoş bulan".

Yuxarıdakı qeydlərdən göründüyü kimi, Kazımoğlu türkmən şairi Məhtimqulu haqqında geniş məlumata malik olmadığını bildirmişdir. Maraqlıdır ki, "İqbal" redaksiyası məsələyə operativ münasibət  bəsləyərək elə qəzetin həmin sayında, Məhtimqulunun şeirlərinin ardınca aşağıdakı qeydləri verməklə oxucularını türkmənlərin milli  şairinin irsi ilə tanış olmağa istiqamətləndirmiş, bu məqsədlə Həştərxanda nəşr olunmuş kitabı xatırlatmışdır: "İdarədən:

Türkman şüərasından olan şairi-milli Maxdumqulu cənablarinin bundan  yüz sənə əvvəl təlif etdiyi bütün asari-şeiriyyəsi "Divani-Maxdumqulu"  ünvanı ilə Hacı  Tərxanlı Molla Əbdürrəhman Niyazi həzrətləri tərəfindən  toplanıb (təlfif edilib) böyük bir məcmuədə  Maxdumqulunun tərcümeyi-halı və həyatı haqqında müfəssəlcə məlumat verilmiş olduğu kimi, asari-şeiriyyəsi haqqında da bəzi məlumat vardır.

İştə Maxdumqulu həzrətləri haqqında bir fikir edilmək və məlumat istehsal etmək istəyənlərə şu məcmuəni mütaliə etmələri tövsiyə olunur. Məcmuənin sahibi mumileyh Molla Niyazi həzrətləri olub, Hacı Tərxanın "Ə.Ömərov və şürəkasının ticarətxana mətbəəsi"ndə təb etdirmişdir. Arzu edənlər Hacı Tərxanda iştə şu mətbəəyə və  yaxud Molla Niyazi əfəndiyə müraciət etməlidirlər".

Redaksiya qeydində on səkkizinci əsr şairi Məhtimqulu haqqındakı  "yüz sənə bundan əvvəl" qeydini yuvarlaq rəqəm kimi qəbul etmək lazım gəlir...

Təsəvvür tamlığı üçün Seyid Hüseyn Kazımoğlunun "İqbal" qəzetində dərc etdirdiyi Məhtumqulu şeirlərini "Mahtumqulu Firaqinin kamil divanı" (çapa hazırlayan Orazpolat Ekayev-Baharlı, Aşqabat, 2014) adlı təkmil nəşrdəki mətnlərlə tutuşdurduq, bir sıra fərqlərin varlığı ortaya çıxdı.

Məsələn, "İqbal" qəzetindəki "Bilinməz" adlı ilk nümunə "İhsan kaysı bilinmez"  adıyla verilib (s.260-261). Rədifli misralardakı "kaysı" sözünü Kazımoğlu "qapısı" kimi vermişdir: Xeyir qapısı, ehsan qapısı bilinməz və s. Bu isə şeirin heca ölçüsünün pozulmasına gətirib çıxarmışdır. İkinci bəndin misralarında "yox" rədifindən əvvəl şeirin orijinalında söylən, eylən, saylan qafiyələri var. Kazımoğlu bunları  söyləyən, edən, sayılan kimi müəyyən dəyişiklikə verib.Bəzi digər fərqlər də var. 

Məhtumqulunun "İqbal"dakı "Ögüd" şeiri  "Kamil divan"da "Söhbət yaxşıdır" adlandırılıb (s.228-229). Həmin şeirin aşağıdakı son bəndinə "İqbal"da rast gəlmirik:

Maqtımquli, niçik geçer ruzugar,

Haka şükr et, barma, namarda, zinhar,

Yok dövletden yegdir, bolsa bir hünar

Min hünarden zerre dövlet yagşıdır!

Kazımoğlunun "Yaxşılıq" adıyla təqdim etdiyi üçbəndlik  şeir "Mahtumqulu Firaqinin kamil divanı"nda  "Yoldaş bolan" adıyla verilmişdir və beş bənddən ibarətdir (s.329). Kazımoğlu nəşrində sonuncu iki bənd yoxdur. Digər bəndlərdə isə bəzi fərqlər qeydə alınır. Məsələn, Kazımoğlunun "Yaxşı sözdən yarır cahan" kimi verdiyi ilk misra "Mahtumqulu Fəraqinin kamil divanı"nda  "Her bir sözi cana yarar" şəklindədir və s.  Kazımoğlunun təqdim etdiyi nümunələrdə bəzi fonetik, qrammatik fərqlər də nəzərə çarpır. Məsələn, gələndən əvəzinə gilandan, yaxud  diyarımdan, dövrümdən  əvəzinə diyarimdin, dövrümdin verilməsi bu qəbildəndir. Qeyd edək ki, Məhtumqulunun əsərlərinin Türkmənistandakı  nəşrlərində  bu sözlər gelenden, diyarımdan, dövrümden şəklində verilib...

Bütün bunlarla birlikdə məşhur tənqidçi Seyid Hüseyn Kazımoğlunun 1913-cü ildə "İqbal" qəzetində dərc etdirdiyi "Maxdumqulu" başlıqlı material türkmən şairinin ədəbi irsinə Azərbaycan ədəbiyyatşünaslığının ilk müraciəti kimi özünəməxsus əhəmiyyət daşıyır.

Son olaraq onu da deyək ki, Seyid Hüseynin türkmən şairi Məhtimqulu irsinə  marağı ötəri xarakter daşımayıb. Təsadüfi deyil ki, o, "İqbal"dakı yazısından bir il əvvəl, sürgündə olan yaxın dostu, şair Əlipaşa Səbur Hüseynzadəyə göndərdiyi 21 mart 1912-ci il tarixli məktubunda həmdərdindən ayrı düşməsinin yaratdığı kədərli ovqatdan söz açarkən münasib bədii parça kimi Cəlaləddin Ruminin fikirləri ilə yanaşı,  Məhtimqulunun  misralarına da istinad etmişdir. Məktubda oxuyuruq:

"...Türkmənin ən dəhşətli və qumsal çöllərindəki obalar arasında zühur etmiş Məhtumqulu adlı bir türk bu yolda deyir ki:

Gərçi əvət yaksalar aşiqi-yağindəmi,

Ölüm asand olur dust fərağindəmi,

Hicran məni qoydu səbr dağindəmi?!"

(Mənbə: Aydın Hüseynzadə. Romantik şair Əlipaşa Səbur. Bakı: Boz oğuz, 2000, s.139).


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!