Əhməd Yəsəvi mərifətində təsəvvüf və irfan - Şöhrət BƏDƏLOV

 

Təsəvvüf ədəbiyyatı tarixinin səciyyəvi inkişaf mərhələlərindən biri olmaqla Əhməd Yəsəvi poeziyası, əslində, özünün mərifət, dil və üslubi poetizim səciyyəsi baxımından ən çox maraq doğuran ədəbi nümunələrdən olmaqla, tədqiqatçı elm adamları və mütəxəssislər tərəfindən nəzəri prinsiplər baxımından  daha çox müraciət edilmiş mənbə funksionallığı ilə təsəvvüfün elmi fikr tarixində geniş mövzu əhatəsinə görə diqqəti cəlb edə bilir.

Belə ki, Əhməd Yəsəvi yaradıcılığı qədim türk elmi dünyagörüşündə və eləcə də poeziyası tarixində böyük bir ədəbi məktəbin həm mərhələ və həm də irfani əxlaq prinsiplərinin tarixi elmi səciyyə prisiplərinə görə və eləcə də ideya estetik istiqamətlərinin təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, yazılı türk təkkə poeziyasının ilk nümayəndələrinən olmaqla Əhməd Yəsəvi öz dövrünün işlək türkcəsində mükəmməl və sistemli heca şeirinin tarixi təqdimatına rəvac verməklə ədəbi əxlaqımızın milli poetik düşüncə ənənəsinin memarı olaraq öz imzasının tarixi təsdiqini təmin etmiş oldu.

Nəzərə almaq lazımdır farsdilli poeziyanın hakim nüfuz dairəsində ictimai mündəricə ilə bu nüfuzun hələ ki, yaşarı olan ənənə meydanında bu tarixi ədəbi-fəlsəfi hadisə özünün milli avanqardizmi ilə riskli və ictimai səciyyəsi baxımından böyük bir tarixi hadisə olmaqla qədim şərqin mədəniyyət ənənələrində yeni bir ədəbi əxlaqın baş qapısı olmaqla, böyük əhəmiyyətə malik idi. Və bu əhəmiyyət qədim türk ərən əxlaqının bədii-poetik tarixi vəsiqəsini təsdiq etmiş oldu. Bu təsdiqin zəmin mərhələləri ilə türkdilli Şərq poeziyasının tarixi mərhələlərində ənənə prinsiplərini izləmək elə də çətin deyildir. Hətta, bu  "təsdiqin" poetik təcəssümünü Əhməd Yəsəvi təbirində məhz elə ərən mərifətinin tərənnüm mündəricəsi ilə izlənə bilməsi də aydın və sadə ifadə tərzinə görə yaddaqalandır:

 Kul Xacə Əhməd, candan keçib yolqa kirqil,

Andin sonra ərənlərin yolun sorqil.

 Nəzərə almaq lazımdır təsəvvüfün irfan mündəricəsi özünün tələblər sisteminin konpleksində həm nəzəri - elmi, həm də təriqi praktizmi ilə mürəkkəb konstruktiv səciyyəsi baxımından irfanşünaslıq tarixində və eləcə də təsəvvüf mətnşünaslığında ən çox tədqiqi araşdırmalar eyni zamanda, problematik polemika tarixi ilə diqqəti cəlb edir. Məhz bu mənada akademik Nizami Cəfərovun araşdırmalarında gəldiyi elmi - analitik nəticələr Piri - Türküstan Əhməd Yəsəvi yaradıcılığına dair elmi arqumentallığı baxımından xüsusi əhəmiyyət kəsb edə bilir: "Mütəfəkkir sənətkarın müxtəlif vaxtlarda söylədiyi təsəvvüf məzmunlu şeirləri onun müridləri bütün Türküstanı dolaşaraq oxumuş, həmin şeirlərə zaman - zaman" müəyyən əlavələr etmiş... "Divan"ı daha da zənginləşdirmişlər".

Yəsəvişünaslığa dair araşdırmaların problem mürəkkəbliyi həm də özünün təriqət olaraq tarixən keçdiyi yolda uğradığı müəyyən fərqli və ezoterik əxlaq prinsiplərinin elmi-irfani mündəricəsinə görə də diqqəti cəlb edə bilir. Əlbəttə, bu səciyyəvilik divan ədəbiyyatı tarixində əksər hallarda özünü büruzə verə bilən xüsusiyyətlərdən olmaqla divanşünaslq epoxasının tarixən bəlli bilinən cəhətlərindən hesab olunur. Belə ki, fikrimizin mündəricə zəminləri ilə bu baxımdan diqqəti cəlb edən Piri - Türkistanın, yəni, Əhməd Yəsəvinin öz qələminə məxsus  misralarında da bu səciyyəni əhatəli olaraq açıq - aydın izləmək mümkündür:

 Saçu sakal xub akardı, könğlüm kara,

Ruzi - məhşər rəhm etməsənq, halım təbah,

Sanqa ayan, əməlsiz min, köptür günah,

Cümlə mələk yazuklarım bildi, dostlar.

 Nəzərə almaq lazımdır ki, divan ədəbiyyatının səciyyəvi olan prinsiplərinin, yəni, "Qurani - Kərim"in əxlaq və mərifət mündəricəsinin təsəvvüf və irfan leytimotivi özünün hikmət və ezoterizminin assosativ olan ərkani prinsiplərinin surə və ayələrdən intişarına görə həm hədis və eləcə də müvafiq qissə və rəvayət uyarlığı baxımından müəyyən əhkami incəlikləri ilə mərifət tələblərinə heç şübhəsiz ki, səciyyə uyğunluğuna görə təminat səlahiyyətlərinə malik xüsusiyyətləri özünün əxlaqi məna zənginliyində çevrələyə bilməsinə rəğmən həmin xüsusiyyətləri ehtiva etmək baxımından müvafiq mətn  mündəricəsinə malik olmalıdır. Və bu baxımdan onu da qeyd etmək lazımdır ki, Piri Türküstan olaraq Əhməd Yəsəvi  "Qurani - Kərim" mündəricəsinin assosativ səciyyə prinsilərinə müvafiq olaraq ərkani əxlaqa nəzəri - elmi baxışı poetik ricətlərlə də ifadə etməkdə ustakarlıqla obrazlar qaleriyasını təqdim edə bilir:

 Kırk birimdə ixlas kıldım yol tapay dip,

İrənlərdin hər sırkörsəm min yapay dip,

Piri - muğan izin alıp min öpəy dip,

Zatı uluğ xacəm, sığınıp kildim sanqa.

 Qeyd etmək lazımdır ki, qədim türk əxlaqının alplıq, ərənlik və qazilik məqamı, əslində, İslama qədər tarixdə var olan bir sistemli mədəniyyət faktorallığına malikdir. Bu mənada ərən və qazilik əxlaqı qədim və islami türk düçüncəsinin ən şərəfli qüdsallıq institutlarından olduğunu söyləsək, yəqin ki, səhv etmərik. Azərbaycan yəsəvişünaslığında apardığı elmi araşdırmaların ümumi analitik müdəricəsində bu baxımdan tanınmış tədqiqatçı alim Füzuli Bayatın gəldiyi nəticələr özünün kifayət qədər zəngin əhatə dairəsi ilə diqqəti cəlb edir: "Yəsəvidə könül ibadətinə hazır olanlar ərənlərdir... Hikmət sahibi ərənlər uca varlıq dedikdə Tanrını nəzərdə tuturdularsa, onu bilmək üçün ən uca şey dedikdə isə eşqi başa düşürdülər. Eşq könüldə olduğundan sufilərə görə Tanrı da könüldədir".

Qeyd etmək lazımdır ki, sufi əxlaqının ritual səciyyəviliyindəki bu mərifət mündəricəsi, əslində, yəsəviyyənin bir təriqət olmaqla özündən əvvəlki təriqətlərin əksəriyyətində qəbul edildiyi kimi  "dərviş könülsüz gərək" hikmətinin  ritual bağlantıları da məhz bu əxlaqın ümumi ezoterik məntiqindən qeri - bir şey deyildir. Və bu mərifətin hikmət dərinliyinin ucalığında Yəsəvi əxlaqının ənginliyi və əzəməti sözdən sözə, hikmətdən hikmətə Merac şifayətiylə elə bir aydınlıq qazanır ki, bu aydınlıqda zülmətin özü nura təslim olur:

 Piri - muğan cur asıdın qətrə tattım,

Yol tapay dip başım birlə tünlər kattım,

Bihəmdullah, lütf eylədi, nurğa battım,

Könqül kuşı laməkanğa yitti, dostlar.

 Əhməd Yəsəvi mərifət nöqteyi - nəzərdən bir sıra özünəməxsus əxlaqi səciyyə prinsipləri baxımından -  "Qurani - Kərim"ə istinadi hikmətlərlə əqaid mündəricəsindən bəhrələnə bilməsi, surə və ayələrdəki ezoterizmin fiqh və təfsir elminin sistemli baxış müstəvisindən və eləcə də surə və ayə hikmətlərdəki məna dərinliyinə nüfuz edilməsində təsəvvüf və irfan üləmasının elmi yatırındakı fəlsəfi mahiyyət dərinliklərinə elmi - nəzəri baxışda yürtdüyü özünəməxsusluqla, bənzərsiz arqumentallığına görə təkrarsız deyim tərzi ilə diqqəti cəlb edə bilir:

 Kul Xacə Əhməd, nəfs tağıdın çıkıp aştı,

Yürək bağrı cuş uruban kaynap taştı,

Bihamdillah, yolun tapıp yavuklaştı,

İç kanıdın öz öziğa kəbab itdi.

 Yəsəvişünaslığın istər qədim dövr tədqiqatçıları və istərsə də davamedici tarixi ardıcıllıqla bəlli bilinən elmi araşdırmalardakı imza sahiblərinin gəldiyi nəticələr kifayət qədər əhatəli məzmuna malik olsa da bu istiqamətdən tədqiq ediləsi xeyli problemlər var olmaqla bərabər, günümüzün elmi müasirliyindəki qələm sahiblərindən bu mövzu daha tutarlı tədqiqat işlərini gözləyir.

Xeyli sayda türkdilli qədim yazılı abidələrimizin tədqiqi və müxtəlif elmi aspektdən araşdırılması baxımından səciyyəvi mənbə istinadları ilə əhatə nöqteyi - nəzərdən qədim dövr yazılı ədəbiyyatımızın daha geniş tədqiqat işlərinə xüsusi ehtiyac vardır.

Sözümüzün məhz bu məna kontekstinə uyarlığına istinadən fikrimizi Əhməd Yəsəvinin bir beyti ilə yekunlaşdırmağı məqsədəmüvafiq hesab edirik:

 Miskin Əhməd Yəsəvi səlam aydı dostlarğa,

Uşbu sozninq mənasın talib bolsa anqlasun.

 

Şöhrət Bədəlov

filologiya üzrə fəlsəfə doktoru

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!