Səadət ŞIXIYEVA
3. Xorasanlı Xoca Dehhani
Dehhani ilə əlaqəli araşdırmalarda diqqətimizi cəlb edən bir cəhət, demək olar ki, bütün tədqiqatçıların onun bir qəsidəsi əsasında məmduhu və özünün yaşadığı dövrü müəyyənləşdirmə cəhdidir. Məsələnin maraq və təəccüb doğuran tərəflərindən biri Dehhaninin həmin şeirinin yer aldığı mənbədə - Ömər bin Məzidin "Məcmüətün-nəzair"ində Əhmədinin dörd, Əhmədi-Dainin isə bir prototip şeirinə Dehhaninin eyni janrlarda cavab verməsinin onillər boyunca nəzərə alınmamasıdır. Bu ədəbi əlaqələrin tədqiqata cəlb edilərək dəyərləndirilməsini öncə dilçi alim Günay Kut, daha sonra Dehhani divanının tərtibçiləri Ersen Ersoy və Ümran Ayın araşdırmalarında gördük. G.Kut tamamilə doğru olaraq, bu nəzirələr məcmuəsində Dehhani və Əhmədinin (ö. 1412) qarşılıqlı nəzirələrinin və Əhmədi-Dainin (ö. 1421-dən sonra) bir şeirinə Əhmədi və Dehhaninin nəzirə qəzəllərinin yer alması əsasında bu şairlərin bir-biriləri ilə çağdaş olduqlarını bildirir. Təsəvvür aydınlığı üçün iki beytə nəzər salaq. Əhmədi-Dai:
Sağışsuz həmd ilə şükr ol yaratqan Haq-təalaya
Ki, xəlq üstinə rəhmətdən bıraxdı uş yeni sayə.
Dehhani:
Boyun cənnətdə Tubiyə əgər salmazısa sayə,
Kim anı cənnət əhlindən nəzərdə bir çöpə saya.
Qeyd etməliyik ki, Dehhaninin Əhmədi-Daiyə nəzirəsi sıralamada Nəsimidən sonra verilmişdir. Bu kiçik fakt da Dehhaninin Nəsimidən çox öncə yaşamış bir şair olmadığı, əksinə, onların çağdaş olması düşüncəsinə yönəldir.
Məcmuədə "Mövlana Əhmədi rast" ("Mövlana Əhmədinindir") başlığı ilə verilən bir qəsidənin məqtə beytində Əmir Süleymanın adı yad olunur:
Səhər yeli ki canlar hüdhüdisin, bu qarıncadan
Yer öp, görsən Süleymanı - zəmanə miri Sülmanı.
Dehhaninin bu qəsidəyə nəzirəsi:
Zəhi dövlət ki, gözlərüm yüzündən oldı nurani,
Visalün lutf idüb savdı başumdan gerü hicrani,
- beyti ilə başlayır. Bu qəsidə tədqiqatlarda şairin ən çox istinad olunan, Səlcuqi və ya Qaramanlı Əlaəddin bəylərdən birinə ünvanlandığı iddia edilən əsəridir. Nəzirə qəsidədə də iki dəfə Süleyman adının yer almasına isə indiyədək diqqət edilməmişdir. Şeirdə: "Bihəmdillah ki, mədhini bu gün hər məclis içində // Dəhanından dürrü gövhər dökər sözilə Dəhhani", - deməsindən onun qəsidəni həsr etdiyi hökmdarın saray şairi olması, onu hər məclisdə vəsf etməsi məlum olur. Şairin iki dəfə Süleyman adını çəkərək, təlmih vasitəsilə Süleyman peyğəmbərlə Əmir Süleyman adı arasında fikri əlaqə qurması da tədqiqatçıların nəzərindən yayınmışdır: "Süleyman ruhı şad oldı ki, fitnə divini bəndə // Bıraxuban bəzəmişsin Süleyman bigi dövrani". Digər bir beytdə isə Dehhani şeirin qafiyə sözləri arasında "Süleymani" ifadəsinə də yer verir. Odur ki, orta çağ şeirinin bədii məntiqindən çıxış edərək, bu işarələri təsadüfi deyil, şairin məmduhunun adına eyham kimi qəbul etmək lazım gəlir.
Hər iki şairin prototip və nəzirəsini ortaq nöqtəyə gətirən maraqlı cəhətlərdən biri Əmir Süleymanın adının qafiyə məqamına gətirilərək, qafiyə sözlərinin Süleyman adına uyğun seçilməsidir: "dövranı", "bustanı", "ümmanı", "kanı" və s. Əhmədinin məmduhuna rəğbətini bu şəkildə ifadəsini onun digər şeirlərində də müşahidə etdik. O, "Fi qafiyətis-sin dər mədhi-Əmir Sülman" ("Əmir Süleymanın mədhində "sin" qafiyəli (şeir)") adlı qəsidəsinin rədifini də Süleymanın adının baş hərfinə uyğun seçmişdir: "nərgis".
Əhmədinin Əmir Süleymana digər bir mədhiyyəsinin qafiyə sistemi ("Fi mədhi-Əmir Səlami (Əmir Süleymanı nəzərdə tutması bu beytdən aydın olur: "Ol ki derlər Mir Sülman İbni-Sultan Bayəzid // İbni-Qazi xan Murad ibni-Məlik Orxan ana")) də Süleymana həmqafiyə sözlər üzərində qurulmuşdur: "rizvan", Rəhman, İmran, Kənan və b.
Bu baxımdan Dehhaninin məmduhunun Qaramanlı hökmdarı Əlaəddinin ola bilməyəcəyini söyləyə bilərik. Çünki onun öz məmduhuna orijinal deyil, başqa bir hökmdara yazılmış şeirə nəzirəni təqdim edəcəyi ağlabatan görünmür. Doğrudur, istisna kimi Şeyxinin Əhmədinin bəhsini etdiyimiz qəsidəsinə yazdığı eyni qafiyəli nəzirə qəzəlini Məhəmməd xana ünvanladığını xatırlada bilərik: "Məhəmməd şəh ki, şadandır, rəvani-Bayəzid xandır // Muradın verdi Orxanın ki, yapdı mülki-Osmanı". Amma bu şeirlərin - istər prototipin (Əhmədinin qəsidəsi), istərsə də nəzirənin (Şeyxinin qəzəl qəlibində yazdığı mədh) Osmanlı şahzadələrinə ünvanlanmışdır: Əhmədi qəsidəsində Əmir Süleymanı, Şeyxi isə qəzəlində Məhəmməd xanı mədh edirlər. Bu mənada Dehhaninin nəzirə qəsidəsini Osmanlı bəyliyinə rəqib dövlətin hökmdarına - Qaraman bəyi Əlaəddinə Əliyə (ö.1398)) təqdim etdiyi inandırıcı görünmür.
Bu kimi birbaşa və ya dolayısı ilə dəlillər Dehhaninin Səlcuqi və ya Qaramanlı deyil, Osmanlı bəyliyi ilə əlaqəsinin, xüsusilə Əmir Süleymanın sarayı ilə bağlılığının olması ehtimalını qüvvətləndirir. Ehtimalımızı onun Həlimiyə yazdığı nəzirə də dolayısı ilə təsdiqləyir. Əyridirli Hacı Kamalın "Məcmüətün-nəzair" toplusunda Dehhaninin Məhəmməd xanın təbəələrindən olan Həlimi təxəllüslü bir şairin şeirinə ("Min kəlami Həlimi öhdeyi-Məhəmməd xan") nəzirəsi verilmişdir. İndiyədək bu maraqlı məqam da tədqiqatçıların nəzərindən qaçmışdır.
Təkcə Ömər bin Məzidin "Məcmuatün-nəzair" nəzirələr toplusunda deyil, digər orta çağ qaynaqlarında da bu şairlərin adı birlikdə yad olunur. Xətiboğlu "Lətayifnamə"sində (1414) Əhmədi, Şeyxoğlu və Dehhanini daim birlikdə xatırlayır, bu şairləri görmədiyini, amma onların hər birinin sözün şahı olduqlarını təkrarlayır (V.Sevinçli. Hatiboğlu. Letayifname. İstanbul: Töre Yayın Grubu, 2007, s. 407). Bu mənada Xoca Dehhani divanının əldə olunduğu "Məcmueyi-dəvavin"də Əhmədi və Əhmədi-Dainin divanlarının da yer alması (bax: Ersen Ersoy - Ümran Ay. Hoca Dehhani Hakkında Yeni Bilgiler, s. 7-8) təsadüfi sayılmamalıdır.
Dehhani və Əhmədinin bədii yaradıcılığında bir-biri ilə səsləşən, prototip, nəzirə və cavab xarakterli şeirlər sözün həqiqi anlamında poetik sənət yarışı təsiri bağışlayır və bəzi işarələri ehtivası ilə həmin şeirlər onların təbiətinin xarakterik cizgilərini açıqlayan məqamlara da malikdir. Nümunələrə nəzər salaq. Əhmədinin xatırlatdığımız eyniqafiyəli iki qəsidə və bir qəzəlinə analoji janrlarda (bir qəsidə və bir qəzəl) ayrı-ayrılıqda eyni qafiyə ilə nəzirə yazan Dehhani əslində bərabər səviyyədə şairlik istedadına malik olduğunu nümayiş etdirmək istəmişdir. Orta çağda Ömər bin Məzidin, bu gün isə bizim "nəzirə" adlandırdığımız şeirlərini Dehhaninin nəzirə və ya kimin isə şeirini örnək götürmə deyil, cavab olaraq yazması onun "Düşməsün" rədifli şeirindən məlum olur:
Dehhani ləlün vəsfinə dür dökdi,
gəlsün Əhmədi,
Alsun cəvabın şerinün, ayrux xəyalə düşməsün.
Dehhaninin bu beytindən onlar arasında söz sənətkarlığı sahəsində yarışma və üstünlük iddiasının yuxarıda bəhsini etdiyimiz qəsidə və ya eyniqafiyəli qəzəllərlə hüdudlanmadığı görünür. Mübahisə onların "Düşməsin" rədifli şeirlərində də davam etməkdədir. Belə ki, Dehhaninin yuxarıdakı misraları Əhmədinin fəxriyyə səciyyəli məqtə beytinə ("Əhmədinün sözlərin eşidə nəfsi-natiqə // Der kim bu söylərkən dəxi kimsə məqalə düşməsün") cavab olaraq verilmişdir. Bununla da kifayətlənməyən Dehhani:
Söziylə tuti gibi nitq açarsa Dehhani,
Dilini bağlasa, Şeyxoğlı Mustafaya düşər,
- beytini söyləyərək, ona təkcə Əhmədinin deyil, Şeyxoğlunun da cavab vermək iqtidarında olmadığını vurğulayır.
Bu şeirlər arasında sadəcə nəzirə-prototip münasibəti yoxdur, bu əsərlər həm də iki tanış, bəlkə də dost insanların - Dehhani ilə Əhmədinin bir-birilə şeirləşmə və deyişməsidir. İlk dəfə olaraq, digər şeirlərlə müqayisəli təhlilə cəlb etdiyimiz "Düşməsin" rədifli qəzəllər, tədqiqatçıların da qeyd etdiyi kimi, sənəd xarakterlidir ("belge niteliğinde olan "Düşmesün" redifli gazel" (Ersen Ersoy - Ümran Ay. Hoca Dehhani Hakkında Yeni Bilgiler, s.9)) və bu iki şairin canlı ünsiyyətini təsdiqləyir. Yeri gəlmişkən, Dehhaninin "Düşməsün" rədifli qəzəlinin bəzi nəşr və tədqiqlərdə Əhmədinin adına qeyd olmasını da xatırlatmalıyıq. Bu əsasda tədqiqatçı alim Yaşar Akdoğan Əhmədinin tənqid etdiyi şairlər sırasında Dehhaninin də adını çəkir. (bax: Y.Akdoğan. Ahmedi Divanı'ndan Seçmeler, Ankara: Kültür ve Turizm Bakanlığı Yayınları, 1988, s. 29)
Əslində Əhmədi və Dehhaninin divanlarında eyni struktura malik əsərlər az deyildir. Eyni dövrdə yazılan və tarixinin müəyyənləşdirilməsi mümkün olmayan, lakin aralarında prototip-nəzirə münasibətləri olması aşkar görünən daha bir neçə şeirin varlığı onların sıx ədəbi əlaqəsindən soraq verir. (bu barədə ətraflı məlumat üçün bax: Ersen Ersoy - Ümran Ay. Hoca Dehhani Hakkında Yeni Bilgiler, s. 10-11)
Əhmədi, Əhmədi-Dai, Şeyxi və Dehhaninin şeirləşməsi, xüsusilə Əhmədi və Dehhani arasında bir neçə şeirə çevrilən söz yarışı onların eyni bir ədəbi çevrədə fəaliyyət göstərdiklərini göstərir. Şeirləşmə kimi dəyərləndirdiyimiz qəzəllər daşıdığı ruhi vəziyyətin ifadələri, məzmun və sözlük tutumu, xitabın canlılığı ilə bu əsərlərin şairin birindən digərinə yetirilməsi üçün uzun məsafə qət etmədiyi, onların eyni bir ədəbi mühitdə yarandığı təsəvvürünü yaradır.
Maraqlıdır ki, "Düşməsin" rədifli və eyniqafiyəli şeir Nəsiminin də divanında yer alır. Aşağıdakı ilk beytində şair, zənnimizcə, uzun qəsidə yazaraq mübahisə edən və yarışan çağdaşlarını - Əhmədi və digərlərini nəzərdə tutur. Ümumiyyətlə, qəsidə və mədh yazmağa meyilli olmayan Nəsimi uzun olmanın qəsidəyə deyil, gözəlin zülfünə uyğun bir sifət olduğunu bildirir:
Zülfi uzun qəsidədir, kəmənd irişməz ucinə,
Fikri xəta, dili qısa qiyl ilə qalə düşməsin.
Şair bu qəzəlində özünün də eyni tərzdə qəsidə yazmağa təşviq edildiyinə işarə ilə:
...Eşqilə çünki gəlmişəm aləmə, qoymazam anı,
Müddəi ol deyən mənə, cürmü vəbala düşməsin,
- deyir. Nəsiminin: "Fikri xəta, dili qısa qiyl ilə qalə düşməsin", - deyərkən eynirədifli şeirlərin ("Düşməsin") müəllifi olan müasirlərindən konkret olaraq, Dehhani, yaxud Əhmədini nəzərdə tutmasını, təəssüf ki, indilikdə dəqiq müəyyənləşdirmək çətindir. Amma ehtimal kimi bunun çağdaşı bir çox şairə tənqidi münasibəti ilə seçilən Əhmədi ola biləcəyini irəli sürə bilərik. Çünki həm bəhsini etdiyimiz qəsidələrin həcmli prototipləri (bu eyniqəlibli qəsidələrdən biri 44, digəri 35 beytdən ibarətdir), həm də "Düşməsin" rədifli qəzəlin ilk örnəyi bu istedadlı şairə aiddir. Bu mənada dünyəvi hökmdarı mədh edən söz ustasının Nəsiminin tənqidinə tuş gələ biləcəyi düşüncəsindəyik. "Müddəi ol deyən mənə, cürmü vəbala düşməsin", - deyən şair ona həmin bəhsini etdiyimiz qəsidələrə cavab verməni məsləhət görərək, bəlkə də qarşıdurma yaradan şəxsə də mənfi münasibətini bildirir və: "Eşqilə çünki gəlmişəm aləmə" sözləri ilə mövqeyini açıqlamış olur. Bu məqamda ondan iki əsr sonra: "Mən aşiqəm, həmişə sözüm aşiqanədir", - deyən Füzulini də yada salmamaq mümkün deyildir.
Dehhani ilə bağlı bəhsi burada yekunlaşdıraraq, onun dil xüsusiyyətləri və ədəbi irsi baxımından araşdırılmağa, öyrənilməyə və tanınmağa layiq bir şair olduğunu bir daha vurğulamaq istərdik. Halbuki:
Cəmalün, ey büti-Çini, cahanı dutdı sərtasər,
Nitəkim Rum elin şeriylə bu gün dutdı Dehhani,
- deyərək, Rumelində (Türkiyə) böyük şöhrətə nail olduğunu nəzərə çatdıran şairə indiyədək Azərbaycan ədəbiyyat tarixində yer ayrılmamışdır.
Sonda təəssüflə bunu da bildirməliyik ki, özü də, poetik irsi də, təəssüf ki, "qəriblik" statusuna məhkum olan şairlər təkcə Qənbəroğlu, Xoca Dehhani və Rəfii deyildir. M.F.Köprülü "XIV əsrdə bir azəri şairi" adlı məqaləsində "Məcmüətün-nəzair"də yer alan "Sultan" təxəllüslü şeirin 1336-1410-cu illər arasında Bağdadda və Azərbaycan torpaqlarında hökmran olan Cəlayiroğullarından Sultan bin Üveysin əsəri olduğunu göstərmiş, tarixi qaynaqlara dayanaraq, Sultan Əhmədin türkcə şeirlər yazdığını, türk olduğunu şübhəyə yer verməyən bir biçimdə təqdim etmişdir.
M.F.Köprülü, daha sonra Ə.Cəfəroğlu kimi tanınmış alimlər tərəfindən Sultan Əhməd Cəlayir Azərbaycan ədəbiyyatının nümayəndəsi kimi öyrənilsə də, təəssüf ki, onların bu tədqiqatlarından çox sonra yazılmış orta əsrlər Azərbaycan ədəbiyyatı dərslikləri və ədəbiyyat tarixlərinə bu şair-hökmdarın ədəbi şəxsiyyəti və şeir yaradıcılığı barədə məlumat daxil edilməmişdir. Halbuki, türkcə və farsca əsərləri Sultan Əhməd Cəlayirin Həqiqi və Xətai kimi Azərbaycan ədəbiyyatı tarixində hökmdar-şair olaraq, mötəbər bir yer tutmağa haqqı çatdığını göstərir. M.F.Köprülünün haqqında bəhs etdiyi şeir "Məcmüətün-nəzair"də "Sultan rast" ("Sultanındır") başlığı altında yer alan qəzəldir:
Kim ola dün gün işində, fikrü tədbir eyləməz
Neyləsün tədbiri-bəndə, çünki təqdir eyləməz.
Xeyrü şər nəqqaşı biçün yazdı bir lövhi-cəbin,
Adəm oğlı cəhd idüb ol nəqşi təğyir eyləməz.
Ayəti-"nəhnu qəsəmna" mənisin hər kim bilür,
"Yəfəlullah mə yəşa", bu sirri təfsir eyləməz.
Hər kimə oldı müyəssər künci-gənci-mərifət,
Padişahi-vəqt olubdur, xidməti-mir eyləməz.
Arif oldur haliya işbu ölümlü dünyadə
Şahidü şəmü şarabü nüğli təqsir eyləməz.
Hər kimün kim əqli vardur, ol bilür hali nədür,
Bu güni tanlaya qoyub, anı təxir eyləməz.
Dəftəri, ömri, hesabi axir oldı cahilün,
Bədəməldür, cüz qəmi-bihudə təvfir eyləməz.
Dəm keçürdi mərdümi-dilxəsteyi-çeşmüm bənüm,
Cüz sirişgi-laləgün dər namə təhrir eyləməz.
Qumrivü bülbül oqur Həq zikrini hər dəm, vəli
Əhməd ibni-Veys oqur bu sözi, təqdir eyləməz.
İndiyədək Azərbaycanın anadilli divan ədəbiyyatının ilk nümunələri Həsənoğlunun üç qəzəli hesab olunurdusa, araşdırmalarımız bu örnəklərin sayının daha çox olduğu qənaətinə gətirdi. Ümumiyyətlə, bu dövrə aid şeirlərin sayı az olsa da, artıq Azərbaycan türkcəsində mükəmməl əsərlərin yaradılmağa başladığı görünür. Bu ədəbi örnəklərə ikidilli və ya üçdilli müləmmələr də daxildir. Digər tədqiqatçıların Azərbaycan ədəbiyyatı nümayəndələri kimi öyrənmədiyi Bədrəddin Qivami və Əvhədəddin Kirmaninin müləmmə janrında yazdığı şeirlər müxtəlif qaynaq və ya araşdırmalarda qeyd olunmuşdur. İlk dəfə M.F.Köprülünün haqqında Rey oğuzu kimi bəhs etdiyi Bədrəddin Qivaminin məlum şeiri rübaidir və ilk misra ərəb, ikinci misra fars, son iki misra isə türk dilindədir. Əvhədəddin Kirmani isə İran ərazisində yaşayan türkmanlardan sayıldığı üçün onun müləmmə qəzəli də Azərbaycan ədəbiyyatı nümunəsi kimi öyrənilə bilər.
Orta əsrlər Azərbaycan ədəbiyyatının öyrənilməsi, tədqiqi və təbliği sahəsində indiyədək çox işlər görülsə də, səthi xarakterli, elmi inkişafa əngəl törədən, psevdo-tədqiqat səciyyəli, tədqiqatlar əsasında tələsik yazılan "tədqiqatlar", "tramplinlərə xidmət edən monoqrafiyalar" da, təəssüf ki, az deyildir. Halbuki, bu gün strateji əhəmiyyətli və ideoloji təbliğat vasitəsi ola biləcək tədqiqatların yazılması zərurəti yaranmışdır. Bu sahədə uğurlu nəticələr alınması və beynəlxalq səviyyədə özünütəsdiq və özünüifadə üçün klassik irsin - bir çox elm sahələrinə aid biliklərinin cəmləndiyi bu ədəbiyyatın xüsusi nəzarətə götürülməsinə ehtiyac vardır. Bu sahə Azərbaycan xalqının milli varlığı, dili, tarixi və coğrafiyası ilə yaxından bağlıdır və xalqımızın dünya ədəbi-fikri tarixində yerinin müəyyənləşməsində də müstəsna əhəmiyyətə malikdir.
Sonda bu cəhəti xüsusi vurğulamaq istərdik ki, orta çağ şeirinin araşdırılmasında fikir çaşqınlığı yaradan cəhətlər Azərbaycan ədəbiyyatının bəzi nümayəndələrinin yaşayıb-yaratdığı coğrafiyanın genişliyidir. Bu məsələdə çözüm yolu, adətən, onların nisbəsi (doğum yeri) və qismən də dil xüsusiyyətlərində axtarılmışdır. Amma bu mürəkkəb məsələ kompleks tədqiqatların aparılmasına möhtacdır. Eyni dövrdə, lakin müxtəlif coğrafiyalarda yaşamış şairlərin ləhcə xüsusiyyətlərinin eyniyyəti kimi eyni bir şairin dilindəki ləhcə ayrılıqlarının təzahür səviyyələri də xüsusi araşdırmalı, Azərbaycan ədəbiyyatının qonşu və ya qohum dillərin təsirinə uğrama şəkilləri, bunun tarixi, siyasi, dini, ictimai, ədəbi və s. kimi səbəbləri sistemli və kompleks araşdırılaraq dəyərləndirilməlidir. Burayadək deyilənlərdən də göründüyü kimi, orta çağ Azərbaycan ədəbiyyatına dair tədqiqatların mərkəzləşdirilmiş və koordinasiya olunmuş şəkildə təşkili artıq günün tələbidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!