Hər tale bir kitabdır - Məti Osmanoğlu Ali Kafkasyalının “Kafkas koçakları” kitabı haqqında yazır - Məti OSMANOĞLU

Məti OSMANOĞLU

 

Ali Kafkasyalı Türkiyədə doğulub, orada boya-başa çatıb, orada təhsil alıb. Zəngin tərcümeyi-halı var, bir müddət Fransada çalışıb. Hazırda Ərzurum Atatürk Universitetinin professorudur. Bu yaxınlarda Ankarada nəşr etdirdiyi  "Kafkas koçaqları" romanı isə sırf Azərbaycan ədəbiyyatının faktı hesab edilə bilər.

Ali bəyin atası, eyni zamanda romanın əsas qəhrəmanı Aloy Hacı Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. 1921-ci ildə Sovet hökumətindən qaçaq düşüb, ömrünün sonuna qədər hökumətə tabe olmayıb, onunla eyni taleyi bölüşən qaçaq dəstəsi ilə bərabər Türkiyəyə keçib, mərkəzdən uzaq Qars əyalətində məskunlaşıb, ailə qurub, oğul-uşaq sahibi olub.

Ali bəyin sənədli roman kimi təqdim etdiyi "Kafkas koçaqları" müəllifin atasından dönə-dönə eşitdiyi, gözünü dünyaya açandan yaddaşına köçürdüyü həyat hekayələri üzərində qurulub. Qeyri-adi bir tale nağılı olan romanda təsvir edilən yerlərin bəzilərini Ali bəy yalnız 1987-ci ildə, "peresrtoyka" vaxtı Azərbaycana gələndə görə bilmişdi. O vaxta qədərsə atasının tale nağılından keçən insanların kimliklərini, xarakterlərini, orada təsvir olunan yerləri öz təxminləri ilə təsəvvüründə yaratmış, öz yaddaş nağılını yaratmışdı və bu romanın strukturunda diqqəti cəlb edən əsas keyfiyyət də yaddaşın nağılı olmasıdır...

Uşaqlıqdan bəzi epizodlarını eynilə, bəzilərini də fərqli şəkildə eşitdiyim bu nağıl mənə də çox yaxın və doğmadır. Sovet hakimiyyəti qurulanda Aloy Hacı ilə bərabər silaha sarılıb "tərki-vətən" olanlardan ikisi - Gülalıoğlu Aslan və Gülalıoğlu Əmrah  mənim qohumlarımdır: Aslan, ata nənəmin dayısı, Əmrah isə əmisi oğludur. Bu qohumluq sonradan atamın ata nəslinin başına bəla gətirmiş, dağda "qaçaqlara çörək verdiyinə görə" adı mənə qoyulan Məti babamın ömürlük gedər-gəlməzə göndərilməsi, ailəninsə "səsinin alınması" - bütün vətəndaşlıq hüquqlarından məhrum edilməsi ilə nəticələnmişdi...

Aslan və Əmrah Gülalıoğullarının əsərin baş qəhrəmanı Aloy Hacının silah yoldaşları kimi təqdim edildiyi roman sadəcə bir ailənin, bir qrup insanın tarixinə deyil, xalqımızın tarixinin çox mühüm məqamlarına güzgü tutan ciddi ədəbiyyat hadisəsidir. Romanı hadisəyə çevirən başlıca keyfiyyət isə əsərin yazılış üslubu, oradakı insanların və hadisələrin təqdimat tərzidir. "Kafkas koçakları" ənənəvi yazılı ədəbiyyat texnikasından daha çox söyləmə, nağıletmə texnikasına əsaslanır və keçmiş aşıqların günlərlə davam edən "qara nağılı" kimi oxucunun diqqətini sona qədər öz arxasınca aparır, mətndən yayınmağa qoymur. Çünki romanın təsir gücü sadəcə bir insanın başına gələn macəralarla məhdudlaşmır. Müəllif bizi sanki at üstündə həmin hadisələrin bağlı olduğu tarixi epoxanın içindən keçirir. Romanda təxəyyül məhsulu olan, yaddaş nağılına sonradan daxil edilmiş hadisələr (məsələn, Şərif Şikəstənin yük qatarında sürgünə göndərilməsi və ya dedektiv elementləri ilə qələmə alınmış minbaşı Qəhrəman Paşanın Tiflisdən qaçırılması kimi) də dastan, şifahi nitq estetikasını pozmur, ümumi strukturla bütövlük təşkil edir.

Əslində, ədəbiyyatımızda 1920-30-cu illəri əhatə edən dramatik epoxa barədə xeyli əsərlər yazılıb. Bunların arasında Səməd Vurğunun "Komsomol poeması", İsmayıl Şıxlının "Ölən dünyam", Fərman Kərimzadənin "Qarlı aşırım" kimi ədəbiyyatımızın klassikasına çevrilmiş maraqlı nümunələr də var. "Kafkas koçakları" romanında isə tarixi proseslərə baxış xeyli fərqlidir. 

O da maraqlıdır ki, Azərbaycan romanlarında ölkəmizin Gürcüstan və Ermənistanla sərhədində yerləşən İkinci Şıxlı kəndinin özünəməxsus yeri və obrazı vardır. Kəndin tarixini romana ilk dəfə Mehdi Hüseyn gətirmişdi. Bu kənddə doğulmuş M.Hüseynin 1933-cü ildə qələmə aldığı "Daşqın" romanında Azərbaycanı və Borçalını bürümüş vətəndaş müharibəsinin qanlı ünvanlarından biri kimi İkinci Şıxlı seçilmişdi. Ədibin bir qədər sonra - 1936-37-ci illərdə yazdığı kolxoz quruculuğunu əks etdirən "Tərlan" romanında da məkan İkinci Şıxlı kəndidir (yeri gəlmişkən, bu əsərdə də Gülalıoğlu obrazı var: inamsızlıqla yanaşdığı kolxoza ziyan vurur, "sinfi düşmənlərin" dəyirmanına su tökür). İsmayıl Şıxlının 1960-cı illərin əvvəllərində nəşr etdirdiyi "Dəli Kür" romanında bu kənd Göytəpə adı ilə bəylik, zadəganlıq zəmanəsinin və əxlaqının "qırılma məkanı" kimi göstərilib. İsmayıl Şıxlının ömrünün sonunda qələmə aldığı "Ölən dünyam"ın məkanı da İkinci Şıxlıdır... Bunlar, məncə, təsadüf deyil. Ölkənin Qərb qapısı olan İkinci Şıxlı kəndi hələ XIX əsrdə Rusiya imperiyası üçün Qafqazda xristian dünyası ilə müsəlman dünyası arasında astana idi. Azərbaycan müstəqillik qazandığı ilk illərdə gürcü menşeviklərinin torpaq iddialarının, talançı hücumlarının hədəflərindən biri sərhəddəki Şıxlı kəndi olmuşdu. 1918-ci ildə yeni qurulmuş Azərbaycan Cümhuriyyətinə yardıma gələn Türk İslam Ordusunun ölkəmizdəki  xilaskarlıq yürüşü bu kənddən başlamışdı. Nəhayət, 1921-ci ilin fevralında bolşeviklər Gürcüstan üzərinə İkinci Şıxlı kəndindən basqına keçmişdilər... Bütün bunlar yüz illər boyu öz təbii stixiyası ilə yaşayan kəndin həyatının axarını, sözün həqiqi mənasında, "daşırmış", tarixinin gedişini yerindən oynatmış, bu kiçik məkan  zamanın yaddaşında "yığılmış enerjiyə" çevirmişdi.

Mehdi Hüseyn "Daşqın" romanında İkinci Şıxlı kəndinin başından keçənləri bolşevik inqilabı və vətəndaş müharibəsi kontekstində göstərməyə çalışmışdı. Mənə elə gəlir ki, 24 yaşlı müəllifin "Daşqın" romanındakı ən böyük bədii (eləcə də tarixi) yanlışlıq bunda idi: müəllif təhkiyənin istiqamətini baş verən hadisələrin içindəki insanın taleyinə deyil, bolşevik inqilabına, siniflər arasındakı mübarizəyə yönəltməyə çalışmışdı: özü də həmin inqilabın nəzəriyyəçilərinin mövqeyindən. Burada təqdim edilən və həyatdan daha çox inqilab "nəzəriyyəsindən" gələn insanlar tarixin onların üzərinə qoyduğu missiyanın deyil, hakim ideologiyanın buyruğunun daşıyıcları kimi təqdim edilmişdilər...

Sovet ədəbiyyatında bolşevik inqilabı və vətəndaş müharibəsi mövzusunda əsər yazmaq ənənəsi Mixail Şoloxovun "Sakit Don" romanından gəlirdi (Bu əsər sonradan Nobel mükafatına layiq görüləcəkdi). M.Şoloxovun dahiliyi  onda idi  ki, o, inqilabın və vətəndaş müharibəsinin tarixini deyil, inqilabın və müharibənin məhv etdiyi insanların talelərini yaratmışdı. Yaşının yetkin çağında yazdığı və dünya ədəbiyyatının klassik nümunəsinə çevrilmiş "İnsanın taleyi" əsərinin adı və məzmumu bu baxımdan xüsusi məna və əhəmiyyət daşıyır. 

"Daşqın" ilə "Kafkas koçakları" romanlarında tarixə münasibətin müqayisəsini aparmaq üçün maraq doğuran detallardan biri gürcülərin basqını zamanı əhalinin Şıxlı kəndini tərk etməsi səhnəsinin təsviridir. Mehdi Hüseyn bu ağrılı hadisəni müəyyən dərəcədə kinayə və parodiya ruhunda təqdim edirdi - kinayənin obyekti isə müsavat və menşevik hökumətləri idi:

"Kənddə hamı əl-ayağa düşüb, ev şeylərini bir-bir bayıra atır, arabalara doldururdu.

...Şirəlinin anası öz kiçik oğlu ilə daxmadan alaçıq keçələrini, mis qabları, arpa unu çuvallarını, eşşək xurcununu, qab-qacağı ikitəkərli arabaya yığır, səsi gəldikcə çığırır, kiçik oğluna qarğış yağdırırdı:

- Səni görüm cavan öləsən, səni görüm işıqlı dünya üzünə həsrət qalasan...

Bütün kənd qaraçı köçü kimi cərgəyə düzülüb Kür çayının axarı ilə qəza mərkəzinə doğru irəliləyirdi..." 

Mehdi Hüseyn insanların arabalara doluşub kəndi tərk etməsinin əsas günahını müsavat və gürcü menşevik hakimiyyətlərində və bu hakimiyyətlərə inanan insanlarda görürdü. Bolşeviklər gürcülərin işğal etdikləri kəndə döyüşə-döyüşə, "xilaskar" qüvvə kimi daxil olacaqdılar.

"Kafkas koçakları"nda eyni hadisə xilasın, qurtuluşun deyil, sonrakı faciəvi hadisələrin başlanğıcı kimi götürülüb:

"İkinci Şıxlı kəndi səssizliyə bürünmüş, viranəyə dönmüşdü. Köç qafiləsi get-gedə uzaqlaşırdı...

Bütün kənd camaatı atlı-arabalı yol gedirdi. Gecənin qaranlığı bütün səsləri udmuş, işıqları gizlətmişdi. Aprel buludlarının dəstə-dəstə süzdüyü göyün üzündə yuvarlana-yuvarlana batmağa yaxınlaşan Ayın işığında köç karvanı görünüb qeyb olurdu. Səssizliyi qamçı şaqqıltıları, nal səsləri və yol daşlarına çırpılan təkərlərin taqqıltıları parçalayırdı. Hər kəs susurdu. Köç qafiləsinin yerişi matəm yerişini xatırladırdı"...  

Azərbaycanda Sovet hakimiyyəti elan edildiyi gün - 1920-ci il aprelin 28-də gürcülərin Azərbaycanın sərhəd kəndinə hücumu xalqda böyük illüziya yaratmışdı. Qeyd etmək lazımdır ki, o vaxt onsuz da Azərbaycana qarşı torpaq iddiaları olan Gürcüstan qoşunlarının Şıxlıdakı Sınıq körpü ilə Poylu körpüsü istiqamətindən ölkəmizə hücumu Orconikidze başda olmaqla bolşevik liderlərin təhriki ilə baş vermişdi.  Gürcülər bunu o vaxt Azərbaycan tərəfindən gözlənilən Sovet işğalına qarşı "təhlükəsizlik" tədbiri kimi qələmə verməyə çalışmışdılar. Beləliklə, Sovet ordusu 1921-ci ilin fevralında gürcü işğalı altında olan Şıxlı kəndinə "xilaskar" kimi gəlmişdi. Lakin bolşeviklər kəndə daxil olarkən əsl məqsədlərini də ortaya qoymuş, kommunist ideologiyasına tabe olmayan insanları, eləcə də yerli mühafizə dəstələrinin döyüşçülərini qılıncdan keçirmişdilər.

Romanda göstərilir ki, Azərbaycanın Qərb qapısından - İkinci Şıxlı kəndi üzərindən Gürcüstana keçən Sovet əskərlərinin qətlə yetirdikləri özünümüdafiə dəstələrindən birinin başçısı Bayramoğlu Məhəmməd - Aloy Hacının atası idi. O, Yuxarı Salahlı kəndi yaxınlığında şəhid olub və həmin yerdəki təpənin üstündə dəfn edilib. Aloy Hacı qadağalar üzündən atasının məzarına iki ildən sonra başdaşı qoyarkən sovet çekistləri tərəfindən həbs edilib və Qazax qalasına aparılıb. Hacı böyük iradə və cəsarət göstərərək Qazax qalasından qaçıb. Romandakı hadisələrin əsas hərəkətverici qüvvəsini və nüvəsini də Aloy Hacının qaçaqlıq macəraları təşkil edir. 

"Kafkas koçakları" hadisələrin baş verdiyi zaman və məkan, eləcə də personajlar baxımından İsmayıl Şıxlının "Ölən dünyam" romanı ilə yaxından səsləşir. Bu mətnlərdə kəsişən məqamlar da tapmaq mümkündür.  Başlıca fərq isə ondadır ki, "Ölən dünyam"da ictimai ümumiləşdirmə əsas məqsəd kimi qarşıya qoyulub. İsmayıl Şıxlı müəllif qeydində yazmışdı: "O adamların həyatından əsər yazmaq mümkündür ki, bu həyat cəmiyyətin ictimai, siyasi və sosial tarixi ilə səsləşsin və nəticə etibarilə fərdi tərcümeyi-hal ictimai tərcümeyi-hala çevrilsin". "Ölən dünyam"da fərdi talelər xalqın taleyinin daşıyıcısı kimi tarixin kəskin ziddiyyətlərini əks etdirir, insanlar ziddiyyətlərin daim bulanan burulğanı içində verilir, səslərin, rənglərin qarışığından zamanın tünd mənzərəsi yaradılır. 

"Kafkas koçakları"nda Aloy Hacınının və silahdaşlarının keçdikləri ölümlü-itimli yol, xalqın öz içindən çıxmış qaçaqlara böyük sevgisi və rəğbəti dastan üslubu ilə nağıl edilir: burada rənglər daha çox ağ-qara, insanlar qəhrəman-qorxaq, qoçaq-alçaq cəbhələrindən təqdim olunur. Oxucu əsasən qaçaqların başlarına gələn hadisələri, onların qeyri-adi igidliklərini izləyir. Aloy Hacının və yaxın silahdaşlarının qaçaqlıq həyatının bitməsi ilə roman da başa çatır. Onlardan nağıl kimi xatirələr, dillərdə və ürəklərdə dolaşan bayatılar qalır:

Gül adamlar,

Şeh düşər, gülə damlar.

Əl-ələ verib getdi

O igid, gül adamlar... 

Romanlar müxtəlif, mövqelər və üslublar fərqli olsa da, bir şey tam aydındır ki, cəmiyyətin ictimai, siyasi və sosial tarixi ilə nə dərəcədə və necə səsləşməyindən asılı olmayaraq hər insanın taleyi bir kitabdır və yazılmış, yazılmamış bu kitablar bizim tarximizdir.

"Kafkas koçakları" tariximizin yazılmış kitablarından biridir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!