Türk etnosunun poetikası - Prof. Dr. Əhməd Bican Ərcilasun

 

Professor Kamran Əliyevin "Açıq kitab - "Dədə Qorqud" monoqrafiyası bugünlərdə İstanbulda "Ötükən" nəşriyyatı tərəfindən çap olunub. Kitab bundan əvvəl İranda fars dilində nəşr edilmişdir. Monoqrafiya Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə Rabia İşık tərəfindən çevrilmişdir. Çevrilmənin redaktorları prof. dr. Mehman Musaoğlu və Tuğba Bayraqdarlardır.

Monoqrafiyaya prof. dr. Əhməd Bican Ərcilasun ön söz, prof. dr. Mehman Musaoğlu isə son söz yazmışdır. Prof. dr. Əhməd Bican Ərcilasun ön sözünü sizə təqdim edirik.

 

   Prof. Dr. Əhməd Bican Ərcilasun

    Türk etnosunun poetikası

"Dədə Qorqud Kitabı" təkcə ədəbi bir şah əsər deyil. Yalnız orijinal bir dil mətni də deyil. O, eyni zamanda türklərin, oğuzların mifoloji anlayışlarının, əfsanəvi və dastanvari həyatlarının güzgüsüdür. Bu gözəl əsərdə, mifdən əfsanəyə, əfsanədən dastana, eposdan tarixi həyata keçidin izləri izlənilə bilər. Bu səbəblə əsər bir çox elmin araşdırma sahəsinə daxil ola bilər. Dilçilik, ədəbiyyatşünaslıq, şifahi xalq ədəbiyyatı (mif, əfsanə, dastan, xalq şeiri, adətlər və s.), semiotika, tarix, sosiologiya… Onun müasir ədəbiyyat və incəsənətdə əks olunması da öz-özlüyündə ələ alınması lazım olan ayrı bir sahədir. Bu səbəblərlə Azərbaycanda Dədə Qorqud araşdırmalarına qorqudşünaslıq (Qorqud elmi) deyilməsi son dərəcə yerində bir mövqedir.

Dədə Qorqud mətnlərinin bu günə qədər ən çox dilçilər tərəfindən tədqiq edilməsi son dərəcə təbiidir. Çünki bu günə gəlib çatmış olan iki əlyazmanın da, hər şeydən əvvəl düzgün və sağlam şəkildə təsbiti lazım idi. Əsrlər əvvəl qələmə alınmış olan əlyazmaların təbii olaraq bir çox oxunma və anlaşılma problemi vardı. Və hər şeydən əvvəl bunların həll edilməsi, aradan qaldırılması lazım idi. Belə ki, bir çox problem hələ də həll edilməmiş olaraq qalır. Dilçilər hələ də bu problemləri həll etməyə çalışır.

Əsərdə bir sıra dil (oxuma və anlaşılma) problemlərinin hələ də mövcud olması, əlbəttə, onun digər elm sahələri tərəfindən öyrənilməsinə əngəl təşkil etməməlidir. Belə ki, Fuad Köprülüdən bəri əsərin ədəbi cəhətdən öyrənilməsinə davam edilir. Şifahi xalq ədəbiyyatı, xüsusilə dastançılıq baxımından da əsər üzərində bir çox araşdırma aparılmışdır. Mətnlərin tarixi hadisə və şəxsiyyətlərlə əlaqəsi də tədqiqat sahələrindən biridir və bu məsələdə də bəzi işlər görülmüşdür.

Dədə Qorqud boyları Oğuznamə də adlandırılır. Bu səbəblə Oğuznamə adlanan digər əsərlərlə müqayisə də bir araşdırma mövzusudur. Bu sahədə də bəzi işlər mövcuddur.

Mətnin içinə girmək; mətndəki hadisələrin təşkilini, mövzu və anlayışları, motivləri, şəxsiyyətləri, zaman və məkanı, mətnin başlama, inkişaf və son xəttini, üslubunu, mətn daxilindəki xüsusi formulları, xüsusi söyləmə texnikalarını öyrənmək ədəbiyyatşünasların işi olduğu qədər şifahi xalq ədəbiyyatı mütəxəssislərinin də işidir. Bu sahələrin hər biri öz nöqteyi-nəzərindən mətnin içinə daxil olur, öz üsulları ilə mətni öyrənir və müxtəlif dəyərləndirmələr edərək bəzi nəticələrə çatır.

Azərbaycanın tanınmış mədəniyyət xadimi, ədəbiyyatşünas Kamal Abdulla "Gizli Dədə Qorqud" kitabı ilə ilk dəfə mətnin içinə girmiş, mətnin içində dolaşan itigözlü bir səyyah kimi gördüklərini, kəşf etdiklərini və hətta bəlkə də görmədiklərini bizə çatdırmağa çalışmışdır. Kamal Abdulla mətnin içinə o qədər enmişdir ki, mətn içindəki sirləri, gizlilikləri ortaya çıxarmaqla yetinməmiş, oradan bir də almaz çıxarmışdır: Yarımçıq əlyazma. Kamal Abdullanın oxuculara belə dediyini hiss edirəm: "Mən bir tədqiqatla bu sirləri sizə açıqlaya bilmədim; bəlkə bu romanla bəzi sirləri açıqlayaram."

"Gizli Dədə Qorqud"dan sonra indi də "Açıq Kitab: Dədə Qorqud" gəldi qarşımıza. Kamran Əliyev də mətnlərin içinə girmişdir. Amma o "gizli bir tərəfi yox, hər şey açıq" - deyir. Əlaqələr qurur. Hadisələr arasında, insanlar arasında, ifadələr arasında. Demək istəyir ki, bu əlaqələri qursanız hər şey üzə çıxar. Niyə o qədər qəhrəman Təpəgözün öhdəsindən gələ bilmir, ancaq Basat gələ bilir? Çünki Təpəgözün mifik bir tərəfi də var, o bir pəridən doğulmuşdur. Onunla döyüşən qəhrəmanlardan da yalnız Basatın mifik tərəfi vardır, onu aslan böyütmüşdür.

Aruz Qocanın mənfi bir şəxsiyyətə bürünüşünü, K.Əliyevin araşdırmasından sanki addım-addım təqib edə bilirsiniz. Niyə digər Oğuz qəhrəmanlarında hər şey üç və ya üç yüzdür, Aruz niyə, altmışdır. Rəqəmlərin bir-birilə və şəxslərlə münasibətlərini izləsəniz K.Əliyev kimi, bu sualın da cavabını tapa bilərsiniz.

Hələ Dəli Domrulun tənhalığı. O, yalnız digər Dədə Qorqud qəhrəmanları öz boyunda yer almadığı üçün yalnız deyildir. Eyni zamanda qorqudşünasların bir qismi də onu tənhalığa tərk etmək istəyir. "Dəli Domrul" boyu, digər boylardan fərqli imiş, digər boylar bir yana, "Dəli Domrul" boyu bir yana imiş. Kitaba sonradan və süni bir şəkildə buraxılmış kimidir. Kamran Əliyevin buna üsyan etdiyini hiss etmiş kimiyəm. Amma o, üsyanını qəzəblə, hiddətlə ortaya qoymur. İynəylə quyu qazırmış kimi mətnləri didişdirir; Digər boylarla oxşar və paralel tərəfləri tapır və Dəli Domrulu əsərin olmazsa olmaz bir parçası halına gətirir. Dəli Domrul tənhalıqdan xilas olmuşdur.

Türk şeirinin doğuşunu və təkamülünü "Dədə Qorqud Kitabı"nda axtarmaq və tapmaq. Məni ən çox həyəcanlandıran məsələlərdən biri, bəlkə də birincisi budur. Misradan beytə, beytdən bəndə, oradan poeziyaya keçid. Yenə də addım-addım izləyir K.Əliyev və bizi şeirin seyrangahına çıxarır. Həm də bəzən yorğa yerişli, bəzən dörd nala qaçan ağ boz atların belində. İndi türk şeirinin qanadları ilə daha şüurlu olaraq uça bilərik. Bu eyni zamanda Türk etnosunun poetikasıdır. Bəzi ədəbiyyatşünasların, bəzi şairlərin poetikası olduğu kimi, etnosların da poetikası olmalıdır və məhz türk etnosunun poetikası, "Kitabi-Dədə Qorqud"un sətirləri (misralarımı desəm?) arasındadır. Kamran Əliyev o sətirlərdə gəzmiş (yoxsa at çapmışmı desəm?) və etnosumuzun poetik icadını, poetik anlayışını ortaya qoymuşdur. Əsasən Əliyev bu əsərdən əvvəl də etnopoetika üzərində çalışmış bir ədəbiyyatşünas və folklorşünasdır. Araşdırmalarını Azərbaycan romantikləri üzərinə yönəltmiş bir elm adamının bəlkə də əldə etməsi lazım olan təbii bir nəticəyə çatmışdır Əliyev. Bu səbəbdən də oxucular bəlkə kitabın sonunda yer alan Əliyevin tədqiqatları ilə maraqlanacaqlar. Bəlkə də onların bir qismini də türk oxucusuna qazandırmaq yerində olacaqdır.

Kamran Əliyevin bu əsəri təkcə qorqudşünasların deyil, Dədə Qorqud üzərində çox da dayanmamış ədəbiyyatşünasların da marağına səbəb olmalıdır. Çünki bu əsər, bir ədəbi mətnə necə yanaşılması, bir ədəbi mətnin içinə necə girilməsi barədə də bizə yaxşı bir nümunə təşkil edir. Eynilə Kamal Abdullanın aparıcı əsəri kimi.

Belə çıxır ki, Dədə Qorqud boyları bizi bəsləməyə davam edəcək. Etnosumuzun köklərini onda tapdığımız kimi şaxələnməsini, göyərib meyvə verməsini də onda tapacağıq. "Dədə Qorqud Kitabı" kimi bir şah əsərə sahib olmaqla yalnız qürur hissimiz daşmayacaq, şüurumuz da bilinəcəkdir. Onunla köklərimizdən hər dəfə yenidən doğulacaq və göy qübbəsinə budaq salacağıq. Gəlin, Dədə Qorqud kimi yum verək:

Yerli qara dağımız yıxılmasın / Kölgəlicə qaba ağaclarımız kəsilməsin / Qamən axan görkli suyumuz qurumasın / Qanadlarımızın ucu qırılmasın / Qadir Tanrı bizi namərdə möhtac etməsin / Allahın verdiyi ümidimiz bitməsin!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!