Tarixən müəyyən zaman kəsiyində mövcud olan ictimai-siyasi quruluş və onun iqtisadi modeli dağılanda təbii ki, həmin quruluşun diktə etdiyi ideologiya çərçivəsində (yaxşı, ya da pis -fərqi yoxdur) müvafiq qanunlarla idarə edilən, formalaşan cəmiyyətdə düzən pozulur, istər-istəməz xaotik vəziyyət yaranır. Cəmiyyətin ayrı-ayrı fərdlərinin taleyi gözlənilmədən qopan fırtınanın, qəzəbli qasırğanın daşa-divara çırpdığı xəzəllərə bənzəyir və qəfil baş verən bu ictimai-siyasi "zəlzələ" cəmiyyətin mənəvi dünyasında elə dərin boşluq yaradır ki, həmin boşluğu doldurmaq kimi ağır bir yük yazıçıların öhdəsinə düşür.
Yazıçı cəmiyyətin fövqündə dayanan, yüksək əxlaqi keyfiyyətə malik, özündən əvvəlki tarixi, yaxud yaşadığı dövrü bədii obrazlarla canlandırıb, oxucuya haqq-ədaləti, insanlığı təbliğ etməyi bacaran bir şəxsiyyətdir. Unutmayaq ki, yazıçı da həmin cəmiyyətin fərdlərindən biridir, lakin digərlərindən fərqi ondadır ki, o özünün aldığı zərbələrə rəğmən, topluma dəyən zərbələri də anında duyan, bu zərbələrin təsirindən yaranan və yaranacaq fəsadların səbəblərini öz daxili dünyasında saf-çürük eləyən, ağrılarını yaşayan seçilmiş bir fərddir. Bu "seçilmiş fərd" totalitar rejimin "dəmir məngənəsində" sıxılanda ürəkağrısıyla öz ideallarını öz əlləri ilə dəfn etməli olur və yeni quruluşun yeni ideologiyasının diktəsi altında yazıb-yaratmaq məcburiyyətində qalır. Konkret desək, sovet dönəmində əksər yazıçılarımız əsasən irihəcmli əsərlərində öz ideallarını realizə etmək üçün müxtəlif ədəbi üsullara əl atır, çətinliklə də olsa, çox vaxt senzuranın gözündən yayınmağa nail olurdular.
Kommunist rejiminin rəhbərləri, onun ideya daşıyıcıları cəmiyyətin formalaşmasında bədii əsərlərin müstəsna əhəmiyyətini çox yaxşı dərk edirdilər. Ona görə yaranan bədii əsərlərə az qala mikroskop altında baxırdılar. Ancaq bir məsələni unudurdular ki, harda basqı varsa, ora insan daha ciddi-cəhdlə meyillənir, nəyə qadağa qoyulursa, onu əldə etməyə can atır.
Sovet ideologiyası yazıçılardan nə istəyirdi? Şübhəsiz, sosializm realizmi metoduna əsaslanan, formaca milli, məzmunca sosialist ideyalarını təcəssüm etdirən ədəbiyyat!.. Nə idi bu ədəbiyyatın "direktiv detalları"? Çox sadə: sosializm ən ideal cəmiyyətdir. İnsan amili bütün dəyərlərdən üstündür və bu cəmiyyətdə yetişən insan işıqlı ideyalarla yaşayır, o xoşbəxtdir, daha xoşbəxt bir gələcəyə (kommunizmə) inanır; bu amal uğrunda çalışmaqdan mənəvi zövq alır; bu cəmiyyətdə həmişə xeyir şərə qalib gəlir; haqq-ədalətin bərqərar olması üçün sovet adamı özünü qurban verməkdən belə çəkinmir; o zəhmət adamıdır, zəhmətlə ucalır, öz gücünə inanır, hətta təbiətə meydan oxumaq əzmindədir. Eyni zamanda dini inanclar da cəmiyyətin inkişafına mane olan ən təhlükəli amil kimi gözdən salınırdı. Ədəbiyyat da öz növbəsində bu ideal cəmiyyəti və hakim partiyanın "ədalətli və məqsədyönlü siyasətini" tərənnüm etməli və oxucuları da inandırmalı idi. Ona görə də bədii əsərlərdə müsbət qəhrəman bilavasitə bu tərənnümün əsas obyekti kimi səciyyələnməli idi. Beləliklə, bütün uğurların "ilhamvericisi" olan partiyanı tərənnüm edən əsərlər, xüsusilə poeziya nümunələri meydana gəlirdi.
Hakim rejim sovetin ilk onilliklərində bütün bunlar üçün zəmin də yaratmışdı. Axı hakimiyyət də mahiyyətcə fəhlə-kəndli hakimiyyəti idi. Partiyanın "Hamı bir nəfər üçün, bir nəfər hamı üçün" şüarına ürəkdən inanan, bütün sahələrdə, o cümlədən, sənaye və kənd təsərrüfatı kollektivlərində çalışan sadə kütlə sabaha inanırdı. Savadsızlıq tamamilə ləğv olundu, elm sahələri inkişaf elədi, ən önəmlisi, sadə təbəqəni təmsil edənlər rəhbər vəzifələrə irəli çəkildilər, bir sözlə, hər sahədə quruculuq işləri geniş vüsət aldı. Hələ gələcək iflasa çox vardı. Şübhəsiz, bədii ədəbiyyat da ölkədə gedən prosesdən kənarda qala bilməzdi. Həmin proseslər bədii əsərlərdə - müxtəlif ədəbi janrların timsalında bu və ya digər şəkildə öz əksini tapırdı. Partiya bədii əsərlərin təbliğinə xüsusi diqqət yetirirdi, çünki kütlə xalqın rifahı naminə "şanlı partiya"nın məqsədyönlü fəaliyyətini bədii ədəbiyyat vasitəsilə daha tez mənimsəyir və ruhlanırdı.
Bu gün keçmişə yalnız "qara eynəklə" baxmaq da dəb halını alıb. Belə münasibət yanlış mövqeyin anormal nəticəsidir. Axı tərənnüm məzmunlu, həm də sənət baxımından çox dəyərli əsərlər də vardı. Həmin əsərləri yaradanlar da həmin dövrdə yaşayanlar və həmin quruluşun ideallığına ürəkdən inananlar idilər. Eyni zamanda, müasir və tarixi reallığa söykənən bir çox əsərləri necə inkar etmək olar? Məsələn, C.Cabbarlının "Almas", "Yaşar" kimi pyesləri, S.Rəhimovun "Mehman" povesti (eyniadlı film), M.İbrahimovun "Böyük dayaq" romanı (eyniadlı film), İsmayıl Şıxlının "Dəli Kür" romanı (eyniadı film), İsa Muğannanın "Tütək səsi" povesti (eyniadlı film)...və H.Seyidbəylinin "Bizim Astara" povesti ("Qızmar günəş altında" filmi) o dövrün və yaxın keçmişimizin yaşantılarını əks etdirən ən gözəl nümunələrdir. Belə əsərlərin sayı kifayət qədərdir. Yeri gəlmişkən, onu da deyim ki, monumental "Dəli Kür" romanının çox zəif ssenari üzrə çəkilməsi totalitar rejimin xalqımızın tarixinə "barmaq uzatması"na ən yaxşı sübutdur.
Adını çəkdiyim əsərləri ona görə nümunə göstərirəm ki, yaşlı nəslin əksəriyyəti o əsərlərdə təsvir olunan həyatı bu və ya digər formada qismən yaşayıblar. Şəxsən mən uşaqlıqda öz kolxozumuzda "Böyük dayaq"dakı epizodların şahidi olmuşam. Texnikanın olmadığı bir vaxtda kənd camaatının necə yüksək əhval-ruhiyyə ilə işə can yandırdıqlarını görmüşəm. 41-45-ci illər müharibəsinin dəhşətli məhrumiyyətlərini yaşamış anamın "Tütək səsi" filminə baxanda tökdüyü acı göz yaşları indiyədək ürəyimi göynədir və filmi özüm təkrar izləyəndə əvvəldən axıradək göz yaşlarımı saxlaya bilmirəm. Əsərdə yazıçı təxəyyülü reallıqla üst-üstə düşdüyünə görə inandırıcı təsir bağışlayır. İsa Muğanna kimi yazıçılarımızı necə unutmaq olar?
Məsələ də ondadır ki, pis-yaxşı, biz 70 illik bir tarixi yaşamışıq və bu tarix bu və ya digər şəkildə bədii əsərlərdə əbədiləşib. Bu gün onların üstündən xətt çəksək, özümüz öz tariximizə qəsd etmiş olarıq.
Bir məsələni də yaddan çıxarmayaq ki, nəhayət, 60-cı illərdə meydana gələn ədəbi nümunələr əvvəlkilərlə müqayisədə ideya-məzmun baxımından xeyli fərqlənirdi. Həmin əsərlərdə daxilən azad insan obrazı "boy verməyə" başlamışdı. Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı kimi.
Bəs Azərbaycan ədəbiyyatına, o cümlədən, digər xalqların - bu məsələdə ayrı-seçkilik baxımından istisnalar da var - ədəbiyyatına dəyən zərbələr konkret nədən ibarət idi?
Tarixi həqiqətləri saxtalaşdırmaq - məsələn, daşnak Şaumyanları nəsillərə nümunəvi qəhrəman kimi təqdim etmək.
Xalqı milli heysiyyət hissindən, müstəqillik ideyalarından məhrum etmək - dostluq, qardaşlıq, yoldaşlıq pərdəsi altında.
Dini inancları "silib-süpürmək. İnsanı daxili azadlığından ayırıb, guya bəşəri əxlaq ehtiva edən "mükəmməl sovet adamı" obrazı yaratmaq.
Xalqı öz klassik ədəbi irsindən tədricən uzaqlaşdırmaq.
...Və bu "məqsədli ideyalar" bilavasitə ədəbiyyatın "əli ilə" həyata keçirilirdi. Əslində, rejim çox hiyləgər rejim idi. Bir tərəfdən yazıçıların başının üstündən "Damokl qılıncı" asmışdı, digər tərəfdən yazıçıları bir zümrə kimi ayırıb, onlara müxtəlif imtiyazlar verir, müxtəlif titullarla mükafatlandırır, bir sözlə, özündən asılı vəziyyətə salırdı. Hünərin var, çəkilən cızıqdan ayağını kənara qoy!
Bütün bunlar nəhayətdə insanı "robotlaşdırmaq" məqsədi güdürdü. Nəticədə nə baş verdi? İmperialist şüuruna xas olan belə eybəcər hikkələr sosialist quruluşunun axırına çıxdı.
İdeologiyanın iflası sübut etdi ki, insanın daxili dünyasına məcburən nüfuz etmək səhv addımdır, çünki son nəticədə insan insan olaraq qalacaq. İnsan kainatın bir zərrəsidir. O, ruhundan, xəyallarından, arzularından məhrum edilərsə, bir varlıq kimi məhv olar. İnsan hazır düstur, göstəriş, yaxud rəsmi direktiv çərçivəsində yaşaya bilməz axı?! Təbii ki, ədəbiyyatda da bəzən obrazın daxili dünyasını açmaq üçün yazıçı müxtəlif simvolikalara, rəmzlərə üz tutur. Sovet ideologiyası belə yanaşmanı qəbul etmirdi.
Biz bu sahələri diqqətlə, tərəfsiz və qərəzsiz araşdırmalıyıq. Klassikləri sevərək öyrənməli, təhlil və tənqid etməliyik. Heç bir təhqirə yol vermədən. Məsələn, Rusiyada əlinə təzəcə qələm alan bir rus gəncindən sovet dönəmində yaşayıb-yaradan şair və yazıçılar barəsində, yaxud L.Tolstoy, İ.Turgenev, A.Çexov və b. klassiklər haqqında bir kəlmə də nalayiq söz eşitməzsən, əksinə, hörmət və ehtiram görərsən.
Uzun illərin əks təbliğatına baxmayaraq, bu gün demokratik Türkiyədə gənc yazarlar böyük türk şairi Nazim Hikmətlə qürur duyurlar. Artıq onlar da anlayıblar ki, siyasət başqa şeydir, sənətkarlıq başqa şey. Qırğızlar əsərlərinin əksəriyyətini sovet dövründə yazan Ç.Aytmatovla fəxr edirlər. Nobel mükafatı alan Orxan Pamuk deyərmi ki, Rəşad Nuri Güntəkin, Orxan Kamal, Suat Dərviş, Əziz Nesin və b. məşhur türk yazıçıları cızmaqaraçılardır? Heç vaxt!.. Yaxud Dağıstanda bir gənc yazar Lenin mükafatı laureatı Rəsul Həmzətov haqqında xoşagəlməz bir söz deyərmi? Əlbəttə, yox!.. Bəs bizə nə olub görəsən?
Ən acınacaqlısı da odur ki, az-çox tanınan alim-ədəbiyyatşünaslardan biri hökm verir ki, Nəsimi türkmən şairidir, digəri XIX əsr ədəbiyyatımızı "aqoniya" adlandırır, savadına şübhə etmədiyim, ancaq əli hər yerdən üzülmüş bir siyasətçi deyir ki, Xaqani reket şair imiş. Deyən yoxdur ki, ay əzizim, sənin Xaqanilik nə işin var?.. Bir qələm adamı kimi qəbul etdiyim, yarı yaşına çatmış biri Sabiri meyxanaçı adlandırır, ağzından süd iyi gələnin biri də gah B.Vahabzadənin, gah da X.R.Ulutürkün "bostanına daş atır". Özünü şair sayan bir ədəbiyyat müəllimi Müşfiqi təzəcə oxumağa başlayıb və dahiyanə bir kəşf eləyib: "Əşşi, Müşfiq elə-belə, ortabab bir şairdir." Gülünc günə qalmaq buna deyirlər. Ancaq onu da dəqiq bilirəm ki, iki alimi çıxmaq şərtilə, qalanların heç biri "ittiham" etdikləri şairlərin beş-altı misrasını axıradək oxumayıblar, yəni söhbət mətnə subyektiv, yaxud obyektiv münasibətdən getmir. Onlar, sadəcə, ağızlarını küləyə tutub: "Filankəs yazıçı deyil, filankəs şair deyil" - deməklə həqiqəti qaralamağın ən asan yolunu seçiblər. Vəssalam!..
Qəribədir, bu gün anlayışı olan da, olmayan da ağızdolusu 37-dən danışır, sanki məhkəmə kürsüsündən ittihamnamə oxuyurlar. Yaddan çıxarmayaq ki, şəxsiyyətə yaşadığı dövrün prizmasından baxıb qiymət verərlər. Zəhmət çəkib 30-cu illərin "Kommunist" və "Ədəbiyyat qəzeti" kimi rəsmi mətbu orqanlarını vərəqləsələr, görərlər ki, yazıçılardan nələr tələb olunurdu. Bir kəlmə etiraz kifayət idi ki, özünü DTK-nın məşum zirzəmilərində görəsən - ya güllələnəcəksən, ya bir torba ətə-sümüyə çevriləcəksən, ya da göndəriləcəksən "gedər-gəlməzə" - Sibirə, ailən də o taleyi yaşayacaq.
Sovet dövrünün bütün şairləri - S.Vurğundan, R.Rzadan, S.Rüstəmdən tutmuş M.Araza qədər bütün şairlər sosializm quruluşuna, Leninə, o cümlədən, 50-ci illərə qədər Stalinə şeirlər həsr ediblər. Əksəriyyəti də mükəmməl ədəbi nümunələrdir. Onu da deyim ki, yazılanlardan çoxu quruluşa ürəkdən inamın nəticəsində qələmə alınıb, bu əsərlər həm də onlar üçün qoruyucu qalxan rolunu oynayıb. Əks halda, əsərlərində sətiraltı mənalara yol verə bilməzdilər. Fikir verin, "Lenin" poemasını yazan R.Rza
"Mərdəkanı sarı qum basır,
İnəyimiz sarı bala doğur..."
kimi misralar da yazmışdı. "Leninlə söhbət" poemasını yazan B.Vahabzadə "Ana dili", "Köklər, budaqlar" kimi bir çox şeir, "Yollar və oğullar" poeması kimi kəskin süjetli poema da yazmışdı axı?
Yazıçı əsərlə tanınır, boşboğazlıqla yox. Bu gün ədalətsiz mövqedə dayananlar unutmasınlar ki, ötən əsrdə yazıb-yaradan nəhəng simalar öz yazıçılıq missiyalarını yerinə yetirib, cild-cild dəyərli əsərlər qoyub getdilər. Həmin əsərlər bizim milli sərvətimizdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!