Poetik ovqatın üfüqləri - Ramiz MƏMMƏDZADƏ

 

"Şair ola bilməzsən

anan doğmasa şair.

Missən, a balam,

hər sarı köynək qızıl olmaz!"

Böyük şairimizi Məhəmmədhüseyn Şəhriyarın bu misralarını ilk dəfə ən azı on neçə il əvvəl Təbrizdə sürücü kimi tanıdığım Əlirzadan eşitdim.

Poeziya sənəti, şair sözü haqqında, klassiklərin (lap elə müasirlərin də) dəyərli, real qəbul edilmiş fikirlərinə, rəylərinə dair onlarla (bəlkə də daha çox) misal çəkmək mümkündür.

Bununla belə, təəssüb və təəssüflə qeyd etməyi vacib bilirəm ki, dövri mətbuat səhifələrində, radio verilişlərində, telekanallarda və s. poeziya, şeir sənəti barədə yanlış, cılız, qeyri-elmi, subyektiv fikirlərlə üzləşməli oluruq və çox vaxt belə hallara münasibət bildirmirik, nədənsə susuruq...

Bir-iki misal çəkim.

Universitet professorlarından biri şeir sənəti haqqında qəzet vasitəsilə hökm verir: "şeiri, şairliyi sənət kimi qəbul etmək qüsurlu düşüncədir. Şairlik hobbidir…"

Başqa bir  məmur qəzet müsahibəsində buyurur ki, şeir yazıram, bu, mənim hobbimdir.

Yazıçılar Birliyinin üzvü, filankəs bu fikirləri qafiyələndirərək car çəkir ki, şairlik nə sənətdir, nə peşədir, Allah vergisidir.

Sən demə, Nizami Gəncəvidən üzü bəri bütün şairlərimiz sənətlə yox, hobbi ilə məşğul olurmuşlar, biz bilməmişik…

Sən demə, söz sənətinə görə, qələminə görə həbs edilən, sürgün olunan, boğazına kəndir keçirilən, güllələnən, dərisi soyulan bu istedadlı şəxsiyyətlər hobbi ilə məşğul olurmuşlar, sənətlə yox…

Adam az qalır havalansın…

İndi çoxları şeir yazır. Şeir yazmaq qadağan deyil… Amma əsl poeziyaya dəxli olmayan cızmaqaralar xalqın zövqünü korlamağa istiqamətlənib…

Kitab nəşr etdirmək kostyum sifariş etməkdən asan olub.

Bir də görürsən ki, vəzifə kürsüsündə əyləşmiş bəstəkar filankəsov televiziyada çıxış edərkən musiqi sənətimizin aktual problemlərindən, misal üçün, opera, balet, musiqili komediya, lap elə professional mahnı janrlarının inkişafındakı durğunluqdan danışmaq əvəzinə, şeir oxuyur: "sən demə ürək dəmir deyilmiş, ətdən imiş"…

Ümid edirəm ki, Nizami adına Ədəbiyyat İnstitutunun fədakar əməkdaşları, vəzifəyə gəlişilə bu institutun ab-havasını yeniləşdirmək yolunda cəsarətlə çalışan hörmətli akademikimiz İsa Həbibbəyli məni narahat edən belə məsələlərə biganə qalmayacaqlar, fikirlərini bildirəcəklər…

Hələ onu demirəm ki, telekanalların birində milli poeziyamızı, şairlərimizi  hörmətdən salan, onların əməyini ucuzlaşdırmağa, gözdən salmağa xidmət edən  "Xalqın şairi" adlı verilişlərlə baş qatırlar, bəzi hallarda psixi problemləri olan kəslər teleekrandan bizə "dərs deməyə" başlayır və s.

Müqtədir şairlərimiz Səməd Vurğun, Bəxtiyar Vahabzadə… haqqında bir ovuc "sarı köynək" nadan cəfəngiyyat danışmaqla məşğuldur, hətta boylanıb ötən əsrlərdə yaşamış məşhur klassiklərimizə də diş qıcıyanlar peyda olub.

Bu yazdıqlarım mənim şəxsi fikirlərimdir. Nə dərəcədə haqlıyam-haqsızam, onu deyə bilmərəm.

İndi qəzet və jurnal, kitab bolluğu fəslidir, şeir, nəsr nümunələri nə qədər desən… Sürətli internet yürüşü başlanıb. Və günlərin bir günündə həftədən-həftəyə, aydan-aya təkmilləşən, cəlbediciliyi ilə fərqlənən "Ədəbiyyat qəzeti"ndə Esmira Məhiqızı adlı bir xanımın şeirlərini həyəcanla oxudum. Murdar ermənilərin canavar caynağında çabalayan balaca qızın "Qaqa! Qaqa!" deyə çığırtısını eşitmək necə də dəhşətliymiş.

Mənə elə gəldi ki, qəzetin özü də qardaşını haraylayan biçarə qızcığazın  fəryadına qoşulub "Qaqa! Qaqa!" deyə qışqırır. O şeiri ikinci dəfə oxuya bilmədim, qorxdum.

Əsl poeziya nümunəsi olan o şeir (təəssüf ki, şeirin adını unutmuşam) məni əməlli-başlı sarsıtdı.

Hər şənbə günü gəlişini gözlədiyimiz "Ədəbiyyat qəzeti"nin 31 mart 2018-ci il tarixli nömrəsində görkəmli şairimiz Vahid Əzizin silsilə şeirlərini oxudum və bu şeirlərə münasibətimi bildirmək, nəsə yazmaq qənaətinə gəldim.

Hazır mətn barədə fikir demək (təhlilə cəhd göstərmək) özü bəlkə də o əsəri yazmaqdan çətindir, məsuliyyətlidir desəm, ədəbiyyat alimləri yəqin ki, məni qınamazlar.

Vahid Əziz şairdir, şeir quraşdıran, qafiyə güdən deyil. Uzun illərdir ki, onun kitablarını, mətbuatda çıxan şeirlərini izləyib oxuyuram. Televiziya çıxışlarına baxıram.

Hələ onu demirəm ki, hərdən gecələr evə zəng edib deyir: "Məmmədzadə, qulaq as, sənə yeni şeirlər oxuyacam".

İndi də bu kövrək bahar günlərində onun "Ədəbiyyat qəzeti"nin bir səhifə dolu şeirləri qarşımdadır.

Böyük Füzulinin çox məşhur "Pənbeyi-daği-cünun içrə nihandır bədənim" misrasından pərvazlanan yeni bir ovqat adamı heyran edir:

Mənimlə, ey Füzulim,

Vahid Əziz dərdə şərik.

Mənim də can diləyən

Var - Vətənimdir, Vətənim!

Bu sözlərin mənası və deyim tərzi bir-birini tamamlayıb bizləri silkələmirmi?..

Vahid Əzizin şeirlərində anamız, ruhumuz, bütün varlığımız Azərbaycan təbiətinin əzəməti, bənzərsiz hüsnü dağ çeşmələri kimi çağlamaqdadır.

Çiçəklər yeriyib qalxar zirvəyə,

Çiskinlər əriyib axar dərəyə.

Hələlbət, Vahid Əziz, qocaldın deyə,

Sinənə taxdığın gül yaraşmadı.

Misraların sehrinə, əhval-ruhiyyəsinə diqqət edək: çiçəklər zirvəyə qalxmaq, zirvədə görünmək üçün yeriyirmiş, çiskinlər (qar, buz yox ha…) əriyib dərələrə axırmış… bizlərin isə bu hallardan xəbərimiz yoxmuş, bu möcüzələri yalnız bir nəfər - şair Vahid Əziz görə bilərmiş, duya bilərmiş…

Bir daha geridönməz cavanlığın həsrəti, yanğısı isə qocalmış bir insanın yaxasına sancılmış gül kimi adamı sızıldadır…

Vahid Əziz optimist, yaşamaq eşqi coşub-daşan, həyat tərzində gözütoxluğu, gümrahlığı ilə müsbət enerji  paylayan insandır və bu nikubinlik, həyatsevərlik onun yazılarında yamyaşıl bir yamacı, səsli-küylü dağ çayının sahilini, yağışdan sonrakı may səhərinin rayihəsini xatırladır.

"Məndə" şeirinin zirvəsinə baxaq:

Dağların yönü məndə,

Dumanı, çəni məndə.

Yar bir qaranquş ola

Axtara dəni məndə.

 

Dağların çəni məndə,

Gizlədir səni məndə.

Yarım, dəlilik etmə,

Olaram dəli mən də...

Bu misralar hazır mahnı mətnidir, məncə… Heç də təsadüfi deyil ki, Vahid Əzizin sözlərinə bəstələnmiş mahnıları həvəslə dinləyirik.

Şeir bizləri həyatı sevməyə, insanları tanımağa (riyakarlardan uzaq!), hər saatın, hər günün qədrini bilməyə, onu qiymətləndirməyi bacarmağa səsləndirməlidir, düşünürəm…

Məşhur "Toy-bayramdır bu dünyanın əzabı" misrasındakı hikməti necə unutmaq olar…

Onsuz da hamımız bilirik ki, "Ölüm haqdır, çıxmaq olmaz əmrdən"… Sabaha ümid, şükranlıq, inam, yaşamaq, var olmaq duyğusu Vahid Əziz poeziyasının qanıdır, mayasıdır, desəm düz olar.

Həsrətin, nisgilin, ayrılığın əbədiliyinə inanmır Vahid Əziz. Həyatı, ömrü, taleyi hərəkətdə olan, qoşa rels üstündə şütüyən qatara oxşadan şair dostum ümidini qəti itirmir:

Həyatda heç nəyə şübhə etmirəm,

Qatardı, bəlkə də geriyə döndü...

Hər gedən ömür-gün qatarı geriyə dönə bilirmi, görəsən?..

"Yaralı" şeirinin ovqatı bir başqadır. Bu şeirdəki misraların dəruni məntiqi, fəlsəfi siqləti adamı düşüncələrə doğru çəkir. Doğrudan da qara yellər, dərmansız dərdlər, sağalmaz yaralar, dözülməz acılar, qəfləti ölümlər bəzi hallarda daha çox işıqlı, insansevər, millətinə, torpağına vurğun, comərd, sədaqətli şəxslərə hücum edib bizləri kədərləndirir…

Belə hadisələrə onlarla, yüzlərlə misal çəkmək mümkündür.

Vahid Əziz təəssüflə yazır:

Heç görmədim cır meyvəyə qurd düşə,

Əsil-köklü göyçəkləri yaralı...

Dünya, zaman, ömür, yaşamaq duyğusu, gənclik, qocalıq kimi bütün həyati olaylar Vahid Əziz poeziyasının əbədi mövzusudur və bu real problemlərə şairin öz şəxsi münasibəti, qənaəti heç kəsdə şübhə yaratmır, istər-istəməz müəlliflə  razılaşmalı olursan:

Getməz damaqlardan gəncliyin dadı

Hər kəsin əbədi yaşamaq adı.

Lənət o günə ki, yandığın odu

Doğmalar soyumuş kül bilib keçə...

Mən Vahidin qarşımdakı digər şeirləri haqqında da söhbət aça bilərəm, fikir deyə bilərəm və belə bir məsuliyyət məni qəti narahat etmir.

Yuxarıda qeyd etdiyim kimi, indi şeir yazanların sayı şairlərin sayını üstələyib… Yazanlar oxuyanlardan çoxdur…

Elə bu məqamda qədim bir yapon şairinin rus dilində nəşr edilmiş kitabının girişində oxuduğum bir hikmətli fikri bu yazıda təkrar etməyi vacib bildim: "Onun bir çox müasirləri şeir uydururdu, o isə yaradırdı".

Vahid Əzizin poetik ovqatının üfüqləri çox genişdir, həddi-hüdudu yoxdur və onun bir bənd şeirini misal çəkib, "Ədəbiyyat qəzeti"nə təşəkkürümü bildirməklə bu yazıya nöqtə qoymaq məqamı yetişdi, deyəsən:

Köç edirik nisgil dolu qəlbimiz,

Neçə-neçə gözün yaşı silinər.

Həyatdaykən bilinməyən qədrimiz

O dünyaya köç edəndə bilinər...

Belə demə, Vahid Əziz! Yaxşını pisdən, ağı qaradan, nadanı, riyakarı qeyrətli adamlardan, istedadı diletantlardan seçməyi bacaran qədirbilən millətimizlə öyünməliyik, fəxr etməliyik.

Əsl sənət ölməzdir, sənətkar əbədiyaşardır, deyiblər.

Sənin şeirlərini oxudum, ruhum təzələndi, Vahid Əziz!..

Ulu Şəhriyarın ruhu şad olsun!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!