Azər TURAN
Aprel 2016. Atamın yas mərasiminin yeddinci günüydü.
"İşıqlı qəm içində"ydik.
Vasim Məmmədəliyev Quran və irfan işıqlarıyla süslənmiş söhbətini bitirdi.
Sonra Ramiz Rövşənin qeybin rayihəsi kimi səsi… Böyük şair "Sevgi məktubu" şeirini oxuyurdu.
Quran ayəsindən sonra bir Azərbaycan şairinə "Sevgi məktubu"nu oxutduran hansı sirr, hansı qüvvə, hansı ecaz idi?
Dağlar arasında dərə
dərindi yuxu kimi...
Dağ dağa sevgi məktubu kimi bir duman göndərdi. Tanrı göydə yeddi sətirlik göyqurşağı cızdı, qoşa varaq kimi qanad çalan ağ kəpənək bir çiçəkdən o biri çiçəyə qondu… Ruh ətdən və sümükdən olan hasarı aşdı, uçdu. 87 illik ömrün dünyayla irtibatı belə sona çatdı…
***
Dumanın ömrü qısadır. Göyqurşağının da, kəpənəyin də. Yuxunun da. Amma bu qısaömürlü obrazlarla poeziyaya əbədiyyət iksirini dadızdırmağı hər şair bacarmaz. Şeirin ruhu, havada uçuşan işıq dalğası kimi minlərlə, bəzən hətta onminlərlə "şairdən" yan keçib çağımızda röya şəklində Ramiz Rövşənin gözünə göründü, sevgi kəpənəyi kimi onun qəlbinə qondu.
Dağlar arasında dərə
dərindi yuxu kimi.
Dağ-dağa duman göndərər
sevgi məktubu kimi.
Göydə yeddi sətir cızan
o göy qurşağına bax.
Kimdi onu yazan, Allah?! -
sevgi məktubu kimi.
Bir bax bu ağ kəpənəyə,
sanki qoşa varaqdı.
Uçur çiçəkdən-çiçəyə
sevgi məktubu kimi.
...Haçan aşar bu sümükdən,
ətdən olan hasarı?!
Ruhum uçar göyə sarı,
sevgi məktubu kimi...
"Sevgi məktubu" gəraylıdırmı, deyə bilmərəm. Amma... Türk poeziyasında sərbəst müstəzada yol açan Cənab Şəhabəddin kimi, Azərbaycan poeziyasında da sərbəst gəraylıya Ramiz Rövşən yol açıb. Cemal Süreyanın İstanbulda imzaladığı "Folklor şeirə düşməndir" hökmünü Bakıda Ramiz Rövşən qüvvədən salıb.
Abbas Tufarqanlının "Duman, gəl get bu dağlardan" gəraylısındakı iç dumanı, könül qübarı üç yüz ildən sonra modern Azərbaycan şeirində sevgi məktubuna çevrilə bilib və dağ-dağa sevgi məktubu kimi duman göndərib. "Göydə yeddi sətir cızan göyqurşağı" bir Azərbaycan şairinin təhtəlşüurunda göyqurşağını Tanrının sevgi məktubunun metaforasına çevirib. Amma onun başqa bir şeirində "Kimdi o göydən şığıyan?! / Dünya dolub işığıynan. / Bəlkə də, göy qurşağıynan / Düşüb Allah özü gəlir" misraları yerə yeddi rəngli səma nərdivanı ilə enən Buddadan, Altun İşıqdan, Məsihdən, yaxud Tanrını yerə göyqurşağının üstündə "endirən" Mark Şaqala qədər fərqli uyğarlıqların və fərqli düşüncə iqlimlərinin bülluruna toxunub çiliklənmiş və dünyanın faniliyini, qürubu və dekadansı şəkilləndirmişdi.
Sərbəstin üfüqləri onu hara çəkir çəksin, çəksə də, Ramiz Rövşən bir gəraylı rədifinin və bəzən heç rədifinin də deyil, gəraylı ruhunun eşqinə, havasına və sevdasına geri qayıdır.
"Sevgi məktubu kimi" şeirində bioloji anlamlar yoxdur, şeirin məhvərində metafizik düşüncə dalğalanır. Bu "sehirli peyzaj"da (Tanpınar) təsvir olunan dağlar da, dərə də, yuxu da, göyqurşağı da, duman da, ağ kəpənək də, çiçək də... hamısı, "sanki sərin, yumşaq, ipək kimi" (Nitsşe) bir varlığa çevrilib və hamısı ruhun göyə uçması üçün zəmin hazırlayır.
***
Rəng impulsları Ramiz Rövşəni sövq-təbii simvolikaya yönəltsə də, "Sevgi məktubu kimi" şeirindəki ruhun, ovqatın eynisini yansıdan "Qoy heç kəs bilməsin..."də göyqurşağının bütün rəngləri silinir. Göyqurşağında olmayan iki rəng - ağ və qara önə keçir və şeirin spektrini təşkil edir. Şeirdə qaranın, qaranlığın intensiv sıxlığı və partlayışı ən sonunda ağ işığın gətirdiyi hüzurla tamamlanır.
Qoy heç kəs bilməsin
Bu da ötən günün batan günəşi,
Başımın üstündə bulud qaralır.
Daha ömrümə də qaranlıq düşür,
Ürəkdə sonuncu ümid qaralır.
Daha qaranlığa qarışıb tamam
hamının gözündən itmək vaxtıdı.
Daha bu qapını lap yavaşcadan
Açıb, kirimişcə getmək vaxtıdı.
Qoy heç kəs bilməsin -
getsən, gecə get,
Qarış qaranlığa bir yuxu kimi.
Yerin altına da kirimişcə get -
Səssizcə torpağa hopan su kimi.
Ölüm qorxusu yox hələ ki, səndə,
Ömür bitir deyən batmırsan yasa.
Hələ ümidin var -
su təki sən də
Bəlkə burda batıb, çıxdın hardasa.
Payız ötüşsə də, hələ qış deyil,
Amma göyü bulud aldı deyəsən.
Yoxsa yağış yağır?
Yox, yağış deyil.
Bir bax pəncərədən -
qardı deyəsən.
Bəsdi qaraladın ağ varaqları
gah uzun, gah qısa sətirlərinlə.
Sonuncu sətrini ağappaq qarın
üstə yaz qaralan ləpirlərinlə.
Son dəfə dərdini qaranlıqlara
danışıb getməkdən gözəl nə var ki?
Bu çirkli dünyadan tərtəmiz qara
qarışıb getməkdən gözəl nə var ki?!
...Qoy heç kəs bilməsin -
getsən, gecə get,
Qarış qaranlığa bir yuxu kimi.
Yerin altına da kirimişcə get -
Səssizcə torpağa hopan su kimi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!