Qurban Yaquboğlunun "Mən yoxam" kitabı - "Bir kitabın söhbəti" layihəsində

"Ədəbiyyat qəzeti"nin "Bir kitabın söhbəti" layihəsində təqdim olunan növbəti kitab söhbəti yazıçı-jurnalist Qurban Yaquboğlunun yenicə çapdan çıxmış "Mən yoxam" kitabıdır.

Zahid Sarıtorpaq

Oxucunun və yazıçının qələbəsi

"Mən yoxam" romanı mətn kimi şüuraltı bir savaşın təzahürüdür. İlk baxışda bu savaş  həyat adlı qansız-qadasız bir qırğının şəklini çəkən və içinə çox asanca girib ölüyə-diriyə gülən adamın oxucuya çatdırmaq istədikləri təsirini bağışlayır.  Sanki mətn ancaq bu məqsəd üstündə köklənib. Əslində zamana, gərdişə, həyatın keşməkeşli, təbəddülat dolu gedişatına kiçicik bir məkanda nəhəng bir güzgü tutulub və ağır bir savaş açılıb bu mətndə. Təbii ki, əsərin qiymətini ədəbiyyatşünaslar, tənqidçilər verməlidir. Mənim bu əsər haqda bütün qənaətlərim qapıldığım hisslərin təzahürüdür. Müəllifin mətnə münasibəti haqda fikrimi obrazlı bildirməyə davam etmək istərdim: elə bil dalğaları sahildəki qayalara çırpılıb geriyə qayıdan dənizin üstüylə  bir qağayı uçur və amansız sularda özünə qənimət  axtarır. Qiyamətə oxşayan bir burulğanın içində hər şey yadından çıxdığı üçün dərinliklərə doğru qanad çaldıqca mətləbin nə olduğunu unudur bu qağayı. Yol boyu diri balıq əvəzinə ölü balıqlar çıxır qismətinə, amma yorulmaq nədi bilmir. Müəllif kəndin, oradakı  insanların gündəlik həyatlarının altını üstünə çevirdikcə, zamanın dolaşıqlarında nəyin necə qeyb olduğunun fərqinə belə varmır, bunu qəddarcasına oxucunun öhdəsinə buraxır. Hətta metafizik düşüncələrdən yoğrulmuş yuxulara, mistik məqamlara üz tutanda da. Elə bil, təkcə əsərin qəhrəmanı yox, onu yazan da, oxuyan da  Qiyamətin nişanələrindən tamam xəbərsiz, avamlıqlarla, sadəlövhlüklərlə dolu bir məkandadırlar. Sanki  bu yaşam tərzinin əslində müəmma dolu bir girdab olduğunu bilmirlər, heç bilmək belə istəmirlər, yəni, hər kəs öz işindədi. Əsərin dərinliklərinə varınca, elə bilirsən, dərələrdə, dağlarda, düzlərdə, kəndin gündüzündə, gecəsində Şahıdan Talıba, Talıbdan Çəmənə, Şeyx Muradxandan  "Qazan qalaylı qaldı..." deyib bayatı çəkib ölən Qocaya, ondansa  Züleyxaya, mistik Qəribə Adamdan, Həmiddən Yasəmənə... və bitib-tükənmək bilməyən daha kimlərə, kimlərəcən... hamı bir nəfər kimi xəbərsizlik girdabındadır. "Ölüm yaxındı, yoxluq uzaq..." məntiqi hamıya aid olmasa da bu, belədir.  Çünki hamı ölümün uzaq olduğunu düşünür.  Hərdən dava- dalaşlı olan, amma üzdə çox sakit görünən bu məkanın ilk baxışda nə qədər pozitiv bir yer olduğu qənaətinə gəlirsən, hətta törədilən qətl səni bu fikirdən ayıra bilmir. Ancaq şüuraltı aləm də öz sözünü deyir. Ürəyi oyur-oyur eşən, pozitiv olduğu qədər də üzücü olan auranı açıb göstərir.  Müəllifin "Ən azı bir gecə qaldığın kənd ya səni özününkü eləyər, ya da əksinə..." fikrini bütün bu deyilənlərin başlığına da çıxarmaq olar. Bu isə şüuraltı müharibənin səngərlərində kimlərin olduğunun fərqinə varmadan bir "dədənin ölümü"  fonunda hamının məğlub durumda olduğunu göstərir.  Əsərdə adı keçən obrazların hamısı şüuraltında əli yalın, amansız döyüşçü təəssüratı bağışlasalar da, heç biri qalib gələ bilmir. Ümumiyyətlə, şüuraltı müharibələrdə qaliblər olmur. Çünki hər ölünün yerində bir diri zühur edir. Odur ki, hekayət bitib-tükənmək bilmir. "...Hadisələrin ucu-bucağı yoxdu, sadəcə, biz yorulmuşuq..." düşüncəsinin fonunda müəllifin Mədədə deyilənlərlə göstərmək istədikləri bunlardı: nəhayətsiz çöl boyunca yüyürən sənin kimi adamları saxlayaıb nə baş verdiyini soruşsan, "uzaqbaşı, iki kəlmə söz deyə bilər: "Mən yoxam..." Amma, səs-səsə, sükut-sükuta qovuşsa da, Qurban, "darvaza bağlanmır!" Çünki özün demişkən, "Sən varsan!" və bu fikri sətir-sətir yazmaq nəsibin olub desəm yanılmaram. Ona görə də "darvaza" heç vaxt "bağlanmaz". Həm də yanılmaram desəm ki, o boyda şüuraltı savaşın qalibini axtarası olsaq, nəzərlər "darvazaya" deyil, bir müəllif kimi yalnız və yalnız sənə tuşlanacaq. Çünki bu əsərdə bütün yolların bir ünvanı var. Ölüdən, diridən, dağdan, daşdan, yuxudan, aşkardan, gerçəkdən, məcazdan... keçən bütün yollar  məhz sənə aparır - əsərin "Mən yoxam" deyən qalibinə. Həm də sənə: "Qələbən mübarək, Qurban Yaquboğlu!.." deyən oxucuna. Məncə, bu, həm də həssas oxucunun qələbəsidir.

 

 

İlham Qəhrəman

Yaddaşın daranması...

Yaşa dolduqca mütaliəyə olan maraq azalır. Daha gənclik həvəsiylə oxumaq, dirəniş göstərmək olmur. Amma arada görürsən hansısa yeni bir kitab haqqında dildə-ağızda, ədəbi mühitdə dolaşan tərif səndə maraq oyatdı və sən istər-istəməz həmin kitabı əldə edib oxumağa başlayırsan.

"Mən yoxam", məncə, avtobioqrafik romandı. Romanı oxuduqca  müəllifin ömür boyu yaddaşında qalanların inikası və həm də bu inikasın sayrışmasının şahidi olursan. O mənada sayrışma deyirəm ki, Qurban xatirələrin görünən tərəfindən görünməyən tərəfini göstərir, görünməyən tərəfə əl (qələm) uzadır. Atası öləndə anasına baxıb "başdakı İki Bir olmuşdu" ifadəsi, xəstə haqqında bəhs edəndə "ağrılar söhbətlə də keçir", gəncliyində sevdiyi qızla (artıq qadınla) bir evdə olanda obrazın (burda-nağıl edənin) dilindən üzünü qadına tutub "yeməyi sən gətirmə, keçmiş mənə mane olur" deməsi və yaxud harın birisinin özünü zəhmli göstərmək, çirkin niyyətinə yetişmək üçün əl-qol atarkən tapançasının görünməsini müəllif belə verir: "Elə bil, ayıb yerini göstərirdi".

Bütün bunlar adama gözlə görünməyən enerjinin lampada işığa çevrilib ətrafı işıqlandırmasını xatırladır. Sayrışma deyəndə həm də roman boyu Qurbanın hadisələrə bir qələm adamı kimi verdiyi bu cür xarakterik cizgilər nəzərdə tutulur. 

Müəllif sanki əsərdə yaddaşa səfər edir və ordan ələ gələnləri darayıb gətirir. Mən müəllifin bu yaddaş daramasını əsərin axırında haqqında bəhs edilən xırmanla müqaisə edərdim. Nağılçı, sanki yaddaşında olanları darayıb bu xırmana toplayır və burada onları saf-çürük edir.

Oxucuya məlumat üçün deyim ki, kitabın dili şirin, hardasa folklordan gəlmə canlı nağıl dilidi. Müəllif hadisləri baş qəhrəmanın dililə nağıl edir və hadislər oxucunu nağıldan nağıla aparır. Əsərdə tez-tez şeyx, poçt, anbar, dağlar xatırlanır. Bütün bunlar müəllifin öz fikirlərini məqamına uyğun şəkildə oxucuya çatdırmağa xidmət edir. Müəllif romanda ara-sıra magiyadan da istifadə edir - nağılçının atasına qoşulub üzünü görmədiyi və dünyadan köçmüş Suğra bibisini həkimə aparması, Əhmədşah oğlu Alcanın ondan harda qarşısına çıxsa, ölümünə bələdçilik edib onun üstünə göndərməsini xahiş eləməsi səhnələri bu mənada maraq doğurur.

Nağılçı Yasəmənlə olan sevgi söhbətini çox səmimi təsvir edir - qovuşmayan sevgililərin yenidən görüş səhnəsi olduqca təsirli və maraqlıdı. Ümumiyyətlə, əsər boyu zərif cinsin nümayəndələri olan qəhrəmanlarına müəllifin xoş münasibəti duyulur ki, məncə, bu, çox təqdirəlayiqdir. Yəqin bu məqam həm də müəllifin iman əhli olmasından, özünü günaha batmaqdan qorumasından irəli gəlir.

Romanda çoxlu obrazlı deyimlər, poetik ifadələr, şairanə təbiət təsvirləri var. Bu məqamda ədəbi mühitdə haqqında bəhs etdiyimiz romana qədər daha çox şair kimi yadda qalan Qurbanın dadına elə şair çatır.

Bəzən hansısa müəllifin əsərini oxuyanda hadisələrin təsvirindən, üslubundan, ya elə təhkiyəsindən nə vaxtsa, oxuduğun əsəri, müəllifi xatırladan məqamlara rast gəlirsən. Qurbanın bu əsərini oxuyarkən nə yerli, nə də qonşu xalqların müəlliflərindən heç kəsi xatırlamaq mümkün deyil.

Bu əsərində Qurban üslubuyla, dəsti-xəttiylə özüdü və əsər nəsrdə tamam yeni, fərqli bir imzanı nişan verir.

Bir qədər də romanın strukturu haqqında - roman strukturuna, hadisələrin inkişafına görə həmişə qarşılaşdığımız ənənəvi romanlardan fərqlənir. Ola bilər vahid süjetin (qəhrəmanın müəyyən yaşdan sonrakı həyatının ardıcıl nəqli - İ.Q.) olmaması adi oxucunu çaşdırsın. Amma diqqətlə oxuduqca başa düşürsən ki, əsərin baş qəhrəmanı elə hadisələri nağıl edən obrazdı və əsər onun söylədiyi xatirə-nağıllarla bir-birinə bənd olur, düyünlənir.

Oxuyub başa çatandan sonra "Mən yoxam" adını mən daha çox "görünməzəm" kimi qəbul etdim - dəryada suyun altına çəkilən qayıq görünməzliyi kimi. Bundan sonra bizə o görünməzlikdən (oxu: "yoxluqdan") Qurbanın kitabın girişindəki "Beş-üç kəlmə"də vəd etdiyi yeni görüşləri gözləmək arzusuyla...

 

 

Narıngül

Qəribə adam...

Əlimə yenicə götürdüyüm, Qurban Yaquboğlunun "Mən yoxam"  kitabını o tərəf-bu tərəfə çevirirəm.  Görəsən,  bu kitabın nə qədər oxucusu olacaq?  Kim bilir, indi kitab o qədər də oxunmur axı?..  Oxucu sayını hesablamaq da  bir yazar praqmatikliyidir.

Oxuduqca ruh məni çəkib aparır. Əsərdə təhkiyə elə ruhun özündədir. Heç sujet xətti də yoxdur, sujet xətti də ruhun özüdür, ruh artıq nəsnələrə çevrilib. Ruhla təsvirin adekvatlığı heyrət doğurur... 

Kitabı oxuya-oxuya ruhun hara uçmağını izləyirəm və yol gedirəm. Müəllifin təsvir etdiyi çoğrafi məkanı seçmişəm, o məkandakı dağla, daşla, düzənliklə gedirəm... Yol gedə-gedə mətnin sirrini axtarıram.  Müəllif   neçə-neçə illər geriyə qayıdıb  yurd yerini tapıb. Bu məkanda  zaman, tarix, say anlayışı yoxdur.  Eləcə boş, geniş üfüqlərdir, getdikcə gedirsən. Bu yurd yeri 1000  illər bundan öncə salınıb, amma adamları sağ-salamatdır, bir yarpağı, bir ağacı, bir daşı belə tərpənməyib. Müəllifin yaddaşı da min illərin yaddaşıdır, amma heç nə silinməyib, hər şey gün kimi aydındır. 

Bunu da qeyd edim ki, müəllif bir qədər  risklidir, indi  reallıqdan o tərəfə keçməyə hövsələsi çatmayan praqmatik oxucular çoxluq təşkil edir axı. Amma o,  yetərincə azad  və cəsarətli görünür.

Beləcə, kitabı  yerə qoymadan oxuyuram, yoldan çıxmıram, getdikcə -gedirəm.  Oxuduqca hiss edirəm ki,   bu əsərdə heç hadisə, gözlənilməzlik, çarpazlaşma axtarmaq da düzgün deyil. Heç qəhrəman da axtarmıram. Onsuz da  əsər boyu müəllif özünü ələ vermək  istəmir, "mən yoxam" deyərək inad edir. Amma  oxucudan nəyi gizlətmək olur ki...  Qəribə adam müəllifin yaratmaq istədiyi sirli mühitin sakinidir. Tapdım! Elə əsərin qəhrəmanı da Qəribə adamdır. Əslində, Şahmar, Həmid, Mədət, Qəribə adam - hamısı eyni personajdır. Əsər boyu personajlar dəyişmir, dəyişən ancaq situasiyalardır. Qəribə adam  mərkəzdə dayanıb, coğrafi məkan onun ətrafında fırlanır.  O, həm də təriqət əhlidir, öz şeyxinə doğru  yol gedir.  Dünya Qəribə adamın ovcunun içindədir. O, hər tərəfdən dünyanı görür, izah etməyə çalışır, ovcunun içindəki dünya ona min il bundan əvvəl tanışdır.

Kitabı oxuduqca mətnin alt qatındakı duyğu selinə, metaforalar bolluğuna düşürəm.  Bu metaforalar təsadüfən işlədilən metaforalar deyil. Bu metaforalar həm də gerçəklikdir, mövcudluqdur, situasiyanı canlandıran vasitədir. Az qala metaforalara əlinlə toxunmaq istəyirsən. Müəllifin dərin lirizmi, poetik təfəkkür  gücü insanı heyran edir.  Roman boyunca fraqmental şəkildə səpələnmiş rəvayətlər, situasiyalar  poetik bağlarla bir-birinə bağlanır.

Amma mən ənənəvi oxucu kimi yenə paralellərin pozulmasını  gözləyirəm. Paralellərsə  pozulmur, heç bir çarpazlaşma baş vermir.   Onda mən əsərin janrını müəyyənləşdirmək istəyirəm. Mətni hiss etdiyim şəkildə, nəzəriyyəyə varmadan  ayarlayıram: əhvalat, pritca, mif... ömrün xəritəsi... yaddaş...  Fərq etməz, onsuz da bütün hallarda təhlil mətnə  sonradan  yanaşmadır, əsas sözü müəllif deyib və əsərin nəzəri hissəsini özü istədiyi şəkildə təsdiq edib.

Və mən yenə də yoldayam, getdiyim yola, sərf etdiyim zamana heç də  heyfslənmirəm. Getdiyim yolda dairə qapanmır. Yox olmaq yenidən başlamaqdır!

Hazırladı: Samirə ƏŞRƏF


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!