Mətanət VAHİD
"Bir insan nə zaman şair hesab edilər?" soruşularsa, buna cavabım "hər şeydən əvvəl, duymağı bacardığı zaman" olar - həyatı, ölümü, Tanrını, sevgini, təbiəti, əşyaları... - ayrılıqda hər birini və bütün olaraq hamısını. Şairlərin həyatını öyrənməyi, ömrünün rəqəmlərə çevrilməsini, xronoloji ardıcıllığa sığmasını sevməmişəm heç vaxt. Düşünmüşəm ki, onların həyatı ilə bağlı bilgilərimizdən çox təsəvvürlərimiz, lap elə uydurduqlarımız olsaydı, mətnləri daha çox şeir olardı bizimçün - eynən şairlər uydurduğu kimi. Şair də hər şeydən əvvəl, "oxucu"dur məncə - gördüklərini deyil, "oxuduqlarını" yazan, üzünü köçürən yox, duyduqlarını "uyduran"...
Faiq İsmayılovun şeirlərini oxuduqca nədənsə mənə elə gəlir ki, bu sətirlərin müəllifinin həyatı məhz şeirsəldir. Yaxşıdır, pisdir, maraqlıdır, ya yox, bilmirəm - sadəcə düşünürəm ki, onun həyatını nəql etmək mümkün deyil, ən yaxşı halda, Faiqi tanı(t)maq üçün şeirlərini oxu(t)maq olar. Necə ki, bunu onun ən yaxın dostu Azər Turan etdi və edir.
Şeirləri ilə tanış olduğum ilk vaxtlardan nədənsə mənə elə gəlib ki, "dili bilinməyən fağır oğlan" ən çox təbiətlə anlaşa bilib, misralarında təbiətlə bütünləşmə, özünü onun bir parçası kimi hiss etmə duyğusu başqalarından daha qabarıqdır. Bu sətirlərdə təbiət ruhun aynasıdır - içindəki kədər və sevincə, ümid və çarəsizliyə güzgü tutur.
Alnım gümansızlığa dəyəndə,
arzularım yarpaq kimi tökülür
bir-bir, iki-bir.
Ağacların hardasa ümidi var
baharın gəlməsinə,
yarpaqların yenisinə.
Arzuların təkrarı olmur,
arzuların xəzan gördüsə
getdi fələyin çərxinə.
Yenidən doğulmur,
Yenidən doğulmur.
Ölən arzular - ölən inam və ümid kimidir - reinkarnasiyası olmur, bir kərə ölür və özüylə həyat eşqini də aparır…
Biz onlara hansı anlamları qazandırsaq da, təbiətdəki gözəlliklərin gerçək estetik miqyası idrakımızı aşır. Bu üzdən hər şair təbiətə öz intuitiv dərketməsincə yanaşır. "Güllüköynək kənd uşağı"nın təbiətə bu qədər bağlılığı təəccüblü deyil. Özünü cəmiyyətə yad, dışlanmış hiss edən insan dayaq nöqtəsini ya təbiətdə, ya da yenə öz içində tapar. Hələ də mənəvi dəyərlərin nümunəsinin insandan deyil, təbiətdən gəlməsi; təmizliyin insan gözlərinə deyil, dağ çiçəyinə; kövrəkliyin insan ürəyinə yox, kəpənək qanadlarına bənzədilməsi boyda bir təəssüfdür bu misralar. İnsan "bitki kimi" mövcud ola bilməz, lakin şüuru, düşüncəsi ilə təbiətdən, bütün başqa canlılardan üstün yaradılmış insan bu şüuru sayəsində hər cür çirkinliyi və pisliyi öz malı edib. İnsanın mənəvi zənginliyi də, iç dünyasının kasadlığı da təbiətin boyasından rəng alır Faiq İsmayılovun şeirlərində.
Konkretdən mücərrədə keçidin vasitəsi, ucalığın, yüksəkliyin simvolu olan ağac insanın özünü və bir o qədər də tənhalığını rəmzləşdirir. Əski türklərin mifik inanclarına görə, o biri dünyada hər yarpağı yer üzündəki hər kəsə aid olan bir ağac var və insan onun yarpağı saralıb-solduğu zaman ölər. Adam özünü kənardan görmək istəyəndə daha çox özünə bənzətdiklərinin gözüylə baxınmaq istər. Faiq dünyaya da, ruhuna da təbiətin, ən çox da ağacların gözüylə baxır. Ədəbiyyatda insan ömrünün ağac, yarpaq ömrüylə müqayisə olunduğuna dair saysız-hesabsız nümunələr var, bu, yeni deyil - yeni olan hər yazarın sözlə birgə şeirə bəxş etdiyi ruhdur, nəfəsdir.
Ağacın kökləri dərinliklərə, budaqları isə yüksəkliklərə nüfuz edərək yalnız məkan olaraq ikili xarakter daşımır, həm də kök və budaq olaraq keçmişlə bağlı xatirələri və gələcəklə bağlı arzu və ümidləri simvollaşdırır. Faiqin şeirlərində alnına ölüm yazılmış və xəzanını gözləyən yarpaqlar ölümün bir addımlığında, ümidlərin sahilində, arzuların uçurumundadır.
Yarpaqların üzündə ölüm
kölgəsi
Azca yel əsdi;
bəsdi!
Budaqdan torpağacan uzanacaq
yarpaqların ömrünə əl yelləməsi.
Kənardan sadəcə təbiət hadisəsi kimi görünən xəzanın yaxınlaşması şeirdə təbiətin əzabı kimi təsvir olunur. Hər şey ona görə bu qədər kədərlidir ki, ölümünü gözləyən yarpaqlar insana öz mövcudluğunun müvəqqəti olduğunu xatırladır. Tənha, yarpaqsız ağaclar ona öz kimsəsizliyini xatırlatdığı kimi. Bu şeirlərdə insan özünü ağacla qiyaslayır, dünyaya onillər boyu durub-dayanan, hər yazda yarpaqları - libası təzələnsə də, kökü-köməciylə özü olan ağacın gözüylə baxır. "Faiqin ağacları" insani duyğuların tərcümanı kimi təsvir olunur: sevgi və qayğı dolu, yaşıllanmış, yarpaqlı, ya əksinə, küləyə barmaq silkələyən "qəzəbli", "dərdli" yarpaqsız ağaclar; ya da yaşamaqdan da, ölməkdən də qorxan, qaranlıqda özünə çəkilən fərqli ağaclar, əslində isə fərqli insan taleləri...
Payıza baxıram pəncərələrdən,
budaqlar cansızdır,
rəngi qapqara.
Budaqlar səmaya
mıxlanmış kimi,
ağaclar çarmıxa
çəkilmiş kimi.
Mələklər hardadı,
qeybə aparsın.
Faiqin şeirlərində təbiətdə, ətrafda görünəni seyr və təsviretmə insanın öz içinə boylanışıdır və nə qədər kədər və hüznə köklənsə də, "ötəki" dünya, fərqli, içində olduğumuzdan daha yaxşı, bəlkə daha hüzurlu bir dünya ümidi duyulmaqdadır. Bu şeirdə "səmaya mıxlanmış" budaqlar pəncərədən baxanın gördüyü bir canlı tablo deyil sadəcə, ağacların göylərə əl açması, duası, "cansız, qapqara" budaqların onlara can verənə - səmaya, buludlara, yağışa doğru dartınması, ucalmasıdır. İstər-istəməz türk mifologiyasında ağacla bağlı detalları, yaradılış prosesində yerlə göyü birləşdirmə funksiyasını, Tanrıya qovuşmanın simvolu kimi alqılandığını xatırlayırıq… İnsan da iztirabdan keçməklə ÖZünə, mahiyyətinə, əslinə yaxınlaşar, qayıdar beləcə: "Mələklər hardadı \ qeybə aparsın." "Mənim şeirlərim göz yaşlarımdı, \ orda könül açan bir şey tapılmaz," - deyən şairin misraları ilk baxışdan tamamən bədbinliyə köklənmiş təsiri bağışlasa da, çoxunun içində "dirilmə", canlanma arzusu, qovuşma ümidi var - başqa dünyalarda görüşmə…
Oturmuşam
Ay işığının,
ot ətrinin,
böcək nəğməsinin içində.
Qu tükütək yüngüləm.
Heç bilmirəm.
nə var, nə yox
Ay işığının,
ot ətrinin,
böcək nəğməsinin çölündə.
Mən də belə dəliyəm.
Bu şeirdə Tanpınar hüzuru duyuram hər oxuduqca.
Ne içindeyim zamanın,
Ne de büsbütün dışında;
Yekpare geniş bir anın
Parçalanmaz akışında,
Bir garip rüya rengiyle
Uyuşmuş gibi her şekil,
Rüzgarda uçan tüy bile
Benim kadar hafif değil.
Məqsədim "XX yüzillikdə vur-tut iynə boyu bir ədəbiyyat fırtınası" (Azər Turan) yaradan müəllifi türk şeirinin nəhəngi ilə qiyaslamaq deyil, şeiri oxuduqca xəyalımda şəkillənən duyğuların rəsmini çəkməkdə yaddaşımdakı başqa bir tanış tablonun təəssüratlarına üz tutmaqdır. "Ay işığının, ot ətrinin, böcək nəğməsinin içində oturub" dışından xəbərsiz olmaq, əslində isə olanlarla heç maraqlanmamaq laqeydliyi, rahatlığı sonsuz bir hüzur əlamətidir - Tanpınarda əbədiyyət misallı "yekparə geniş bir an"; Faiqin şeirində bir səs, bir ətir, bir işığın yaratdığı mücərrəd məkan içrə məkansızlıq… Fani dünyadan doymaq, əl götürmək rahatlığı - hər iki şeirdə bir tük misallı xəfiflik…
Faiq İsmayılovun şeirlərinin indisi olmayıb sanki, o, üzünü həmişə gələcəyə - özündən sonraya tutaraq yazıb və yazdıqları növbəti hərfə keçid alar-almaz keçmiş olub, xatirəyə dönüb - onu yalnız gələcəkdə tanıyacaq oxuculara ünvanlanaraq...
Günlərin bir günü
xatırlayıb məni,
oxumaq istəsəz
şeirlərimi,
Dişlərinizi-dişlərinizə
sıxın oxuyun.
Dişlərimi-dişlərimə
Sıxıb yazmışam.
Yaxud:
Kimin yadına düşəcəm
Bir isti yay günü,
O ayna sularınmı?
Üzümü özündə saxlamır.
Kimin yadına düşəcəm,
Yağışlı bir payız,
O asfalt yollarınmı?
İzimi özündə saxlamır...
Faiq İsmayılovun nakamlığı gənc yaşdakı ölümüylə gəlmədi, zira o elə yaşadıqca həyatdan kam almayacağını bilən, buna görə ömrünün üstündən taa uzaqlara göz dikən və bu "uzaqları" şeirlərində ən yaxınında təsvir edə bilən şairdir. Sanki o həmişə zaman qatarının önündə qaçır.
…İstəkdən keçəndən sonra
yandırılmış
kibrit çöpü kimi
diş qurdalamağa
yarayar ömür!
- deyən şairin kamı yarım qalması ömrün sona yetməsiylə gəlməmişdi. Torpağında, şəhərində, evində özünü qərib hiss edənçün bu dünyanın harasına üz tutsa da, bircə doğma bucaq qalmaz.
Bu dünyaya baxınca "beli bükülən" bənövşə qədər ömür sürdü Faiq bu dünyada. Kiminsə yadına düşə biləcəyini belə ummayan şair bu gün yada da düşür, sayğı və sevgiylə anılır da, yaşadılır da. Faiq İsmayılov həyatdaykən ədəbiyyatda varmıydı, bilmirəm, amma ədəbiyyat onun içindəydi və onun imzasını ədəbiyyata bir dost sevgisi və sədaqəti qaytardı, hətta "qazandırdı" desəm, daha doğru olar, bəlkə də. Və mən bilirəm, o hələ də ağacların yuxusuna girir…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!