Şər çiçəkləri - “Modernizm dalğası" silsiləsindən - Azər TURAN - Azər TURAN

Azər TURAN

 

Şeir və ədəbiyyat dekadentizması ilk əvvəl Fransada zühur etdi. Verlen, Malarme  və "Les Fleurs du mal", yəni "Əzhari-fəna" ("Şər çiçəkləri") ünvanlı əsərilə məşhur Bodler bu məsləkdəki şairlərdəndir". Əli y seynzadə

Yabancı
- En çok kimi seviyorsun       

            garip yabancı?

Anneni mi, babanı mı,

            kardeşlerini mi?

- Ne annem var, ne babam,

            ne de kardeşlerim.

- Vatanını mı?

- Nerde olduğunu

            bile bilmiyorum.

- Yoksa parayı mı?

- Nefret ederim ondan.

- O halde neyi seversin

            esrarlı yabancı?

- Bulutları severim.

Karşıdan gelen ve

     karşılara giden bulutları.

      Şarl Bodler

 

1857-ci il. Paris.

Şarl Bodler "Şər çiçəkləri"ni yazdı.

Qürub edən idealın çevrəsində şairin içə dönüşü, özünə çökməsi və ölümün şairanələşməsi ilə yeni bir çağın və cərəyanın - modernizmin feyzləri yaşandı. Nəinki ölüm, hətta ölmüş bir atın leşi belə poeziyanın predmetinə çevrildi. "Leş" şerindən başlayaraq qeybin ətri və dünyanın qoxusu bir-birinə qarışdı. Qədim və metafizik insanın Tanrıya yüksəlişi və Ona sığınışı, bir azdan Tanrısını "öldürüb", tək qalacaq yeni insanın şeytana doğru enişi, səcdə və küfrün iç-içə gəlməsi ilk dəfə "Şər çiçəkləri"nin rayihəsində gerçəkləşdi. Avropa poeziyasının metaforaları modernləşdi. Minillərdir poeziyada bülbülün ürəyini parçalayan tikanlı qızıl gül İblisin, şərin, fənanın çiçəkləri ilə əvəzləndi. Ritorika bağçasındakı güllər soldu. Simvolizmin gülü gözəldən, gözəlin üzünə bənzəməkdən imtina etdi. Bu dəfə o, ayaqlarını şəhvətli qadın kimi yuxarı qaldıraraq açılıb-saçılmış leşə bənzədildi. Üfunət qoxuyan cəmiyyətin iç yapısı - leşin çürüməkdə olan içalatı milçək və soxulcan sürüsü ilə qaynaşdı… Bodlerin təsvir etdiyi leş - gözəl qadın, həyat göydən, uzaqdan baxanda yeni açılmış çiçəyə, yaxından, qayaların ardından pusan öfkəli köpəyin nəzərində isə skelet üzərində qalan son bir parça ətə bənzəyir. Və sonra… "bu dəhşət saçan qoxumuşa çox bənzəyəcəksiniz, ey gözlərimin nuru, həyatımın günəşi, mələyim". Bunu isə Bodler, sevgilisinə xitabən deyir, çünki bir azdan o da öləcək, qoxuyacaq, çürüyəcəkdi.

Poeziyanın min ildir ki, tabulaşmış gözəllik qəsri bir göz qırpımında belə viran qoyulurdu. Ədəbiyyatın təsəvvüründəki eşq və gözəlik ilahəsi mifoloji Veneranı həyatda xəstə veneral əvəz edirdisə, həqiqi şair başqa hansı yolu tutmalıydı ki?.. Şairin ilhamı günaha batmamışdı, şairin əli qana bulaşmamışdı, şair gözəlliyin bəkarətinə toxunmamışdı, yox, şair şeri həyatın girdabına endirməyi bacarmışdı. Çünki özü də o üfunət qoxuyan girdabın içindəydi,  Parisin bulaşdığı zöhrəvi mərəz Bodleri də təhdid edirdi: "Yatağımız olacaq, xəfif qoxuyla dolu… Divanımız olacaq, bir məzar kimi dərin…. Pənbə, lahuti, mavi bir axşam saatında, Vidayla dolu uzun bir hıçqırıq halında. Yanacaq aramızda bir tək şimşəyin fəri, Nəhayət, qapıları bir az aralayaraq, Sadiq və şən bir mələk gəlib oyandıracaq… Buğulu aynaları və ölmüş alovları…" Və o, yaşadığı dünyada idealın bütün spektrlərdə qürub etdiyini görürdü. Seçilmiş və lənətlənmiş və bəzən hətta İblisin özünə belə "qırıq ümidlərimin anası" deyə lirik ricətlərlə xitab edən dekadans Bodler son və qürub fəlsəfəsini belə çözürdü. "Hər zövqü min haram olan əfsunlu cənnət"in alt qatında ruhu şər çiçəkləri ilə qoxumuş boğucu bir cəhənnəmin var olduğunu bəyan etməsi də elə bu səbəbdən idi. Bodler bu cəhənnəm girdabına səfər etməkdən çəkinməyən ilk dünya şairidir. Onun ilham pərisi cənnətdə tapa bilmədiyi gözəlliyin, idealın sorağıyla cəhənnəmə - aşiqlərin, yoxsulların və sənətkarların vadisinə eniş etməyi bacardı.  

Bodlerin poetik sistemi yeni türk poeziyasında ən əvvəl Tofiq Fikrətin ilhamında izhar olundu. İrfandan köklü-köməcli imtina edərək pozitivizmə yönəlmiş Fikrətin 1899-cu ildə yazdığı "Gayyayi-vücud" şeiri türk poeziyasına dekadans qürubunu və modernizm estetikasının dərin cizgilərini gətirdi. Vücud quyusu, daha doğrusu, cəhənnəm quyusu anlamına gələn "Gayyayi-vücud"un təsvir edildiyi cəhənnəm həyatın özüdür. Həşəratlarla, mikroblarla, ilanlara, bocəklərlə qaynaşan cəhənnəm quyusunu Fikrət həm də güzgüyə, aynaya bənzədib: "titrədir qəlbi, fəqət, qurtulamaz gözləriniz… nəzər etməkdən o mirati-səmaluda yenə" (qəlbinizi titrədər, fəqət gözləriniz o ağulu suya, zəhərli aynaya baxmaqdan qurtula bilməz) Orhan Vəli Kanıkın Bodlerdən tərcüməsindəki güzgünün az qala eynisidir: "Dəniz aynandır sənin, kəndini seyr edərsən… Sən də o qədər acı bir girdaba bənzərsən…" Güzgü arxetipidir. Nə zaman qarşısında dayanıb ona baxsan cəhənnəmi, çirkabı, həyatı göstərəcək.

Bodlerin "Şər çiçəkləri"ylə qiyaslandıra biləcəyimiz şər, fəna, iblis çiçəyi Azərbaycanda Əli bəy Hüseynzadənin qələmilə açıldı. "Siyasəti-fürusət"də səslənən "Dans  Makaber"dəki mistik ritm, mağaradakı mavimtraq fosfor alovu, gəmiklərin bir-birinə çarpışmasına bənzəyən səslər Əli bəyin simvolist estetikasının səsləriydi. Ardıyca bir də yunan mifolojisindəki Narsis  simvolist mənalarla süsləndi. Şah Qacarın çıxardığı gözlər Azərbaycan bədii məkanında nərgiz güllərinin timsalında təqdim edildi. "Ortalığa şairlərin ala gözlərə bənzətdikləri nərgiz çiçəkləri yağmağa başladı. Bu çiçəklər əvvəlcə birər-birər, ikişər-ikişər düşüyordu, sonra çoxalaraq dəstə-dəstə yağdı. Ancaq bunlar adət edilmişin ziddinə olaraq bəyaz, sarı və yaşıl rənglərdən başqa al-qırmızı ləkələrlə ala-bula idi!.. Nərgizlərin arasında bir də bir nəsrin peyda oldu... Şeyx Fəzlullah əlini uzadıb, qoxulamaq üçün nərgizlərdən birini qaldırdı…Kəyumərs: " - Aman, Şeyx! Ehtiyatlı olunuz! Üzünüzü-gözünüzü qana bulaşdırmayınız. Bu qanlı çiçəklər İranın qanlı gözləridir".

1908-ci ildə Hüseynzadənin yaratdığı xəyali cəhənnəmdə bir uçurumun kənarında "qaranlıqdan, duman və buxarın kəsafətindən gözlə bir şey görməyincə, qulaq vasitəsilə onun dibindəki suçluların, günahkarların əhvalını dərkə çalışaraq yüz minlərcə ürək parçalayan nalə və fəryadlardan, könül yandıran ah-fəğanlardan yaranmış müdhiş ahəng, qarışıq səslər" eşidilirdi.

"Dekadentlər iddia ediyorlar ki, zəmanəmizdə hər tərəfdə… çöküş və qürub qaranlıqları peyda olmaqda ikən, onların da rəmzlərlə örtülü və bir növ təsəvvüf ətri yayan əsərləri bu qaranlıqlar içində gizli işıqlardır".

Təsəvvüf ətri yayan dekadans… Cazibədardır, deyilmi?

Əli bəy Hüseynzadəyə görə, modernləşmənin  feyzləri bu işıqlardan nəşət edəcəkdi…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!