Mübariz Örənin "Balıq gülüşü" kitabı - "Bir kitabın söhbəti" layihəsində

Son dövr ədəbiyyatımızda yaranan yeni nəsr, poeziya nümunələri oxucuların diqqətini cəlb edir, müzakirələrə səbəb olur. "Ədəbiyyat qəzeti" olaraq ədəbi mühitdə müəyyən rezonans doğuran kitabları müzakirə təriqilə "Bir kitabın söhbəti" adlı lahiyənin yaranmasına qərar verdik. İlk kitabımız Mübariz Örənin "Balıq gülüşü"dür.

 

Mehman Qaraxanoğlu

Balıqlar sizə bmü?!

Kitablar müəlliflərindən əvvəl doğulurlar. Keçmişə individual və mistik yanaşsaq, bu, həqiqətdir. "Xəmsə"nin beşiyi Nizamidən əvvəl "yırğalanıb". "Don Kixot" Servantesdən əvvəl gəlib dünyaya. Mirzə Cəlilin, Haqverdiyevin əsərləri özlərindən çox yaşlıdırlar. Mübariz Örən də ilk hekayəsinin (əslində, "kitabı"nın) qırx iki və ya qırx beş yaşında yazıldığını desə də, proses ondan əvvəl başlanıb və bitib...

Kitablar bizi ruhən azad etməyəcək! Və bizə azadlıq da verməyəcək. Onlar olan-qalan azadlıq və sərbəstliyimizi də əlimizdən alacaq. Əvəzində nə verəcək?! Azadlığa bərabər olan zövq, həzz, metamorfozlaşmış həqiqət, "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ni (Anar), "Çevrilmə"ləri (Kafka), "Arzularımızdan sonrakı şəhər"ləri... (Şərif).

Heç balıqlar sizə gülübmü?! Gülməyibsə, vay halınıza!

O balıqlar bizə nə zamansa gülməli idi. Gülsəydi, vaxtında böyüyüb "yekə kişi" olardıq. Amma olmadıq. Çünki o ehtiraslı məqamları qurama mentalitetə qurban verdik. Vaxtı uduzduq. Əvəzində altşüurumuzu - "şəxsi" cəhənnəmimizi mənfi emosiyalarla doldurub tələm-tələsik betonla hasarladıq. Təki bir kimsə ora girməsin. İş o yerə gəlib çatıb ki, indi heç özümüz də ona yaxın düşə bilmirik. 

Təhlilçilər Mübarizin "Balıq gülüşü"ndə Freyd nəzəriyyəsindən "nəsə" görür və onu qabardırlar. Bu fikir (əslində, qabardılma!) kökündən yanlışdır. Sosrealizmdə belə idi - hazır nəzəri qəliblərə əvvəli, ortası, sonu bəlli olan mətnləri "transfer" edir, yükləyirdilər. Mübariz, uşağın təbii halını təsvir edir. O, yaşını barmaqları ilə göstərsə də, artıq yetkindir, yetişkəndir. "Burnu fırtıqlı" qızı o "halətdə" görərkən keçirdiyi hisslər də bunu deyir.  Freyd nəzəriyyəsi mövcud olsaydı da belə olardı, olmasaydı da. Freyd də, Mübariz də olanı deyir. Bizə elə gəlir ki, Freyd bunu deməklə dahiyanə bir kəşfə imza atıb. Yox, belə deyildir. Yeddi gözəllə eşq hekayətlərini doluca yaşayan Bəhram şah (Nizami) altşüurundakılarını gerçəkləşdirmirdimi?! "Yaxan düymələ, düymələ", "Əyil dəsmalın götür, mən götürsəm, söz olar", "Qoynunda var qoşa nar" deyən aşiqlərimizə namus mücəssəməsi kimi baxmağımız absurdluqdan başqa bir şey deyildir. Sadəcə, Freyd bunların elmi yozumunu verir. Folklorumuzun alt qatında (Və ya mətnin altşüurunda) bəs qədər belə erotik "qarabasmalar" vardır. Mübariz Freydə deyil, bütün genetik kodları ilə dilimizə, folklorumuza bağlıdır. Dilinə dərindən diqqət etsəniz, bunu görərsiniz. Onun dili zahirən həya, abır örtüyünə bürünüb, guya məharətlə "korrektə" və "redaktə" olunub: "... altda heç nəyi yox idi. Daha doğrusu, vardı... Yəni ki, paltar-zad yoxdu. Lütdü orası..." Yenə sözünüz varmı?! Bu, əsl xalq dili - folklor dilimizdir. Dil, görün, necə "naz edir", necə "burcudur" özünü. Axı, canlıdır!  Lakonikləşdirilmiz dil - "rəngsizləşdirilmiş" boya... Sözü o qədər yonub, yonub ki, sonda bircə "orası"nı saxlayıb. Bütövlükdə mətnin energetik enerjisi də "ora"ya cəmlənib. Mübarizin ustalığı ondadır ki, bunu deyə bilir. Daha doğrusu, göstərə bilir. Lüt yox, "aksesuarlar"ı - səhnə dekorasiyaları ilə bir yerdə! Mübariz Freyddən çox ağıllı və həyalıdır!!!   

Uşaq böyümək istəyir. Bu, ona İlahidən verilən haqdır! Ayaqlarımızın altına daş, kətil, nəsə hündür bir şey qoyub yekəldiyimizi azmı "nümayiş" etdirmişik? Uşağın böyümək arzusu daha insanidir - o, anasına kömək etmək istəyir. Atasının da "yoxluğu" bu arzusunu şiddətləndirir. Təhkiyəçi də bütün xırda detal və təfərrüatları "səfərbər" edib uşağın özünə "kömək etmək" istəyir. Heç bir kiçik nüans Mübarizin gözündən yayınmır. Təsvir etdiyi bütün xırda detallar, ştrixlər uşağa bu arzusunu gerçəkləşdirməyə yardımçı olurlar. Bu, əsl yazıçı peşəkarlığıdır.  Hər şey qazanılacaq "siesta"ya doğru gedir. Qəribə burasındadır ki, "siesta"nın da hekayədə havadan asılı olduğunu deyənlər vardır. Guya balığın gülüşü yerinə düşüb, təbiidir, "siesta" sözü isə yox! Əksinə, Mübariz o sözlə diqqətli oxucusuna - tənqidçisinə ipucu verir. Amma nə yazıq ki, bunu görməzdən gəlirlər.

"Balıq gülüşü"ndə hər şey həndəsi dəqiqliklə hesablanıb. Yazıçı saysız-hesabsız detalları bir ipin üstünə yığa bilir. 

"Balıq gülüşü"ndə (o cümlədən, eyniadlı kitabında toplanmış bütün nəsr nümunələrində) bir dənə də olsun boş giliz-cümlə yoxdur, hamısı barıtla doldurulmuş patron kimidir. Onu istidən də, soyuqdan da qorumaq lazımdır. İstidə fəsad törədə, soyuqdan da nəm çəkə bilər. Bu xarakterik əlamət onun bütün əsərlərinə xasdır.

Təhkiyəçi qələmə aldığı "xırdalıqlar"ı  (cazda, Alimdə olduğu kimi) sirli, müəmmalı bir örtüyə bürüyür. Bu, artıq onun üslubuna xas olan bir məziyyətdir. Bunu bilərəkdən edir. Fəqləndirici keyfiyyətdir. Amma və lakin... həm də təhlilçiləri dolaşıqlığa salır. Tərslikdən təhlilçilər də öz mətnlərini çıxış yolu kimi qəliz, "əndərabadi" terminlərlə dolduraraq Mübarizin arxasınca gedirlər. Bir sirli mətndən guya başqa bir "sirli" mətn doğulur! Bir şeyi heç cür anlaya bilmirəm, təhlilçi nə üçündür? Öz cavabımı verirəm: Sıravi oxucu ilə müəllif arasında haradasa bir əlaqə, rabitə yaratmaq, tekstin alt qatından başqalarının görə bilmədiyi (Bəzi hallarda hətta müəllifin də!) incə məqamları üzə çıxarmaqla həmin əsərdən alınacaq estetik zövqü, həzzi, ləzzəti çoxaltmaq üçün. Vəssalam! Təhlilçinin hədəfi oxucu olmalıdır. İndi yazıq oxucu nə etməlidir? Terminlər lüğətini tapıb təhlilçinin yazdıqlarını oxumalıdır? Görünür, Şeyx Nəsrullahlıq elə-belə, adi, keçici hal deyildir! Təki "elm dağarcığı" kimi görünək! Haradasan, ay "Anamın kitab"ı?! (Mirzə Cəlil)

"Balıq gülüşü"ndə yazıçı nə demək istəyir? Nədir hekayənin başlıca qayəsi? Hekayəyə hansı tərəflərdən (rakurslardan) baxaq? "- Hansı tərəfə baxaq? - Bilmirəm. - Onda baxmağa tərəf çoxdur, deməli". (Kamal Abdulla) Bəli, tərəf çoxdur...

Birincisi, mətndə Mübarizin harada "dayandığını" - dəqiq yerini müəyənləşdirmək istəyirik. O, imitasiya eləmədən öz yerini bizə deyir: Uşağın yanındadır! Guya uşaq öz yaşından əvvəl seksual "aktı" yerinə yetirdiyindən psixoloji cəhətdən zədələnib. Burada heç bir psixoloji zədədən söhbət belə gedə bilməz.  Uşağın "uğuru"na yazıçı da sevinir! İkincisi, istər-istəməz mətn həm də bizi özümüzə göstərir. Oxucu özünə sual verir: Mənim həyatımda da qazanılmış günün siestası olubmu? Və xatırlayır... Olmayıb! Deməli, "bir gündə iki gün" yaşamayıb. Və ya olub! Dodaqlarına təbəssüm qonur... Üçüncüsü, insanın özünün kişi kimi (və ya qadın kimi!) hiss etməsi anı bəlkə də həyatının ən xoşbəxt anıdır! Yazıçı məhz bu an üzərində dayanır! Əvvəla, o, kişidir - anasına kömək edə bilər! O, kişidir - hətta "yoxa çıxan" atasını da əvəz edə bilər! Nəhayət, o, kişidir - yaşıdlarından bir gün artıq yaşayıb! Dördüncüsü, heç nə elə-belə əldə edilmir. Uşaq o aktacan daha nələrdən keçmir? "O, bu günü özü qazanıb, - bu qazancın anasına heç bir xeyri  olmasa da, - özü tapıb. Bu - onun ilk qazancıdı. Deməli, yekəlib o. Böyüyüb!". Beşincisini dahi Eyneşteyn deyəcək: "Bizim dövrün problemi atom bombası deyil. Bizim dövrün problemi insan qəlbidir". Mübariz Örən nəsri insan qəlbinin ən mübhəm gizlinlərindən söhbət açır. Dinlərin - xaçpərəstlik, induizm, islamın, hətta "yolu olmayan yol" adlandırılan daoizmin də ana yolları haradasa insan qəlbindən keçir və kəsişirlər, xəfif bir toxunuşla bir-birilərinə təmas edirlər. Mübarizin nəsri də məhz bu nöqtədən dünyanın ən sivil, avanqard nəsri ilə çulğalaşır, bəşərilik, dünyəvilik qazanır.

Mübarizin "Ağ buludlar" povesti dünya çapında olan bir əsərdir! Niyə? Birincisi, dünya nəsrinin ən modern, avanqard meyilləri burada çarpazlaşıb. İkincisi, mətndə süni montaj (kollaj) yoxdur, hər bir səs, heca, söz, cümlə bir-birini tutur. Üçüncüsü, qeyri-adi dinamizm mətnin ruhuna hopub. Daha doğrusu, bu zahiri dinamizm deyil, yəni mətnə detektivlik çaları gətirmir, personajların iç dünyasında gedən qovğaları müşaiyət edir.

İnsan öz işini tamamlamalıdır; ya bu dünyada, ya da o biri dünyada, fərqi yoxdur. Yesara ("Qar Tanrısı") bizim dünyamızıda olarkən general rütbəli əri və on iki yaşlı qızını tərk edərək çoban Yexiya ilə qaçır. Və haradasa insani anlamda, burdakı günahı da özüylə ora dartıb aparır. Yazıçı "günah" anlamına da başqa aspektdən yanaşır. Gözəlliyin "üstündə" olarkən etdiyin günahın "muzdu"nu gözəlliyini itirib əcaib məxluqa çevriləndən sonra da ödəməli olacaqsan. Həm də mifə dönüşün əzabını yaşayacaqsan! 

"Qar Tanrısı" zahirən ayrı-ayrı mətn konstruksiyalarından hörülmüş kimi görünsə də, bu parçaların bitişdiyi yerlər dil vasitəsilə elə "götürülür" ki, heç bir "zədə" yeri qalmır. İkinci tərəfdən, ilk baxışda bir-birindən aralı düşmüş metoforik nəsnələr - alma, yuxu, Yexiyanın qulağına gələn səs, gözünə görünən teyf əsər boyu hərəkətdə olduğundan və öz yerlərini tez-tez dəyişdiyindən bütövlük effekti yaradır. Bu, hekayə üçün çox vacib məsələdir. Mübariz bunun öhdəsindən çox məharətlə gəlir.

"İlıq" hekayəsində Mübariz Örən elə bir mövzuya toxunub ki, bugünəcən hamının gözündən "yayınıb". Altı-yeddi arvad alanın bəlkə elə bir "dərdi" vardır ki, deyiləsi deyil. Yazıçı deyilməyən dərdi açıqlayıb qoyur ortaya, necə deyərlər, qaşınmayan yerdən qan çıxarır. Burada psixoanalitik eksperimentlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır...

Bütün müqayisə və paralellərdən "qaçaraq" qəti bir əminliklə deyirik: Mübariz Örən çoxəsrlik zəngin ədəbi gələnəklərimizə "toxunub" heç bir dekonstruksiya aparmadan və ya ədəbi düzəni pozmadan dünya sözündən gələn əsintiləri də özümüzünkülərə ustalıqla qatır və mətndən-mətnə "artaraq" (pillədən-pilləyə - yazarın boyartımını göstərən real ədəbi-bədii-psixoloji nərdivanla) daha qabarıq görünməkdədir...

Mübariz Örən çoxqatlı, dərin prozaik düşüncəyə malikdir. Onun hər bir mətni ayrıca təhlil istəyir. "Balıq gülüşü" kitabının ədəbi cameəmizdə resonans doğurması sevindirici oldu. Amma bütün başqa işlərimiz kimi bu da mövsümi xarakter daşıdı. Kitab dilimizin və nəsrimizin hansı potensialda olmasını sübutlayır. Biz kitabı çox rahat şəkildə - xatircəmliklə dünyaya təqdim edib deyə bilərik: Buyurun, bu da sizin şübhə və tərəddüdlərlə yanaşdığınız çağdaş Azərbaycan nəsri! Amma eləmirik. "Özfəaliyyət" yenə öz işini görməkdədir - fərdi şəkildə başqa dillərə çevrilmiş əksər mətnlər dünya nəsri şkalasından çox aşağıdırlar. Biz balıqları özümüzə güldürürük, amma başqa aspektdən...

 

 

Ülvi Babasoy

Moda və ədəbiyyatın zərifliyi

Həmişə düşünmüşəm ki, ədəbiyyat moda sənəti kimi zövq işidir. Hər ikisi gözəllik duyumu yaradır. Moda zövqsüzlüyə qarşı reaksiyadır. Bədii əsərlər də bayağılıq və faniliyə qarşı söz və ifadə ilə münasibətdir. Mübariz Örənin "Balıq gülüşü" kitabı da dəb halını almış, ancaq sənətə çevrilə bilməyən "bədii mətn" yazmaq sindromuna etik və estetik reaksiyadır. Estetik miqyasda etirazdır bu. Ucuz yazı və imitasiyalardan doğmur. Sənətin təqdimatında konkretləşir.

"Balıq gülüşü" kitabında hekayələr və "Ağ buludlar" romanı (çünki roman janrının tələblərinə uyğundur. Fərqli dövr və zamanları vahid estetik çətir altına yığa bilmək roman janrında mümkündür. Günah kompleksi və ondan xilas olmaq istəyən insanın ekzistensial vəziyyəti ata və oğulun həyatı fonunda canlandırılır) fərqli estetik görüşləri təmsil edən ədəbiyyat adamlarında maraq oyatdı. Bu əsərlər hələ kitab kimi çap edilməmişdən əvvəl də təhlil və analiz çərçivələrini aşan resenziyalar  qələmə alındı. Obrazlı, təşbeh və epitetlərlə dolu heyranlıq yazıları. Əslində isə Mübarizin hekayələri ədəbi tənqidə cəlb edilməsi lazım olan, heyranlıq və tərifdən uzaq ağıllı söhbətlərə rəvac verən mətnlərdir. Bu tip yazılar azlıq təşkil edir. Bu gün xaric. "Ədəbiyyat qəzeti"nin bu missiyanı üzərinə götürməsi təqdirəlayiqdir.

Kitabda "Qar tanrısı", "Balıq gülüşü", "Skayp" hekayələri və "Ağ buludlar" romanı daha uğurlu əsərlərdir. Çünki bu mətnlərdə təzə yanaşma və dil nəzərə çarpır.  Digər hekayələrin məna və struktur estetikası qüsurludur. Yeni söz demir. Azərbaycan ədəbiyyatı 40-50 ildir ki, bu cür yazı tərzləri  ilə tanışdır.  "İlıq" hekayəsi nisbətən fərqlənir. "Qar tanrısı", "Balıq gülüşü", "Skayp" hekayələri və "Ağ buludlar" romanında yeni üslub yaranır. Mübarizin dili dinamik və temperamenti yüksək bir funksiya sərgiləyir. 

Hekayələri ortaq nöqtədə birləşdirən məqam zamana olan etirazdır. Necə ki, bədii əsərlər alternativ bir dünya və zaman yaratmaq zərurətindən doğulur. Eləcə də Mübariz Örən hekayələrində qəhrəmanlar əldən çıxan uşaqlıq, gənclik və məsum xatirələrlə çarpışırlar.  Kəsəsi, zamanla. Bəzən isə başa gələn acı bir hadisə və qismətə etiraz axına qarşı üzənlərin melodramasını yaradır.  "Qar tanrısı"  və "Ağ yel" hekayələrinin qəhrəmanları ötüb keçən zamana düşməndir. Niyə? Çünki… Çünki "Qar tanrısı" hekayəsində Yexiya qocalıb əldən düşüb. Xatirələr isə əl çəkmir. Ancaq heç özünə də tam olaraq aydın deyil ki, zirvəni fəth edib, ya yox. Edib. Yexiyanin zirvəsi qadın ürəyidir. İllər əvvəl ona qoşulub qaçan generalın gənc və gözəl arvadı Yesaranın sevgisi Yexiyanın "Elbrus"udur. Əks halda zirvəyə çıxmaq bir işə yaramır. Elbrusa çıxmaq haqqında xəbərlər çardan bəxşiş alan məmurlara lazımdır. Durbini əldən vermirlər. Ona görə ki, heç kim zirvəyə ayaq basmayıb.

"Ağ yel"də atalı atasız olan Vaqifin yaddaşında sevdiyi qız və aldığı travmalar qalıb. Lazımsız əşyaların taleyi düşündürür onu. Çünki insan dəyərsizləşəndə və ya ona dəyər verilməyəndə yaxşı və pisin sərhədləri itir. Lazımsız, istifadə müddəti keçən əşyaya çevrilir.  Necə ki, ədəbi mühitdə də mətnlər dəyərini almayanda meyarsızlıq yaranır. Bax, elə. Vaqif atalı yetim olmağın nisgilini yaşayır. Qəhər boğazına düyünlənir həmişə. Onun ömrü ağ yellə  sovrulub gedir. Gənclik xatirəyə qovuşur. Zaman və taleyə etiraz etməmək əlində deyil.

"Balıq gülüşü" hekayəsi adının əksinə itirilmiş bir vaxtın, günün siestasıdır. "Skayp" "high tech" (yüksək texnologiya) dövrünün insanına daxilə, içə çəkilməyin estetikasını xatırladır. Kökdən, mahiyyətdən uzaqlaşmaq, yadlaşma sindromu bir kəndin içinə yığılır. Makrodan mikroya keçid baş verir. Əslində isə mikro aləm makrodan təsirli və effektivdir. Maraqlı "Skayp" əhvalatı əyləncəli oyun estetikası üzərində qurulub. Eyvaz kişi və İsmayıl (İsti) babanın torpağa bağlılığı dövrün kənd sakinləri üçün maraqlı deyil. Dəyərlərin aşınması Eyvaz kişini əqidəsindən döndərmir. Arzuladığı kimi yaşayır, ölür və dəfn edilir.

"Ağ buludlar" romanı kölgə arxetiplərini eramızdan əvvəl, hətta Habil və Qabil zamanından müasir həyata transformasiya edir. Romanda kölgə arxetipi və onun bədii həlli zamanla diaxron əlaqə yaradır. 

"Balıq gülüşü" kitabı itirilimiş zaman və ömürləri mənalandırır. İşıqlı və qaranlıq yönləri, onu addım-addım izləyən sevinc və kədər estetik miqyasda özünü doğruldur. Oxucuya ədəbi əsərin energetikası ötürülür. Moda sənəti fizioloji quruluş və simmetriyanın harmoniyası deyil. İnsanın oxuduğu kitab, izlədiyi film, tamaşa və dinlədiyi musiqidir də. Ruh və cismin uzlaşması ən çox bədii əsərlə, sözlə mümkündür. "Balıq gülüşü" müəllifin ilk kitabı kimi bu missiyanı yerinə yetirə bilir. Maraq doğurur. Forma, struktur estetikası Qərb ədəbiyyatında sınaqdan keçirilmişdir. Yeni deyil. Məzmun, ifadə üsulları uğurludur. Gələcək barədə iddialı  və ümidvericidir. Mübariz bu məqamda haqlıdır: "Balıq gülüşü" kitabı əldə edilmiş, qazanılmış gün və günləri romantizə edir. Zamanın dəbini tənzimləyən moda və alternativ həyat yaradan ədəbiyyatda itirilmiş gün yoxdur. Qazanılmış və dalğa impulsları ilə efirə yayılan fikir və duyğular var. Ancaq modadan fərqli olaraq ədəbiyyat gündəlik hadisə deyil, daima təzə və zərifdir.

Hazırladı: Samirə Əşrəf


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!