Çingiz Əlioğlu şeiri: Dilin magik təcrübəsi - Rüstəm KAMAL - Rüstəm KAMAL

Rüstəm KAMAL

XX əsr Azərbaycan avanqard şeirinin görkəmli nümayəndəsi Çingiz Əlioğlunun sənətinə doğru neçə illərdir ki, yol gəlirəm. Hər görüşümüzdə şeirlərindən danışırdım, şeirlərini yozurdum. Hər dəfə dediklərimi yazmadığıma görə təəssüflənirdim…

Heç kimə sirr deyil ki, Çingiz Əlioğlunun dili səs simvolizmi deyilən fenomen ilə sıx bağlıdır. Bu poeziyanın özəlliyi mətnlərin akustik xarakterindən gəlir. Səs simvolizmi ayrı-ayrı səslərin, səs birləşmələrinin mistik mənalandırılması deməkdir.

O, dildən gələn və təbiətdə eşitdiyini içinə yığıb oxuyur. Andrey Belıy yazırdı ki, məhz insanın "içinin oxuması" ritmin əsasıdır. Ritm içimizdəki intonasiyadır.

Ç.Əlioğlunun şeirləri özünəməxsus melodik-akustik struktura malikdir, bu onun poetik gücüdür. Bu güc bilavasitə konkret leksik mənalardan deyil, səsin və ritmin strukturunda gizlənmiş mənalardan gəlir. Bu, magik şeirin texnologiyasıdır.

Yaxası yuxa yuxu yaxılı

Bu yaxın meydan

Heç buraxmır yaxamı.

Bu şeirlər ovsun-şaman mətnləri kimi mütləq səslənməli, tələffüz edilməlidir. Məhz tələffüz olunan mətn təsir gücünə malik olur.

Onun poeziyası iç (səs) yaddaşının təcrübəsi kimi yaranır. Bu, xüsusi düşüncə və yazı tipidir. Bunu daha bir yazıçıda Çingiz Əlioğlunun nəsrdəki adaşı Çingiz Hüseynovda müşahidə etmişəm. Fikrimizin dəlil-sübutu üçün Ç.Hüseynovun "Fətəli fəthi" romanının rus variantından bir parçanı vermək zorundayıq:  "Kak tut ne podivitsya fortelyam fortunı? Da, da, vısoçayşie verşinı farsa! Qluboçayşie propasti fariseystva, lipkoe mesivo frazerstva! /Efemernıe triumfı! Fuzeynaya palba! Kak fatumnıx fanatikov osporit? fimiamı, kak oblaçko, fuff!".

İndi isə Ç.Əlioğlundan bir örnəyə diqqət yetirək:

Hayla, halay vurub axsın harayla,

Yarğanları yarıb çaxsın sırayla!

Yağıların yağlı başın yaralım,

Qafdan aşıb qafasını çapalım!

Onun bədii, sətri tərcümələrinə də bu təfəkkür tipi yansımışdır. Bu təsir onun tərcümələrini orijinal poeziyasının bir hissəsinə çevirir:

O vaxt ki, məhv edib əlyazmasını

Yaddaşda yaxşıca həkk edirsən.

Hər cür zəhlətökən izahdan uzaq

Sirli zülmətdəki yekcins ziyanı.

(O.Mandelştamdan)

"O ötürdü ki, ilham övladı, ötürdü şəstlə şöhrət aşiqi xalqın eşq dolu ağuşunda!"

(Y.Baratınskidən)

Şeirlərin adında da səsin magiyasından yararlanır. Məsələn: "Qarğa və qırğı", "Azman ozan", "Ramana romanı" və s.

Təkrir Ç.Əlioğlu poetikasının mühim hissəsini təşkil edir. Belə demək mümkünsə, səs, söz təkrirləri onun qrammatikasını əsaslandırır. Təkrir onun çox inandığı və güvəndiyi, şeirin fəlsəfəsini şərtləndirən poetik fiqurdur.

Sözün ritmik təkrarlanması sözün və səsin (beytdə, bənddə) əhatəsini müəyyənləşdirməyə imkan verir. Təkrir sözün məna çalarlarının çoxalmasına səbəb olur:

Yasəmən çətiri ətirli gecə

Çiçəklər minlərlə canlı kəpənək

Yasəmən çətiri çərpələng təkin

İndicə göylərə qalxıb gedəcək.

Şair səsin hava (iqlim) mahiyyətli olmasına inanır. Səsin hava-mövsüm mahiyyəti ilə ovqat eyniləşir.

Ağarır toranda bir səsin çəni

Unutma məni... unutma məni.

Başqa bir şeirində səslərin rəngi (xəzəl, xəzan, xəzri, zökəm) və təkrarlar (azar günü, bazar günü, bezar günü, əzan günü) insanda payız ovqatının obrazını yaradır.

Bu gün yenə bazar günü

                        xəzri üzür xəzan xəzəlini

yenə susur zəngin azar günü zökəm telefon

xəzəllərin xəzridən bezar günü bazar günü

əzan günü bər-bəzəkli zənginlərin gəzən günü.

Müsahibələrinin birində oxumuşdum: "Söz özü bizi seçir". Şairin hara, yaxud haraya qədər gedə biləcəyini ancaq söz müəyyənləşdirir. Onun sözü oxuması münəccimin ulduzları oxuması kimidir:

"Ayaq"ı tərsinə oxudum

Gördüm "qaya"dır.

Elədir, düşündüm,

ömrüm boyu

hara ayaq qoydum

önümü qaya kəsdi.

Çingiz Əlioğlu şeirlərinin süjet təşkilində, folklorşünaslıq termini ilə desək, kumulyativ prinsip işləyir. (Kumulyasiya mifopoetik təfəkkürün xüsusiyyətlərindən biridir, yəni öz aralarında əlaqəsi olmayan vahidlərin bir məna məkanında düzənlənməsidir.) Bir söz o biri sözün "boynunu" görür, bir səs o biri səsi eşidir, dalınca çəkib gətirir:

Tər sinələr tərsanəsində

tıncıxan nəfəslə

təp tökən

tərsa əslimdir.

Göründüyü kimi, akustika sözləri dəyişdirir, şeirlərin plastikasını, ritmini yaradır. Sözlər sanki pöhrələyir, cücərir. Məhz akustika "ölü", unudulmuş, arxaik sözləri poetik dilin canlı havasına qaytarır:

Əngini ayırıb ləvənd kintolar

Həsədlə onların ardınca baxır.

 

Və ya:

 

Dənəvər-dənəvər

mələz ulduzlar

səpiləcək səmaya

 

O, dilin arxeoloqudur. Dilin təməli olan sirli "mənaları-səsləri" aşkarlamaqla, yenidən səsləndirməklə məşğuldur. Hind mantralarında, island saqalarında, Dədə Qorqud şeirlərində, ovsun mətnlərində, Velimir Xlebnikovun poetik təcrübələrində geniş vüsət almış bu ənənə Azərbaycan şeirinin Çingiz Əlioğlu səhifəsində öz maraqlı ifadəsini tapır:

Dişimlə-dırnağımla

eşdim dilin təməlini

qələmimlə xışladım.

Onun bu sahədə işlərini çağdaş rus poeziyasının tanınmış nümayənədəsi Viktor Sosnora ilə müqayisə etmək olar.

Şeirlərdə hər sətrin öz alliterasiya "müstəqilliyi" olur. Bu "müstəqil" alliterasiya vahidləri birləşib mətn bütövluyü yaradanda dilin magik təsirini hiss edirsən.

...Dağların bağrını dağım dağlayır

Güllər gülüşümü alıb apardı.

 

Əl verib əl tutan əllə əlləşir,

Dil açıb dilənən dinməz dilləşir.

Peşində durduğum pişik olub şir

Başına çəkdiyim əli qopardı.

Şeirlərdə hər bir söz sanki bir işarədir, ieroqlifdir. Şair insan ömrünü, adın mifologiyasını, şəhər mənzərəsini ieroqliflər kimi oxuyur:

Sonra da itlərin avtosammiti

Avtoşlar obaşdan fitilləyirdi.

O fətir sifətli müfəttişlərsə...

Hardasa itmişdi, gözə dəymirdi.

Onun poetik lüğətində yəhərdən yeyilmiş at belinə oxşayan köhnə folklor epitetlərindən əsər-əlamət yoxdur. Onda kosmoqonik akt baş verir - hər epitet, təşbeh obrazı yenidən yaradır.

Onun şeirlərində epitetlərin sıralanmasına baxın. Epitet sadəcə üslub vasitəsi deyil, poetik hadisəyə çevrilir. Sözlərin gözlənilməz konbinasiyası, bir-birinə assosiativ keçidi obrazları görümlü edir. Ç.Əlioğlu o şairlərdəndir ki, epitet bir başa metaforik effektə işləyir: "Çəlpəşik ömrümün ipini çözdüm".

Çingiz Əlioğlu hadisənin, əşyanın, konkret və ya mücərrəd varlığın mahiyyətini açmaq üçün epitetləri də "akustik koda" qoşur:

Bayağı güzəranın

olar-olmaz tələblərinə

təpərsiz tənin təslimdi.

Çingiz Əlioğlunun dünyasında mifoloji eyniləşdirmə prinsipi o qədər dərinə işləyib ki, az qala hər bir detal və obraz metaforik metamorfozaya (çerilməyə) məruz qalır:

Nənəm kimisən

İçərişəhər

Yan-yörəndən yüksələn

Yeni məhəllələr

Ətəyindən yapışmış

nəvələrindir.

Çingiz Əlioğlnunun qəribə, poetik ölçü-biçim meyarları var. Adətən, epitet enerjisi ilə yüklənmiş ölçü meyarları zərifliyin göstəricisidir, mənsub olduqları nəsnələrin mahiyyətinin gözlənilməz ifadəsidir.

Bir çırtdağ sevinc də at üstünə

Qoy alışsın.

 

Yaxud:

 

Bir qurtum şaxta hava

Qurudur qırtlaqları.

 

Ç.Əlioğlu bütün əşyaları, nəsnələri, canlıları, obrazları ayrıca bir məkanın daxilində, içində verməyi sevir. Hər şey həndəsi fiqurun (çərçivə, kub) içində olur.

Şeirləri də həmin həndəsi məntiqə tabedir: səsləri, rəncləri mətndə bir çərçivəyə yığır, bir ideya məxrəcinə gətirir:

Heç nə xatırlamıram.

Yadımda qalan boz rəngli

Nəhəng bir fəzadır

bir də ki,

bu fəzanı dolduran

tanış sifətlər, üzlər.

 

Yaxud:

 

Bilqeyis nənəmin

Cehizlik sandığında

bir əlçim çəmən

saxlancı vardı.

Şairin lüğətində "dağılmaq, səpilmək" feillərinin üstünülyü diqqət çəkəndir, sanki hər bir şeir "səpələnmiş" obrazları bir foksa yığmaq üçündür:

Süd dolu badya kimi

Dağılıbdır Ay

Üstünə qaranlığın.

 

Yaxud:

 

Küncüt kimi dağılıb

İndi hərə bir kincə.

 

ya da

 

Dənəvər-dənəvər

mələz ulduzlar

səpiləcək səmaya. 

Yaxud:

 

O qarışqa yuvası

metrolara təpilib

görəcəyəm gündüz də

göyə ulduz səpilib.

Həndəsə effekti obyektin (çiçəyin, işığın, sandığın və s.) yerini dəqiq müəyyənləşdirir. Onun təhtəlşüurunda künc obrazının çox aktual durması da bu üzdəndir. Məsələn: "Beşkünc balaca bir otaq".

Başqa bir örnək gətirək:

Yaxşı yadımdadır

Dibdə, bir küncdə

Beşləçək çiçək

Açan yasəmən

Kolu saxlardı.

Ç.Əlioğlu poeziyasının bir özəlliyi də ondadır ki, akustik kod özüylə bərabər vizual kodu gücləndirir. Şairin iç (səs) təcrübəsi obrazı görməyə imkan verir. Səmimiyyətlə deyirəm: Tiflisin ən koloritli, yadda qalan obrazını Ç.Əlioğlu yazıbdır.

Tərifə sığmayan, türfə gözəllər

Trüfel ötürür lokantalarda.

Aralarında vifliyemli

Aşkenazilər də var.

Yeri gəlmişkən, Ç.Əlioğlunun rəssamlarla, heykəltəraşlarla, qrafiklərlə asan "dil tapa bilməsi", bu sənət sahibləri ilə ortaq dünyagörüşü və bədii zövqü paylaşması onun avanqardizmini şərtləndirən amillərdəndir.

Avanqard həmişə arxaikanı dirildir. Təsadüfi deyil ki, bu gün filoloqlar futuristləri XVIII əsrin mürəkkəb poeziyası ilə əlaqələndirirlər.

Avanqard daha qədim, tarixəqədərki mənaları dirçəldir. Bu baxımdan Velimir Xlebnikovun yaradıcılığı üçün ( elə Rusiya üçün də!) səciyyəvi olan bütpərəstlik mövzusu fikrimizin təsdiqi ola bilər.

Ç.Əlioğlu avanqardizm poetikasının bir sıra kodlarından (fonika, qrafika, numerologiya və s.), xüsusən tipoqrafikadan məharətlə istifadə edir. "Çərçivə" kitabı bunun parlaq örnəyidir - Azərbaycan şeirinin vizual kitabıdır.

Təəssüf ki, Avropada (xüsusən Fransada) geniş yayılmış bu ənənə - şairin memarla, rəssamla dostluğu, birgə yaradıcılıq axtarışları Azərbaycanda çox zəifdir. Fransada (E.Manedən başlayaraq) şairlər öz rəssam dostlarının sərgi kataloqlarına ön sözü yazırlar. Rəssamlar da şair dostlarının kitabları üzərində işləyirlər. Müasir modernizmin bu "qarşılıqlı əlaqə" prinsipi Azərbaycanda yalnız Çingiz Əlioğlunda işləyir.

Çingiz Əlioğlu kitablarına, şeir və poemalarına başlıq seçmə mədəniyyəti ilə fərqlənir. Bu, bir tərəfdən şairin mövzu repertuarının genişliyindən və yüksək zövqündən gəlirsə, digər tərəfdən istənilən mövzunu modern poeziyasının malı etmək istedadından gəlir. Mövzuların rəngarəngliyi onun mədəniyyətlərin, dillərin dialoqunda özünü rahat hiss etməsi ilə əlaqədardır. Böyük rus ədəbiyyatşünası M.Baxtin deyirdi ki, yad mədəniyyəti bilməyən öz mədəniyyətinə də qayıda bilməz.

Ustad Çingiz Əlioğlu dünya poeziyasını mükəmməl bilsə də, nəfəsi, ruhu həmişə milli, qədim poeziyamızın köklərinə bağlıdır. Onun poezyiası bizi dilimizin mistik mənalar dünyasına qaytarır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!