Bütün yazılarım duadır mənim... - - Gənc nasirlərimiz haqda qeydlər

Əsəd Cahangirin analizi

Ən son dönəm şeirimizdə yer alan mövzular gənc nasirlərin də yazılarında öz əksini tapır.  Yetmiş illik yasaqdan sonra axır ki, qutsal səmavi kitabların dilimizə çevrilməsi və ardıcıl nəşri, dünya ədəbiyyatı və incəsənəti qapılarının üzümzə açılması 90-cı illərdən sonra formalaşan ədəbi gəncliyin dini-tarixi mövzulara yönəlməsi üçün ciddi özül hazırlayıb. Zərdüşt Şəfinin "Nuhun doğulması", Mirmehdi Ağaoğlunun "Nuhun xarratı", Müşfiq Şükürlünün "Dülgərin qövmü" hekayələri də bu əsasda meydana çıxıb. Ayrı-ayrı müəlliflər tərəfindən yazılmasına baxmayaraq, "Nuhun doğulması" və "Nuhun xarratı" mövzu etibarlə biri digərinin davamı, hansısa dilogiyanın hissələri təsiri bağışlayır. Gənclərin onlarla peyğəmbər arasından məhz Nuh mövzusuna ardıcıl müraciətləri təsadüfi deyil. Onlar yaşadıqları tufanlı dönəmlə Nuh tufanı arasında bir bənzəyiş görür, dini-tarixi mövzuyla çağdaşlıq haqqında söz demək istəyirlər.

Zərdüştün hekayəsi animistik ruhuyla ünlü gürcü yazarı Qoderzi Çoxelinin hekayələrini, özəlliklə də, "Küknarlara məktub"u yada salır. Zərdüşt təbiətə şüurlu güc kimi baxır və bu, mətnə özəl mifoloji ton verir. Hekayənin fabulasında meşə adamla odunçu qızı arasındakı faciəli sevgi durur. İnsanların nadanlığı meşə adamın ölümünə səbəb olsa da, qız bətnində onun körpəsini daşıyır. Bu körpə gələcək peyğəmbər Nuhun özüdür.  Muəllifin fikrincə, Nuh tufanı insanların təbiəti və bir-birini anlamaması sonucunda baş verib. Bu problemin tarixi qatıdır. Çağdaş insanın mənəvi durumu əski çağ adamından köklü surətdə fərqlənmir və deməli, yeni tufan gözlənilir. Bu isə problemin çağdaş yönüdür. Təəssüf ki, Zərdüşt dünyasını çox erkən, yaradıcılığının başlanğıc dönəmində dəyişdi və təkcə elə "Nuhun doğulması" göstərir ki, onun şəxsində nəsrimiz necə bir istedadı  itirib. Ruhu şad olsun!

M.Ağaoğlunun "Nuhun xarratı" hekayəsi artıq tufan başlandığı gündən söz açır. Zərdüşt kimi Mirmehdi də tufan olayının baş qəhrəmanı Nuhu öz hekayəsinə qəhrəman seçmir. O, peyğəmbəri nə özü görür, nə də bizə göstərir. Bu, bədii mətnin ilahi mətndən birinci fərqidir. Mirmehdinin qəhrəmanı qutsal kitaba düşməyən adi bir anturaj - Nuhun gəmisinin xarratı Memesodur. Xarrat peyğəmbərin öncəgörənliyinə inanmır (?!) və sonucda özü tufandan təsadüfən xilas olsa da, ailəsinin məhvinə səbəb olur. Müəllifin fikrincə, yaxşılar tufanda qərq olub, tufandan sonrakılar əksərən Memeso kimi uzunqulaqlardır.

Bədii məntiq burda ilahi məntiqdən nəinki fərqlənir, hətta ona qarşı çıxır. Ola bilərmi iman gətirənlər tufanda qərq olsun, gətirməyənlər isə təsadüfən xilas olsun? Axı Allah öz Kitabında əksini deyir. Allah olan yerdə  ümumən təsadüfə yer varmı? Mirmehdinin məqsədi dini inancın təlqini deyil, amma onu birbaşa inkar da eləmir. O, çağdaş mənəvi-əxlaqi sorunların ən dərin kökünə getməyə çalışır, istəyir desin ki, bu dünya binası özülündən xarabdır, yəni "Süleymandan, Nuhdan qalan dünyadır".  Dini mövzu isə müəllifə sadəcə bədii üsul kimi lazımdır, yəni Mirmehdi bu hekayədə də özünün həmişəki postmodern qeyri-müəyyənlik ampluasındadır. Bu cür yanaşmadan sonra Nuh onu yəqin ki, öz gəmisinə götürməzdi. Qoy olsun, bunun əvəzinə çağdaş nəsr  tufanında ədəbiyyat onu söz gəmisinə götürüb.

Zərdüşt mifə, Mirmehdi "Bibliya"ya üz tuturdusa, M.Şükürlü sonuncu səmavi kitaba -  Qurani-Kərimə müraciət edir. Onun hekayəsinin qəhrəmanı dülgər Həbib Nəccar haqqında Quranın qəlbi sayılan "Yasin" surəsi söz açır: "Şəhərin ən ucqar tərəfindən bir kişi çaparaq gəlib dedi: "Ey qövmüm! Elçilərə tabe olun!" Dülgər Allahın elçilərini öldürmək istəyən Antakiya şəhəri sakinlərini haqqa dəvət edir və bu alicənab hərəkətinin bədəlini öz həyatı ilə ödəyir - hiddətlənmiş kütlə onu daşqalaq edir.

Müşfiqin hekayəsi ilə dini süjet arasında elə bir önəmli fərq yoxdur. Yazıçının olaya yanaşması da qutsal kitabın hökmlərindən kənara çıxmır. Bəs, onda bu hekayə nə üçün yazılıb? Sadəcə, "Yasin" oxumaq üçünmü? Axı bundan ötrü din xadimləri var. Görünür, Müşfiq öz ömrünün dinlər tarixi dönəmindədir  və onun İntibahı hələ qabaqdadır.

Amma "Dülgərin qövmü"nün ilginc bir yönü var - müəllif əski çağların ruhunu canlandıra bilir. Hekayənin ilk cümlələrindən hiss edirsən ki, elektrik işığı düşməyən, maşın-dəzgah səsləri eşidilməyən, əldən-ayaqdan uzaq, qu desən, qulaq tutulan bir məkana, nəsə özəl ruhi-psixoloji havaya düşmüsən. Bütün varlığı ilə haqq axtaran mömin bir qocanın ruhundan süzülüb gələn bu hava hekayəni başdan-ayağa qədər bürüyür. Düzdür, üslub məsələsində gənc yazıçıya Saramaqonun "İsanın İncili" romanının ciddi təsiri duyulur. Amma belə gənc yaşda Saramaqo kimi mürəkkəb üsluba malik yazıçıdan təsirlənmək özü də bacarıq istəyir. Bir sözlə, Müşfiq özünün timsalında nəsrimizə yeni üslub və dünyagörüşünə malik bir imzanın gəlişinə məni inandıra bildi. Onun imzasını siz də yadda saxlayın.

Günel Eyvazlının qədim Misir tarixindən söz açan "Tutenxatun" hekayəsinin fabulası ilginc, hətta ağlasığmaz bir olay üstündə qurulub. Firon Exnaton övladının qız doğulduğunu qoca kahindən başqa hamıdan gizlədir və onu oğlan kimi böyüdür ki, gələcəkdə taxta çıxsın. Exnatonun ölümündən sonra onun "oğlu"  Tuten Xamon adıyla taxta çıxsa da, Amenton adlı bir gəncə vurulur və qoca kahin sirrin açılmasından qorxub onu zəhərləyir.

Hekayənin ən ümumi ruhunda gizli bir feminizm var,  lakin bu, Günelin əsas məqsədi deyil. O, məhəbbəti din, hakimiyyət və kasta quruluşuna qarşı qoyur və üstünlüyü birinciyə verir. Hekayənin başlıca ideyası insan və onun sevgisidir. Düzdür, Günelin tarixi kolorit, yaxud psixoloji iqlim yaratmaqda bacarığı hələ gəlişməlidir. Amma əvəzində o, orijinal mövzu, maraqlı süjet, şairanə-metaforik dil, aydın ideyaya malik heakyə yazıb.

Mətləb Muxtarovun "Araba sahibindən satılıqdır" hekayəsinin istər zaman, istərsə də məkanı məlumdur - 90-cı illər,  Bakı. Hekayə tarix müəllimi olan bir türkün öz ailəsi ilə Azərbaycana gəlməsi, bir müddət burda işləməsi, amma saxtakarlıq etmədiyi üçün məktəbdəkilərlə düz gəlməyib, yenidən Türkiyəyə qayıtmasından danışır. Əksər yerli adamların türkə və onun ailəsinə soyuq yanaşmasına, məhəllə uşaqlarının türkün oğlunu döyməsinə baxmayaraq, onlar "yadelli" tarix müəllimindən üç önəmli şey öyrənirlər - dinə, milli dilə və milli tarixə sayqı. Hekayə ateizm və sosializmdən yeni mənəvi və siyasi duruma keçidimizdən,  dini və milli köklərimizə qayıdışımızdan sadəlövh uşaq təsəvvürü ilə danışır. Çünki o illərdə həm müəllif, həm də müstəqilliymiz öz uşaqlığını yaşayırdı. Olayın uşaq dilindən nəqli, özəlliklə də, türkün oğlunu döymüş məhəllə uşaqlarının dərin peşmançılığı hekayəyə kövrək, səmimi hava gətirir. Lakin bu kövrəklik heç yerdə primitiv, bayağı sentimentalzimə çevrilmir. Məncə, bu hekayədə Mətləbin ən böyük uğuru elə budur - insan duyğularındakı kübar zərifliyini həssaslıqla verə bilmək.

Əgər Mətləbin hekayəsi keçid dövrü adamının mənəvi problemlərinə güzgü tutursa,Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi" və Vüsal Oğuzun "Nisyə" hekayəsi keçid dövrü adamının güzəran sorunları və bundan doğan mənəvi ağrılarından danışır. Cavidin hekayəsi poetik nəsr örnəyidir, Vüsalın hekayəsi isə heç bir şeiriyyətə yer qoymayan sərt, amansız gerçəkliyi əks etdirir. Cavidin hekayəsi "nikbin" finalla bitir - İbrahim müəllim itmiş zənn etdiyi pullarını "tapır". Vüsalın hekayəsi isə faciəvi sonluqla tamamlanır - Şahin mağazaya olan borcunu ödəyə bilmədiyi üçün ürək tutmasından ölür.

Hər iki gənc İsa Muğanna və Sabir Əhmədli ilə başlayan milli realist-psixoloji nəsr gələnəyi üstündə formalaşır. Bu söz ilk öncə daha yetkin üslub və dili ilə seçilən Cavidə aiddir. Onun hekayəsinin sıxılmış yay kimi gərgin daxili dramatizmi, psixodinamikası var. İtkiyə uğradığını düşünən qəhrəmanın fikirləri öncə bir yay kimi son həddəcən yığılır, sonra yavaş-yavaş açılır və oxucu söhbətin bitdiyini düşünür, amma finaldakı qəfil "partlayış" aldandığını ona başa salır.  Beləliklə, hekayədə açılış iki dəfə gedir. Qəhrəman öz itiyini bu itki ilə daxilən barışandan sonra tapır. Problem öncə insanın daxilində psixoloji həllini, sonra isə zahiri olaylarda gerçək çözümünü tapır. Yəni Cavid Flober süjeti ilə Mopassan finalını birləşdirir. Məhz bu novella finalı gənc nasiri realist-psixoloji nəsrimizin  floberlərindən ayırır.

Bununla belə, Caviddə bəzən dilə, üsluba aludəlik duyulur. Məncə, ən yaxşısı odur ki,  nasirin apardığı dil əməliyyatlarını oxucu hiss etməsin, bizim üçün həyatda ən zəruri şeyin - udduğumuz havanın fərqində olmadığımız kimi. Hava kimi üslub da çatışmayanda hiss olunmalıdır. Cavidin hekayəsinin dili bəzi yerlərdə qədərindən artıq "şairanə" görünür və buna uyğun olaraq təhkiyənin ürək döyüntüləri normanı aşır.  Əslində, bu sözlər tənqid yox, tərifdir. Demək, Cavid yazmağı artıq bacarır, indi isə pozmağı öyrənməlidir.

Vüsal əksinə hələ yazmağı öyrənmək dönəmindədir. Onun hissləri hərdən cümlələrinə sığmır, elə bil kiminsə əyninə ölçüsündən kiçik paltar geydirirsən. Buna baxmayaraq, "Nisyə"nin sərt psixoloji iqlimi, aktual teması, özəlliklə də, oxucunu sillə kimi tutan finalı onun müəllifi haqqında sözlərimizin nisyə olmadığını göstərir.

Milli nəsrimizin inkişafını bir ağaca bənzətsək, hər iki gənc o ağacın yana ayrılan budaqları yox, gövdəsində, yəni ana xəttin üstündə qərarlaşırlar. Mən bununla Cavid və Vüsala kifayət qədər ciddi status verdiyimi bilirəm, amma onların boynuna elə bir o qədər məsuliyyət qoyduğumun da fərqindəyəm.

Əgər yeni nəsil nasirlərin Mendeleyev sistemini yaratsaq, Cavid və Vüsala ən yaxın xanaya "Tanımal Mustafa" hekayəsinin müəllifi İkinci Mahmudun adını yazmaq lazım gələrdi. Mahmudun hekayəsi təkcə ilginc bir olay yox, həm də xarakter üstündə qurulub. Hekayənin hətta saymağı belə bacarmayan qəhrəmanı Mustafa kişinin qəribə bir qabiliyyəti var - divara baxıb sahibini, uşağa baxıb babasını tanıyır, yəni Tanımaldır. Bu xalq genetiki qeyri-adi qabiliyyətinə görə mahalda hörmət qazanır, bir çox oğurluq hadisələrinin açılmasına kömək edir. Amma  onun zinadan doğulanların əsl valideynini təyin etməsi adamları çaşbaş salır. Onlar həqiqəti eşitmək istəmir, üstəlik də Mustafanı qocalıb ağlını itirməkdə suçlayırlar. Buna dözməyən qoca dünyasını dəyişir və həqiqətləri özüylə qəbrə aparır.

Mahmud dil-üslub baxımından yetkindir, problem qoyub onu həll etməyi bacarır, oxunaqlıdır. Bununla, belə "Tanımal Mustafa"da olduğu kimi, gah 80-ci illər mövzularına üz tutur, gah da fantastikaya sıçrayaraq, "Ubermenşagen" hekayəsini yazır. Hər iki halda da müasirlik pərdəsindən bir az kənara çıxır, bir az xaric səslənir. Çünki söhbət realist nəsrdən gedəndə sənətin nəbzi bu iki əks qütb arasında döyünür və istedadın bir əlaməti də bu nəbzi tutmaqdır. İnanıram ki, Mahmud sağa-sola dartınmalardan qurtarıb, zamanla ortaq dil tapacaq. Çünki zənnimcə, o, nəsrə iddialı bir neçə istedadlı cavandan biridir.

Həyatın nəbzi məsələsini daha çox "Berta" hekayəsinin müəllifi Günel Xəzələ və "Heçliyin əfsanəsi" hekayəsinin müəllifi Svetlana Turana şamil etmək olar. Hər iki xanımın səlis dili, cəlbedici təhkiyəsi var. Hər ikisinin hekayəsi maraqlı olaylar üstündə qurulub. Amma bu olayların, xüsusən də Günelin hekayəsinin çağdaş Azərbaycan insanının həyatına dəxli varmı?

Günel bizə batı ölkələrindən birində baş verən ailə-məişət intriqasından danışır. Qulluqçusu Bertaya zülm edən xanım Elza müflisləşərək, axırda özünün keçmiş qulluqçusundan asılı duruma düşür. Aşına nə tökürsə, qaşığına da o çıxır. Svetlana isə sevgisiz nikahdan doğulan, zooparkda böyüyən bir oğlanın özünü şirə yem etməsindən söz açır. Ailədə sevgisizlik, xalqlar arasında müharibə insanı bir heçliyə yuvarlayır, o öz vəhşi ehtiraslarının qurbanı olur. Svetlana bunu deyir. Amma hekayə sadəcə əhvalat deyil, maraqlı əhvalat da deyil, bədii əhvalatdır. Bəs, niyə bu xanımların danışdıqları bədii əhvalat səviyyəsinə qalxmır. Çünki onlar əhvalatı teleekran effekti ilə göstərməkdənsə, diktor mətni ilə oxuyurlar. Biz personajların zahirində gedən olayları görür, amma onların daxilində gedən prosesləri lazımınca izləyə bilmirik. Özəlliklə də Günelin üslubu ən yaxşı halda Mopassan novellalarını yada salır. Halbuki naturalist Mopassandan sonra dünya bədii nəsri modernist, ekzistensialist, postmodernist, postmodern ötəsi praktikadan keçib və postinsana gəlib çatıb.

Qan Turalının "Gənc qadının və Şaxta babanın qətli", Ayxan Ayvazın "Monoton", Ömər Xəyyamın "Nağılın sonu nağıl"ı hekayələri isə modern-postmodern praktikanın yeni nəsil yazarlar tərəfindən bu və digər dərəcədə mənimsənildiyindən xəbər verir. Bunların arasında ənənəvi nəsr üslubuna ən yaxını Qan Turalı, ən uzağı Ömərdir, Ayxan bu baxımdan ortada dayanır.

Qan  Turalının hekayəsi milli mentalitetin neqativ yönlərinin tənqidinə həsr olunub. Problem sosial-mənəvidir - gənc ailə başçısı Elman dedi-qoduya  dözməyib, arvadı Nailəni və onunla şəkil çəkdirən Şaxta babanı bıçaqlayır. Adi söz-söhbət, bayağı erkəklik qüruru (kişilik yox, məhz erkəklik!) iki nəfərin ölümünə, iki körpənin yetim böyüməsinə, qatilin isə öz ömrünü həbsxanalar küncündə çürütməsinə səbəb olur.

Amma bütün orijinallıq cəhdlərinə baxmayaraq, hekayənin nə qəhrəmanı, nə quruluşu orijinal deyil. Elman öz  xarakterinin zəifliyi baxımından Anarın Zaurunu, hekayə isə eyni olayın bir neçə şəxsin dilindən nəqli baxımından İ.Əfəndiyevin "Körpüsalanlar"ını xatırladır. Duyğusallığı sıfra endirməyə çalışan müəllifin təhkiyəsi hansısa artıq yazılmış mətnin printerdən  çıxması təəssüratı oyadır. Amma bu proses son model printerlərdə olduğu kimi səhifə-səhifə yox, klassik printerlərdə olduğu kimi, cümlə-cümlə gedir. Hekayədə müəllif tərəfindən bilərəkdən yaradılan özəl psixoloji "aura" var, bu onun aurasızlığıdır. Bu, hekayəni havası sorulub çıxarılmış şüşə qaba bənzədir. Elə bil ki, kriminal olaydan şoka düşən mətnin dili batıb və o adama şüşə kimi donuq gözlərlə baxır.

"Monoton" isə göstərir ki, Ayxan daha zərif materiya qatında işləyir. Ekspressiv ovqata köklənən hekayədə adamı üşüdən buz kimi soyuq nəfəs var. Qəfil ölən Datiko adlı şən, xeyirxah, baməzə gürcü də, onun ata itkisini dərk etməyəcək qədər körpə qızı da, taleyin qəfil zərbəsindən özünü itirən arvadı da nə vaxtsa yadımdan çıxa bilər, amma  hekayənin insanı iliklərinəcən üşüdən soyuq nəfəsini yəqin ki unutmayacam. Bəlkə də müəllifin əsas məqsədi elə bu nəfəsi verməkdir. Bəlkə də onun elə bir məqsədi-filanı yoxdur, sadəcə, içindəki ölüm hissinin soyuqluğundan şüuraltı olaraq canını qurtarmaq istəyir.

Şüuraltı olaraq? Hə, düz eşitdiniz, məhz şüuraltı olaraq. Məsələn, Qan Turalı mətni daha çox əlləri ilə düzəldir - Yəhva Adəmi palçıqdan yoğurduğu kimi, ən yaxşı halda başından çıxarır - Zevs Afinanı qafa tasından çıxardığı kimi. Ayxan isə özü də fərqinə varmadan mətnə canından can, ruhundan ruh verir. Buna görə Ayxanın mətni cümlə-cümlə gəlmir, bütöv halda, təbii şəkildə doğulur. Bu üzdən "Monoton" ölümdən danışsa da, canlıdır. B.Vahabzadənin diliylə desək, "başqa bir can verib İsaya sənət, ölü cəsədinin cansızlığında". Hekayənin anlamadığım tərəfi məzmunla bağlanmayan, ideyanı açıqlamayan, bir sözlə, havada yellənən başlıqdır - "Monoton"!

Ömər Xəyamın "Nağılın sonu nağıl" hekayəsinin də altyapısında ölüm-dirim məsələsi durur. Amma Ayxandan fərqli olartaq Ömər impulsu həyatdan daha çox, Hollivud filmlərindən alır. Bu hekayəyə dərhal hiss olunan bir quramaçılıq gətirir. Hekayənin situasiyası da quramadır. Ömərin yazıçı qəhrəmanı gələcək romanı üçün material yığmaq üçün ölümqabağı qorxu hissini praktikadan keçirmək istəyir və bu məqsədlə ölümə məhkum dustaqların həbsxanasına girir. Həbsxana işçiləri yazıçını aldadır və onu ölümə doğrudan məhkum edildiyinə inandırırlar. Oyuna düşdüyünü o yalnız finalda bilir. Amma bu, sadəcə postmodern bir oyun, bir simulyakr deyil. Çünki postmodernist oyun nəticəsiz olur, burda isə nəticə var - qəhrəman ölməsə də, qorxudan, həyəcandan kor olur. Bu artıq postmodern ötəsi durumdur. 

Hekayədəki ikinci məsələ birinci ilə bağlıdır və estetik xarakter daşıyır: sənət reallıqdan doğmalıdır, yoxsa uydurmadan? Müəllif məsələni zidd tərəfləri bir araya gətirməklə çözür. Ədəbiyyatın əsasında reallıq durmalıdır, amma bu reallığı yaşamaq vacib deyil, onu oynamaq da olar. Müəllif dünyaya reallığın uydurmaya, uydurmanın reallığa çevrildiyi neytral zonadan baxır və belə qərara gəlir: sənət özü də  bir həyat, həyat özü də bir sənətdir, qəti sərhədlər yoxdur. Sərhədlərin, yəni nizamın pozulması isə artıq xaosdur. Hekayə qəhrəmanının finalda kor olması da bu xaosu işarələyir. Beləliklə, Ömərin  düşüncəsinin son həddi xaos,  yəni mifdir. Bu mifin o üzündə duran həqiqəti görmək üçün nə müəllif, nə də qəhrəmanın bəsirət gözü açılmır. Kor olmağa yalnız daxili gözün açılacağı halda bəratə qazandırmaq oalrdı. Hekayədə daxili nurlanma baş vermir. Proses yarıyacan gedir. Burdan isə absurda vur-tut bir addım qalır. Çünki bu düşüncə ilə gediləsi yeganə yer dəlixanadır.

"İkinci mərtəbəli dəli" hekayəsinin müəllifi Sayman Aruz məhz bu absurd durumu, məhz bu dəlixananı  təsvir edir.

Hekayənin qəhrəmanı dəli Əhməddir. O, hər gün sevgilisi Leylaya məktub yollayır və axırda məlum olur ki, ünvanı səhv salıb, çünki Leyla özü də dəlixanada - ikinci mərtəbədə yaşayır, üstəlik də Əhmədin sevgilisi deyil. Bir sözlə, Don Kixotun Dulsineyaya "məhəbbəti" və olaya ikibaşlı Servantes yanaşması. İspan dahisinin ünlü romanında dünya dəlixana demək olduğu kimi, Saymanın hekayəsində də dəlixana dünyanı işarələyir. Əhməd və Leyla da sadəcə iki dəli yox, ümumən kişini və qadını - insanlığı simvolizə edirlər.

Leyla demişkən, klassik sufi düşüncəsində, məsələn, Füzulinin "Leyli və Məcnun"unda  kişi eşqin birinci mərtəbəsində qadını, yəni surəti, ikincidə isə Allahı, yəni mahiyyəti sevir. Çağdaş insanın düşüncəsində Allah yoxdur, bu üzdən o qadını ikinci mərtəbəyə qaldırıb. Bütün bu dəlixana durumu da burdan əmələ gəlib.  

Ömər öz hekayəsinin məkanı kimi həbsxananı, Sayman isə dəlixananı seçir. Hər iki "xana" normal ağıla, məntiqə zidd adamların toplaşdıqları yer olmaqla mahiyyətcə eyniləşirlər.

Lakin hər şeyin səbəbini onun daxilində axtaran və bununla da Aristotel məntiqi ilə düşünən Ömərdən fərqli olaraq Sayman özünü qəhrəmanla eyniləşdirmir, ona kənardan baxır, ona gülür. Həm Ömərdən, həm də  Əhməddən fərqli olaraq isə Saymanın getməyə yeri - ikinci mərtəbəsi var. O "kənar" yer Platonun bu dünyaya alternativ əbədi ideyalar aləmidir. O ikinci mərtəbə xaosun arxasından boylanan ilahi həqiqət, vadiyi-vəhdətdir.

Bəs bizim necə, getməyə yerimiz, qalxmağa ikinci mərtəbəmiz varmı? Gənc şair və yazıçıların önəmli bir qismi bu suala nikbin cavab verir. Mən də həmin qismin mövqeyini bölüşürəm. Çünki ədəbiyyat çox şeyi oxucunun əlindən ala bilər, amma ümidi almağa, məncə, onun ixtiyarı yoxdur.

Gələcək ədəbiyyatımıza sevgi və inam arzulayır, son nöqtəni ümidlə qoyuram.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!