Cahan SEYİDZADƏ
Çırpınırkən Qara dəniz,
baxıb türkün bayrağına.
Ah, ölmədən bir görsəydim,
düşə bilsəm torpağına...
Çoxistiqamətli Azərbaycan ədəbiyyatı tarixinin əhəmiyyətli qollarından biri də mühacirət ədəbiyyatıdır. Çox zaman mühacirət ədəbiyyatından söz açarkən XX əsrin əvvəllərindən sonrakı mərhələ nəzərdə tutulsa da, bəzi alimlərimiz bu tarixi qədim zamanlardan başlayırlar. Orta əsrlərdə vətəndən kənarda yaradıcılıqla məşğul olan Xətib Təbrizini, İmadəddin Nəsimini bu sıraya daxil etmək olar. Eləcə də Xilafət dövründə Bağdadda və ona yaxın digər şəhərlərdə yaşayıb yaratmış "məvaili şairləri" də buna nümunə gətirə bilər, hətta onları mühacirət ədəbiyyatının ilk nümayəndələri adlandıra bilərik.
Azərbaycan mühacirət ədəbiyyatının müasir mərhələsinin görkəmli nümayəndələri sırasında isə Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin, M.B.Məmmədzadənin, Ə.Yurdsevərin, Ə.Topçubaşovun, Y.V.Çəmənzəminlinin, C.Hacıbəyovun, Ə.Cəfəroğlunun, K.Ödərin, H.Baykaranın, A.İldırımın adlarını çəkmək olar.
Adıçəkilən Mühacirət nümayəndələri arasında "Azadlığa uçan türk" xatirə-memuarı ilə bütün dünyaya səs salan Məmməd Altunbayın da xüsusi yeri vardır.
Məmməd Altunbay 1911-ci ildə Gəncədə Qaçaq İbrahim adlı şəxsin ailəsində doğulmuşdur. Doğum tarixi, təhsili barədə dəqiq məlumatlar olmasa da, Azərbaycan Xalq Cümhüriyyətinin süqutundan sonrakı həyatı müəllifi olduğu əsərdə ətraflı təsvir olunmuşdur. Buradan görürük ki, Məmməd Altunbay 1920-ci il may ayında Sovet işğalına qarşı çevrilmiş Gəncə üsyanının canlı şahidi olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı dövr tariximizin ən qanlı və çətin mərhələlərindən biridir. Əllərinə fürsət keçən Leninin əsgərləri Azərbaycanın müxtəlif bölgələrinə hücum çəkir, dinc əhalini amansızlıqla qətlə yetirirdilər. Xalqımızın günahsız nümayəndələrinin qətl olunması prosesində ermənilərin soyuqqanlı və vicdansız əməllərini unutmaq olmaz. Məhz, bu əməllərin ifşa olunmasında Məmməd Altunbayın "Azadlığa uçan türk" əsərinin əhəmiyyəti olduqca böyükdür. Adı çəkilən əsər müəllifin ölümündən iki ay əvvəl - 1987-ci ildə bitirilmiş və həyat yoldaşı Məlahət xanım Altunbay tərəfindən çapa hazırlanmışdır.
1918-1920-ci illərdə Azərbaycanın Sovet ordusu tərəfindən işğal edilməsi, respublikamızın hər yerində olduğu kimi Gəncədə də azərbaycanlıların ermənilər tərəfindən kütləvi şəkildə qırılması və o dövr üçün xarakterik olan müxtəlif faciələr əsərdə çox aydın, sadə dildə təsvir edilmişdir.
Əsəri böyük həssasiyyətlə qələmə alan Məmməd Altunbay təəssüf ki, onun çap olunmasını sağlığında görə bilmir. Kitabın müqəddiməsində həyat yoldaşı Məlahət yazır: "1987-ci il dekabrın 28-də onu dəfn edərkən əsər hələ tam hazır deyildi, əlyazması makinada yazılıb qurtarmamışdı. Sağlığında kitabının azad insanlara yetişdiyini görmək qismət olmadı Məmmədə". Özünü tarixdə "azadlığa uçan ilk türk" kimi qələmə verən Məmməd Altunbay Gəncə hadisələri zamanı ermənilərin törətdikləri vəhşilikləri, dinc əhalinin qətliamını ürək ağrısı ilə təsvir edir. Məmməd Altunbay 1933-cü ildə Odessa Ali Hərbi Hava məktəbini bitirdikdən sonra Sovet İttifaqının müxtəlif yerlərində təyyarəçi kimi çalışmışdır. Lakin o, Bakıda Təyyarəçilik məktəbinin uçuş birliyi komandiri vəzifəsində işləyərkən türklərə qarşı tətbiq olunan amansız zülm və işgəncələrin dözülməzliyindən dəhşətə gəlir. Bu səbəblə bir neçə yoldaşı ilə birlikdə Sovet hökumətinə qarşı gizli fəaliyyətə başlayırlar. Lakin tezliklə onların fəaliyyəti ifşa olunur və Məmməd Altunbayın yoldaşlarının çoxu güllələnir. Digər sağ qalanlar isə ölkənin müxtəlif vilayətlərinə qaçırlar. Məmməd Altunbay isə iki yoldaşı ilə birlikdə Sovet təyyarəsini qaçıraraq Türkiyəyə getməyi planlaşdırırlar. Lakin onların planı baş tutmur. Təyyarədə yaranan problemə görə İrana düşmək məcburiyyətində qalırlar. Sovet hökuməti onları İrandan tələb etsə də, sonda Türkiyə Səfirliyi ilə əlaqə saxlaya bilirlər. Beləliklə, uzun sürən çətinliklərdən sonra Məmməd Altunbay Türkiyəyə yerləşir. Bundan sonra bütün gücünü Sovet hakimiyyətinin əsl üzünü ifşa etməyə sərf edən Məmməd Altunbay Türkiyənin müxtəlif qəzet və jurnallarında silsilə məqalələrlə çıxış edir. O "Cənnət" adlandırılan Sovet İttifaqına istehza edərək yazırdı: "Bəzi cahil, satqın və xainlərin fikrincə, dünyanın cənnətidir kommunist cəhənnəmi, amma o necə cənnətdir ki, hamı oradan qaçmağa çalışır".
Demək olar ki, "Azadlığa uçan türk" əsərinin əsas özəyini erməni məsələsi və Gəncə qətliamı təşkil edir. Ermənilərin ikiüzlülüyü, həmvətənlərimizə qarşı törətdikləri amansız əməllər "Babamın vicdanı", "Anam atam haqqında danışır", "Anamın göz yaşları", "Namus düşməni ermənilər", "Öldürülən qadınlar və uşaqlar", "Heç belə düşmən görünməmişdi", "Erməni dəhşəti", "Ulu Rəbbim, sən Lenini yox elə", "Ölülər...Ölülər...Ölülər", "Ana bətninə qədər enən kin" və s. adlı bölümlərdə ətraflı təsvir olunur. Əsərdə Ambarsum və Mkrtıçın simasında bir daha erməni qəddarlığının və ikiüzlülüyünün şahidi oluruq. Hələ uşaqkən ata-anası ailələr arası davada öldürüldüyünə görə yetim qalan Ambarsum və Mkrtıç Məmməd Altunbayın babası tərəfindən himayəyə götürülmüş, onların evində böyüyüb başa çatmışdırlar. Erməni olsalar da Məmmədin babası onları öz uşaqlarından ayırmayaraq böyütməklə yetinməmiş, hətta toy edərək ev-eşik sahibi də etmişdir. "Babamın vicdanı" adlı hissədə Məmməd Altunbay atasının, dayısının babasına erməni hiyləgərliyi barədə xəbərdarlıq etməsindən, onlara çox güvənilməməsi gərəkdiyindən söhbət açır. Ermənilərin daşnaq partiyasının son dərəcə kinli, təhlükəli, intiqamçı, qana susamış fəal bir təşkilat olması barədə məlumat verir. "Bu təşkilatda ələ alınmış bir neçə yüz cahil və qafil erməni gənci çoxlu pul və gözəl qadınların vasitəsilə ələ alınmışdır. Silahlanmış və təlim görmüş həmin maskalı erməni gəncləri tez-tez poçtlara, hərbi postlara, hətta şəhərlərdəki rus evlərinə gecə basqınları təşkil edir, adamları amansızcasna öldürür, sonra da bu cinayətləri azərbaycanlıların üzərinə yıxırlar".
Edilən bu xəbərdarlıqlar çox keçmədən öz əsasını tapır. Belə ki, 1920-ci ildə Gəncədə baş verən üsyan zamanı digər ermənilərlə yanaşı Məmməd Altunbayın babası tərəfindən himayə olunan Ambarsum və Mkrtıçın də iç üzləri açılır. Belə ki, əllərinə fürsət düşən kimi silah götürüb dinc əhaliyə zülm etməklə, işgəncə verməklə yetinməyib, illərlə evlərində qaldıqları, vaxtilə himayəsində böyüdükləri ailəyə xəyanət edərək onlara qarşı da eyni vicdansız əməlləri törədirlər. Eləcə də, Allahın kitabı olan "Qurani-Kərim"i yandırırlar, cavan qızların, gəlinlərin namusuna göz dikirlər. Ermənilərin Gəncədə törətdikləri vəhşiliklər Məmməd Altunbayın xatirələrində sözbəsöz təsvir olunur. "Şəhərin daxili mənzərəsi məzarlıqdan seçilmirdi. Küçələri belə gül-çiçək qoxuyan gözəl şəhərimiz Gəncəyə ayaq basdığımız andan etibarən bütün meydan və prospektlərdə rast gəldiyimiz şey yalnız insan cəsədləri idi. Haraya baxırsan bax, insan cəsədindən başqa bir şey görməyəcəkdin".
O, bir qadının sözlərini olduğu kimi xatırlayır: "Biz illərdir ki, Gəncə körpüsünün qarşı tərəfində ermənilərlə birgə yaşayırdıq. Keçən həftə Leninin əsgərləri Bakıya girər-girməz illərdən bəri qonşuluq etdiyimiz ermənilərlə gecə yarısı qapını sındırıb evimizə girib, iki körpəmlə, ərimin başını kəsmişlər". Məmməd Altunbay tez-tez Azərbaycan Xalq Cümhuriyyətinin dağılmasını təəssüflə xatırlayır. Vətənin başsız qaldığına görə bu cür fəlakətlərlə qarşılaşdığını düşünür. O, anasının AXC ilə bağlı fikirlərini təəssüflə öz oxucusu ilə bölüşür. "1918-ci ilin 28 May tarixini yaxşı yadınızda saxlayın. Bu tarix vətənimiz Azərbaycanın hakimiyyəti Orta əsr düşüncəsi ilə idarə edən çar Rusiyasının üsul-idarəsinindən qurtuluşu və əslən türk soylu millətimizin yenidən yaranma günüdür".
Təəssüflə qeyd etmək lazımdır ki, Məmməd Altunbay qürbətdə vəfat etdi və vətən torpaqlarının azadlığa çıxmasını görə bilmədi. İllər sonra Azərbaycan öz şanlı tarix səhifəsinə qızıl hərflərlə yeni müstəqillik tarixi yazdı. Azərbaycan yenidən igid oğul və qızlarının qanı bahasına öz müstəqilliyinə, Azərbaycan ziyalıları da fikir və söz azadlıqlarına qovuşdular. Və artıq biz müstəqil dövlət olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini təntənə ilə qeyd etməyə hazırlaşırıq. Təbii ki, bu yolda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı 2018-ci ili "Cümhuriyyət ili" elan etməsinin də mühüm və əhəmiyyətli rolu vardır. Məhz belə bir mərhələdə Cümhuriyyət tarixini əks etdirəcək, həmin dövrlərdə baş vermiş hadisələrin işıqlandırılması baxımından bir çox müəlliflərin əsərləriylə yanaşı Məmməd Altunbayın da "Azadlığa uçan türk" əsəri olduqca önəmlidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!