"Bu dünyada qatarlar gedər" - "Altmışıncı", yetmişinci illərdə... - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

"Altmışıncı", yetmişinci illərdə  və ya  "Bu dünyada qatarlar gedər" - "Elçin: yazıçının yaradıcılıq yolu" silsiləsindən dördüncü yazı


Elçinin "Bu dünyadan qatarlar gedər" kitabı (1974) Yaşar Qarayevin "Duyğuların rəngi" adlı ön sözü ilə başlayır və tənqidçi- ədəbiyyatşünas yazır:

"Son illərin Azərbaycan nəsrində nisbətən cavan nəslin təmsil etdiyi təmayüllərdən, axtarışlardan ibarət yeniliyi, novatorluğu bir proses kimi izləmək üçün həmin nəslin  istedadlı nümayəndəsi Elçinin əsərləri maraqlı material verir".
60- cı illərdə qələmə alınmış "Dəyişmə" hekayəsinə Fikrət Sadıqdan belə bir epiqraf gətirilmişdir:

Belə günlərdə…

Evimiz gəmiyə oxşayır,

Otağım kayuta.

Və həmin epiqrafdakı ideyanın həm davamı, həm də fəlsəfi şərhi kimi qəbul ediləcək sətirlər gəlir:

"… Bəzən bizə elə gəlir ki, günlərimiz həddən artıq adi keçir, günlərimiz bir-birinin eynidir, dünən ilə bu gün arasında fərq yoxdur, əslində isə, elə bu gümanın özüdür günlərimizi eyniləşdirən"…

Sonra mətləbə keçilir…

Cavan bəstəkar S.Qayıblı yeknəsəq bir həyat yaşayır, bu yeknəsəqlikdən bir az kənara çıxanda  həmin azca kənaraçıxmalar da başqa cür yeknəsəqliyə çevrilir… Günlərin bir günü başına qəribə əhvalat gəlir: illər boyu geyindiyi sarı məxməri pencəyi rəngini dəyişib gah yaşıl, gah göy, gah da boz olur…

"Cavan bəstəkar S.Qayıblı sonralar bu hadisəni heç kimə danışmadı -  bilirdi ki, heç kim buna inanmayacaq. Həmin məşhur sarı pencəyi isə "stareveş"ə satdığını deyirdi"…

Məmməd Arif yazırdı:

"Hazırla keçmişi, ayıqlıqla yuxululuğu, həqiqətlə xəyalı, real hadisələrlə nağılı, əfsanəni yanaşı  təsvir etmək, daxili dialoqlardan, öz-özü ilə söhbətdən,  dramaturji səhnələrdən… istifadə etmək onun təsvirlərinin emosional qüvvəsini artırır. Fikrimizi də  bir qədər hərəkətə gətirir… Əsl  mahiyyətə, nüvəyə çatmaq meyli bu yazıçıya xas olan bir keyfiyyətdir".

"Baladadaşın ilk məhəbbəti", heç şübhəsiz, Elçinin ən maraqlı hekayələrindəndir və bu  hekayə ilə yeni Azərbaycan nəsrinə unudulmaz bir obraz - Baladadaş obrazı gəlmişdir…

"Abşeronda, dənizin lap kənarında bir kənd var idi…

Kənddə ins-cins gözə dəymirdi, bircə Baladadaşdan başqa; Baladadaş kəndarası asfalt yolun səkisində, tut ağacının dibində oturmuşdu və bütün kənd camaatından fərqli, günün bu cırhacırında istidən qorxub- eləmirdi; ağacın qotur kölgəsi nə vaxt idi yerini dəyişmişdi, amma Baladadaş öz yerini dəyişməmişdi, elə-eləcə günün altında oturub mürgü döyürdü".

Əyni-başı da "qaydasında"…

"Baladadaş yalın ayaqlarına səndəl geymişdi, əynində parusin şalvar, qısaqol miləmil trikotaj köynək var idi, başına "aerodrom" kepka qoymuşdu və hərdənbir tər damcıları bu "aerodrom" kepkanın altından yuvarlanıb Baladadaşın sısqa sifətindən üzüaşağı axırdı".

Şəhərdən kirayə tutduqları bağ evinə köçən qonşular xahiş edirlər ki,  maşından yükü boşaltmaqda  onlara kömək eləsin. Və belə işlərə o qədər də meyli olmayan Baladadaş gələnlərin arasındakı qızı bayaqdan gözü aldığından könülsüz də olsa  irəli yeriyib sürücüyə işarə edir ki, yekə paltar dolabını onun kürəyinə tərəf itələsin… "Baladadaş əlləri ilə başının üstünə əyilmiş dolabı tutub addım  atmaq istədi, amma ağırlıq altında dizləri titrədi, gözləri qaraldı… Və yadından çıxartdı ki, yanında on səkkiz yaşlı  gözəl bir qız var və bu qızın adı Sevildi və Sevil yaman güləndi"…

Paltar dolabı yerə dəyib "xurd- xəşil" olur. Və  onun "gurultusundan sonra bir anlıq sükut çökdü və yalnız bu bir anlıq sükutdan sonra Sevil əvvəlcə pıqqıldadı, sonra da lap şaqqanaq çəkib güldü…

…Baladadaş əvvəlcə ağzı üstə yerə sərilmiş dolaba,  sonra da gülüşü ilə kəndin həmişəki yeknəsəqliyini alt- üst edən Sevilə baxdı və dedi:

- Eyb etməz, düzəldərik"…

Baladadaş bütün varlığı ilə hiss edir ki,  "cəmi yarımca saat bundan əvvəl heç tanımadığı bu onsəkkiz yaşlı gözəl qız onun üçün doğma və əziz  bir adamdır".

Və "Baladadaşın ilk məhəbbəti belə başladı…"

Abşeron kəndlərinin həm maddi, həm də mənəvi etnoqrafiyasını zənginliyi (və dolğunluğu) ilə əks etdirən hekayənin ədəbi- ictimai mühitdə dərhal geniş marağa səbəb  olması təsadüfi deyildi,  bu, əsl bədii kəşf idi…

İlk məhəbbətin sehrinə düşən, onun həyəcanlarını yaşayan Baladadaş yerə-göyə sığmır… Heç dənizə də…

"Hər tərəf dəniz idi və bu saat dənizdə balıqlardan başqa bir də Baladadaş üzürdü;  balıqlar görünmürdü, amma Baladadaşın başı  dənizin üzərində qaralırdı batırdı, çıxırdı;  Baladadaş elə ehmallıca üzürdü ki, dənizin sakitliyi də öz sakitliyində qalırdı, səssizliyi də öz səssizliyində"…

Və Baladadaşın məhəbbəti dəniz kimi dərin olsa da, hiss edir ki, Sevilə tay deyil, ancaq bu hissi özündən uzaqlaşdırmağa, ümidini üzməməyə çalışır… Bunda qeyri-adi heç nə yoxdur; bu, insan təbiətidir…

"Baladadaş dənizdə idi və dənizdə Baladadaşdan, bir də ki… Sevildən başqa heç kim yox idi. Sevil suda Baladadaşın qolları üzərinə uzanmışdı. Sevilin  xurmayı saçları dənizin üzünə yaylmışdı…"

Baladadaşın məhəbbəti yalnız xəyallarında mənalıdır, gerçəklikdə isə heç nə… "…Qaça- qaça "aerodrom" kepkasını, miləmil trikotaj köynəyini, parusin şalvarını, səndəllərini çıxarıb özünü dənizə verdi, bir az əl- qol atıb arxası üstə suyun üzərində uzandı və göyə baxdı; göy təmiz və sonsuz idi və bu saat bu sonsuz göy də bu dəniz kimi ancaq Baladadaşa məxsus idi".

Elçinin yazıçı təfəkkürü (və təhkiyəsi) üçün elə ilk  əsərlərindən səciyyəvi olmuş lirik- psixoloji  üslub ki, onun "tərkib"ində, adətən, zərif bir yumor da  olur, özünü "Bu dünyada qatarlar gedər" hekayəsində daha mükəmməl şəkildə göstərir…

"Əbiligilin kəndi dəmir yolundan yarım kilometr aralıdakı dağın ətəyində idi. Bu kənd il on iki ay dumanlı- çiskinli olardı və dumanın- çiskinin içindən gecə- gündüz qatarlar keçərdi"…

Bir gün həmin qatarlardan  biri, irəlidə yol xarab olduğuna görə. Əbiligilin kəndinin yanında dayanır. Və bütün kənd tökülür həmin "Bakı- Rostov" qatarındakı sərnişinlərlə alverə… "Əbiligilin kəndində yumurta-toyuq qalmadı, yağ-pendir qalmadı, ağaclarda alça-ərik qalmadı, kimin əlinə nə keçirdisə, gətirib qatardakılara satmaq istəyirdi"…

Qatardan düşən "çəhrayı ayaqqabılı, çəhrayı corablı, çəhrayı paltolu, çəhrayı yanaqlı, çəhrayı papaqlı bir qız… xeyli aralıdan Əbilini Yaşıl,  Sarı, Qırmızı qızlara göstərib güldü və Yaşıl, Sarı, Qırmızı qızlar da Əbiliyə baxıb güldülər. Aydın məsələdir ki, qızlar Əbilinin təhər- töhürünə gülürdülər"…

Əbilinin (onun əsl adı "Əbülfət" idi) həm gözü, həm də ürəyi qalır bu rəngbərəng  insanlarla dolu rəngbərəng şəhərlərə gedən qatarların dalısınca… Ancaq illər keçir, Əbili kolxozun "Qaz- 51"i ilə gəlir Bakıya, universitetə qəbul imtahanlarının hamısından "beş" aldığına görə onu göndərirlər Moskva universitetində oxumağa. Və Əbili ömründə ilk dəfə qatara minir… Qatar gəlib Əbiligilin kəndinin yanından keçəndə o, bütün dərinliyilə başa düşür ki, vaxtilə gördüyü qatarlar onun ürəyini heç yerə aparmayıblarmış. Və mətləb bu imiş ki, "bütün ömrü  boyu bu yerlərə, bu balaca kəndə borclu olacaq və heç vaxt həmin borcundan çıxa bilməyəcək, ən  xoş vaxtlarında da, ən ləzzətli çağlarında da  hərdən bu  borcluluq onu sıxacaq, sıxacaq, çünki  dünyada çox şey qatarlar kimidir, gedir, gedir…"

İnsanın təbiətində olan vətən- yurd təəssübkeşliyinin təhtəlşüur metafizikası hekayədə hər cür  deklorativlikdən, süni pafosdan (qeyd edək ki, bu xüsusiyyətlər 60-cı illərə qədərki ədəbiyyatda, demək olar ki, meydan sulayırdı) uzaq  bir səmimiyyətlə, saf hisslərin təzahüründə təqdim olunur.

"Qış nağılı" "Bakıda qarlı-çovğunlu bir qış səhəri"nin təsvirilə başlayır… Kərim kişi  möhkəm narahatdır, ona görə ki, bu qarda-çovğunda Bilgəhdəki dədə- baba bağına gedə bilməyəcək… Halbuki küçükkən Nabrandan alıb gətirdiyi (ona görə də nəvələrinin "Nabran" adlandırdığı)  it "qarın, çovğunun bu vurhavurunda ac- susuz qalmışdı Bilgəh bağındakı damın içində"…

Kərim kişi köhnə kişilərdən idi… "Oğlundan, gəlinindən, nəvələrindən, dost-tanışlarından, qohum-əqrəbadan, uzun sözün qısası, bütün yaxın adamlarından başqa dünyada üç istəklisi var idi: birinci - neft, yəni ki, neft iyi, neft rəngi, neft həsrəti, neft sevinci; ikinci - dəniz, yəni ki, dənizin uğultusu, mülayimliyi, xəzrisi, göylüyü, böyüklüyü, dalğası, ləpəsi; üçüncüsü də - yaşıllıq, yəni ki, kol- kos, çəmənlik- çiçəklik,  bir sözlə, alaqdan tutmuş çinara kimi nə vardısa da hamısı"…

Qar-çovğun olsa da, bağa gedə bilməyən Kərim kişini ən çox özündən çıxardan isə odur ki, daha qocalıb, əvvəlki hərəkəti yoxdur… Və bu məqamda qonşu Marqarita Abramovna gəlir. Keçmiş ağır illərdə Kərim kişi bu tənha qadına kömək edib onu işə düzəltmişdi, o da iyirmi ilə yaxın idi ki, hər həftə gəlib Kərim kişinin üzünü  qırxırdı… "Marqarita Abramovna yəqin dünyada təkcə dəlləkdir ki, təkcə də müştərisi var…  Vay o dəlləyin halına ki, təkcə müştərisi də gedə…"

Kərim kişi bir gün sonra səhər tezdən neft qoxulu kürkünü geyib heç kimə demədən əlində Nabran üçün apardığı yemək bağlaması ilə evdən çıxır.

Kərim kişinin bu yaşında gah piyada, gah da qatarla qarda-çovğunda Bilgəhə gəlişi yüksək ustalıqla, təsirli metafizik-rəmzi bir dillə təsvir edilmişdir. Və dünya ədəbiyyatının klassik mətnlərilə müqayisədə heç cür geri qalmayan  bu təsvirlər, heç şübhəsiz, nadir istedadın məhsuludur…

"Elə bil ki, ağac qəbiristanlığı idi və bu qəbiristanlıqda bu saat qar-boran fironluq eləyirdi.

Kərim kişi sol əlini qalın kürkünün üstündən  arıq baldırına vurub:

- Bay səni! - dedi və qar- boranın fironluq elədiyi bu məqamda doluxsundu, amma bunu nə qocalığının ayağına yazdı, nə də yumşalmasının - ağaclar da adamlar kimi idi, ağaclarda  da dözüm var idi və bu dözüm də hərdən beləcə qurtarırdı"…

"Günlərin bir günündə" hekayəsi nə həyatda, nə də  sənətdə bəxti gətirməyən bir aktrisanın həyatından danışır…

"O zaman hələ ağlı kəsmirdi ki, hamı Dezdemona ola bilməz, Tülkünü də oynamaq lazımdır və Tülkünü oynamaq da yuxusuz gecələr istəyir, istedad istəyir…

Bu başqa məsələ ki, dünyada nə Tülkü olaydı, nə də onun mişarı, təkcə elə hacıleyləklər olaydı, ceyranlar, cüyürlər olaydı, güllər, çiçəklər olaydı"…

Səmayəni düşündürən, narahat edən odur ki, tale niyə onun üzünə gülməyib, niyə gənc yaşlarından onun qarşısına qızı Fatmanın atası kimi bir tülkünü, daha doğrusu, çaqqalı çıxardıb, niyə onu tək, qızını atasız qoyub?.. Gəncliyində Dezdemona, Luiza, Gültəkin oynamağı arzulayan Səmayə axırda  gəlib Hacıleyləyin balalarını yemək istəyən Tülkünün rolunu oynamalı olur ki, bu da  Fatmanı utandırır… Və anasının təkidinə baxmayaraq nə özü tamaşaya gedir, nə də rəfiqəsini valideynləri ilə birlikdə dəvət eləyir.

Hekayədə qəhrəmanın, taleyi nə qədər gətirməsə də, nikbin xarakteri zərif detal və təfərrüatlarla, orijinal ifadə- obrazlarla təqdim  olunur; Səmayə heç vaxt ümidini itirmir, heç olmasa ona görə ki, taleyi onunkundan fərqli olacaq balası - gözəl- göyçək Fatması var…

"Nə qədər küləkli-yağışlı günlər olmuşdu, nə qədər adamın nəfəsini kəsən isti günlər, nə qədər adi günlər olmuşdu… Bax, bu gümüşü gün, məşqdən çıxıb evə gələ- gələ fikirləşirdi: düzdür, Dezdemona daha əlçatmaz oldu, vaxtı keçər oldu, amma Herturuda hələ irəlidədir, ledi Maqbet hələ irəlidədir, Kuraj ana hələ irəlidədir"…

"Bu dünyada qatarlar gedər" kitabına Elçinin ilk qələm təcrübələri sayılan üç dram əsəri  də daxil edilmişdir ki, onların ikisi "efir üçün yazılmış hekayə", biri "dramatik povest" adlandırılmışdır ki, bu janr definisiyası, əlbəttə, ənənəvi yox, müəllif təxəyyülünün məhsuludur.

"Efir üçün yazılmış hekayə"lərdən biri - "Qızıl" böyük dramaturq Cəfər Cabbarlının xatirəsinə həsr edilmişdir.

1914-cü il avqustun 2-si axşamı Bakıda baş verən əhvalatın məzmunu bundan ibarətdir ki,  milyonçu Kərbəlayi Muxtar havalanır, ailəsinin təkidinə baxmayaraq dəvət olunmuş doktoru yaxına buraxmır ki, onu müayinə eləsin. Kərbəlayinin xəstələnməsi xəbərini eşidən  acgöz milyonçu "dostları" - Hacı Kazımağa ilə Karapet onun yatağının yanını kəsdirirlər, məqsədləri budur ki, Kərbəlayinin varidatını ələ keçirsinlər…

Sonda məlum olur ki, milyonçu yığdığı qızılları gözlənilən siyasi iğtişaş qarşısında necə qoruyub saxlayacağından o qədər narahat olubmuş ki, başına  hava gəlibmiş.

Hekayə-dramda kifayət qədər səciyyəvi (və güclü) xarakterlər yaradılmışdır… Hacı Kazımağanın "eşitdiyinə görə Kəbleyi heç bir vəsiyyət- zad yazmayıb. İzn versəniz, yəni məni vəkil etsəniz, bu işlə canı-dildən məşğul olaram. Bu saat aləm qarışıb bir-birinə. Sizin var-dövlətinizə göz dikən çoxdu… Camaat indi canavardır" sözlərindən məlum olur ki,  elə canavarın ən böyüklərindən biri onun özüdür. Və bu  canavarlıq, yırtıcılıq bir də ona görə  çox miskindir ki, millətin taleyinin həll  olunduğu dövrdə baş verir. Odur ki,  Hacı Kazımağaya deyilən aşağıdakı sözlər ünvanı tamamilə dəqiq olan ittihamdır:

"Erməni daşnakları, gürcü menşevikləri öz  millətlərinin qeyrətini çəkir, bəs siz nə edirsiniz? Ac fəhlələr, əvam kəndlilər ayağa qalxanda nə edəcəksiniz?  Yoxsa elə bilirsiniz ki, üstünüzə gələn selin qarşısını sizin bu əbləh qoçunuz kəsəcək?"

Doktor Mahmud bəyin sözləri isə bütövlükdə zəmanəyə aiddir:

"Bu nə rəzil zəmanədir! Bu nə rəzil cəmiyyətdir! Uzaq burdan, Mahmud bəy! Uzaq! Uzaq! Uzaq!.."

Həqiqətən, əsərin ideya-estetik ab- havasında  aydın seçilən gənc Cəfər Cabbarlı ruhu var…

İstər "Qızıl", istərsə də "Qatar. Pikasso. Latur. 1968" hekayəsi əsasında işlənmiş "Qatar yol gedirdi" hekayə- dramı Elçinin dramaturji istedadının ilk olsa da, kifayət qədər peşəkar  göstəriciləridir… Xüsusilə yeddi şəkil və epiloqdan ibarət "Poçt şöbəsində xəyal"…

Yeniyetmə yaşlarından etibarən günlərini "xoş keçirməy"ə vərdiş etmiş meşşan təbiətli rəfiqələrin həyat fəlsəfəsindən danışan əsərdəki hadisələr əsasən poçt şöbəsində cərəyan edir. O poçt şöbəsində ki, Ədilə burada çalışır (əslində, bu çalışmaq da deyil, can dərdi görülən bir işdir), rəfiqələri də vaxtaşırı onun başına yığışırlar… Gəncliklərini hədər keçirmiş  bu xanımlar artıq otuz yaşını adladıqlarından normal ailə də qura bilməmişlər. Və taleyin (əslində, təsadüflərin) ümidinə qalmışlar… Ədilədən  başqa…

Hadisələr üç mərhələdən keçir: məktub gözləyən Kişinin gəlişinə qədər, məktub gözləyən Kişinin mükalimələri və Ədilənin öz "ailə"sini  tərk etməsi - dinamika, statika və dinamika…

Dramatik povestin əsas ideyası məhz statika mərhələsindən ortaya çıxır…

Ədilə, heç şübhəsiz, əsərin qəhrəmanıdır və onun adi, üzdən deyil, daxildən gələn narahatlığı (eyniliklərdən darıxması) süjetin ana xəttini müəyyən edir…

"Mən daha bu cür yaşaya bilmərəm. İnsan nə qədər özünü aldadar?  Bu qədər mənasızlıq olarmı? Bu qədər eynilik olarmı? Niyə həyat mənim üçün bu qədər boş keçir? Adam nə qədər xəyala dalar? Adam nə qədər özü- özü ilə danışar?.."

Ədilədən fərqli olaraq, rəfiqələri Züleyxa ilə Gülzar isə özlərinə əziyyət verib bu mənasızlıq, boşluq, eyniyyət barədə heç düşünmürlər də. Və müəllif onların "həyat fəlsəfəsi"ni antik  dramaturgiya üslubu üçün tipik olan "xor"la təqdim edir:

Bizim həyatımızda

Əhəmiyyətli bir şey

Tapa bilməzsiniz siz.

Qoy desin Ada özü…

Elə- belə həyatdan

İstədiyiniz qədər

Biz danışa bilərik,

Nağıl kimi axacaq…

Yox, danışmaq nə lazım?

Durmuşuq qarşınızda.

Başdan- başa bir heçik,

Boşdur bütün ömrümüz…

"Biz üçümüz də bədbəxtik. Züleyxa da, Gulya da, mən də. Çünki həyat qulağımızın dibindən axıb gedir işinin dalınca…" qənaətinə gələn Ədilə davam edir: "Hər gecə yerimizə uzanırıq, gözümüzü yumuruq, ürəyimizin döyüntüsünü hiss edirik, yuxuya getməzdən əvvəl içimizdən bir filosof baş qaldırır: "Belə yaşamaq olmaz. Filan işi düz eləmirsən. Niyə o cür etdin? Niyə o sözü dedin? Niyə həyatını təzədən qurmursan? Bu cür ki, sən yaşayırsan, bu, həyat deyil…"

Özünə bu sualları verən Ədilə, tamamilə  təbii olaraq, maymaq ərini tərk edir…

Ancaq poçt şöbəsi (həyat!) Ədiləsiz də  köhnə qayda ilə işini davam etdirməkdədir… 

Dramatik povestdə nəsr elementləri hələ  güclüdür və hiss olunur ki, bu dramı dramaturqdan daha çox nasir yazıb, bununla belə personajların hər birinin  - ən kiçiyinin də  tipikliyi, hadisələrin dinamizmi, polemikaların həyatiliyi, mənalılığı, kolliziyaların əsaslılığı, xüsusilə çoxpolifoniyalılıq, görüntü- tamaşa ünsürlərinin zənginliyi göstərir ki, müəllif "nəsr təhkiyəsi" hüdudlarını peşəkarlıqla aşır…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!