Qəribə və qərib Fikrət Sadıq - Rüstəm KAMAL - Rüstəm KAMAL

Rüstəm KAMAL

2007-ci ilin yayı idi. Yazıçılar Birliyinin dəhlizində dolaşırdım. Açıq qapıdan üç ağsaqqalın (Balasadıq, Fikrət Sadıq, Abbas Abdulla) söhbət etdiyini görüb  ədəb-ərkanla onları salamladım, hal-əhval tutdum. Gəncliyimdən gələn bir az köntöy, cod yanaşmalarım, nihilist, bir az sərt mülahizələrim Fikrət müəllimin diqqətini çəkdi, müdrik, nurlu üzünün işıqlandığını gördüm.

"Taleyin acığına" adlı kitabını mübarək avtoqrafla mənə bağışladı...

Söhbət hardansa "ölü şair", "filankəs ölü şairdir" ifadələrindən düşdü, Fikrət müəllim bununla qətiyyən razılaşmadı və dedi ki, ədəbiyyatda ölü şairlər olmur, nədənsə qeyb olmuş, müvəqqəti yada düşməyən şairlər var…

Hələ onda Fikrət müəllimin sözə necə heyrətləndiyini görmüşdüm. Onun üçün sözə heyrətlənmək dünyanı, insanı dərketmə forması idi. Heyrətləndirmək sözü ruhu ilə eşitməkdir.

Fikrət Sadıq xalqına, bu xalqın söz sənətinə çox inanırdı. Hadi, Sabir deyəndə xalqı, xalq deyəndə Sabiri, Hadini nəzərdə tuturdu. Şair xalqın tale məsuliyyətini və ləyaqətini daşıyan, şərəf-namusunu qoruyan müqəddəs varlıq idi.

Bəlkə də XX yüz ilin istənilən Azərbaycan şairi, xüsusən Şirvan şairi öz içində gerçəkləşdirmədiyi Sabir və Hadi adlı şairi ağlayır. F.Sadıq da beləydi - hər şerində bəlkə də Hadinin və Sabirin taleyini yenidən yaşayırdı, onları şeirlərinin həmmüəllifi kimi qəbul edirdi.

Sabir onun güvəndiyi milli əxlaq ölçüsü idi. Hətta bəstəkarlardan Sabirin "Bənzətmə"sini milli marş kimi bəstələmələrini təkidlə tələb edirdi.

Bütün Şirvan şairləri kimi, o da fələklə əlləşirdi. "Bəla" sözünün mənasını Hadi kimi dərk edirdi. Hər "Bəla"da Kərbala miqyası görmək də bu asilikdən, üsyankarlıqdan gəlirdi.

A mənim çadırdaşım,

A əzizim, qardaşım,

Adi söz, xoş qılıqla

Torpaq qayıdar məgər?

İş belə getsə əgər -

Yenə bəlalar çəkər

Bəlalar çəkər başın.

Fikrət Sadıq şerin səslənməsini nə vəznlə, nə də  melodiyası ilə deyil, mənaların səslənməsi ilə müəyyən edirdi. Bu poeziyada fikir özünü eşidə bilir.

Məqaləsində, adi müsahibəsində, şerində mənaların tembrini, intonasiyasını dəyişmədi.

Fikrət Sadığın üslubu müdrik fikirlərin, aforistik qənaətlərin mövcudluq formasıdır. Onun şeirlərində sərt atmaca, aforistik deyim belə poetikləşir.

Yubiley oldu,

Mütərcimlər daraşdılar Puşkinə,

Özlərinə gün ağladılar

Puşkini qoydular pis günə.

Fikirlərin sosial tutumu və yığcamlığı, bər-bəzəkli epitetlərdən imtina ona mənaların səslənməsini eşitməyə imkan vermişdi. Səhv etmirəmsə, 1965-ci ildə yazılmış "İlk şeir"də öz poetik kredosunu artıq bəyan etmişdi və ömrünün sonunacan ona sadiq qaldı.

Vəzni sərrast

Məzmunu ehtiyac olub,

Bu şerin

Misrası - qaya parçası.

Mübaliğəsi olmayıb,

Mübaliğəni sonra uydurublar.

Hər bir sözün leksik mənasını millətin mənəvi, əxlaqı dəyərləri ilə ölçürdü. Sözlərin dilimizdə taleyini bu baxımdan təsnif edirdi. Gəlmə sözlərin millətin əxlaqına, mənəviyyatına necə  təsir etdiyinin fərqindəydi. "Gəlmə kəlmələr" şerində paxıllıq sözünün "məna deformasiyasının" (paxıl - paxır(mis)) şair həssaslığı ilə duymuşdu.

Adi bir sözdü paxıllıq,

adi  bir kəlmədi.

Söz bizim sözdü,

Kəlmə bizim kəlmədi,

Amma özü gəlmədi

Sözün "nüvə parçalanmasından" qafiyə yaradan siam ekizləri olan qoşa sözü bir-birinə ayırmaq hüququna malik olan şair idi.  

Bir yazılır umu-küsü,

Umu sənin, küsü mənim.

O, hikmətli deyimlərində, sosial yüklü atmacalarında da qafiyəni səsdən tanıyırdı. Axı xalq aforizmləri bu cür səslənib və köklənib. Məsələn: "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı". Fikrət Sadıq müdrikliyi  sözləri bir-birinə səslə doğmalaşdırırdı. 1990-cı ildə, R.Rzanın 80 illiyinə həsr etdiyi bir məqaləsində "Ezop"la "əzab" sözünü qafiyələndirməsi məni beləcə heyrətləndirmişdi: R.Rza "Ezop dili ilə danışmağı sevərdi. Ezop dili əzab dili idi".

Seyid Hüseyndən sonra, bəlkə də  F.Sadıq Bakının küçəsini görüb duya bilən, Bakı küçələrinin tarixini yaza bilən nadir sənətkarlarımızdan biridir. Şəhər landşaftının, memarlığının və insanların vəhdətindən bir Bakı küçəsinin şeriyyəti doğulur.

Köhnə Bakı,

Bayır səhər

Təzəpirin dövrəsinə

Topalanıb topal evlər.

 

Dar küçələr dizin-dizin

Üzüyuxarı dırmaşır.

Müştəri gəl, ucuz apar,

Bazar-dükan aşıb-daşır.

Yaxud:

Bir parça bulud süründü

Küçənin üstü ilə

Damların küt dişləri bacalarda

Saçaqlana-saçaqlana.

Ustad şair tərcümədə də sözün yerini və vaxtını bilirdi. 

Klassik Şəhriyar qafiyəsində də fikrin hayqırtısını eşidə bilmişdi. Və beləcə  böyük Şəhriyarın şerini Azərbaycanlaşdırmışdı!..

Könlüm quşu qanad çalmaz

     sənsiz bir an, Azərbaycan!

Xoş günlərin getmir müdam

    xəyalımdan, Azərbaycan!

Səndən uzaq düşsəm də mən,

        eşqin ilə yaşayıram.

Yaralanmış qəlbim kimi

        qəlbi viran Azərbaycan!

Vətən eşqi məktəbində

        can verməyi öyrənmişik,

Ustadımız deyib heçdir vətənsiz can,

Azərbaycan!

Yarəb, nədir bir bu qədər

          ürəkləri qan etməyin,

Qolubağlı qalacaqdır

        nə vaxtacan, Azərbaycan?!

Övladların nə vaxtadək

        tərki-vətən olacaqdır?

Əl-ələ ver, üsyan elə,

       oyan, oyan Azərbaycan!

Bu şeirdə Azərbaycanın taleyini hiss edirsən və yaşayırsan. Fikrət Sadıq şeri yalnız tərcümə etməyib, həm də Şəhriyar şerinin mistik mənasını və möhtəşəm enerjisini xalqa çatdırıb. Hər kəsi bu millətin qüdrətinə inandıra bilib.

Burda Fikrət Sadığın məqsədi Şəhriyara uduzmaq olub. O, qətiyyən Şəhriyara qalib gəlmək istəməyib. Şəhriyarın qələbəsi - Azərbaycanın qələbəsiydi. Fikrət Sadıq isə qalib kimi ona məğlub olmuşdu.

Fikrət Sadıq öz şeirlərini heç vaxt uydurmadı.

Uydurulmuş şeirlər  - uydurulmuş taledir.

Özünü uydurmaq - özünü unutmaq olardı.

Bu qəribə və qərib şairi unutmaq mümkünsüzdü…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!