Dərviş heybəsindəki risalə - Şöhrət Qaraoğlu

Bu "risalə"ni oxumaq zahirən sadə, səmimi və doğma görünsə də, "təfsir"ində qəlb aynasındakı hikmətlərin əzəmət və üsyanı eyni zamanda həmin aynadan ana laylası kimi həlim həzinliyə bürünmüş can çağrışının gözlə deyil, fəqət ruhun aynasından baxılırkən əks olunan illüziya - qeyb effekti öz bəlirində - söz bəlirində zühurunu tamamlayır:

Ayın bir üzündə sən,

Ayın bir üzündə mən,

Telefonda həzin səs,

Telefonda bizim səs...

Ezoterik əhvali-ruhiyyə səciyyəsinin motivasiyası  "qəmim pünhan tutardım mən" bəyani-mükərrəməsindən intişarına görə assosiativliyi baxımından açıq-aydın diqqəti cəlb edə bilir. Telefondakı  "həmin səs - bizim səs" nostaljisi özünün eyhami mündəricəsinə görə tam lirik - psixoloji effektinin bəlirində dastanlaşa və bəlkə də lirik ricətli nağıllar silsiləsini özündə ehtiva edə biləcək qədər Əjdər Ol misralarında özünü nümayiş etdirə bilməsi ilə yadda qalır. Qeyd etmək lazımdır ki, bu lirik psixologizm, əslində, bir yaradıcılıq manerası olmaqla Əjdərin yalnız şeirlərində deyil, ümumən bir leytmotiv mündəricəsi ilə bütün yaradıcılığında təzahürləri ilə diqqəti cəlb edən üslubi səciyyə və daha çox özünəməxsusluq manerasıdır. Belə ki, günün reallıq ahəngi (daha çox rezonans - psixologizm) səciyyəsini müşahidə Əjdər Ol şeiriyyətinin başlıca leytmotivini təşkil edir desək, yəqin ki, səhv etmərik. Bahəm və birgə mənsub olduğumuz ədəbi nəsildaşlıq dövrümüz Əjdərin qələmində heç birimizdə heç vaxt ola bilməyəcək incə və məhrəm ifadə səmimiyyəti ilə təqdimatı baxımından tarixin özüdür. Qeyd etmək lazımdır ki, yazıçı və yaradıcılıq mühitlərinin elmi epistolyarlıq analitikası tarixən olmuş və bu epistolyarlıq ədəbi mərhələ anlayışının demək olar ki, bədii-poetik  "pasport"una çevrilə bilmişdir. Və hətta,  bu   "pasport" ədəbiyyat tarixinin mərhələ prinsipləri nöqteyi-nəzərdən elmi araşdırmaların mizan lemmativliyini dəqiq və doğru-dürüst ədəbiyyat tarixinin özünütəsdiqində kifayət qədər salğar və sanbal səciyyəviliyini özündə ehtiva edə bilmişdir. Məhz bu anlamda Əjdərin nəinki publisistikasında, hətta şeirlərində belə kifayət qədər nümunələrlə nəfəs-nəfəsə, üz-üzə qala bilirik:

Hüzn çadırın

yelkən açırdı.

Yasına gələnlərin hamısı

sağlığında səndən qaçırdı.

Biz yaşamaq dəlisiydik,

sağlıq dostuyduq.

İşini bilmişdin,

mənə demədən

Qəfil ölmüşdün...

Bu misraların həniri, bu misraların salğar və sanbalı mənim yaxşı tanıdığım, yaxşı bildiyim Əjdərin halallığı və bu halallıqdakı  ömür yollarından mənə eynən Əjdərin bərəkətli gülüşü ilə tanış və məhrəmdir. Həmişə özünü yazdığına, həmişə sanki qələm dostlarının məhzərində "səksənincilər"in  ədəbiyyata gəlişindəki səciyyəvi maneranın "körpü bayrağı"ndakı halal əzəmətlə rezonans - əks - səda  halallığını əziz tutan və bütün misralarında bu səciyyəvi leytmotivi qoruya bilən Əjdər Ol yaradıcılığı bütünlüklə özü olmaqla, səmimiyyətin səməni simsarlığında yamyaşıl zəmi bərəkətinin dalağalanan bəlirində həmin halallığın elə bir yol yolçusudur ki, nə bu yol Əjdərdən, nə də Əjdər bu yoldan ayrılmaz, necə ki, halal misralarındakı bədii məntiqin  "yol göstəricisindəki" küdrü mərifətinin sehrində olduğu kimi:

Gözümün ilk ovu, ilk görəcəyi,

Asfalt, stansiya, şoran düz olub.

Və ya:

Bilmirəm necə sevdim,

Bu bürkülü sərt düzü?

Vətən uşaqkən evdi,

Sonra da tale, arzu.

Mətn şərtiliyinə diqqətlə nüfuz etdikdə Əjdərin poetik əxlaqında ən ardıcıl obraz Çöl - "şoran düz", "bürkülü sərt düz" özünün bütün səciyyə bəlirləri ilə şərti metaforiklikdən idraki reallıqlara qədər özünün əhatəli mündəricəsini ehtiva zəminləri ilə poetizmin obrazlar təqdimatında tamamlaya bilməsi ilə yadda qala bilir. Heç şübhəsiz, poeziyanın şeiriyyət ülgüləri obrazlı düşüncə tərizinin lakonizmi və eyni zamanda şeir dilinin axıclığında nəzərə çarpan səciyyədə bəlliyyatı ilə bəlirlənə bilir. Və bu xüsusiyyət Əjdərin poetik leksikonunda  "anadangəlmə" manera zəminindəki səciyyəvilikdən qeyri bir şey deyildir:

İtik axtarıram mən də həmişə,

Ünvandan-ünvana köçüb gedirəm.

Bəlkə adi işə, ucuz görüşə,

Xəzinə üstündən keçib gedirəm.

Əzizim Əjdər, bu  "xəzinə" hər kəsin görə biləcəyi nə həndəsi nə də ki fəza biçimləri ilə bəlir bulası hikmət deyil, bu hikmət rizayi-həqqin nütfədə möhürlənmiş ecazıdır ki, ana südü ilə gələr və ana laylası ilə lisani-ruhda təcəlla edər. Əslində, bu lisani-ruh bədii yaradıcılıqda özünütəsdiqin böyük meyyarlarında olmaqla yazıçılıq yolunun yol bələdçisidir və bu "bələdçi" yalnız bir dəfə doğulur, fəqət ölmür. Eşqin meracı da məhz elə budur. Məhz bu meracda  "çiçəklərə and içilir", "ürək Allah evinə çevrilir", "misranın üstündən deyil, altından xətt çəkir sərçə dimdiyi".

Ürəyi Allah evinə çevrilənlərin mükafat müjdələri hər iki dünyada bəlirsiz qəlb evinin elə öz gözəlliyidir. Bu mənada bəyani-elandakı misraların da qayeyi-məramı məhz elə bu hikmətin miniatür təzahür poetizmi olmaqla Əjdərin qələmində özünəməxsusluğu ilə bəlirlənə bilir:

Könlümü vuruşa çıxarmışam mən,

Səf-səf, qoşun-qoşun kədərlə, qəmlə.

Mənim ürəyimin hər döyüntüsü,

Təzə bir hücumdur, yeni bir həmlə.

Yalnız cəfakeş əzmkarlıq yazıçı məsuliyyətinin ana bətni ola bilir. Əslində, qələm əhli olumundan fiziki ölümünə qədər kəmiyyəti bəlli bilinməyən qədər həm ölür, həm də ki dirilir. Hər iki halda yazıçı yalnız özünü yenidən tapır, yenidən sözün meracında dua - iltimas və bəlkə də tövbə zikrlərinin poetik lemmativliyində təkrar doğulmağın və eyni zamanda təkrar ölməyin  həzzi-ilhamı ecazı ilə yenidən təklənir, yenidən tənhalığı qiblə seçir. Məhz elə bu məqami-eşqdən hər şey gözəlləşir - ölüm də olum kimi qənirsizləşir.

Əjdər Ol poeziyasının bütün məziyyətlərinin ümumi məcmusunda məhz bu özünəməxsusluq - kənar gəlişmələrdən, bəsit pafosdan, moda mindirilmiş modernizmdən, milli şeir dilimizin "urulanma"sından əlahiddə səciyyədəki sadəlik qənirsizliyi dayanır ki, əslində,  yazıçı əməyinin mənası da zənnimizcə, elə bundan qeyri bir şey deyil.

Qənirsizliyin eşq meracındakı yolun mübarək, Əjdər.

Şöhrət Qaraoğlu

filologiya üzrə fəlsəfə doktoru


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!