Xavər xanım 1918-ci il martın 13-də Dərbənd şəhərində məşhur şəxsiyyətlərdən olmuş Nağıbəy Mirzəbəyovun oğlu Əhməd bəyin ailəsində anadan olmuş, qardaşları məsul vəzifələrdə çalışmış, özü isə 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1934-cü ildə Azərbaycanın xalq şairi Səməd Vurğunla ailə həyatı qurmuş, dünyaya üç övlad gətirmişdir: Yusif Səmədoğlu - xalq yazıçısı, əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli; Vaqif Səmədoğlu - xalq şairi, əməkdar incəsənət xadimi və Aybəniz Vurğunqızı - əməkdar mədəniyyət işçisi, "Şərəf" ordenli.
Xavər xanım 1975-ci ilin oktyabr ayından-Səməd Vurğunun ev muzeyi açılandan ömrünün sonunadək - 16 yanvar 2006-cı ilə qədər muzeyin direktoru vəzifəsində çalışmışdır. Əməkdar mədəniyyət işçisi fəxri adına, Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.
...Anamın gecəsi səksəkəlidir,
Anamın gündüzü sınıq əllidir.
Anamın çırağı yansa da sönüb,
Keçib gəldiyi yol geriyə dönüb.
Daha görə bilmir ötən günləri,
Hardan gəlib, hara gedən günləri.
Gözünün işığı atamla gedib,
İşıqlı günləri o gündən itib.
Anamın gözləri tuncla dolubdur,
Anamın gözləri heykəl olubdur...
Bu misralar Vaqif Səmədoğlunun anasına - Xavər xanıma həsr etdiyi şeirdəndir. O, bu şeiri 1982-ci ildə qələmə alıb. Mən S.Vurğun muzeyinə işə düzələndə-1980-ci ildə də Xavər xanımı "elə bu misralardakı kimi" görmüşdüm...
Xavər xanım muzeyə hamıdan tez - saat 9-da, mən 10-da, Aybəniz xanım isə bir qədər gec-11-də gəlirdi. Xavər xanım bu bir saatı, demək olar ki, hər gün mənə "Qara Səməd"indən xatirələr danışırdı. Hər gün də xatirəsini "Bilsəydim ki, məni Səmədin ayağının altında basdıracaqlar, bəlkə onda təsəlli tapardım. Amma bilirəm ki, bu istəyimə çata bilməyəcəyəm"-cümlələri ilə bitirər və... Belə məqamlarda S.Vurğunun bir vaxtlar "Günəşdən daha parlaq şam"a bənzətdiyi, indi isə işığı, elə "Vurğunu ilə də getmiş" Xavər xanımın gözlərindən eynəyinin arxasına çilənən-onun qalın şüşələrini "çilikləyən" göz yaşlarına baxmaq, içində batırmaq istədiyi, amma gücü yetməyən hıçqırıqlarına dözmək olmurdu. O kübar, qürurlu xanım bir anın içində acizləşirdi...
Xavər xanım 22 il acılı-şirinli ömür sürdüyü (Vurğun ömrünün, təxminən yarısı), eyni taleyi yaşadığı, sirdaşına çevrildiyi (bunu şairin Xavər xanıma həsr etdiyi şeirlər, yazdığı məktublardakı, vurduğu teleqramlardakı müraciət formaları da təsdiq esdir) ömür-gün yoldaşını, təbii ki, hamıdan yaxşı tanıyırdı. Və o, S.Vurğunun sıxışdırılması, təqib və təzyiqlərə məruz qalması ilə bağlı elə faktlardan danışır, elə şəxslərin adını çəkirdi ki, nə deyilənlər o vaxtın mətbuatında var idi, nə də onları o vaxt mətbuata çıxarmaq olardı. Xavər xanım ağrılı və qorxulu illəri əri ilə birgə yaşamışdı - bunu da təkcə onun xatirələri yox, ağır məqamlarında Vurğunun ona həsr etdiyi əsərlər və epistolyar irsi təsdiq edir.
Xavər xanım Vurğunun yaradıclığını, xüsusilə onun qələmə aldığı əsərlərin tarixçəsini (yazılma səbəblərini, şəraitini və s.) vurğunşünaslardan da yaxşı bilirdi. Çünki o, bu əsərlərin çoxunun yaranmasının-doğulma prosesinin şahidi və ilk oxucusu olmuşdu. Şairin ömürlüyü, bütövlükdə yaradıcılığı və əsasən də yaradıcılıq laboratoriyası haqqında Xavər xanımın (eləcə də Mehdixan Vəkilovun, Yusif və Vaqif Səmədoğluların, Aybəniz Vurğunqızının) xatirələri maraqlı, eyni zamanda dəyərli və gərəkli faktlarla zəngindir. S.Vurğun şəxsiyyəti və yaradıcılığının öyrənilməsində, onun elmi bioqrafiyasının hazırlanmasında bu xatirələrsiz ötüşmək mümkün deyil...
Xavər xanımın xatirələri S.Vurğunun həyatının müxtəlif, həm də çox mürəkkəb məqamlarına işıq salır. Onların bir qismi şairin təqib və təzyiqlərə məruz qalması, M.C.Bağırovun ona münasibəti ilə bağlıdır. Xavər xanım Bağırovun Səmədə münasibətinin anlaşılmaz olduğunu söyləyirdi: "Yazığa göz verib, işıq vermirdi. Onu deyim ki, mən Dərbəndin imkanlı ziyalı nəslindənəm. Babam Əlibəy Qırxlarqulubəyov general olub. Atam Peterburqda ali təhsil alıb, bank müdiri işləyib. Əmim Hacıağa bəy Mirzəbəyov xəzinədar olub. Qardaşım M.C.Bağırovu vətəndaş müharibəsi dövründə ağqvardiyaçıların əlindən qurtarmış, ölümdən xilas etmişdi. Buna görə də o, bizim ailəni yaxşı tanıyırdı. Səmədlə münasibəti yaxşı olanda bizi də digər sənətkarlarla birlikdə ailəvi Zuğulbadakı məkanına qonaq çağırırdı. Amma çox incidirdi də. İlin iki ayını başını tumarlayır, on ayını zülm edirdi ona. Ora-bura çox çağırıblar, incidiblər onu. Səmədi vaxtsız qocaltdılar. Əlli yaşında o yazıq getdi, otuz səkkiz yaşımda mən bədbəxt oldum"...
Şairin ölümü də Xavər xanımın yaddaşında ağır bir itki kimi "yaşayırdı": Vyetnama gedəcəkdi, təyyarə uçmamış, evə dönmüşdü. Səhərisi gün uçdu. Yolda xəstələnib, Pekində xəstəxanaya qoymuşdular. Evə qayıdandan sonra əvvəlcə "epidemiyadır" demişdilər. Sonra Mustafa bəy Topçubaşov xərçəng diaqnozu qoydu. Səmədi Moskvaya yola salanda o da gəlmişdi. Yazıq əllərini göyə qaldırıb yalvarırdı ki, "Ay Allah, razıyam, qoy mən rüsvay olum, amma qoyduğum diaqnoz yalan çıxsın". Təəssüf ki, yalan çıxmadı. Çox pis oldu. Bir şeirində deyir e:
Sən də de, yarıyaq, qarıyaq qoşa -
nə yarıdıq, nə də birgə qarıdıq.
Ölənəcən özüm, sonra da torpağım
"Səməd" deyib ağlayacaq.
Son məqamında dedi ki, məni öz yatağına keçir, keçirdim. Bir az sonra dedi ki, Xavər, deyəsən, mən gedirəm. Dedim, qoymaram gedəsən, qucaqladım onu - elə qucağımda da keçindi... Qonaq otağındakı saatın əqrəblərini dayandırdım. Əqrəblər o andan 7:30-un üstündə dayanıb. Əlbəəl qohumlar, dostları (çoxları elə bizdəydi), Azdramanın aktyorları, rəsmilər gəldilər...
Mənimçün çox böyük bir itki oldu - evim yıxıldı, qapım bağlandı"...
Bu cür xatirələri danışdıqca da əlləri əsir, hıçqırıqlar içində boğulur, "səsi göz yaşı ilə dolurdu"...
Xavər xanımın danışdığı xatirələr içərisində Vurğunla yaşadığı sevgi nağılı da xüsusi yer tuturdu. Vurğunun ilk dəfə onu görməsindən, görkəmli yazıçı Abdulla Şaiqə "dərdini söyləməsi"ndən, toylarında Mikayıl Müşfiq, Hüseyn Cavid, Mirzə İbrahimov, Sabit Rəhman, Mehdi Hüseyn, Cəfər Xəndan, Yusif Vəzir Çəmənzəminli, Məmməd Kazım Ələkbərli və digər tanınmış şəxslərin iştirak etmələrindən, Əhməd Cavadın məclisdə tamadalıq etməsindən, xanəndə Hüseynağa Hacıbababəyovun oxumasından, Qurban Pirimovun isə tarda onu müşayiət etməsindən, Müşfiqin və Vurğunun şeir demələrindən danışarkən çöhrəsi gülür, gözlərinə sanki işıq gəlirdi. "...Başıma xırda pullar səpə-səpə məni Səmədin birotaqlı mənzilinə apardılar. Yeni evə ayağım düşərli olmuşdu. Təkgözlü otağımız sevinclə, məhəbbətlə çağlayırdı. Ölən günədək də Səmədlə "can" deyib, "can" eşitdik"...
Xavər xanım S.Vurğunun ona həsr etdiyi şeirlərdən də ürək dolusu danışırdı. Bu şeirlərin də hər birinin yazılma səbəbi və özünəməxsus tarixçəsi var. Onlarda da həm şairin özünün, həm də həyat yoldaşının ömürlüyünün bir parçası yaşayır. Və əlavə edək ki, bu şeirlərin sayı da çoxdur.
S.Vurğun Xavərə ilk şeirini 1932-ci ilin 17 fevralında yazıb. O, Xavəri günəşlə müqayisə edir və üz tutduğu günəşdən özünə pay umur, səadət diləyirdi:
Qaranlıqlar çökürkən pəncərəmdə hər axşam
Parlar, gülər, ruhimə gözlərində yanan şam.
O şam ki bir günəşdən daha parlaq işıldar,
Onda şair qəlbinin başqa bir arzusu var...
Başından keçənlərə işarə edən şair arzusunu da dilə gətirir:
Gəl ovla könlümü sən, inanmışam sözünə,
Bəzən sadə və yoxsul görünsəm də gözünə,
Məni əfv et eşq üçün,
bütün bunlar düzələr,
İki gəncin payına yalnız səadət gülər.
Elə həmin il Vurğun "Sevgilim Xavərə!" adlı bir şeir də yazır. 1933-cü ildə qələmə aldığı "Sevgi" poeması da Xavərlə söhbətləşmələrə həsr olunub.
Adətən, şairlər sevdikləri qızlara ailə həyatı qurana kimi məhəbbət şeirləri həsr edir, yaxud bu mövzuda sonradan yazdıqları şeirlərin əvvəlki "dili və pafosu" başqalaşır. Səməd Vurğunun isə Xavər xanıma yazdığı şeirlər ailə qurduqdan sonra da davam edir və ona məxsusi həsr etdiyi şeirlərdən əlavə onu bir neçə irihəcmli əsərlərində də minnətdarlıqla xatırlayır.
Vurğun Xavərlə 1934-cü ildə ailə həyatı qurur. "Xəyalında aradığı qız"a qovuşduqdan sonra onun təkcə həyat tərzi dəyişmir, yazdığı şeirlərin ruhunda da bir sevinc məmnunluq yaranır, həyat yoldaşına minnətdarlığı dilindən düşmür. O, ailə həyatı qurduqdan sonra-1934-cü ildə "Şairin sevgilisinə" adlı şeirində deyir:
Sevgilim! Xavərim! son bahar çağı
Uçub tökülürdü ömrümün bağı...
Həyata küsmüşdüm sözümün sağı,
Üzümə ilk dəfə gülən sən oldun,
Şairin qədrini bilən sən oldun.
...İndi xumar-xumar baxan gözlərin,
Süzülüb-süzülüb axan gözlərin,
Ruhumda bir günəş yaxan gözlərin,
Oldu sənətimin ilham ocağı!
Ömrümün ən gözəl, ən xoşbəxt çağı.
Şeirin hər bəndində, hər misrasında hər sözündə Səmədin Xavərinə vurğunluğu və bu izdivacdan məmnunluğu aşkar görünür. Eyni duyğular şairin 1936-cı ildə qələmə aldığı "Anam gəlini" şeirində də davam edir:
Başına döndüyüm anam gəlini!
Sən ilk qönçəsisən bizim gülşənin.
Hər səhər günəşə uzat əlini,
İşıqda, qüvvətdə adın var sənin...
Sən ilk qönçəsisən bizim gülşənin...
Şairin 1951-ci ildə, yəni ailə həyatı qurduqdan 17 il sonra qələmə aldığı "Xavərə" şeirində də eyni səmimiyyət, eyni sevgi yaşanır:
Ağzı xeyir sözlüm, incimə məndən,
Yar yardan ayrılmaz, bülbül çəməndən.
Demə ki, düşmüşdür saçlarıma dən,
Ürək qocalmayır, ürəyim sənsən.
...Yusifin, Vaqifin görüm var olsun!
Aybəniz hamıdan bəxtiyar olsun!
Yüz il də Vurğuna Xavər yar olsun!
Ən əziz sirdaşım, köməyim sənsən.
Səməd Vurğun "Səmimiyyət yolçusu", "Deyin, gülün, övladlarım", "Unudulmuş tək məzar", "Mən tələsmirəm", "Şair, nə tez qocaldın sən?!" şeirlərində və bir neçə poemasında da Xavərinin ünvanına xoş sözlər deyir.
Səməd Vurğun ömrünün, təkcə xoşbəxt çağlarında deyil, çətin məqamlarında da Xavərinə şeirlər həsr etmiş, bir sirdaş kimi dərdini onunla bölüşmüşdür. Qəribədir ki, Vurğunla Xavər arasında yaşanan sevgini də gözü götürməyənlər olub. Bunu şair 1935-ci ildə qələmə aldığı bir qitədə dilə gətirir:
Ruhumda ruhunun parçası vardır,
Təşəkkür yetirək təbiətə biz.
Xavərim, ömrümüz nə bəxtiyardır,
Xalqı küsəndirir səadətimiz.
Şübhəsiz, şair "xalq" deyərkən, xalqın arasındakı paxılları, xəbisləri nəzərdə tuturdu. Bunun səbəbi də şairin öz ifadəsi ilə desək, "dargözlər"in, "müxənnətlər"in, "iblislər"in fitnəkarlıqları olmuşdur. Bunu biz o illərdə şair haqqında dərc edilən qərəzli məqalələrə və şairin öz əsərlərinə əsaslanıb deyirik.
1949-cu ildə vəsiyyət kimi qələmə aldığı "Dinlə, Xavər!" şeirində də Vurğunun "sağ əli baltalı cəllad"a bənzətdiyi ölümlə də elə "mircəllad"ın minlərlə insanın başına gətirdiyi ölümə işarə edirdi:
Başımın üstünü kəssə də ölüm,
Sağ əli baltalı bir cəllad kimi,
Mənim taleyimə yanma, sevgilim!
Lakin bu dəhşətə baxma yad kimi...
...Xavər xanımın adı, mədəniyyətimizin tarixində S.Vurğun muzeyinin yaradılması və fəaliyyəti sahəsindəki xidmətlərinə görə, təbii ki, daim xatırlanacaq. Düşünürük ki, onun adı həm də Səməd Vurğun kimi şöhrətli bir sənətkarın həyat yoldaşı və Azərbaycanımıza çox böyük və istedadlı övladlar bəxş edən bir Ana kimi də heç vaxt unudulmayacaq!
Aslan Salmansoy
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!