Rüstəm KAMAL
Bir evdə iki xalq şairi yaşayırdı…
Bir evdə iki xalq şairi yuxular görürdü…
Onlar yuxuda gördüklərini şeirə çevirirdilər.
Rəsul Rza Azərbaycan poeziyasında yuxu mövzusuna müraciət edən "peşəkar yuxugörənlərdən"dir. (Və bu yazının adını "R.Rza və N.Rəfibəyli yaradıcılığında yuxu motivi" qoyub, rahatca elmi jurnala verə bilərdik).
Yuxu onun simvolik dili "dil oyunlarından" biridi. Əsl yuxugörmələrdən fərqli olaraq, poetik yuxuları estetik funksiyası olan mətnlərdir. "Rəngli yuxular" şeirlər silsiləsini yazıb. Səhv etmirəmsə, "rəngli yuxu" ifadəsini poeziyamıza Rəsul Rza gətirib.
Neçə gündür
Rəngli yuxular görürəm,
"Tanış olmayan bir qadına
Yazılmış məktub" düşür yadıma.
Yaxud:
Yuxularım rənglidir
Həyatın özü kimi.
Yaxşı, pis insanların
Əməli, sözü kimi.
Böyük şairin assosiativ-metaforik təfəkküründə yuxuda hər rəngin bir məna yozumu var. Məsələn, şirmayı rəng "yuxularda insanların arzularla vüsalı" ("Rənglər") mənasındadır. Bu silsiləyə daxil olan şeirlərdə - fraqmentlərdə ("Həyat adamı", "Həyatdan parça", "Rənglər aləmində") rəng əsas məna kodudur. O, rəng simvolları ilə ölkənin taleyindən də yazır.
Yuxuda bir uşaq gördüm
gözləri qapqara,
badamı.
Yuxuda xatırladım
Vyetnamı.
Gördüm qırmızı bir qan gölməçəsi,
Gölməçə yanında bir uşaq...
Rəsul Rzanın ruhunda Mirzə Cəlildən gələn bir emosional başlanğıc - nigaranlıq var. Nigaranlıq şairin yuxu mətnlərinin havasında, ritorik sualların mayasındadır.
Son zamanlar
səni tez-tez
yuxuda görürəm, Təbrizim!
Yuxuma qəmli gəlirsən
hər gecə.
Suyun, çörəyin varmı?
Nəğmən necə?
Rəsul Rza "yuxuların"ın janr tipologiyasını təxminən belə təqdim etmək olar: yuxu-rəvayət (mif), yuxu-xatirə, yuxu-alleqoriya, yuxu-pritça.
Şair bir gecə "yuxu məntiqi ilə" uşaqlığının qəmli nostaljisini yaşamalı olur, yuxuda anası ilə "görüşür":
Bu gecə yuxu gördüm
Gördüm,
çörək dadı kimi tanış bir otaq
Tavandan nənni asılıb,
Nənnidə bir uşaq...
Nənnini yelləyən qadın anasına oxşamaması yalnız layla səsindən onu tanıması - şeirin süjeti hardasa yuxu obrazlarının məntiqsizliyini, anlaşılmazlığını da xatırladır.
Şair "mifik yuxular" da görür. Yuxusunda gah Prometeyi görür, gah Ezopla söhbətləşir. Görürük ki, qayaya zəncirlənmiş Prometeyin kökçünü bir qartal didib parçalayır amma onun gözlərində bəxtiyarlıq işığı var.
Yuxu personajlarının seçimi (Məryəm ana, Ezop, Prometey, İblis…) də maraqlıdır - böyük şairin xarakteri, yaşam fəlsəfəsi ilə (şüuraltı həqiqətləri ilə!) bağlı olmalıdır. "Yuxuda gördüm" ifadəsini şeirlərdə o qədər inamla işlədir ki, sanki Prometey, Ezop mifik personajlar deyil, həyatda tanıdığı gerçək insanlardır.
"Yuxuma gəlmişdi Ezop" şeirinin siyasi mənası bir yana, Ezopun ağlaması təsiredicidir. Və bu "yuxu"ya yozum verməkdənsə, şeirin bütöv bir parçasını örnək verməkdən özümü saxlaya bilmədim. Şairin nə demək istədiyi onsuz da ortadır:
... "Yenə də varmı dünyada
Ağalar, qullar?" - dedi,
Var, - dedim.
Neçə xalq, neçə cəsur insan
Azadlıq yollarında
vuruşurlar - dedim.
Ezop örtdü əllərilə üzünü.
Ezop birdən ağladı,
Ezop yaman ağladı.
Ezop elə ağladı ki,
Əsim-əsim əsdi dağlar
Bu qorxunc hönkürtüdən.
Susdu bütün dünyada
Köhnə, yeni yaraqlar.
Tez yuxudan ayıldım,
Kaş ki, ayılmayaydım.
Nigar xanım Rəfibəyli də bu evdə yuxular görürdü…
Həyatda olduğu kimi, yuxularında da çiçəkləri ağacları, quşları sevirdi, onları oxşayıb əzizləməkdən xoşu gəlirdi. Ayrılığın simvolları (çiçək, durna) yuxusuna girirdi.
Yuxuda çiçəklər görürəm hər gecə
Öpürəm onları gizlicə...
Hər yanım çiçək,
yastığım, yorğanım çiçək...
Yuxuda çiçək görürəm,
Qərənfili seçir könlüm
çiçəklər arasından.
Elə bil iki damla qan sızır
ürəyimin yarasından.
Yuxuda durna görmək bir çox xalqların mifoloji düşüncəsində ayrılıq simvoludur. Durna səsi "o dünyanın", ruhlar səltənətinin "bu dünya"ya xəbəri kimi yozulur:
Mən
yuxuda durna oluram
gecələr
çırpıb qanadlarımı
yerdən üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında süzülürəm.
Nigar xanım yaddaşındakı o sevimli obrazları "yuxu"larında da təkrar canlandırır. Z.Freyd tövsiyə edirdi ki, ədəbi yuxuları psixoanalitik kontekstdə deyil, simvol müstəvisində öyrənmək lazımdır. (Qəribədir: Freydin özü ədəbi qəhrəmanların yuxularını real insanların yuxugörmələri kimi şərh edirdi).
Ayrılıq ağrısının tərcümeyi-halında, təhtəlşüurunda dərin şırımların açdığı izləri "Məhsəti" dramatik poemasında Həmayilin yuxusunda üzə çıxır.
Qarışıq yuxular görmüşəm yaman,
Səhərdən çıxmırsan heç xəyalımdan.
Gördüm qara bulud aldı göyləri,
Sis, duman bürüdü bütün hər yeri.
Bir qara div çıxıb səni apardı,
Yox olub göylərin dibinə vardı.
Ağladım dalınca, çırpındım yerdə,
Sən isə yox oldun dərin göylərdə.
Nigar xanımın "yuxu mətnləri" avtobioqrafikdir, ovqatının, ruhunun işarətləridir. "Yuxu"ları da şeirləri kimi zərifdir. Misralarından örnəklər: "Yuxularım çiçək-çiçək", "Meh əsir oxşayırdı - Yuxulu kəpənəyi" və s.
Bir dəfə isə Nigar xanım yuxusunda ("Vida") öldüyünü görür. Və Nigar xanım hardan biləydi ki, illər sonra alagözlü yarından yuxudakı kimi ayrılacaq...
Yuxuda dünyayla vidalaşardım,
Dünya gözəl idi, ayrılmaq çətin.
Deyirlər, yaxşıdır qocalıb ölmək,
Belədir qanunu kor təbiətin.
Rəsul Rza bir dəfə yuxusunda kabus görür ("İblislə söhbət"). İblis qanlı Stalin-Beriya - Bağırov rejiminin (donosçuların, satqınların, türk qanına susamış ermənilərin) ümumiləşdirilmiş simvolik adıdır.
...Tanıyarsan adamını bundan sonra
Duz-çörək kəsəndə.
Bu da tanışdır sənə.
Eləmi?
Baxdım, dinlədim.
Elə bil başıma çevirdilər aləmi.
Qulağımı tıxadım,
Yumdum gözümü.
Ayıldım.
Qan-tər içində gördüm özümü.
Gecəlik çırağın zəif işığında
divara düşmüşdü
kürsü üstündəki pencəyimin kölgəsi.
Nəfəsimi dərdim.
Dedim: nə yaxşı ki,
Yuxuda otağım olmuşdu
İblisin fənalıqlar ölkəsi.
Anar yazır ki, atası "Son sətirləri şeiri Qlavlitdən - senzuradan keçirmək xətrinə yazılsa da, yuxularda yox, gerçəklikdə fənalıqlar ölkəsində, heç kəsin heç kəsə sona qədər etibarı olmadığı bir quruluşda yaşadığını dərk edirdi" ("Mübarizə bu gün də var").
Düz 80 il bundan öncə, 1938-ci ildə ağa (Rəsul Rza) oğlunun (Anar) adına "Yadıma düşdü" rədifli bir qoşma bağlayır.
Sormasınlar nə var dərdli könüldən:
Səni mən yuxumda görmüşəm dünən...
"Mircəllad dövründə" - NKVD-nin qara zamanında şair hansı yuxunu görmüşdü? Sonralar Anara danışmışdımı?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!