İyirminci əsrin əvvəlləri Azərbaycan nəsrində diqqətəlayiq yer tutan Abdulla bəy Divanbəyoğlu (1883-1936) ədəbiyyatşünaslıq sahəsində də əhəmiyyətli fəaliyyət göstərmişdir. Bu baxımdan onun "Məcnunun Leyliyə məhəbbəti" əsəri xüsusi maraq doğurur. Əlyazması ədibin şəxsi fondunda saxlanılan həmin əsərin 1910-cu illərdə yazıldığı güman olunur (Azərbaycan Respublikası Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivi, fond 517, siyahı 1, iş 12). On səhifəlik əlyazmanın 4-cü, 8-ci və 9-cu səhifələrinin arxa üzü də yazılmışdır. Müxtəlif səhifələrdə müəllif redaktə xarakterli düzəlişlər etmişdir.
Ustad şairimiz Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının əsasında məcnunluğun, ümumən ilahi eşqin mahiyyəti, mühitin sevgililərə münasibəti, ayrı-ayrı obrazların xarakteri və s. məsələləri elmiliklə bədiiliyin qovuşuğunda, oxunaqlı, təsirli bir dillə, müəyyən qədər də fəlsəfi aspektdə nəzərə çatdıran bu məqaləni ədəbi fikrimizdə esse janrının ilk nümunələrindən saymaq da mümkündür. Maraqlıdır ki, mətndə heç bir yerdə Füzulinin və onun poemasının adı çəkilmir, lakin təhlilə cəlb olunan məhz ustad şairimizin "Leyli və Məcnun" əsəridir və gətirilən nümunələr də həmin poemadandır. Onu da deyək ki, poemadan verilən parçaların bəzilərində cüzi fərqlər də var (məqaləmizdə onlarda düzəliş etməyi lazım bilmədik).
A.Divanbəyoğlu təhlil boyunca öz ədəbi mülahizələrində əsas diqqəti Məcnuna yönəldir, onun sevgi iztirabına bürünmüş tale yolu, hüdudsuz məhəbbəti, bu eşq naminə qatlaşdığı əzablar barədə söz açmışdır. Müəllif, hər şeydən öncə, Məcnunun məhəbbətinin qeyri-adi mahiyyətinə diqqət yönəldir, nəzərə çatdırırdı ki, "Məcnunun məhəbbəti gündən-günə önümüzdən keçən məhəbbətə bənzəmiyor". Çünki həmin "müşahidəsində bulunduğumuz məhəbbət bir az müddət çarəsiz edər, həyatını insana unutduracaq bir halə gətirər. Fəqət bu isə pək az zaman çəkər, sevgili sevgilisini unutar, yaşa dolduqca məhəbbət sübhə qalan şəm kibi sönər". Məcnunun eşqi isə belə sevgilərdən deyil. A.Divanbəyoğlu yazırdı ki: "Məcnunun məhəbbəti zatında var. Buna qarşı Leylidə də məhəbbət peyda olmuş. Leyli bunu Qeysdə gördü, meylini ona saldı. Bunlar:
Bir camdən içdilər meyi-şövq,
Ol iki xərabi-badeyi-zövq.
Böylə məhəbbət Məcnunu çocuq ikən bəlayə saldı:
Ol dəm ki, bu xakdanə düşdi,
Halini bilib fəğanə düşdi".
Məhəbbət Məcnunun bütün varlığını çulğamışdır. "Sidqi-dildən məhəbbətə aris olan aşiq yarına vasil olmağı həyatdan artıq ədd ediyor". Məqalə müəllifi onu da vurğulayırdı ki, ən çətin məqamlarda da Məcnunun qəlbində bir inam var: "Aşiqin qəlbində daima bir ümid işığı parlayır. Bunu söndürmək heç aşiq istəməz. Bir də dünyadə vücudunu eşqin cövrü cəfasilə mübarizədə bulunıyor".
A.Divanbəyoğlu yazırdı ki, Məcnun ilahi eşqə mübtəla olmuşdur, kamillik yolunun yolçusudur, ona görə də "məhbubəsinə irişmək üçün fəna hərəkətlərdən kəndisini saxlayır. Nə etməli ki, yolunda pək çoq məmaneətə təsadüf ediyor. İştə, məhəbbət nə olduğunu anlayan budur. Buna Məcnun adı verirlər, çünki bunda peyda olan məhəbbət başqaları bildigi və gördigi məhəbbətə bənzəmiyor, insan məhəbbəti degil, bu, gögdən nazil olmuş, Qeys namında hissiyyata malik olan bir kəsdə təzahür etmişdir".
Poemadan bəllidir ki, Məcnunla Leylinin məhəbbətindən xəbər tutan valideynləri qızı məktəbdən uzaqlaşdırırlar. Bundan sonra Məcnunun sarsıntıları, əzabları qat-qat artır. A.Divanbəyoğlu bütün bunları çox təsirli şəkildə şərh etmişdir: "Məcnunun zövqü səfa evi uçdu, cövrü cəfa daşları başına düşdü. Məhəbbət odu alışdı. Dudü dumanı buğun-buğun bürüdü. Dünya gözünə görünməz oldu. Yaxasını yırtdı, fələgi təhdid etməyə başladı... Bundan sonra Məcnun üçün məktəbdə dəvam etməgə bir bəhanə qalmadı. Leylinin qəddü qamətinə bənzəyən "əlif"i, qaşlarına oxşayan "nun"i, dəhani şəkli olan "mim"i gözünün önündən və dəhənindən qovdi:
Düş, ey əlif, istiqamətindən,
Şərm eylə bu qəddü qamətindən.
Qəddi həvəsilə dəm urarsan,
Ol getdi, əcəb ki, sən durarsan.
Ey nun, çü nihandır əbruyi-yar,
Sən dəxi nəzərdə durma, zinhar.
Ey mim, çü ağzı oldu qaib,
Oldu sənə həm ədəm münasib.
Məcnunun səhralara düşməsi, insan cəmiyyətindən uzaqlaşması barədə də Abdulla bəy müvafiq şərhlər vermişdir. Məqalə müəllifinin qənaətinə görə, bunun bir səbəbi də insanlar arasında Məcnunun dərdini anlayanların olmaması ilə bağlıdır. Beləcə, getdikcə tənhalığa düçar olan Məcnun öz dərdi ilə baş-başa qalır: "Dərdi artdı, qərarı itirdi... Leyli diyarında buna yer dar oldu. Libasını siyirtdi, əmmameyi-siyahını yandırdı. Arkadaşları ilə əlvida edib qəm və dərdi ilə səhralara düşdü. Leyli fərağı bunun üçün böyük matəm. Matəm içində olanlar dərdini dağlara, daşlara söylər, çünki əhli-dərd insanlar arasında qaib bulunur. İnsanlar bunu gözdən salmışlar, tənə edirlər, barmaqla göstərib bundan həzər edirlər".
Məcnunun içərisində olduğu mühitə münasibəti məsələsinin təhlilinə də Abdulla bəy müvafiq diqqət yetirmiş, nəzərə çatdırmışdır ki, ilahi eşqə düçar olmuş, kamillik yoluna qədəm qoymuş aşiqlə fanatik cəmiyyət arasında kəskin fərq var, lakin tənələr onu geri döndərə bilmir. "Məcnun ... yaşadığı əsrin hal və övzainə uyğun olmadığını dəxi anladı. Fəqət qorkmadı, köksünü bəlayə qarşı açdı. Bütün dünyayi mübarizə meydanına çağırıb diyor:
Söylərdi ki: - Ey cəfaçı dünya...
Gəldim ki, olam qəmin hərifi,
Gəl təcrübə eylə sən zəifi.
Hər handa qəm ola, qılma ehmal,
Cəm eylə, dili-həzinimə sal".
A.Divanbəyoğlu yazırdı ki, əsl aşiq olan Məcnun dövrün və cəmiyyətin fövqündədir, onların hökmlərinə boyun əymir, zəmanənin sazının çaldığı havalara oynamır. O bilir ki, "mühitinin adəti-müamilatini nəzərə alacaq olsa, məhəbbətə rəvac verəməz". Məcnunun "zəmanədən sərfi-nəzər etməsinin digər bir səbəbi vardır. Zəmanənin sazını oynardısa, mühitində sabit olamazdı. Çünki zəmanə bir halda qalmıyor. Səfa gördikcə cəfayı heç kəs istəməz. Bu səbəbdən Məcnun təmənna edib diyor:
Zövq ilə keçirmə ruzigarım,
Zövq əhlinə yoxdur etibarım".
Sufi aşiqlər ötəri həvəslərə, nəfsə uymazlar, zövqi-səfaya aludə olmazlar. Ona görə də "Məcnun səhralərə düşüyor, insanlardan qaçır ki, bunı zövq və eyş-işrətə təşviq edən olmasın. İstiyor ki, məhəbbətdən sonra bunın qəlbinə başqa bir hiss daxil olmasın". Göründüyü kimi, A.Divanbəyoğlunun təhlilləri və gəldiyi qənaətlər, verdiyi izahlar təsəvvüfün mahiyyətinə uyğundur və əsaslıdır.
Getdikcə ilahi eşqin daha dərin qatlarına dalan Məcnunun bu mənəvi təkamülünü nəzərdən keçirən Abdulla bəy yazırdı ki, aşiqin bütün cismi, ruhu Leyli eşqinə bağlıdır. Çünki Leylinin simasında mütləq (ilahi) gözəllik təcəlla tapmışdır. Məcnun hər yerdə yalnız sevdiyini, onun nişanələrini görür: "Vücudilə Leyli bunı bürümüş, səhradə atasını dəxi tanımayır. Leyli kəlməsindən başqa bir şey fəhm edəmiyor... Atası kəndini tanıtmaq istiyor, amma "ata və ana" kəlməsini "Leyli" kəlməsi bunun hifzindən silibdir... Leylinin simayi-mütləqiyyəsində hürufat arayır, qaş-gözünə, ağız-burnuna bənzər hərflərə diqqət verirdi:
Məşq etməgə Qeys alsa bir xətt,
Leyli qaşı idi ona sərxətt.
Bu hərflərdən ögrəndigi "lam" ilə "ya" idi, çünki "Leyli" kəlməsi bu iki hərfdən mürəkkəbdir".
Məcnun nə qədər ilahi eşqə mübtəla olsa da, ata-anasına münasibətdə bir sıra etiraflarda da bulunur. A.Divanbəyoğlu diqqəti həm də ona yönəldirdi ki, Məcnun valideynlərinin iztirablarını da, xalqın tənəsini də duyur. Lakin digər oğullar kimi, o, atasının arzularına uyğun övlad olmaq istəsəydi də belə, bu, baş tutmazdı. Çünki atasına etiraf etdiyi kimi, qarşısı alına bilməyən, müalicəsi mümkünsüz olan bu eşq bəlası Məcnunun qədərinə, qismətinə yazılıb: "Bir tərəfdən oğul həsrətini çəkmiş olan ata və ana və xəlqin tənə və şəmatəti və digər höccət müdam mübarizədə, münaqişədədirlər... Atasının can cövhərinə bədəl ona qabil övlad olmaq və özündən xoşdil etməkdən geri durmazdı. Fəqət əlacı əlində degil. Çünki:
Fəzayi-eşqi çün gördüm,
səlahi-əqldən durəm.
Sonra atasından üzr istiyor:
Bəni rüsva görüb eyb etmə,
ey naseh ki, məzurəm...
Sonra bunlara təsəlli veriyor, başına gələni qəzavü qədərin boynuna qoyur:
Təqdir çü böylədir, nə tədbir,
Təqdiri edərmi kimsə təğyir?"
Məqalə müəllifi yazırdı ki, Məcnun ilahi eşqə düçar olmasaydı, valideynlərinin nəsihətini dinləyib, onların mal-mülkünün varisi olardı, bir başqasını da "kəndinə təzvic edərdi" (zövcə edərdi). "Lakin
Eşq dərdi, ey müalic, qabili-dərman degil,
Cövhərindən eyləmək cismi cüda asan degil.
Bunun üçün bu dərdə bir çarə var isə, o da Leyliyə vasil olmaqdır".
Lakin bütün platonik sevgilər kimi, Məcnunun Leyliyə məhəbbətinin də vüsalı yoxdur. Bu çarəsiz dərdi oğlundan uzaqlaşdırmaq istəyən atası Məcnunu Kəbəyə aparır. Fəqət Məcnun dua edərək daha çox bəla istəyir. Çünki təsəvvüf yolunun yolçuları nə qədər çox bəlalara qatlaşsalar, sınaqlardan mətanətlə çıxsalar, haqqa o qədər yaxınlaşarlar. Məcnun "Kəbəyi köksü qara daşlı, üzəri qara örtüklü görüncə, "qibleyi-əhli-iqbali" görüncə bunı da kəndi kibi aşiq ədd ediyor. Eşqin daha artmasını Rəbbdən "bu hərəmsarəra həqiçün, bu məbədi pürsəfa həqiçün" təmənna edir ki, bunda "binayi-eşqi daim" qılsın. Çünki bəlayi bu, bəla bunı istər".
Başqa bir məqam. Nofəlin Məcnuna kömək göstərmək məqsədi ilə Leylinin atası ilə döyüşə başlaması, son nəticədə mübarizəni dayandırmaq zorunda qalması ədəbiyyatşünaslıqda müxtəlif aspektlərdə izah olunmuşdur. A.Divanbəyoğlunun da şərhi diqqətəlayiq olub sufi-platonik eşqin mahiyyətinə uyğundur: "Cani-dildən toğan, can cövhəri olan məhəbbət zor ilə nəticə vermir. Qılınc zoruna Leyliyə vasil olmasını məhəbbətdən uzaq bilir".
Məqalə müəllifinin dediyi kimi, Məcnun adı alan aşiqi "bu məhəbbət aləmində ... anlayan başqa bir vücud var isə, o da Leylidir. O isə insanlar aləmində əsarətdədir, əli və ayağı bağlıdır. Kəniz və kəmtər kibi hər kəs olursa-olsın, sormadan onı verirlər". Məcnundan uzaqlaşdırılan Leyli üçün bu da digər faciə və iztirab mənbəyi...
Leylinin zorla verildiyi İbn Səlamın ölümündən sonra sevgililərin qovuşması üçün müəyyən şərait yaransa da, Məcnunun bundan imtina etməsini də məqalə müəllifi düzgün izah edərək vurğulayırdı ki, "Məcnunun var vücudu məhəbbətdən toqunmuşdur. Məhəbbət bunun aləmidir... İmdi Məcnun eşq dəryasından çıqacaq olursa, yaşaması müşküldür... Məcnunun həyat şöləsi məhəbbətdir. Bunun mənbəyi Leylidir. Leylinin məhvəri bunın ömri-intəhasıdır". Lakin Məcnun artıq könlündəki Leylinin xəyalı ilə təsəlli tapır, vüsal istəmir: "Cismən Məcnunu yox hesab etmək olar. Məhəbbət onu bu dünyadan bilmərrə almış. İstədigi də bu idi.Tanrıdan təmənnası meyi-məhəbbəti nuş etməklə məst və mədhuş olub dünyayi idrak etməmək idi. Duası müstəcəb oldu. Dünyayi idrak etmiyor...:
Öylə sərməstəm ki, idrak etməzəm,
dünya nədir,
Mən kiməm, saqi olan kimdir,
meyi-səbha nədir?
Əvvəl yarına vasil olmağı arzu edərdi. Leylini görmədikdə kəndini çaşırırdı və fələkdən şikayət ediyordu... İndi isə məhəbbət başqa bir halə təhəmmül etmiş.Yarə vasil olmayı artıq arzu etmiyor. Çünki:
Xəyalilə təsəllidir, könül meyli-visal etməz,
Könüldən dışra bir yar olduğun
aşiq xəyal etməz".
...Və sonluq: "Aqibət nə oldu?... Leyli dami-dünyadən çıqdı, başqa bir diyarə getdi. İmdi Məcnun da o diyarə köçmək arzu ediyor..." Və diləyinə çatır...
Ümumiyyətlə, "Məcnunun Leyliyə məhəbbəti" əsəri tanınmış yazıçımız Abdulla bəy Divanbəyoğlunun ədəbi görüşlərini aydınlaşdırmaq baxımından əhəmiyyətlidir, həmçinin füzulişünaslığımızın araşdırılmamış bir səhifəsi kimi özünəməxsus dəyərə malikdir.
Hüseyn HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru, professor,
əməkdar elm xadimi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!