Bir kitabın təəssüratları - Nizami CƏFƏROV

Min doqquz yüz doxsan üçüncü ildə Ankarada prof. dr. Əhməd Bican Ərcilasunun "Türk dünyası üzərinə incələmələr" kitabı nəşr olundu… Düz iyirmi beş il bundan əvvəl…

O zamandan bəri həm dünyada, həm Türk dünyasında, həm də türkologiyada çox şeylər dəyişib, ancaq o zamanlar hələ gənc olan xocamızın "İncələmələr"inin keçən əsrin 90-cı illərinin ortalarına doğru məndə yaratdığı təəssüratları necə vardısa, demək olar ki, eləcə də qalıb.

Ərəb sözü olan "təəssürat" türk dillərində, adətən, cəmlənməz, lakin ona görə "təəssüratlar" deyirəm ki, haqqında söhbət gedən kitab mənim təsəvvürümdə o zaman olduğu kimi, bu gün də çox mətləblərdən xəbər verən, çox məsələləri ümumiləşdirib yönəldən, mübahisə-müzakirələrdən çəkinməyən (və enerjili bir milli ruha dayanan!) əsərdir. Belə əsərləri, görünür, yalnız güclü bir intellekt deyil, həm də eyni səviyyədə güclü intellektual bir dövr, yaxud mühit yaradır.

Kitabın "Söz başı"nda müəllif yazır:

"Bu günlərdə Türk dünyasından bəhs etmək, Türk dünyası barədə yazıb-pozmaq dəb oldu. Biz türk milliyyətçiləri  illərcə bu dəbin gəlməsini gözlədik. Heç kəsin əsir türklərdən söz açmadığı günlərdə əsir türk həftələri keçirib onların qurtuluşu barədə hayqırdıq. Buna görə təqiblərə məruz qaldıq, həbslərə atıldıq, cəzalandırıldıq. Heç bir şey eləməyəndə də xəyalpərəstlikdə, macəraçılıqda günahlandırıldıq".

Və əlavə edir:

"İndi bu günlərə gəlib çıxdığımız üçün  Tanrıya şükür edirik və əlbəttə, həqiqəti çox öncədən görməyin qürurunu duyuruq.

…Biz hər zaman Türk dünyasını bir bütöv olaraq gördük. Onların tarixinə, dilinə, ədəbiyyatına, mədəniyyətinə bir bütöv olaraq baxdıq. Bu gün də eyni görüşdəyik…"

Kitab müəllifin 1970-ci illərin əvvəllərindən 1990-cı illərin əvvəllərinə qədər nəşr olunmuş müxtəlif elmi, elmi-publisistik məqalələrini əhatə etsə də, bu müxtəliflik onun ideya-məzmunca bütövlüyünə, demək olar ki, heç bir təsir göstərmir. Və hər bir məqalədə Türk dünyasının inteqrasiyası uğrunda mübarizə aparan bir fikir mücahidinin səsi eşidilir.

Kitaba daxil edilmiş məqalələr 1) "Türk dünyasına ümumi baxış", 2) "Türkiyədən ətrafa  doğru" və 3) "Türk dünyasından adlar- səslər" başlıqları altında  toplanmışdır.

Birinci bölmədəki  məqalələr, fikrimizcə, biri digərinin məntiqi davamı olan aşağıdakı üç mühüm suala cavab verir:

1)türk dilinin keçmişi necə olmuşdur;

2)türk dilinin bu günü necədir;

3)türk dilinin gələcəyi necə olacaqdır?

Əlbəttə, müəllifin bu suallara cavablarının metodoloji əsası elə sualların özündə də əks olunur. Xüsusilə o baxımdan ki, möhtərəm xocamız həm keçmişə, həm bu günə, həm də gələcəyə münasibətdə "türk dilləri"ndən deyil,  məhz "türk dili"ndən söhbət açır… Və "İncələmələr"in elmi-intellektual gücü və ya enerjisi ondadır ki, burada a) konkret faktların təhlili,  b) təsnif, yaxud ümumiləşdirmələr və c) konseptuallıq bir-birini təqib edir.

Ə.B.Ərcilasun qəti əmindir ki, tarixən bir türk yazı dili (Şimal-Şərq türkcəsi) olmuş, orta əsrlərin sonlarına  doğru isə ikinci türk yazı dili (Cənub-Qərb türkcəsi) meydana çıxmışdır. XIX əsrin sonu, XX əsrin əvvəllərində, xüsusilə XX əsrin 20- ci, 30-cu illərində "əmələ gələn" müasir türk yazı dilləri, əslində, süni və ya qondarmadır. Əksəriyyəti rus-sovet "ayır, buyur" siyasətinin nəticəsidir ki, türk xalqlarını parçalamaq məqsədi güdmüşdür…  Odur ki, müəllif belə güman edir ki, "müstəqil" elan edilmiş bir sıra (iyirmiyə qədər!) türk yazı dili, əslində, ləhcə, yəni  türkcənin dialektləridir. Və ona görə də bu süni müstəqillik tədricən aradan qaldırılmalı, türk dillərindən biri (nəticə etibarilə, daha zəngin ünsiyyət təcrübəsi olan Türkiyə türkcəsi!) bütün türklər üçün (və tədricən yeganə!) yazı dilinə çevrilməlidir… Əlbəttə, əgər doğrudan da müasir türk yazı dillərinin əksəriyyəti türk birliyinə qarşı  rus- sovet təxribatının nəticəsi olmuş olsaydı, xocamızla razılaşmamaqdan başqa çarəmiz qalmazdı. Lakin həmin təxribat nə qədər "effektli" olsa da, o səlahiyyətdə deyildi ki, xalqın iradəsi əleyhinə ona  hansısa süni dili qəbul etdirə, daha doğrusu, sırıya bilsin. Və bir neçə yüz illik azadlıq arzularına qovuşan türk  xalqlarının iyirmi beş ili adlayan müstəqillik  təcrübəsi də göstərdi ki, onlar yazı dillərini uğurla inkişaf etdirir, bu dillərdə bədii, elmi, publisistik əsərlər yaradır və ondan dövlət dili olaraq kifayət qədər inamla istifadə edirlər. Odur ki, bu gün "Azərbaycan türkcəsi", "özbək türkcəsi", "qazax türkcəsi", "türkmən türkcəsi"… kimi linqvonimlər özünü doğrulda bilməz… Türklər arasında ortaq bir ünsiyyət dilinə ehtiyac məsələsinə gəldikdə isə, etiraf etmək lazımdır ki, xocamız tamamilə haqlıdır. Və Türkiyə türkcəsi artıq həmin funksiyanı gerçəkləşdirməyə başlamışdır… Ancaq burada da bir "əmma" vardır. O da bundan ibarətdir ki, müasir türk yazı  dillərinin nə vaxtsa öz missiyalarını ortaq  türkcəyə təslim edəcəyini proqnozlaşdırmaq cəhdləri dil tarixi prinsiplərinə ziddir. Heç cür düşünmək olmaz ki, məsələn, müasir german, slavyan, yaxud İran dilləri nə vaxtsa bir ortaq dil ətrafında birləşib yox ola bilər. Və tarix göstərir ki, "Qurani- Kərim" kimi möhtəşəm normativ- kanonik istinadgahı olan ərəb dili belə, müxtəlif ləhcə- dillərə  bölünmüş, hər bir ləhcə- dilin öz yazı təcrübəsi formalaşmışdır.

"İncələmələr" müasir türk dilləri arasındakı fonetik, leksik və qrammatik fərqlərin bütöv bir sistemini təqdim edir. Və məsələnin sosioloji yönü ilə bağlı maraqlı bir sorğunun nəticələrini misal gətirir:

…12-20 aprel 1992-ci il tarixləri arasında beş müstəqil türk respublikasına səyahətdən sonra həmin səyahətdə iştirak edən 150 iş adamı, məmur və jurnalistin bu ölkələrdə işlənən türkcəni nə dərəcədə  anladıqları sorğusuna cavabları belə olmuşdur: Azərbaycanda - 88 faiz, Türkmənistanda - 63 faiz, Özbəkistanda - 60 faiz, Qırğızıstanda - 39 faiz, Qazaxıstanda - 26 faiz...

Əlbəttə, türk dilləri (və xalqları) arasındakı diferensiasiya nə qədər dərinləşmiş olursa-olsun, "İncələmələr"in ideyası  qohum (əqrəba) dillərin (və xalqların) ortaq tərəflərini (potensialını!) aşkarlamaq, kürəsəlləşən dünyanın çağırışları zəminində  türk xalqlarının mədəni, iqtisadi, siyasi, ideoloji birliyini təmin edəcək  prinsiplər işləyib hazırlamaqdan ibarət idi. Və heç şübhəsiz, kitab bütün polemik cəhətlərilə birgə həmin missiyanı uğurla yerinə yetirmişdir.

Hələ 1989-cu ildə, yəni sovet türklərinin öz dövlət müstəqilliklərini elan etməsindən iki-üç il əvvəl nəşr olunmuş "Türk ortaq bazarına doğru" məqaləsində Ə.B.Ərcilasun yazırdı:

"Sovetlərdəki türk respublikaları öz iradələrinə əsaslanaraq başqa ölkələrlə iqtisadi və siyasi  münasibətlər qurmağa başladıqları andan etibarən ki, bu  məqama çox yaxınlaşmaqdayıq, "Türk ortaq bazarı"na doğru gedən hərəkat sürət qazanacaqdır… Dünyadakı ortaq bazar ölkələri "birləşmiş dövlətlər" statusuna yönəlirsə ki, niyyətləri  bundan ibarətdir, "Türk ortaq bazarı" da "Türk Birləşmiş Dövlətləri"nə çevriləcəkdir".

"İncələmələr" müəllifinin o zaman  yeganə müstəqil türk dövləti olan Türkiyənin Türk dünyasının gələcəyi üçün ən müxtəlif baxımlardan tarixi məsuliyyət  daşıdığını dəfələrlə xatırlatması bu gün üçün də  müasir səslənir…

"Türkiyədən ətrafa doğru" bölməsindəki  məqalələr Türkiyə xaricindəki türklərin dil, ədəbiyyat və mədəniyyətləri (və bu zəmində milli özünüdərk texnologiyaları) barədə danışırdısa, "Türk dünyasından adlar- səslər" bölməsi türkiyəli oxucunu bu xalqların görkəmli ziyalıları, onların həyatı, yaradıcılığı, xüsusilə türkçülük düşüncələrinin xarakteri ilə tanış edirdi… İsmayıl bəy Qaspıralı, Yusif Akçura, Sədri Maqsudi, Hüseyn Cavid, Əhməd Cəfəroğlu, Şəhriyar, Bəxtiyar Vahabzadə, Çingiz Dağçı, Cavad Heyət kimi böyük türklərə həsr olunmuş məqalələrdə "soyuq" elmi-ideoloji məntiqlə "isti" milli romantika elə bir mükəmməl assosiasiya yaradır ki, müəllifin üslubuna heyran olmamaq mümkün deyil. Bu üslubun bir bənzərsizliyi də ondadır ki, Şərq, Şimal- Qərb, Cənub-Qərb türklərindən bəhs  açarkən həmin coğrafiyalarda ən çox işlənən sözləri (hətta bir sıra qrammatik xüsusiyyətləri) olduğu şəkildə verməklə elə səlis bir  ümumtürkcə miqyası təqdim edir ki, məsələn,  mənim kimi müasir türk dillərinin (və xalqlarının) müstəqilliyinə heç bir şübhə etməyənlər də cavabsız suallar qarşısında qalmalı, özü-özündən "şübhələnməli" olurlar.

Ə.B.Ərcilasunun bütün mülahizələrində (və kitabın ruhunda!) Türk dünyasını Türkiyədən görmək (və dəyərləndirmək) üsulu hakimdir. Və bu  da tamamilə təbiidir… Müəllifin ən polemik fikirlərində belə, metodoloji səmimiyyətini (və təbiiliyini!) gücləndirən cəhətlərdən biri də odur ki, Türkiyənin Türk dünyasına o illərdəki rəsmi münasibətinin özünə də kifayət qədər tənqidi yanaşmış, elə təkliflər vermişdir ki, həmin illərdə onlara ciddi yanaşılsaydı, yəqin ki, bu gün vaxtilə edilmiş laqeydliklərə eyni laqeydliklə "keçənə güzəşt deyərlər" deməzdik…

Türkologiyanın Türk dünyasının taleyinə həsr olunmuş elə kitabları var ki, onları zaman- zaman dönə-dönə oxumaq, onlarla mükaliməyə girmək lazımdır, hətta bəzi müddəalarını yerli-yersiz tənqid etmək də  olar… Ancaq bu kitabları həm də  sevmək lazımdır, çünki zamanın təbəddülatları içərisində ən doğru yolu axtaran türk intellektinin əsərləridir… Prof. dr. Əhməd Bican Ərcilasun xocamızın iyirmi beş il bundan əvvəl dünya işığına çıxmış "İncələmələr"i kimi…

Nizami Cəfərov
Əməkdar elm xadimi, akademik


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!