Azərbaycanın xalq yazıçısı Anarın və bizim nəslimizin taleyinə iki yüzilin, iki minilin qovşağında və ya ayrıcında yaşamaq düşüb. Bu təkrarsız və qeyri-adi zaman hərənin taleyindən bir cür keçib. Yüz minlərlə insan müharibələrin, qitələri dolaşan köç dalğalarının qurbanına və əsirinə çevrildi, ideoloğiyaların, siyasi inancların, imperiyaların uçan divarları altında qalıb məhv oldu, mənəvi-psixoloji burulğanlardan keçə bilmədi. Ən ağır sınaqlarla və faciələrlə üzləşən Azərbaycan ziyalısı oldu.
Anar öz milli sarsıntılarını və haqlı-haqsız umacaqların kükrəyən qəzəbini yaradıcılığının tükənməz enerjisi və gülləbatmaz zirehi ilə adladı. Hər aldığı yaranı yeni bir əsərilə sağaltdı.
Onu əzdiklərini, bitirib yox etdiklərini düşünənlərin iftira burulğanından hər dəfə ürəyi insana, həyata, millətinə məhəbbətlə dolu çıxdı. Şərə uymadı, şərin üstünə xeyirxahlıqla getdi və səksən yaş və bu yaşın yaradıcılıq hesabatı bu amansız və haqsız savaşda Anarın qələbəsidir.
Yüzillik, minillik sözlərini təsadüfi xatırlatmadım. Çünki bu zaman kəsimində Anar zamana qoşulub axıb getmədi, əksinə, bu axardan üzünü keçmişə çevirərək millətinin gözünü ötən min ilin başındakı tarıxi olaylara, ordan da min illər öncənin Azərbaycan-türk varlığına çevirdi; 1300 illiyini bayram etdiyimiz Dədə Qorqud boyları əsasında gözəl bir film çəkdi, elmi araşdırmaları ilə Dədə Qorquda doğru gələn uzun yolları aydınlatmağa çalışdı. Min beş yüz ilin oğuz şerinin ilk sanballı toplusunu nəşr etdi. On beş əsrlik ədəbiyatımızın demək olar ki, bütün böyükləri haqqında bir-birindən dəyərli məqalələr yazdı, milli taleyimizin məhək daşları, durna çıraqları və ya mayakları, yolgöstərənləri olan klassiklərimizin həyat və yaradıcılığını dəyərləndirdi, bununla yetərlənməyib onlar haqqında filmlər çəkdi. M.F.Axundzadə, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid... Burada qəribə bir bağlaşma var... Tariximizin bu böyük qəhrəmanları Anarın qəhrəmanlarına çevriləndə əslində Anar da bu tarıxın yeni bir qəhrəmanı oldu; çünki bu böyüklərin həyatının bütün dramatizmini və faciəsini ekranlaşdırmaq özü də bir qəhrəmanlıqdır. Sonuncu yüzilin də elə bir ciddi ədəbi şəxsiyyəti və mədəniyyət xadimi yoxdur ki, Anarın diqqətindən və qələmindən kənarda qalsın. Beləliklə, Anar bəy səksən yaşına min beş yüz ilin salnaməçisi, araşdırıcısı, təbliğatçısı, tarixçisi və bu tarixə ekran həyatı verən böyük bir mədəniyyət xadimi kimi gəlib... Məncə, bunlar bir ömrün dəyərini və yükünü anlamaq üçün yetərlidir. Lakin xoşbəxtlikdən indiyədək yazdıqlarım Anarın yaradıcılıq taleyinin yalnız bir parçasıdır; onun yaradıcılıq həyatının özəyi yox, bəlkə də əlavəsidir. Bunlarla yanaşı, Anar həm də görkəmli ədəiyyatşünas, ədəbi tənqid ustası, zamanın ruhunu əks etdirən, qaldırdığı milli problemlərlə, xalqın gələcəyinə işıq tutan publisist, sözünü vaxtında deməyi bacaran ictimai və dövlət xadimidir...
Lakin Anar hər şeydən öncə bir nasirdir və Azərbaycanda da, xaricdə də daha çox nasir kimi tanınır, ədəbi şöhrətini də daha çox nəsr əsərlərilə qazanmışdır. Anar XX yüzildə haqlı olaraq yeni milli intibahın başlanğıcı sayılan altmışıncıların simasını, xarakterini, ideallarını müəyyənləşdirən qələm sahiblərindən biridir. Bu gün inamla demək olar ki, bu il yüz yaşını qutladığımız Azərbaycan Xalq Cümhuriyyətinin memarı iyirminci yüzilin əvvəllərində yaşamış fədakar ziyalılarımız olmuşdusa, 1991-ci ildə bu dövlətin bərpasının mənəvi və siyasi təməllərini milyonlarla insanı meydanlara toplayan və idarə edən yeni nəsil ziyalılarımız artmışdı. Onların başında altmış və yetmişinci illərin əsərləri ilə millətin milli şüurunu sovet rejiminin pasından təmizləyən qələm sahibləri gəlirdi. Təbii ki, İkinci Dünya müharibəsindən sonra yazıb-yaradan qabaqcıl düşüncəli şair və yazıçılarımızla bir yerdə...
Biz Anarı bir-birindən gözəl hekayələri və "Ağ liman" povesti ilə tanımışdıq. Məncə, gəncik illərində yazsa da "Ağ liman" povestinin adı onun səksən yaşına daha çox yaraşır. Yaşının bu çağına yaraşan bir addır. Anar bütün ömrü boyu millətinin sevgi və ehtiramla qurduğu bir ağ limana doğru yol gəlib. Həyat gəmisinin fırtınalardan keçərək vardığı lımana başqa ad vermək olmaz.
Yadıma gəlir, Anarın hər yeni hekayəsini intizarla gözləyirdik. Bu arada o, birdən-birə oxucuların görüşünə Molla Nəsrəddin libasında gəldi və sovet dövrünün bütün eybəcərliklərini Mirzə Cəlil üslubuna yaraşan bir şəkildə tənqıd və ifşa məharətini göstərdi. Bunların ardınca teatr və televiziya tamaşaları yarandı, dramaturq qabiliyyəti ilə teatrımızda yeni bir yol başladı. Bütün bunları xatırlayanda belə bir qənaətə gəlirəm ki, Anar təkcə son min beş yüz ilin salnaməsini yaratmaqla, ədəbi zirvələrimizə abidələr qoymaqla kifayətlənmədi, həm də bu tarixin demək olar ki, bütün ədəbi üslub və rənglərini öz yaradıcılığında yenidən dirçəltdi. "Dədə Qorqud" filminin mifik-romantik dünyasından başlanan yolu onu ədəbi düşüncəmizin mistik-irfani çağlarından, sufizmdən, realizmin Vaqif və Mirzə Fətəli məktəblərindən, milli oyanışa təkan verən inqilabçı demokratiyanın Mirzə Cəlil və Sabir möcüzəsindən, ruhumuzun ifadəsi olan Üzeyir Hacıbəyli musiqisindən və Cavidin dönməz türkçülük savaşından keçirərək Nazim Hikmətin və Rəsul Rzanın yeni poetik dünyasına gətirmişdir. Bir sıra nəsr əsərlərində isə bu xətlərin qovuşduğunu və Anara məxsus yeni bir üslub biçimlədiyini görürük. ( " Əlaqə", "Ağ qoç, qara qoç", "Göz muncugu")
Anarın poetik yaradıcılığı, tərcümələri tənqidçilərin gözündən yayınmamalıdır.
Nəhayət Anar hər yerdə Azərbaycanı ləyaqətlə təmsil etməyi bacaran ayıq, hazırcavab, müdrik və adlarını çəkdiyim böyüklərimizlə bir səviyyədə dayanan bir parlaq şəxsiyyət və türk dünyasının böyüklərindən biridir.
"Kərəm kimi" kitabında Anarın məşhur rus şairi Yevgeni Yevtuşenkoya həsr olunmuş "Zamanın amansız üzü" adlı bir məqaləsi var. Bu gün mətbuatda eninə-uzununa söyülən, gözdən salınan böyüklərimizi düşünəndə yadıma tez-tez Yevtuşenkonun 1980-ci ildə dilimizə çevirdiyim "Balina qəbiristanlığı" şeiri düşür.
Nəhəngləri ovlamağa
hamımızda bir həvəs var.
Ağılsızdır - böyük olan
xırdalardı- ağıllılar.
"Durbini tez alın ələ,
tez tuşlayın itməsin an!"
Böyrünə nizə sancılmış
Tolstoy da qaçır ondan.
Nəhənglərin qorxu yeri
dayazdadır, qov, duracaq.
Qəlpələnmiş nizələri
Qorki yenə hayxıracaq.
Heminquey susub durur,
məzarını deşib, aman
Odur nizə baş qaldırır
yaşıl otlar arasından...
Nəhənglərin faciəsini əks etdirən gözəl bir şeirdir. Onlara okean genişlıyındə yaxın düşə bilməzsən, buna görə də ovçular onları dayaza, çömçəquyruqlar arasına sıxışdırmağa çalışırlar. Azərbaycanın böyük söz sahibləri də ömürləri boyu bu dayazlıqların xırda məxluqlarının əliylə yaralanmışlar və ömrümüz boyu balinalarımızı nizələyib, öldürüb üstündə ağlamaqdan ləzzət almışıq. Amma nə yaxşı ki, heç bir qüvvə Anarı o münaqişələr dayazlığına çəkə bilmədi. Bir çox hücumlara Molla Nəsrəddin yumoruna bənzər bir yumorla gülüb keçdi.
"Anlamaq dərdi" dilimizdə aforistik ifadəyə dönüb. Anlamaq - xeyir, dərd - şər, ağ qoç - xeyir, qara qoç - şər... Əslində Anarın bütün əsərlərində işıqla qaranlığın, ağılla cəhalətin, sevgiylə sevgisizliyin bu əbədi mübarizəsi əksini tapıb. O illər öncə beşmərtəbəli evin altıncı mərtəbəsini kəşf edib, daha doğrusu, öz əlləriylə tikib bu görünməz mərtəbəni və özü də köçüb o əl yetməyən mərtəbəyə.
Şeirlərinin birində dediyi kimi, millətinin dərdləriylə baş-başa yaşayıb, yaşayır, yaşayacaq...
6 mart 2018
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!