Anara oda - Tehran Əlişanoğlu - ANAR - 80

Yazıçı Anar ədəbiyyatımızda epoxadır. Yarım əsrdən çoxdur ki, qəlbləri fəth etməkdədir. Hər bir yazıçının hünəri məgər oxucu qəlbinə saldığı yollardan keçmirmi?! Ən yaşlı nəslin oxucuları bugün də Anarı "Ağ liman"dan xatırlayır, sevir, ən gənc nəsil - "Göz muncuğu"ndan tanıyır, sevir. Hələ bu aralıqdakı nə qədər dolambaclar, lağımlar, labirintləri demirəm... Demiş olsam: "Bayram həsrətində" - "Asqılıqda işləyən qadın" - "Taksi və vaxt" - "Yağış yağır" - "Gürcü familiyası" - "Mən, sən, o və telefon" - "Təhminə və Zaur"... - bir cür nostaljidir; "Yaşıl maşın" - "Molla Nəsrəddin-66" - "Adamın adamı" - "Qırmızı limuzin" - "Muhakkaq görüşəriz"... - başqa bir mənzərə; "Macal" - "Şəhərin yay günləri" - "Beşmərtəbəli evin altıncı mərtəbəsi" - "Əlaqə" - "Otel otağı" - "Ağ qoç,qara qoç"... - özgə bir hal, problem, dünya; "Sizsiz" - "Həyatım ağrıyır" - "Mübarizə bu gün də var" - "Gecə düşüncələri" - "Unudulmaz görüşlər"... - unudulmaz görüşlər... Anar sevir, sevdirir... Anar ağrıyır, ağrıdır... Anar hər zaman düşünür, düşündürür... Anar getdiyi yollardan dönmür, çəkinmir, usanmır, getdiyi yollarla gedir, gedir, gedir... Bir yazıçının zamanda(n) qoparası olduğu, qopardığı, qoparağı - epoxası necə olur ki?!  

Anar müasir ədəbiyyatımızda Simvol-adlardan biridir. Tarixçilərdən kimisi özündən əvvələ  -  içindən doğulduğu sosializmə etiraz pafosuna bağlayır, kimisi sonraya - doğurduğu müstəqillik havasına; fərq eləməz, belə bir ədəbiyyat var - 60-cılar ədəbiyyatı. Fərqli düşüncəsi, predmeti, qəhrəmanı; fərqli üslubları... Anar bu ədəbiyyatı bilavasitə quranlardandır; əsərləri ilə, yazıçı mövqeyi, əqidəsi, prinsipiallığı ilə. 60-cılar ədəbiyyatına dəxli nə varsa, Anarda var. Kimisi lirika, "mən" duyğusu, kimisi mühakimə, fikir, kimisi ağrı, müqavimət, ya aqressiya... - Anar müasir ədəbiyyatımıza düşünmək mədəniyyəti gətirib. Doğrudur, kimsə deyə bilər ki, bu - klassikada var; klassikada nə yoxdur ki; o sıradan 60-cılarda da klassikadan bir duz var. Düşünmək, düşünmək, düşünmək; düşüncənin yaratdığı aurada var olmaq... - bu məhz Anarın yaratdığı bədii platformadır. Bir tənqidçinin söylədiyi kimi: Anar nəsrimizə "düşünən və düşündürən qəhrəmanlar" gətirmiş, yaxud bir başqasının sezdiyi kimi: "həyat maksimalizmi", ya üçüncü birisinin bəyan etdiyi kimi:  ekzistensial İnsan problemləri... Müasir dünyanın nəfəsi var 60-cılarda, şəksiz; o cümlədən bir çimdik duz da Qərb modernizmi, modernizm estetikasından. Amma yazmışam, demişəm; bir də demiş olum: "Azərbaycan yeni nəsri" özəl hadisədir, əzəl mübtədası Anar olmaqla; biz bu nəsri yalnız dünya ədəbiyyatı içrə qavradıqda əsl çəkisini duya, sanbalını bilə bilərik...    

Xalq yazıçısı Anar xalqının övladıdır; xalqın sözünü hər zaman uca tutub, həmişə, hər yerdə deyib, arxasında durub... Bir zamanlar Səməd Vurğun necə deyibsə, Bəxtiyar Vahabzadə nə sayaq çatdırıbsa, Anar da bugün eləcə... Yenidənqurma farmazonluğu dövründə, Qarabağ hadisələri zamanı, 20 yanvar faciəsinə qənşər biz Anarı daima ən yüksək kürsülərdən etiraz səsini ucaldan görmüşük. Ali sovetin tribunasından da, ən müxtəlif milli kürsülərdən də, Müasir Azərbaycanmızın memarı Heydər Əliyev mövqeyində(n) də Anarı çəkinmədən çıxış edən, xalqın sözünü deyən görmüşük. Bir ziyalı, ədib, söz sahibi nə qədər bacararsa, o qədər... Bir zaman sorağı Sovet ölkəsinin hər bucağından gələn Anarın səsi indi Ümumtürk zirvə toplantılarından gəlir. Xalq sözünü eşitdiyi, əməllərini gördüyü, ümid bağladığı şəxsiyyətlərə etibar edir, onu ucaldır. Mötəbərlik belə yaranır...

Yazıçı Anar yazıçılıqdan bir baş daha artıq olubdur həmişə. Bunu deyəndə yada Anarın uzun illər "Qobustan" fəaliyyəti gəlir; o "Qobustan" ki, ulu öndər bəyənmişdi, "Bizim bu milli dirçəliş, milli oyanış, milli özünütanıma prosesində "Qobustan"ın rolu çox böyük olubdur" deyib təqdir etmişdi... Göz önündən neçə-neçə kino-filmlər keçir: "Torpaq, dəniz, od, səma", "Gürcü familiyası", "Hər axşam saat on birdə", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Uzun ömrün akkordları", "Təhminə", "Otel otağı", "Cavid ömrü", "Sübhün səfiri" və "Dədə Qorqud" kino-dastanı - xalqın yaddaşına birdəfəlik yazılmış Anarın Dədə Qorqudu... Nəzərlərimizdə teatr səhnələri bir-birini əvəz edir: "Sizi deyib gəlmişəm", "Zəncir", "Səhra yuxuları", "Şəhərin yay günləri" və "Təhminə və Zaur"... Üstəgəl: radionun qızıl fondu, onlarla televiziya tamaşaları, KİV - kütləvi düşüncənin işlədiyi hər yer... Xalqının maarifçiliyini yapıb Anar ömür boyu, neo-maarifçik edib usanmadan, yenə, yenə ən böyük Maarifçimiz olaraq qalır... Çün sözün, sənətin, qələmin gücünə inanıb və inanır. İnanmasan yaşamaq, yaratmaq olarmı, görən?!

Ən nəhayət, məxsusi vurğulamaq gərək: külli-yazıçılarımızın ağsaqqal yoldaşıdır Anar. Ki, Yazıçılar Birliyi nəhəngliyində bir qurumu sovet dönəmindən çıxarıb düz 30 ildir çiyinlərində çəkib-gətirmədə. Bu barədə çox deyilibdir, qurultaydan-qurultaya səslənibdir; bəs Anar olmasaydı, bugün AYB olamazdı... Özü də etirafını qıldı bu yaxınlarda "525-ci qəzet"də: necə olub bu yükün altına giribdir, necə AYB-ni qoruyub-saxlayıb, parçalanmağa, dağılmağa qoymayıb, hansı maneələrdən keçirib-yaşadıbdır... Bəzən qınayırıq: AYB Anarın yazıçılığından aparıb, neçə-neçə yazılmamış əsəri bahasına başa gəlibdir. Demək ayrıdır; cəfasını çəkmək bir ayrı. Cəfasını Anar çəkibdir; əvəzində, bugün bizim beş jurnal, bir qəzet, bir Tərcümə Mərkəzi, Dövlət əhəmiyyətli, bütün ölkəni və hətta dünyanı əhatə edən yazıçılar şəbəkəmiz var!

Uzun ömrün akkordları, adəta, yubiley günlərində yada düşür. Bugün Anar 80 yaşın təntənəsini yaşayır; akkordlar dolu bir ömrün şadyanalığını edir. Xalq, dövlət, ictimaiyyət, oxucuları ilə birgə. Bu - Anarın qazanılmış zamanıdır. Alqışlar söyləyək! Qutlu olsun! - deyək. Dədəm Qorqud yaşı diləyək!

08.03.2018

Tehran Əlişanoğlu
AMEA-nın müxbir üzvü

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!