Azərbaycan, eləcə də bütün türk dünyası üçün "Kitabi-Dədə Qorqud" dastanı sadəcə qədim bir yazılı abidə deyil. Bu, xalqın min illər boyu formalaşan yaddaşının, dünyagörüşünün, döyüşkənliyinin və mənəvi dəyərlərinin canlı şahididir. Bir müqəddimə və on iki boydan ibarət bu möhtəşəm dastan qəhrəmanlıq ruhu, zəngin bədii dili və dərin həyat fəlsəfəsi ilə dünya xalqlarının epik xəzinəsində özünəməxsus yer tutur. Amma bu abidənin bütün qatlarını açmaq, onu elmi şəkildə dərk etmək asan iş olmayıb. XX əsrin ortalarında Azərbaycan alimləri bu vəzifənin öhdəsindən gəlmək üçün ciddi səylər göstərmişlər. Həmin alimlərin önündə isə professor Əli Sultanlının adı xüsusi hörmətlə çəkilir.
Əli Sultanlı Azərbaycan ədəbiyyatşünaslığının formalaşmasında, sovet dövründə elmi mühitin inkişafında mühüm rol oynamış şəxsiyyətlərdən biridir. Onun xarici ölkələr ədəbiyyatına, antik ədəbiyyata dair araşdırmaları, xüsusilə də "Dədə Qorqud" dastanına həsr olunmuş fundamental işləri bu gün də öz elmi dəyərini itirməyib. Bu yazıda məqsədimiz Ə.Sultanlının həyatını, elmi yolunu və "Dədə Qorqud" araşdırmasının əsas nəticələrini sadə dildə oxucuya çatdırmaqdır.
Görkəmli alimin elmi fəaliyyəti sovet hakimiyyəti illərində formalaşsa da, o, marksist-leninist metodologiyanı Azərbaycan ədəbiyyatının araşdırılmasına xidmət edən bir alət kimi çox ustalıqla tətbiq edə bilib. Xalq ədəbiyyatı, epos araşdırmaları və müqayisəli ədəbiyyatşünaslıq sahəsində dərin iz qoyan Sultanlının yaradıcılığında "Kitabi-Dədə Qorqud" dastanına dair araşdırması xüsusi yer tutur. O, bu dastanı dünya epos ədəbiyyatı müstəvisində araşdıran ilk Azərbaycan alimi olub. Hələ 1946-cı ildə ayrıca kitab şəklində çap etdirdiyi "Dədə Qorqud" və yunan eposları" adlı dəyərli əsəri bu baxımdan xüsusi önəm daşıyır. Alim bu istiqamətdəki araşdırmalarını davam etdirib, 1959-cu ildə çap etdirdiyi "Dədə Qorqud" dastanı haqqında qeydlər" adlı silsilə məqalələri böyük əks-səda doğurub. Onun dastanla bağlı araşdırmaları vəfatından sonra, 1971-ci ildə nəşr olunan "Məqalələr" kitabında da yer alıb.
Görkəmli ədəbiyyatşünas və tənqidçi Yaşar Qarayev Əli Sultanlının bu kitabına yazdığı Ön sözdə vurğulayırdı ki, onun "Kitabi-Dədə Qorqud" haqqında yazdığı silsilə məqalələr Azərbaycanda müasir folklorşünaslığın ən dəyərli nailiyyətlərindən sayıla bilər.
Bu tədqiqat dastanı eyni zamanda ictimai-tarixi, struktur-poetik və müqayisəli baxımdan nəzərdən keçirilən, öz dövrünə görə olduqca mürəkkəb və dərin bir işdir. Ə.Sultanlı sovet ideologiyasının sərt tələblərinə uyğun olaraq Marks, Engels, Qorki kimi mütəfəkkirlərin fikirlərini əsas metodoloji dayaq kimi götürüb, bu çərçivədə dastanı bəşəri epos hadisəsi ilə müqayisə edib. Amma bu yol heç də hamar olmayıb: 1951-ci ildə Azərbaycan Kommunist Partiyasının qurultayında Mircəfər Bağırov bu qiymətli xalq eposunu qəflətən pisləmiş, onu xalqa yad bir əsər kimi qələmə vermiş və tədqiqatçıları bu işdən uzaqlaşmağa çağırmışdı. Nəticədə alimin dastan üzərindəki işi yarımçıq qalmış, bir müddət Azərbaycanda bu mövzunun araşdırılmasına qadağa qoyulmuşdu.
Yalnız M.Bağırovun ölümündən sonra, 1957-ci ildə Mərkəzi Komitənin büro iclasında qadağanın səhv olduğu qəbul edilib və dastanın nəşrinə, tədqiqinə yaşıl işıq yandırılıb. Məhz bundan sonra Ə.Sultanlı 1946-cı il kitabındakı araşdırmalarını davam etdirərək daha sanballı bir əsər yazıb və bu işini 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin(indiki BDU) "Elmi əsərlər" jurnalında silsilə məqalələr şəklində dərc etdirib.
Ə.Sultanlının araşdırmasının ən orijinal cəhətlərindən biri dastanı qəbilə quruluşunun bədii məhsulu kimi təhlil etməsidir. Alim dastanda təsvir olunan cəmiyyətin əsas cizgilərini dəqiqliklə müəyyənləşdirib: maldarlığa əsaslanan köçəri həyat tərzi; çadırlarda yaşayan tayfaların şəhər mədəniyyətindən uzaq olması; əkinçilikdən heç söz açılmaması; at, qoyun, mal-qara və dəvə sürülərinin əsas var-dövlət sayılması. O, qəbilə idarəçiliyinin xarakterini də aydınlaşdırıb. Ə.Sultanlıya görə, qəbilə başçıları seçilmir, bu vəzifə irsi xarakter daşıyır - oğul atasının yerini tutacağına inanır, amma bunun üçün mütləq qəhrəmanlıq göstərməlidir. Bu quruluşda Bayındır xan simvolik lider rolunda çıxış edir: özü birbaşa döyüşməsə də, bütün boylarda onun mənəvi hökmranlığı hiss olunur. Salur Qazan isə həm hərbi, həm mənəvi lider funksiyasını öz üzərinə götürən qəhrəmandır. Alim, həmçinin dastanda quldarlığın yalnız zəif izlərinin qaldığını da qeyd edib: basqın zamanı əsir götürülür, amma onların işçi qüvvəsi kimi istifadəsi qeyri-müəyyən qalır. Qan intiqamı isə nəsil vəzifəsi kimi dastanın əsas motivlərindən birini təşkil edir. Bütün bu cəhətlər, Ə.Sultanlının fikrincə, dastanı qəbilə quruluşunun ən çiçəklənən dövrünün bədii salnaməsi kimi xarakterizə etməyə imkan verir.
Alim "Dədə Qorqud" dastanının mövcudiyyətini üç şəxslə bağlayıb: birincisi, dastanın ilk yaradıcısı olan Dədə Qorqud özü; ikincisi, onu nəsildən-nəsilə ötürən ozanlar; üçüncüsü isə əsəri yazıya köçürən katib. Amma bununla yanaşı, o, dastanın bədii varlığını xalq yaradıcılığından ayırmağın mümkün olmadığını xüsusi vurğulayıb. Ə.Sultanlı dastanda xalq yaradıcılığına xas bir sıra əlamətləri də müəyyənləşdirib: qəhrəmanların tarixi simasını itirib əfsanəvi şəxsiyyətlərə çevrilməsi; mübaliğəyə meyil - qəhrəmanların gücünün, silahlarının, hətta ətrafdakı təbiətin fantastik şəkildə şişirdilməsi; zaman və məkan təsəvvürünün zəifliyi - qəhrəmanların yüz illərlə yaşaması, cismən əvvəlki kimi cavan qalması; sehr, tilsim, yuxu və möcüzə motivləri. Eyni zamanda alim dastanda güclü bir ozanın fərdi yaradıcılıq izlərini də üzə çıxarıb. Bu izlər onun fikrincə, ayrı-ayrı surətlərin bütövlüyündə, boyların quruluşunda, üslub birliyində və ideya vəhdətində özünü göstərir. Nümunə olaraq Salur Qazanın, Dirsə xanın, Dəli Domrulun, Qaraca Çobanın surətlərini göstərən alim bu surətlərin xalq nağıllarındakı birtipli qəhrəmanlardan fərqli olaraq, psixoloji dərinliyə, ardıcıl inkişafa malik bütöv obrazlar olduğunu vurğulayıb.
Ə.Sultanlı dastanın surətlər sistemini də hərtərəfli təhlil edib. Bayındır xanı patriarxal hökmdar, tayfanı birləşdirən simvol kimi xarakterizə edən alim, əsas qəhrəmanlıq funksiyalarının Salur Qazanın üzərinə düşdüyünü aydınlaşdırıb. Qazan xan eyni anda qılınc vuran, uşaq kimi ağlayan, fal açdıran, oğlunun haqlı iradlarını dinləyən, zarafat edən bir insan kimi canlandırılır - bu isə onu qəhrəmanlıq dastanlarının adi stereotip obrazlarından fərqləndirən çox mühüm bir xüsusiyyətdir. Alim dastanın on iki boyunu qəhrəmanlıq motivlərinə görə üç qrupa bölüb: daxili qəhrəmanlıqları - ov, buğa ilə güləş, Təpəgözlə vuruş - əks etdirən boylar; vətən və ailə müdafiəsinə həsr olunan boylar; qonşu tayfalarla basqın xarakterli münaqişələri əks etdirən boylar. Bu təsnifat dastanı təkcə müharibə eposu kimi deyil, həm də qəbilə həyatının bütün sahələrini əks etdirən çoxqatlı bir bədii əsər kimi görməyə imkan yaradır.
Alim ayrıca Dəli Domrul surəti üzərində dayanıb. Onun fikrincə, bu surət Azərbaycan ədəbiyyatında əvəzsiz orijinal bir obrazdır: boyun əvvəlindən sonuna qədər üç mərhələdə inkişaf edən Dəli Domrul - əvvəlcə ölümdən qorxmayan dəliqanlı, sonra ölüm qarşısında zavallı insan, nəhayət, bağışlanmış qəhrəman - həm bədii, həm də fəlsəfi dərinlik baxımından dünya ədəbiyyatının klassik surətləri ilə rəqabət apara bilər. Ə.Sultanlının böyük diqqət ayırdığı digər surət Qaraca Çobandır. Alim bu surəti rəiyyət arasından yetişmiş ən güclü bədii xarakter kimi qiymətləndirib, onun simasında bütün bir xalqın qəhrəmanlıq ruhunun əks olunduğunu göstərib. Qaraca Çobanın Salur Qazana verdiyi ironik cavablar onu zadəgan qəhrəmanlarla bərabər, bəzən, hətta onlardan üstün mövqeyə çıxarır.
Alimin araşdırmasının ən diqqətçəkən hissələrindən biri müqayisəli ədəbiyyatşünaslıq metodunun geniş tətbiq olunduğu bölümlərdir. Ə.Sultanlı dastanı yunan, İran, alman, fransız, rus, kelt dastanları ilə ardıcıl müqayisə edib, oxşar "səyyar mövzuları" müəyyənləşdirərək sübut edib ki, bu oxşarlıqlar bir-birindən köçürmə yolu ilə deyil, oxşar ictimai-iqtisadi şəraitdə müstəqil şəkildə formalaşıb. Məsələn, ata ilə oğulun vuruşu motivini yunan (Odissey-Teleqon), İran (Rüstəm-Söhrab), kelt və alman dastanları ilə müqayisə edən alim, "Dədə Qorqud"un bu motivi xüsusi bir epik sadəliklə işlədiyini, həmişə xoşbəxt sonluqla tamamladığını qeyd edib.
Bamsı Beyrək boyu ilə "Odisseya" arasındakı paralellər Ə.Sultanlının ən incə müqayisələrindən birini təşkil edir. Uzun yolçuluqdan sonra evinə qayıdan, özünü tanınmaz hala salıb toy məclisinə girən, müsabiqədə qalib gələn iki qəhrəman - Beyrək və Odissey - arasındakı bənzərliyi göstərən alim, milli koloritin hər iki dastanı bir-birindən nə qədər fərqləndirdiyini də vurğulayıb. Onun fikrincə, oxşarlıq köçürmə deyil, bənzər tarixi şəraitin doğurduğu paralel bədii həlldir.
Eyni metodla Ə.Sultanlı VIII boydakı Təpəgöz surətini Homerin "Odisseya"sındakı Polifem surəti ilə müqayisə edib. Alman filoloqu F.Fon Dits hələ 1815-ci ildə Oğuz Təpəgözünün Polifemə hər cəhətdən bənzədiyi qənaətinə gəlmişdi. Ə.Sultanlı bu qənaəti kəskin şəkildə rədd edib. Onun apardığı təhlil göstərir ki, iki obraz arasında ciddi fərqlər var: Təpəgözün doğulması və uşaqlığı dastanda ətraflı təsvir olunduğu halda, Polifemin keçmişi haqqında "Odisseya"da, demək olar ki, heç nə deyilmir; Təpəgöz təkdir, Polifem isə bütöv bir təpəgözlər adasında yaşayır; Polifem cəmiyyətsiz yaşaya bildiyi halda, Təpəgöz insan cəmiyyəti olmadan keçinə bilmir; Təpəgözün bədəninə silah batmır, Polifemin bədəninə isə batır; Təpəgöz özü mahir silahşünasdır, Polifem isə silah tanımır. Bu fərqləri üzə çıxaran Ə.Sultanlı belə qənaətə gəlib ki, "Kitabi-Dədə Qorqud" "Odisseya"dan, Təpəgöz obrazı isə Polifemdən daha qədim dövrlərdə yaranıb.
Alimin müqayisəli araşdırmadan çıxardığı ümumi nəticə metodoloji baxımdan çox əhəmiyyətlidir: dastanlar arasındakı oxşarlıqlar əsasən köçürmənin deyil, müstəqil yaranışın nəticəsidir. Bunun üçün lazım olan şərt ictimai-iqtisadi bərabərlik deyil, ilkin insanın təbiətlə mübarizə təcrübəsindəki, animizm və totemizm kimi ümumi dünyagörüşü formalarındakı oxşarlıqdır. Bu fikir müasir müqayisəli folklorşünaslıq baxımından bu gün də çox məhsuldar sayılır. Bəlkə də məhz "Kitabi-Dədə Qorqud"un qəbilə quruluşunun izlərini özündə yaşatması, mifoloji kökləri əks etdirməsi və dünya dastan yaradıcılığı içindəki yerinin müəyyənləşdirilməsi haqqında Ə.Sultanlının bu qiymətli araşdırması ulu öndərimiz Heydər Əliyevdə də bu möhtəşəm abidənin xalqımızın qədim qəhrəmanlıq dastanı olması qənaətini gücləndirmiş, nəticədə 1997-ci ildə dastanın 1300 illik yubileyinin beynəlxalq miqyasda qeyd olunması haqqında Sərəncam imzalamışdır.
Alim dastanın qadın surətlərinə həsr etdiyi bölmədə o dövrə qədər az araşdırılmış bir mövzuya - pədərşahi cəmiyyətdə qadının statusuna - sistemli şəkildə toxunub. O, dastanda təkarvadlılığın mövcud olduğunu, amma bunun bərabər hüquq üzərində deyil, kişinin üstünlüyü əsasında qurulduğunu qeyd edib. Ə.Sultanlı dastanın müqəddiməsindəki dörd bölgüyə - "solduran soy", "dolduran toy", "evin dayağı" və "neçə söylərsən bayağı" - istinad edərək qənaətə gəlib ki, ideal qadın obrazı məhz "evin dayağı" surətində cisimlənir: qonaqpərəst, evdar və eyni zamanda qəhrəman qadın.
Alim dastanın qadın surətlərinin yunan dastanlarındakı obrazlardan kökündən fərqləndiyini də vurğulayıb: Amazonkalardan başqa, yunan dastanları qəhrəman qadın surətlərini, demək olar ki, tanımır. Amma "Dədə Qorqud"da Burla xatun, Banuçiçək, Selcan xatun kimi qadınlar at belində vuruşan, qılınc çalan, hərbi işlərdə kişilərlə bərabər dayanan surətlərdir.
Ə.Sultanlı "Dədə Qorqud" dastanının üslub xüsusiyyətlərini də incəliklə araşdırıb. Alim dastanın xalq yaradıcılığından gələn üslub xüsusiyyətlərini belə sıralayıb: sabit ifadələrin, sifətlərin tez-tez təkrarlanması; hər qəhrəmana xas "sabitləşmiş sifətin" onun adının önündə daim təkrarı; boyların əvvəlindəki eyni təsvir qəlibi - "bir gün xan oğlu xan Bayındır..."; boyların sonundakı Dədə Qorqudun hikmətli sözlərinin eyni məzmun və formada verilməsi. Alim, həmçinin dastanda nəsr ilə şeirin üzvi çulğalaşmasına da diqqət çəkib - bu, əsərin xalq yaradıcılığı ilə bağlılığının ən aydın göstəricilərindən biridir. Bundan başqa, epik ciddiliklə komik ünsürlərin qarışması da diqqəti çəkir: beşinci boyda Dəli Domrulun Əzrayılla komik ünsiyyəti, on birinci boyda isə Qazanın düşmənini kafiri ata mindirərək məsxərəyə qoyması buna nümunədir.
Boyların didaktik-fəlsəfi tərəfi də Ə.Sultanlının diqqətindən yayınmayıb. Boyların həm içindəki, həm sonundakı öyüd-nəsihət əsərə bütöv bir dünyagörüşü qazandırır.
Alim "Dədə Qorqud" dastanının təkcə ədəbi deyil, həm də mədəni-tarixi bir abidə olduğunu xüsusi vurğulayıb. Dastanda təsvir olunan silahlar, at mədəniyyəti, geyim-gecim, ziyafət və toy adətləri, yas qaydaları qədim Azərbaycan qəbilə cəmiyyətinin maddi mədəniyyətini öyrənmək üçün dəyərli etnoqrafik mənbədir. Ə. Sultanlı Homer dastanlarının arxeoloji tədqiqatlar üçün yolaçıcı rol oynadığını, məşhur arxeoloq Şlimanın yunan dünyasındakı qazıntılarını dastanlar işığında apardığını xatırladaraq, "Dədə Qorqud"un da gələcək arxeoloji axtarışlar üçün istiqamətverici mənbə ola biləcəyi fikrini irəli sürüb.
Boy sonlarında Dədə Qorqudun nəsihətləri həyatın faniliyi, igidliyin mənası, ad-san və mənəvi bütövlük ideyasını daşıyır. Bu sonluqlarda ölümün qaçılmazlığı, yaxşı adın əbədiliyi, namərdlikdən uzaq durmaq, yurda və ailəyə sədaqət kimi dəyərlər təbliğ olunur. Beləliklə, professor Əli Sultanlının ümumi qənaəti bundan ibarətdir ki, dastan təkcə qəhrəmanlıq eposu deyil, həm də bir etik-mənəvi kodeksdir. Alim dastanın xalqların ictimai-iqtisadi tarixi üçün nə qədər qiymətli mənbə olduğuna diqqət çəkərkən, qəbilə başçısının seçilməsindən tutmuş ata-oğul münasibətlərinə, namus-intiqam anlayışından basqın iqtisadiyyatına qədər, geniş bir spektrin dastanda izlənə biləcəyini göstərib. Bu baxımdan "Dədə Qorqud" Azərbaycanın yazılı sənəd əldə etməzdən əvvəlki dövrünü öyrənmək üçün bəlkə də yeganə əsaslı bədii-tarixi qaynaqdır.
Professor Əli Sultanlının "Kitabi-Dədə Qorqud" dastanına həsr etdiyi araşdırma Azərbaycan ədəbiyyatşünaslığı tarixinin ən mühüm elmi nailiyyətlərindən biri olaraq bu gün də öz əhəmiyyətini qoruyur. Alim dastanı qəbilə quruluşunun bədii inikası kimi araşdırmış, xalq yaradıcılığı ilə ozan fərdiyyəti arasındakı dialektikanı ortaya qoymuş, surətlərin psixoloji dərinliyini müəyyənləşdirmiş, dastanı dünya epik ənənəsinin kontekstinə yerləşdirmiş, ailə quruluşu, qadın statusu, maddi mədəniyyət kimi məsələlərə ayrıca toxunmuşdur. Onun əsas müddəaları - dastanın qəbilə həyatını əks etdirməsi, müqayisəli mövzuların müstəqil yaranış nəzəriyyəsi, Təpəgöz surətinin orijinallığı, Qaraca Çobanın xalq qəhrəmanı olaraq dəyəri - bu gün də ədəbiyyatşünaslıqda öz aktuallığını saxlayır.
Əli Sultanlı öz araşdırması ilə Azərbaycan ədəbiyyatşünaslığına bir model təqdim edib: tarixi-etnoqrafik, müqayisəli və estetik ölçüləri bir arada saxlayan bütöv bir analiz modeli. Bu model sonrakı nəsillərin "Dədə Qorqud" araşdırmalarında da əsas istinad nöqtəsi olub.
Sonda deyə bilərik ki, "Kitabi-Dədə Qorqud" dastanının dünya eposu şəcərəsindəki yerini Azərbaycan folklorşünaslığı adından elmi şəkildə əsaslandıran ilk alimlərdən biri məhz professor Əli Sultanlı olub. Onun 1960-cı ildə qısa ömrünün başa çatması Azərbaycan elminin dərin itkisi idi. Amma arxasında qoyduğu zəngin elmi irs bu sahədə sonrakı tədqiqatçılara illər boyu etibarlı istiqamətverici olmuşdur.
01.09.2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
