Cavanşir YUSİFLİ
Son illərin romanları və ümumən bədii mətnləri içində cəmiyyətə müəyyən mesajlar verən, gerçəkliklə tarixi, realla irrasional qatları bir kontekstdə üz-üzə gətirən məqamlar mövcuddur. İçindən keçib yandığımız müharibə, dağılmış ev və yollara baxan insanın qəlb ağrısı... bütün bunlar yeni və fərqli estetika baxımından dilləndirilir. Bu mətnlər zahirən emosional laylardan hörülsə də, dünyanın ən dəhşətli olaylardan anlaşılması aparıcı mövqedədir. Həmid Piriyevin mətnində ("Hüdhüd quşudur gətirdi peyğam") zəlzələ sonrası durulmadan çox daha dəhşətli və dözülməz hadisələrin gələcəyinə işarədir. Həm də ard-arda. Müvəqqəti durulma və sakitlik daha dözülməz dağıntı və faciələrin prelüdiyasıdır.
Şərif Ağayarın romanında ("Arzulardan sonrakı şəhər") müharibənin gətirdiyi dəhşət bütün zamanları kapsayır. Bunların vərəqlərini çevirəndə Yusif Səmədoğlunun "Qətl günü" romanında, lap ilk səhifələrdəki canavarın gözləri yada düşür.
Həmidin mətnlərində ən maraqlı və gərəkli hissə - seçdiyi baxış bucağıdır. Müəllifin hardan baxması bədii mətnin "taleyini", qədərini müəyyənləşdirir, yazı üslubunun seçilən müşahidələr əsasında qurulması ilə nəticələnir. Onun "Neft və milyonlar səltənətinin faytonçusu" bu mənada ən mükəmməl "baxış bucağı" sayıla bilər. Bu tərzdə, bu üslubla yazılan, qurulan mətnlərin səciyyəsi necədir? Diqqət süjetdən ayrılıb müşahidə üçün seçilən, tapılıb müvafiq nöqtələrdə yerləşdirilən detalların üzərinə cəmlənir. Hekayədə savadsız, amma çox diqqətli personajdan söz açılır - Murtuza ağanın yanında çalışan faytonçudan. Faytonçu o dərəcədə savadsızdır ki, filmin adındakı "səltənət" sözünü qadın adı bilir. Çəkilişlərdə iştirak edir, rejissor, operator və aktyorları lazım olan yerlərə daşıyır. İlk baxışdan heç nəyin fərqində deyil. Filmin nümayişində o da iştirak edir və möcüzə baş verir. Ekranda özünü və faytonunu görür. Fayton keçmişlə, köhnəlməkdə olan dünya ilə yeni texnoloji dövr arasında keçid həlqəsidir.
Yuxarıda adını çəkdiyimiz romanda da əsas strukturyaradıcı element məhz seçilən baxış bucağıdır. Həmidin bütün mətnlərini bu cəhət yaradır. Bu, həm də bədii mətnin özünü təqdimetmə formasıdır və janr içində janr adlana bilər. "Hüdhüd quşudur gətirdi peyğam" romanı mətn içində mətnlərdən hörülüb. Qeyd etdiyimiz kimi, mətni oxuduqca sənə elə gəlir ki, qədim olunan sadəcə əhvalatlardır və bir-birinə keçidi az olan əhvalat və nağıllar, romandakı nağılçıların hamısı bu və ya digər şəraitdə qətlə yetirilirlər. Əsas məsələ müəllifin hardan, hansı meyarla baxması, nəzər nötqəsi olduğundan süjetin sakit və "lüzumsuz" axını mətnin dərinliyindəki detalları gün işığına çıxarır. Hadisələrin axarı "çərxi fələk" obrazına əsaslanır, sakit axarın içində hiss edirsən ki, romanın əvvəlində tapılan dəri üzlüklü dəftər (can dəftəri...) sonda yenə "tapılacaq", oxunacaq və araşdırma mövzusu olacaq. Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanında da Sərdar müəllimin qovluğundan çıxan "Yaşıl vadi" dəftəri var. Romanda Həsənin gerçək hekayəsi ilə Aramisin gerçək olmayan, daha çox mifik yaddaşdan süzülüb gələn tarixçəsi bəlli və mühüm, vazkeçilməz məqamlarda birləşib çulğaşırlar. Həmidin romanında isə dəri üzlüklü dəftər nağılçıların və nağıl qəhrəmanlarının qətlə yetirilməsindən sonra yeni əhvalatlara yol göstərir, hər bir nağıl qəhrəmanı, əhvalatdan çıxıb gələn personaj sanki həmin dəftərdəki qəzəl, yaxud məsnəvilərin taleyini yaşayır.
Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanı onun yaradıcılığında itməkdə olan yaddaş ləpirlərinin bədii mətnə çevrilməsi yolunda unikal addım sayıla bilər. Bizi maraqlandıran məsələ budur ki, nəsrimizdə janr duyğusu necə ifadə olunur, yazıçılar bunu necə hiss və ifadə edirlər? Məşhur ifadə ilə desək, janr dünyanın dəyər müstəvisində qavranılması və təsvir zonasıdır. "Janr yaddaşı" deyilən ifadə var: müəllifin subyektiv yaddaşı, janrın obyektiv yaddaşı. Müəllif müasir anlamda çox "oyunlar" qura bilər, ancaq məsələnin ikinci tərəfi, yəni obyektiv yaddaş bu "ultra-müasirliyin" daxilinə qədimlərdən gələn havaları qatır və bu iki cəhət - komponent hökmən ən münasib məqamda birləşməlidir. Əks təqdirdə, bütün cəhdlər boşa çıxır, əsər alınmır.
Dünya və gerçəkliyin dərki artıq başqa əsasların, prinsip və formaların olmasını tələb edir. Şahmar Hüseynovu yadınıza salın. Elə bir məqamda nəsrə gəldi ki, fərqlənmək, "daşların yerini", kombinasiyasını dəyişmək çox çətin idi. Nəsrə gec gəlib yeniliklərlə yadda qalmaq Şahmarın ədəbi taleyinə yazılmışdı. Dünya bu yazıçının nəsrindən incə və şəffaf detalların gözündən görünür, seyr edilir. Şərifin hekayələrində də bu tipli detallar var, sıx-sıx olmasa da, mətnin bədii məntiqini aşkarlayan məqamlarda... Şübhəsiz ki, Şərif başqa bir dövrün yazıçısıdır. Şahmar estetikanın dəyişmədiyi bir dövrdə yeniliklər etməyə çalışırdı, Şərifsə məhz estetika baxımından "keçid" dövründə yazır, həm də yazdığı haqqında yazır... Yəni, başqalarının mətnlərinin bitdiyi yerdən başlayır, bu, hardasa, başqasının nitqinə qulaq asıb onu görmək kimi bir şeydir, həm də təhkiyəçinin də ikiləşməsi prosesi gedir. Şərifin uğurlu saydığım hekayələrindən sonra bu romanı yuxarıda söylədiyim fikirlər kontekstində böyük maraq doğurur. Əsərin strukturu, roman içində roman, hadisələrin, zamanların paralelliyi, çarpaz düşməsi, təhkiyə məntiqinin bəzən bu çarpaz düşən xətlərdən, nöqtələrdən hasil olması romanı doğrudan da maraqlı edir. Məsələ hansısa metodu, "texnologiya"nı işlətməkdə deyil (bunların hamısı onsuz da məlumdur...), formanın, vasitənin, üsulun dil açıb danışmasıdır.
Bu iki romanda hər şey yaddaşla bağlıdır. "Hüdhüd quşu"nda Şamaxı zəlzələsi də müəyyən mənada simvolik işarədir: bütün yaşadıqlarımız dağıntılar altında qalsa belə, bir gün iynə ulduzundan keçəcək qırıntısı və ləpiri tapılar və sənin dünyaya başqa gözlə baxmağına səbəb ola bilər. Müəllifin seçdiyi baxış mövqeyi səthi və dərinliyi göstərir, nəsillər əvəzlənir, qanla yuyulan yollar, küçələrin üstünə buz kimi soyuq sular səpilir, repressiyanın tüğyan etdiyi dövrdə küçə ilə gələn mətbəə işçisinin ürəyi partlayır. Nağılların cızdığı marşurut qaranlıq yollardan keçir, Təbriz, Yəmən, Ərdəbil, dünyanın bir üzündən başqa bir tərəfinə. Kimisi şad-xürrəm yaşayır, kimisi tələyə düşüb ölür. Məntiq, bədii texnologiya aydındır: nağıl bitməməlidir, dəftərin içindəki şeirlərin bətninə gömülən iztirablar dil açıb danışmalıdır. Nağılçı ölsə də nağıl bitməməlidir. Bir nəsildən çıxan insanlar doğmalaşır, yadlaşır, yeddi arxa dönsə belə faciə, həmin dəftərdəki iztirab ləpirləri onları dar bir yolda haqlayır.
Modern türk nasiri Ahmet Bükenin (Əhməd Bükə) "Selincerin kitabələri" hekayəsində qəribə bir mistik aura var, hansısa konkret hadisə, hekayət, yaxud olay deyil, indiyə qədər və bundan sonra, ta sonsuza qədər danışılacaq nağılların, yazılacaq hekayələrin sözlə ifadə edilməsi mümkünsüz olan sirri "təsvir edilir"; Selincer kitabələri vasitəsi ilə. Vaxtilə elə bu qəzetdə yazdığımız kimi, "...hekayədə "kitabə" metaforası müəllifin (Əhməd Bükənin) təxəyyülündəki hekayəçilik, dayanmadan, sonsuza qədər bildiklərini nağıllamaq konseptini mükəmməl ifadə edir (yazmaq, uydurmaq, sonlu bildiyin nəsnənin sonsuz təbiətini aşkarlamaq inadı ilə...). Dünyaya nağılçılar, hekayət söyləyənlər göndərilir, onlara gülür, kötəkləyirlər, öldürür, sağ qalmaq üçün sarındıqları, ruhlarının çökdüyü ağacları yandırırlar. Əmirlər əmrini verib dünyanı qan çalasına döndərir, kasıblar uçurumun ağzında, zənginlər göylərin yeddinci qatında yaşamaqda davam edirlər, dünyanın nizamı ədalətli tərəfə dönmür ki, dönmür, yəni, nə ədalət var, nə haqsızlıq, sadəcə nağıl, sadəcə hekayələr var, onları dinləmək, düşünmək, yeni nağıllar uydurmaq lazımdır. Burada ən maraqlı məqam nağıl məntiqindən uzaqlaşmaqla bağlıdır, göndərilən hekayəçilərin hekayəsi qanla yazılır, ölümlə möhürlənir. Hamı aldanır, qorxudan dərs almayan insanlar da, elə hekayəçilər də. Dünya, gerçəklik sonsuzdur, burda bir cərgədə hansısa nəsnələri "boy sırasına" düzüb, bu, haqq, bu, nahaqdır, - deməyə nəfəsin çatmaya bilər. Əmirin hüzurunda hekayəçinin başı yarılır, axan qanıyla o, yerə yazır ki, bu hekayə qiyamətə qədər silinməyəcək, heç bir zülm qarşılıqsız qalmayacaq. Ancaq qalır. Necə ki biz deyirik, nə eləsən, qarşına çıxacaq, ancaq o bizim içimizdə yaşayır, açılmayan güllə kimi..."
Şərifin romanında bir bütöv obraz var: Müharibə. Zaman. Onun dərki. Dərketmə və qavramanın verdiyi ağrılar. İnsanın bu ağrılar içində böyüməsi, dünyanın min bir dolanbacından keçib yolunu azması və sair. Müxtəlif personajlar bədii mətndə məhz belə bir fəlsəfi-psixoloji amillə birləşirlər. Mətni oxuyarkən ilk duyduğumuz şey "çevrilmədir". O mənada ki, dəqiq təsvir və gedişlərin sonradan alt-üst edilməsi, yumor, sarkazm, ironiya... bütün bu vasitələrin bədii məntiqdən asılı olaraq güclənib zəifləməsi hadisələrin uc-uca calanıb asanlıqla çevrilməsini şərtləndirir. Müəllif məsələni, yəni "çevrilmə işini" arada o qədər qəlizləşdirir ki, nələrin çatışmadığı da dərhal duyulur. Çevrilmənin daha əsrarəngiz bir nəsnəyə dönüş aldığı məqamda, təəssüf ki, detektiv element alınmır. Peşə məktəbində dava səhnəsi. Polis idarəsində sorğu-sual səhnəsini yadınıza salın. Qaçqın həyatı, müharibə... ovqatı ilə yazılan əhvalatlarla yanaşı qədim Misir tarixi də vərəqlənir. Bu paralellikdə (daha doğrusu, iki xəttin kəsişməsində) detalların işlənmə tezliyinə diqqət verilir. Vaxtilə gözlərinlə gördüyün, səni heyrətləndirən şeyin taleyə çevrilməsi (mühafizəçilərin uşağı yarğana itələməsi...), etməli olduğun, sənə əslində ləzzət verən şeyin dərd gətirməsi.. bütün bunlar romanda yerli-yataqlı, həm də müasir roman janrının üslubi keyfiyyətlərinə uyğun şəkildə verilməsi müəllifin uğuru sayıla bilər. Bu "çevrilmələr" bədii mətnin digər elementlərində, məsələn, ad sistemində də öz əksini tapır. Amanis yarğana düşən uşağın adını öz adına oxşar şəkildə, qafiyə kimi uydurur. Bu təsadüf insan taleyində dərin şırım açır. Şırımın açıldığı yerdə bədii mətndəki digər detallar onun ətrafında sıralanır, məsələn, atların ağzının içəridən bağlanması. Yaxına gəldikdə atların hürküb qaçması, daha doğrusu, insanları təhlükədən agah eləmək üçün obanı tərk etməsi.
Həmid romanında ana mətndən uzaqlaşmaqla onun mənalarına qoşulmaq prinsipini əsas götürüb. Həm də "qatmaqarışıq" mətn içində mətnlər vasitəsi ilə. Roman adını Əttarın "Məntiqüt-teyr"i, Nizami və Füzuli irsindən gələn Hüdhüd rəmzi və Süleyman peyğəmbər - Bəlqis rəvayətindən götürüb. Müəllif bu nəsnələrə postmodernist oyun və dekonstruksiya müstəvisində yanaşır. Əsərdə təhkiyənin qurulma prosesi, mətnin öz-özünü sorğulaması və "yazı" aktının özünün süjet predmetinə çevrilməsi onu klassik realist romandan ayıraraq metafikşn nümunəsinə çevirir.
Hüdhüd quşunun "xəbər gətirməsi" və "yolçuluq" motivi əsərə fəlsəfi-mistik qat qazandırır. Lakin burada ənənəvi sufi-irfani axtarış müasir insanın ekzistensial çaşqınlığı, məna böhranı və reallıqla illüziya arasındakı sərhədlərin itməsi fonunda təqdim olunur.
Əsər həm zahiri süjet xətti, həm də alt qatdakı fəlsəfi-kulturoloji işarələr sistemi ilə oxucudan intellektual hazırlıq tələb edir. Həmid Piriyevin nəsr dilinə xas olan yumor, incə ironiya və müxtəlif üslub qatlarının (arxaik-klassik ifadələrlə müasir jarqon və publisistik üslubun) sintez olunması romanı polifonik (çoxsəsli) mətn tipinə yaxınlaşdırır. Əsərdə esseistika, fəlsəfi traktat elementləri, təmsil/alleqoriya və müasir şəhər nəsrinin cizgiləri bir-birinə qarışır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
