Azərbaycan şərqşünaslıq elminin beynəlxalq nüfuzunun genişlənməsində misilsiz xidmətləri olan görkəmli şərqşünas alim professor Aida İmanquliyevanın elmi irsi ərəb-məhcər ədəbiyyatının konseptual problemlərinin öyrənilməsində, Şərq-Qərb ədəbi əlaqələrinin nəzəri məsələlərinin araşdırılmasında, ədəbi-bədii cərəyanlar və onların mahiyyətinin aydınlaşdırılmasında fundamental mənbələrdən biridir.
"Araşdırdığı məsələlər şərqşünaslığın və filoloji düşüncənin hüdudlarına sığmayan" professor (S.Xəlilov) Aida İmanquliyevanın yaradıcılığını yalnız ərəbşünaslıq və ya şərqşünaslıq çərçivəsində nəzərdən keçirmək və məhdudlaşdırmaq yanlış mövqedir. Belə ki, Aida xanımın tədqiqatlarında ədəbiyyatşünaslıq baxımından maraq doğuran çox ciddi məsələlər qaldırılır. Xüsusilə, A.İmanquliyevanın elmi yaradıcılığında klassik Azərbaycan ədəbiyyatına münasibəti ayrıca diqqət yetirilməsi və araşdırılması vacib olan mövzudur. Aida İmanquliyevanın elmi irsində Azərbaycan klassik ədəbiyyatının öyrənilməsi birbaşa ayrıca tədqiqat istiqaməti kimi deyil, Şərq ədəbi-mədəni əlaqələrinin ümumi sistemi kontekstində meydana çıxır. Alimin Azərbaycan ədəbi-mədəni irsinə münasibətini müəyyənləşdirməyə imkan verən mühüm məqalələri mövcuddur. Onun professor Malik Mahmudovun "Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər (VII-XII əsrlər)" kitabı haqqında "Ədəbiyyatımızın qədim kökləri" ("Ədəbiyyat və incəsənət" qəzeti, 1983, 30 sentyabr), professor Mehdi Kazımovun "Nizaminin "Yeddi gözəl" əsəri və XIV-XVI əsrlər farsdilli ədəbiyyatda nəzirə ənənəsi" monoqrafiyası haqqında "Nizami və nəzirəçiləri" ("Ədəbiyyat və incəsənət" qəzeti, 1987, 22 may) və Şihabəddin Yəhya Sührəverdinin "Elm" nəşriyyatında akademik Ziya Bünyadovun elmi redaktorluğu ilə nəşr olunan "Filosofların görüşləri" ("Əqaid əlhükəma") traktatına həsr olunmuş "Filosofların görüşləri" haqqında" ("Ədəbiyyat və incəsənət" qəzeti, 1987, 31 iyul) məqalələri bu baxımdan diqqəti cəlb edir.
.jpg)
Bu məqalələrdə əks olunan nəzəri-metodoloji yanaşmalar və Şərq ədəbiyyatları arasındakı əlaqələrə elmi baxışdan A.İmanquliyevanın klassik Azərbaycan ədəbiyyatı haqqında maraqlı mülahizələrini müəyyənləşdirmək mümkündür.
İlk növbədə onu qeyd etmək lazımdır ki, Aida İmanquliyevanın adıçəkilən məqalələri klassik Azərbaycan ədəbiyyatının tədqiqi üçün üç mühüm metodoloji istiqamət təqdim edir: Azərbaycan ədəbi irsinin çoxdilli xarakterinin nəzərə alınması; milli ədəbiyyatın ərəb-fars-türk ədəbi-mədəni əlaqələri kontekstində öyrənilməsi; ədəbi əlaqələrin qarşılıqlı və dinamik proses kimi araşdırılması. Alimin bu məqalələrində irəli sürülən ortaq nəzəri prinsip ədəbiyyatın milli sərhədlər daxilində qapalı hadisə kimi deyil, müxtəlif mədəniyyətlərlə qarşılıqlı əlaqəsi nəticəsində inkişaf edən proses kimi təqdim olunmasıdır. Klassik Azərbaycan ədəbiyyatını vahid mədəni-tarixi kontekstdə nəzərdən keçirən Aida İmanquliyeva Şərq ədəbiyyatının mühüm bir hissəsi olan klassik Azərbaycan ədəbi irsinin təcrid olunmuş şəkildə deyil, tarixi-mədəni və ədəbi əlaqələr sistemində öyrənilməsinin vacibliyini xüsusi vurğulayırdı. Klassik Şərq irsini müasir ədəbi prosesdə yeni estetik və fəlsəfi düşüncənin formalaşmasında iştirak edən canlı mənbə olaraq dəyərləndirən alimin hər üç məqaləsində Azərbaycan klassik ədəbiyyatı geniş Şərq intellektual-mədəni məkanının tərkibində təqdim olunur. "Ədəbi əlaqələrin tarixi xalqların tarixi ilə qırılmaz surətdə bağlıdır" mülahizəsi əslində alimin elmi metodunun mahiyyətini ifadə edir.
Klassik sələflərin yaratdıqları şərqşünaslıq (ərəbşünaslıq, iranşünaslıq və türkologiya) ənənələrinə sədaqətlə yanaşan Azərbaycan şərqşünaslarının əsərlərində diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri ümumi şərqşünaslıq materialında və ya mənbələrində Azərbaycan türklərinin "tarixi payının" müəyyənləşdirilməsi cəhdidir. A.İmanquliyeva, Z.Bünyadov, V.Məmmədəliyev, M.Mahmudov, Z.Məmmədov, G.Baxşəliyeva, İ.Həmidov, M.Quliyeva və s. şərqşünas-ərəbşünasların əksəriyyəti üçün əsas qayə "ərəbşünaslıqdan daha çox, ərəbdilli mənbələrə dayanan azərbaycanşünaslıqdır" (N.Cəfərov). Aida İmanquliyevanın "Ədəbiyyatımızın qədim kökləri" məqaləsi məhz həmin metodoloji ənənənin əhəmiyyətinin dəyərləndirilməsinə həsr olunub, - desək, yanılmarıq. "Çox qədim və zəngin tarixə malik Azərbaycan xalqının uzun əsrlər boyu yaratdığı möhtəşəm mədəni irsin öyrənilməsi sahəsində az müddətdə böyük uğurlar əldə edilməsini, bədii fikrimizin təkamül yolunun geniş araşdırılmasını" yüksək qiymətləndirən A.İmanquliyevaya görə Azərbaycan ədəbiyyatının tarixi yalnız sonrakı dövr türkdilli poeziya ilə başlamır: "Şərqşünaslıq elmində şərti olaraq ümummüsəlman mədəniyyəti adlandırılan və VIII-XII əsrləri əhatə edən ərəbdilli irs ərəb dilində təşəkkül tapsa da, onun yaranmasında, inkişafında, formalaşmasında Yaxın və Orta Şərqin bir çox xalqları yaxından iştirak etmişlər. O vaxt ərəb xilafətinin tərkibinə daxil olan Azərbaycan xalqı da həmin mədəniyyətin çiçəklənməsinə və zənginləşməsinə öz tutarlı payını vermiş, azərbaycanlı alim, şair, ədib və filosoflar ərəb dilində yazdıqları əsərlərlə Şərq elmi və ədəbi fikrinin inkişafında böyük rol oynamışlar". Azərbaycan ədəbi irsinin çoxdilli xarakterini nəzərə alan alim Azərbaycan ədəbiyyatının qədim mərhələlərini, xüsusilə XII əsrdən əvvəlki ədəbi- tarixi mənzərənin sistemli şəkildə - ərəb, fars və türk dillərində meydana gəlmiş Azərbaycan ədəbi irsinin vahid tarixi-mədəni proses daxilində öyrənilməsinin zəruriliyini vurğulayır. Onun "nailiyyətlər, uğurlu tapıntılar nə qədər əhəmiyyətli olsa da, qədim mədəniyyətimizin bir çox cəhətləri kölgədə qalmış, xüsusən XII əsrdən əvvəlki çağların ədəbi və tarixi mənzərəsi səthi mülahizələr, sistemsiz araşdırmalar çərçivəsindən kənara çıxa bilməmişdir" mülahizəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Aida xanım Malik Mahmudovun monoqrafiyanı yazmaq üçün "Orta əsrlərdə yazılmış ədəbi müntəxəbatları, məcmuələri, təzkirələri saf-çürük etməsini, tarixi və coğrafi aspektlərdə qələmə alınmış əsərləri diqqətlə gözdən keçirməsini" tədqiqatçının "elmi vicdanının, vətəndaş məsuliyyətinin ölçüsü" kimi qiymətləndirir və əslində öz əsl alim mövqeyini nümayiş etdirir. Eyni zamanda klassik Azərbaycan ədəbi-mədəni-tarixi irsinin tədqiqatçıları üçün meyarları açıqlayır. Aida xanım Malik Mahmudovun "Azərbaycan mədəniyyətinə aid olan ən kiçik faktı belə həssaslıqla araşdırmasını, "ədəbiyyatımızın ən qaranlıq mərhələlərindən birinə işıq salınmasını, bədii təfəkkürümüzün ardıcıl təkamülünün inkaredilməz faktlarla təsdiq olunmasını" yüksək qiymətləndirir və bu zaman məhz yuxarıda qeyd etdiyimiz "azərbaycanşünaslıq" məfkurəsindən çıxış edir. Məqalədə Malik Mahmudovun bu monoqrafiyasında Xətib Təbriziyə həsr olunmuş tədqiqat hissəsinin "Elm" nəşriyyatı tərəfindən ixtisar olunmasına Aida xanımın kəskin iradı da öz əksini tapmışdır. Alim "ərəbdilli Azərbaycan ədəbiyyatının tam və sistemli şəkildə araşdırılmasına həsr olunmuş və Azərbaycan mədəniyyəti üçün sanballı töhfə sayılan bir əsərin həcminin süni surətdə məhdudlaşdırılmasına" qətiyyətli şəkildə etiraz etmişdir. A.İmanquliyevanın məqalədə ərəbdilli klassik Azərbaycan irsinin qorunması ilə əlaqədar irəli sürdüyü mülahizələr və nümayiş etdirdiyi elmi mövqe xüsusilə qiymətlidir: "Ərəb dilində yazılmış bədii və fəlsəfi sənət nümunələrinin doğma dilimizə tərcümə olunması, onların nəşri irsinin təşkil edilməsi, "dünyanın müxtəlif kitabxanalarına səpələnmiş nümunələrin axtarılıb tapılması qarşıda duran mühüm məsələdir". Aida xanımın müdafiə etdiyi bu elmi prinsip klassik Azərbaycan ədəbiyyatının tədqiqi üçün birbaşa tətbiq olunan nəzəri əsasdır. Xüsusilə, Aida xanımın qeyd etdiyi dünyanın müxtəlif kitabxanalarında saxlanılan Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə və tarixinə dair əlyazmaların axtarıb tapılması məsələsi Aida xanımın qızı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın apardığı məqsədyönlü fəaliyyət nəticəsində bir daha aktuallaşıb. Belə ki, Heydər Əliyev Fondu ilə Vatikan arasında mədəni irsin qorunması, tarixi abidələrin və əlyazmaların bərpası sahəsində uzunmüddətli əməkdaşlıq memorandumları imzalanmış, Vatikan Məxfi Arxivində və Vatikan Apostol Kitabxanasında Azərbaycan tarixinə və mədəniyyətinə dair nadir əlyazmalar aşkar edilmiş, onların bərpası və öyrənilməsi məhz Heydər Əliyev Fondunun dəstəyi ilə təmin olunmuşdur. Azərbaycan tarixinin və mədəniyyətinin müxtəlif dövrlərinə aid 600-dək əlyazmanın surəti Bakıya gətirilmiş, Azərbaycan haqqında manuskript və əlyazmalar bərpa olunmuşdur. Heydər Əliyev Fondunun bu əlyazmaları məhz Azərbaycan əlyazması kimi bərpa etməsi həm də Vatikanda azərbaycançılıq məfhumunun da bərqərar olması deməkdir və bu baxımdan böyük əhəmiyyət kəsb edir.
Aida İmanquliyevanın digər "Nizami və nəzirəçiləri" məqaləsi klassik Azərbaycan ədəbiyyatı və konkret olaraq Nizami Gəncəvi yaradıcılığı baxımından maraqlı mülahizələri ehtiva edir. Məqalənin başlığı alimin əsas metodoloji istiqamətini - Nizami və sonrakı Şərq ədəbi ənənələrinin əlaqəsini əks etdirir. Məqalənin ən önəmli elmi məziyyəti Nizami Gəncəvi yaradıcılığının farsdilli ədəbiyyatda nəzirə ənənəsi kontekstində nəzərdən keçirilməsidir. A.İmanquliyeva Nizami Gəncəvinin "Xəmsə" yaradıcılığını - "Yeddi gözəl" əsərini milli ədəbiyyat çərçivəsində deyil, sonrakı Şərq ədəbi prosesinə təsir göstərən ədəbi hadisə kimi dəyərləndirir: "Hələ XIII əsrdə hind şairi Əmir Xosrov Dəhləvi öz böyük sələfinə nəzirə olaraq "Xəmsə" yazıb Nizami mövzularında nəzirəçiliyin əsasını qoymuşdur. Əmir Xosrovun ardınca Hacı Kirmani, Əşrəf Marağayi, Cami, Hatifi kimi şairlər azərbaycanlı mütəfəkkirin süjet və motivləri əsasında əsərlər yaratdılar. Nizaminin Şərq ədəbiyyatına təsiri geniş və səmərəli olmuşdur. "Xəmsəyə nəzirə olaraq yazılan əsərlərin sayı bir neçə yüzə qədərdir. Bu əsərlər tacik, gürcü, özbək, fars, türk, kürd, həmçinin Hindistan xalqları ədəbiyyatında meydana çıxmışdır". Burada diqqəti çəkən məqam alimin Nizami Gəncəvi yaradıcılığını həm klassik Azərbaycan ədəbiyyatının zirvələrindən biri kimi, həm də Şərq poetik ənənəsinin mühüm komponenti kimi qiymətləndirməsidir. Aida İmanquliyevaya görə nəzirəçilik ənənəsinin öyrənilməsi Nizaminin yalnız fərdi yaradıcılıq xüsusiyyətlərinin deyil, ondan sonrakı müxtəlif ədəbiyyatlara təsirinin müəyyənləşdirilməsi baxımından da əhəmiyyət daşıyır. Xüsusilə, alim nəzirə ənənələrinin haşiyəli povestlə əlaqəsinə toxunarkən onun Şərq və Qərb analoqlarının nəzərdən keçirilməsinin vacibliyini vurğulayır. "Şərq və Qərb düşüncə tərzlərinin ortaq və fərqli cəhətlərini və bu problemlərin ədəbiyyat müstəvisində proyeksiyasını öz tədqiqat predmetinə daxil edən" (S.Xəlilov) Aida İmanquliyevanın fikrincə, Nizami yaradıcılığında Şərq-Qərb komparativistikasının araşdırılması klassik Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kontekstində nəzərdən keçirilməsinə geniş imkanlar açır. Alim müxtəlif ədəbiyyatlara məxsus əsərlərdə oxşar motiv və problemlərin meydana çıxmasını yalnız ümumi tarixi şəraitlə deyil, həm də ədəbi təsir və qarşılıqlı əlaqələrin nəticəsi kimi dəyərləndirir. Aida xanım Nizami irsinin Azərbaycanda və xaricdə geniş tədqiq olunduğunu qeyd etməklə yanaşı, şairin yaradıcılığının "kompleks, çoxcəhətli təhlili"nin hələ də gələcəyin vəzifəsi olduğunu xüsusi qeyd edir: "Bu sahədə görüləcək işlər çoxdur. Bu vəzifələr barədə Nizami irsinə həsr olunmuş qərarda konkret göstərişlər vardır". Burada ulu öndər Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə qəbul edilmiş "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında 1979-cu il 6 yanvar tarixli qərarı nəzərdə tutulur. Bu qərarla Nizami Gəncəvi irsinin nəşri, tədqiqi və təbliği işi böyük vüsət almış, nizamişünaslığın aktual problemlərinin dünya elmi səviyyəsində həlli istiqamətində geniş imkanlar yaranmışdır.
Aida İmanquliyevanın klassik Azərbaycan ədəbiyyatına elmi yanaşmasının digər mühüm istiqaməti ədəbi irslə fəlsəfi irsin qarşılıqlı əlaqəsinin nəzərə alınmasıdır. Bu prinsip xüsusilə onun Şihabəddin Yəhya Sührəvərdi haqqında qələmə aldığı "Filosofların görüşləri" haqqında" məqaləsində aydın görünür. A.İmanquliyeva bu məqalədə XII əsr Azərbaycan elmi-mədəni mühitinin yüksək səviyyəsini vurğulayaraq Sührəvərdinin yaradıcılığını həmin mühitin tərkib hissəsi kimi təqdim edir. Alim yazır: "Azərbaycanda elm, ədəbiyyat və incəsənətin yüksək inkişaf etdiyi XII əsrdə görkəmli peşəkar filosoflar da yaşayıb-yaratmışlar. Onların içərisində zəngin yaradıcılıq irsinə, orijinal fəlsəfi fikirlərinə görə Şihabəddin Yəhya Sührəvərdi daha məşhur olmuşdur". Məqalədə Aida xanımın Sührəvərdinin əsərlərinə verdiyi qiymət xüsusilə diqqətəlayiqdir: "Şihabəddin Yəhya Sührəvərdinin əsərləri orta əsr Azərbaycan fəlsəfəsinin nadir incilərindəndir". Bu fikirlər A.İmanquliyevanın milli klassik irs anlayışının yalnız poetik yaradıcılıqla məhdudlaşmadığını göstərir. Onun yanaşmasında orta əsrlər Azərbaycan mədəniyyətinin bütövlüyünü təşkil edən ədəbi, fəlsəfi və elmi irs bir-birindən təcrid olunmur. Sührəvərdinin yaradıcılığı da Azərbaycan mədəniyyətinin intellektual tarixinin mühüm hissəsi kimi təqdim edilir.
A.İmanquliyevanın Sührəvərdi haqqında elmi mülahizələrində dil və tərcümə məsələsi də xüsusi əhəmiyyət daşıyır. O, Sührəvərdinin "Hikmət əl-İşraq" ("İşraq fəlsəfəsi") və "Həyakil əl-Nur" ("İşıq heykəlləri") əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq nəşr olunmasını şərqşünas alimlərin qarşısında duran mühüm vəzifələrdən biri hesab edirdi. Bu mövqe alimin klassik Azərbaycan irsinə münasibətində mühüm prinsipin - milli elmi-mədəni yaddaşa daxil edilmə prinsipinin mövcudluğunu göstərir. Yəni, ərəb dilində yaradılmlış əsərin öyrənilməsi yalnız onun məzmun və strukturunun tədqiqi ilə tamamlanmır, həmin əsərin Azərbaycan elmi-mədəni dövriyyəsinə gətirilməsi də zəruridir.
Aida İmanquliyevanın klassik irs haqqında mülahizələri üç əsas istiqamətin vəhdəti kimi xarakterizə edilə bilər: milli ədəbi-fəlsəfi irsin bütöv şəkildə dərk edilməsi, Azərbaycan klassik ədəbiyyatının çoxdilli xarakterinin nəzərə alınması və klassik irsin ümumşərq ədəbi-mədəni əlaqələri kontekstində araşdırılması. Bu baxımdan bu mülahizələr müasir Azərbaycan ədəbiyyatşünaslığı üçün aktual metodoloji əhəmiyyət daşıyır və klassik Azərbaycan ədəbiyyatı tarixinin daha dolğun və obyektiv şəkildə bərpasına xidmət edir.
Qeyd etmək lazımdır ki, klassik ədəbi irsin qorunması və təbliği məsələsi müstəqil Azərbaycan dövlətçiliyinin formalaşması ilə yeni məzmun qazanmışdır. Klassik ədəbiyyatın dövlət səviyyəsində qorunması məsələsinin əsas xüsusiyyətlərindən biri onun yalnız keçmişin mədəni irsi kimi deyil, müasir milli-mədəni identikliyin formalaşmasında iştirak edən mənəvi sərvət kimi təqdim olunmasıdır. Nəsiminin 650 illiyinin 2019-cu ildə "Nəsimi ili" çərçivəsində qeyd olunması, Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunması, Füzulinin 530 illik yubileyinin 2024-cü ildə dövlət səviyyəsində qeyd olunması və Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 yanvar 2026-cı il tarixli Sərəncamı bu siyasətin bariz nümunələridir.
Klassik Azərbaycan ədəbiyyatı həm milli yaddaşın, həm də Azərbaycanın beynəlxalq mədəni təqdimatının mühüm elementlərindən biri kimi böyük əhəmiyyət kəsb edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
