Fərid HÜSEYN
Yalana müntəzirlər...
Anton Çexov həkim kimi könüllü olaraq rus-yapon müharibəsinə qatılmaq istəyərkən, dostlarından biri ona məsləhət görür ki, savaşa yollanmaqdansa, məlum hərbi hadisələr haqqında bir pyes qələmə al. Dahi Çexov bu ucuz "vətənpərvər təşəbbüs" qarşısında şirniklənmədən deyir: "Aradan iyirmi il ötməlidir. İndidən bu hadisələr barədə nəsə yazmaq yersizdir".
İstedad, xüsusən böyük istedad həmişə yalan yazmaqdan, bəzəmələr, piləmələr düzüb-qoşmaqdan ehtiyat edir, ortaya bişkin mahiyyətli əsər qoymaq istəyir. Vicdanlı istedad çox zaman mənzil başına tələsmir. Dəlilər isə bütün sahələrdə çayı daha erkən vurub keçirlər.
Sonuncu ortaqlıq...
O, ölüm ayağında olanda bədəni hərarətdən yanırdı. Həkimi bilirdi ki, daha onun hər nəfəsi onu gedər-gəlməzə yola salmaqdadır. Amma həkim nəsə bir əlac, ağrını yüngülləşdirəcək bir yolgöstərənlik etməyi də özünə peşə borcu sayırdı. Ona görə də tapşırır ki, sellofan torbaya buz yığıb xəstənin sinəsinə qoysunlar, məriz az da olsa rahatlıq tapsın. Lakin xeyri yox idi, bu, bihudə zəhmət idi və xəstənin özü həkim olduğu üçün bunu hamıdan daha yaxşı anlayırdı.
Ərini yazdığı dram əsərlərində oynaya-oynaya uca şöhrət nərdivanının təpəsinə dırmaşmış xəstənin təkəbbürlü aktrisa xanımı isə həmişə elə bilmişdi ki, bu soyuqqanlı adam, həyat yoldaşı nəinki onu, heç başqalarını da düz-əməlli sevmir, ümumiyyətlə məhəbbət, vurğunluq onun başı üçün olan məsələ deyil, onun ürəyi əbədiyyən boşdur. Amma neyləməli, ölüm döşəyindəki adam əri idi və əcəlin məngənəsi arasında yaxşı və pis gününün dostu çarpışmaqda idi. Ona görə də həkimin dediyini könülsüz-könülsüz edir.
Qərəz, aktrisa Olqa həkimin məsləhət gördüyü bir torba buzu ərinin sinəsinə - ürəyinin üstünə qoyanda Çexov gözlərini açır və xanımına deyir: "İçi boş şeyin (ürəyin - F.H.) üstünə buz qoyma!" Əcəl ayağındakı bu həmfikirlilik onların sonuncu ortaq toxtaqlığı olur...
Fərdiyyət qurbanları...
Dram səhnə əsərinə çevrildikdən sonra sanki mətndəki sabit məna canlı bir orqanizmə dönür. Və hər dəfə tamaşa bitəndə tamaşaçılar əsərin anlaşılan mənasını "götürüb" özləri ilə "aparırlar" və beləcə tamaşanın mahiyyəti asta-asta azalır, ona görə də səhnə əsərinin uzun illər repertuarda qalması onun anlamını zamanla sanki qismən kasadlaşdırır. Fəqət eyni səhnə əsəri sonradan başqa bir rejissor tərəfindən yenidən mənalandırılaraq (səhnələşdirilərək) canlılıq qazanır, amma nə fayda: oxşar aqibət dönə-dönə təkrarlanır.
Çexov dahi Stanislavskinin səhnəyə qoyduğu "Albalı bağı"nın hər tamaşda mənasını bir az da itirdiyini düşünürmüş. Sanki əsərin mənası tamaşaçılar tərəfindən anlaşıldıqca, dramın bətnindəki, özəyindəki ana fikir qüvvəsini asta-asta qeyb edirmiş. Nə vaxta qədər ki aktyorlar dramı yazıçının yox, rejissorun əlindən alıb oxuyacaq, o günəcən onlar səhnədə kimin sözlərini danışdığını bilməyəcəklər. Yəni rejissor bir növ aktyorla dramaturqun arasında istər-istəməz uçurum yaradır. Çünki əgər dramaturq aktyorların çoxuna pyesi əlbəəl verməsə, çox zaman onlar müstəqil şəkildə dramları tapıb oxumağa maraq, cəhd göstərmirlər. Ona görə də bu hal ucbatından ən cılız, aciz aktyor da öz idealını "Hamlet"i oynamaqda görür, halbuki onlar dramaturqların yaradıcılıqlarını diqqətlə izləsələr, onların səhnə quruluşundan öz həqiqi səhnə obrazlarını tapa bilərlər.
Çexov bu məsələlərə görə qüssəli, ümidsiz imiş, özünə dərd edirmiş ki, mən əgər Stanislavskiyə "Albalı bağı"nın komediya olduğunu izah edə bilmirəmsə, o, bu əsəri sosial məzmunlu dram kimi anlayırsa, bu yanlış yanaşma dolayısıyla həm aktyorlara, həm də tamaşaçılara sirayət edir. Beləcə, əsər bütün səhnə instansiyalarında, - rejissor, aktyor, tamaşaçı - səhv dərk olunur. Əgər reallıq belədirsə hər kəs tərəfindən səhv dərk edilən dramaturq nəyə görə əsərinin səhnələşdirildiyinə sevinməlidir?
Ceviz göynəyi...
II Dünya müharibəsi haqqında Antoli Aleksinin "Arxa cəbhədəki arxayınlıq" adlı çox dəyərli bir povesti var. Əsərin bir yerində müharibənin insanları səfil, ac-yalavac kökə saldığı haqqında əhvalat danışılarkən povestin qəhrəmanı olan qadın bir neçə il öncə müharibəyə yollanmış ərinin boğçasının dibindən qoz ləpəsi taparkən belə deyir: "Bir zamanlar qoz ləpəsi də yeyirikmiş". Həyatda çox şeyin qədri onun özü qeybə çəkiləndə, qıtlıqda, sonradan yoxluğunun fərqinə varanda aydın bilinir. Halbuki bolluqda ceviz ləpəsi yemək çox adi haldır...
Bəzən haçansa əziz duyğularla, doğma hisslərlə yazdığın hansısa şeirini oxuyursan və o şeirinin ancaq sənə məlum tarixçəsinə dalırsan, onda o düşüncələrini yaradan günlər, anlar, hadisələr həmin boğçanın dibindən tapılmış ələdüşməz nemət kimi gəlir adama. "Sən demə, ən gözəl duyğuları ən dəyərli sözlərə çevirmək üçün təşnə olduğumuz vaxtlar da varmış..."
Sadəcə bu nümunələr müqayisəsində ədəbiyyatın həyatdan əsas fərqi odur ki, həyatda adətən, "savaş zamanı" həqiqətlərin fərqinə varırsan, ədəbiyyatda isə daxili dünyandakı savaşdan sonrakı əyyamlarda...
Aynapərəst
Kenzaburo Oenin "Heyvani mahiyyət" adlı bir əsəri var, bu zərif ədəbiyyat incisində bir zənci ilə kobud rəftar edən insanlardan bəhs edilir. Deməli, bir zəncini tuturlar və onunla elə davranırlar ki, sanki vəhşi bir heyvan tutublar. İnsanın mahiyyəti budur, sən qarşındakınla necə rəftar edirsənsə, deməli, özün də osan. Heyvana heyvani mahiyyətlə yanaşırsansa, deməli, nəzərdə tutduğun anlamda heyvan elə özünsən.
İnsanlar müasir dövrdə heyvanları tez kökəltmək, şişirtmək və bəsləməyin dürlü-dürlü yollarını tapıblar. Heyvanlar belə, öz təbii ömürlərini yaşaya bilmir. Cücəni bir neçə ongünlüyə toyuğa "döndərib" kəsirlər. Onu yeyən insanlar bu sürət əsrində məgər öz ömürlərini təbii şəkildə yaşaya bilirmi? Xeyr! Hər şey həyatımızdan sürətlə keçib gedir. Biz cücəni necə bir neçə on günə böyüdürüksə, texnologiya da bizi həmin sürətlə "böyüdür". İnsanlar başqalarına qıymadıqları zamanlarını özlərinə də həsr edə bilmirlər. İlk baxışda ömür var, amma yaşamağa zaman yoxdur. Yəni heyvanlara qarşı olan münasibətimiz, özümüzə olan münasibətimizə çevrilib.
***
İnsan dünyadan dördəlli yapışdıqca, hər şeyin yaxşısına can atdıqca, özünü bəşərin əşrəfi bilib sağı-solu yağmaladıqca özünə qarşı da rəftarı heyvaniləşir. Sanki o, içində ya sevimli bir heyvanı, ya da kökəltmək üçün böyütdüyü bir canlını saxlayır. Çünki insan onu insan edən şeyləri qazanmaq əvəzinə, daha çox rahatlıq axtarır. İnsanın rahatlıq axtarması yalnız üstün zəkası ilə dünyaya hakim ola bilmək qüdrəti ilə bağlı deyil, bir az da onun heyvani mahiyyəti ilə bağlıdır. Çünki insandan fərqli olaraq, heyvanlar yeyəndə doymurlar, yeyəndə rahatlaşırlar. İnsanın özünü başqasından üstün bilməsi də belədir. Biz özümüzü başqasından savadlı biləndə ağlımızın gücünü haqlı sayırıq, şir də özünü tülküdən pəncəsinin güclü olduğuna görə üstün bilir. Gücümüzü haqqımız ilə qarışıq salmışıqsa, deməli, bizim heyvandan fərqimiz qalmayıb.
***
İnsanın heyvani mahiyyəti utanmaq hissini itirməsində də üzə çıxır. Məsələn, heyvanlar bir-birini necə iyləyir, bir-birinin yanındaca cinsi münasibət qururlarsa, cəmiyyət içində yaltaqlanmaqdan, ürəyinin əleyhinə getməkdən çəkinməyən, yaşam estetikasına uymayan işlər görən insanlar da eynən camaat arasında oxşar əxlaqı təkrarlayırlar. Sadəcə həmin kəslər başqaları ilə yox, öz həqiqi mənləri ilə cəmiyyət qarşısında "yatmaq" cəsarətində bulunurlar. Məsələn, sən daldada söydüyün adamı xalq qarşısında öyürsənsə, təlqin etdiyin müqəddəs dəyərləri sonra hamının önündəcə tapdayırsansa, onda ayıb bilməyən heyvanla sənin hansı fərqin qalır? Heç düşünmürsənmi ki, sənin hər iki üzünü görən adamın gözlərinin önündə necə çılpaqsan?!
Nuhun interneti...
Son illər oxuduğum çoxsaylı romanlar arasında məni gələcək haqqında ən çox düşünməyə sövq edən əsərlərdən biri Sultan Rayevin "Daşqın" adlı romanı oldu. Romanın ideyası olduqca orijinaldır: Süni intellekt nəticəsində gerçəkləşəcək Alternativ Qiyamət insan nəslini yenidən öz ilkinliyinə qaytaracaq. Süni intellektin daha təkmil formalarını hazırlayan şirkətlərin hər biri yenidən Allahlıq iddiasına düşəcəklər. Hər kəs öz bacardığı texnoloji yenilikdən, süni intellekt imkanından istifadə edərək sanki istehlakçısı olduğu süni intellektin gücü ilə istər-istəməz hesablaşacaq. Nəticədə hər təkmil süni intellekt dünyada güc sahibinə çevriləcək və süni intellekt allahları vasitəsi ilə dünya sanki çoxallahlılıq dövrünə qayıdacaq. Və qloballaşma dövründə artıq sağ qalmaq üçün hər xalq üçün ayrıca Nuhun gəmisi lazımdır ki, öz xalqının kimliyinə aid doğma varlıqları, özəllikləri gələcəyə sağlam şəkildə aparıb çıxara bilsin.
Süni zəka mənəvi həzlərdən məhrumdur, o, yəni süni zəka insanları fiziki həzlərdən də məhrum etməyi planlaşdıracaq ki, aradakı nisbət azalsın. Bir sözlə, "bizi nə yaşadırsa, bizi öldürən də elə odur" ideyası yeni dünyanın dəyişməz prinsipləri sırasındadır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
