Ədəbiyyatşünas, pedaqoq, II dərəcəli dövlət müşaviri, əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Aqşin Babayev həm də Azərbaycanın ədəbi-mədəni həyatında nasir, dramaturq, publisist, ssenarist, tərcüməçi, bir neçə yaradıcılıq istiqamətini özündə birləşdirən, sayılan-seçilən yaradıcı şəxsiyyətlərdən biri olaraq tanınmışdır. Onun həyat və yaradıcılığı, zəngin elmi-ədəbi irsi özündə elmi təfəkkürü, bədii sözə bağlılığı və ictimai fəaliyyəti vəhdət müstəvisində əks etdirir. A.Babayevin yaradıcılığında insan xarakterlərinin və həyat həqiqətlərinin yaddaqalan mənzərəsi, geniş panoramı təcəssüm tapmışdır.
Aqşin Babayev 23 noyabr 1936-cı ildə Bakı şəhərində, rəssam, rejissor, musiqi alətləri ustası kimi tanınan Əlisəttar Babayevin ailəsində anadan olmuşdur. 1937-ci ildə bir yaşı olanda atası repressiyaya məruz qalmış, XDİK tərəfindən həbs edilmişdir. Səbəbi isə Əlisəttar kişinin bir iclasda "Balıq başdan iylənər" atalar sözünü səsləndirərkən "respublika rəhbərini nəzərdə tutduğunu" düşünən bədxahların əsassız yozumu idi. Əlisəttar Babayev bu "günahına" görə altı ay DTK zirzəmisində işgəncələrə məruz qaldıqdan sonra azadlığa buraxılmış, yaradıcılıq fəaliyyətini inamla, intensiv davam etdirmişdir.
Aqşin Babayev Səbail rayonundakı 1 saylı orta məktəbdə oxumuş (1943-1953), Bakı Dövlət Universitetinin (sabiq ADU) Filologiya fakültəsində təhsil almışdır (1954-1959). Əmək fəaliyyətinə tələbəlik dövründə, 1957-ci ildə "Avtomobil nəqliyyatçısı" adlı sahə qəzetində müxbir vəzifəsi ilə başlamışdır. 1959-cu ildə Universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Türk verilişləri şöbəsinə kiçik redaktor (1959) təyin edilmişdir. A.Babayev Türk verilişləri şöbəsində böyük həvəslə çalışmış, Türkiyə ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə dərin maraq göstərmiş, bu sahədə bilik və bacarığını inkişaf etdirmiş, müdiriyyət tərəfindən vəzifə pilləsi yüksəldilərək redaktor təyin olunmuşdur (1960). O, əldə etdiyi uğurlarla kifayətlənməyərək 1961-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsi Türk filologiyası üzrə aspiranturasının qiyabi şöbəsinə daxil olmuş, "Nazim Hikmətin dramaturgiyası" mövzusunda dissertasiya müdafiə edərək (1963) fəlsəfə doktoru (sabiq elmlər namizədi - A.R.) elmi dərəcəsi almışdır.
Aqşin Babayev bioqrafiyası zəngin, yaradıcılıq yönümləri çoxşaxəli, həyat yolu mənalı, dolğun olan ədiblərimizdəndir. O, filologiya üzrə alimlik dərəcəsi aldıqdan sonra elmi-pedaqoji fəaliyyət sferasını genişləndirmiş, BDU-nun Şərqşünaslıq fakültəsində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Təfəkkür Universitetində və b. ali təhsil ocaqlarında "Türk ədəbiyyatı tarixi", "Televiziya və radio jurnalistikası", "Jurnalist sənətkarlığı", "Ekran dramaturgiyası" fənlərindən mühazirələr oxumuş, ingilis, fransız, ispan və ərəb dillərində dərc edilən "Moscow News" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri (1969-1979) işləmiş, Azərbaycan Radiosunda xarici verilişlərin baş redaktor müavini və baş redaktoru vəzifələrində çalışmışdır. A.Babayev 1972-1975-ci illərdə Türkiyənin İskəndərun şəhərində tərcüməçi, 1976-1991-ci illərdə isə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinin sədr müavini, Jurnalistlər İttifaqının katibi, 1991-2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisinin mətbuat katibi vəzifələrini uğurla icra etmişdir. Aqşin Babayevin "O biri dünyanın astanasında" əsəri avtobioqrafik romandır. Xüsusilə müəllifin Milli Məclisin mətbuat katibi işlədiyi mürəkkəb dövrün təcəssümünü, Azərbaycan tarixinin müəyyən kəsimini realistcəsinə özündə əks etdirmişdir. Məsul vəzifələrdə səmərəli fəaliyyət göstərməsi, vaxt sıxlığı və digər mövcud çətinliklərə baxmayaraq Aqşin Əlisəttar oğlu elmi araşdırmalarını uğurla davam etdirmiş, "Cümhuriyyət dövrü türk dramaturgiyasının yaradıcılıq problemləri (1923-1988. Sosial motivlər)" mövzusunda yazdığı doktorluq dissertasiyasını 1996-cı ildə müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə Aqşin müəllim 1998-ci ildə isə professor elmi adına layiq görülmüşdür.
Professor Aqşin Babayev 2006-cı ildən ömrünün sonunadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası" kafedrasının müdiri (2006-2018) və Universitet rektorunun müşaviri (2018-2020) vəzifəsində xidmət etmişdir. Müxtəlif vaxtlarda o SSRİ Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü (1982), AYB İdarə Heyətinin üzvü (1986), Türkiyənin "Nazım Hikmet Kültür ve Sanat Vakfı" Məsləhət Şurasının fəxri üzvü (2000), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya üzrə Ekspert şurasının üzvü (2003-2015) seçilmiş, nümunəvi və peşəkar fəaliyyətinə görə təvazökar əməyi "Həsən bəy Zərdabi", "Akademik Yusif Məmmədəliyev", "Ustad sənətkar", "Humay - 2000", "Araz", "Yaddaş" və b. ədəbi mükafatlar ilə dəyərləndirilmişdir.
Professor Aqşin Babayev "Əmək rəşadətinə görə" (1970) medalı, Azərbaycan Ali Sovetinin Fəxri fərmanı (1977), "Sovet Sülh Fondunun fəalı" döş nişanı (1985), "SSRİ televiziya və radio əlaçısı" nişanı (1986), "Qabaqcıl təhsil işçisi" (2014), "Əmək veteranı" medalları ilə təltif olunmuş, Azərbaycan Respublikasının Əməkdar jurnalisti (1987) fəxri adına, II dərəcəli Dövlət müşaviri rütbəsinə (2004) layiq görülmüşdür.
***
Aqşin Babayev çoxyönlü və zəngin ədəbi irsə malik görkəmli sənətkardır. Onun ilk əsərini nə vaxt yazması barədə ən səhih məlumatı müəllif özü vermişdir: "Şeirlər, hekayələr yazırdım. "Bahar" adlı ilk şeirimi 7-ci sinifdə oxuyanda yazmışdım."
A.Babayevin ilk qələm təcrübələri "Azərbaycan gəncləri", "Bakı-axşam", "Lenin tərbiyəsi uğrunda", "Avtomobil nəqliyyatçısı" qəzetlərində, "Pioner" jurnalında, respublikada nəşr olunan ədəbi almanaxlarda çaplanmışdır. Gənc Aqşinin mətbuatda dərc olunmuş ilk resenziyası tanınmış nasir Ələviyyə Babayevanın uşaqlar üçün yazdığı "Tək ağac" hekayələr toplusuna həsr etdiyi eyniadlı yazısıdır. Müəllif məqaləsində hekayənin və bütövlükdə toplunun ideya-məzmun baxımından müsbət məziyyətlərindən söz açmış, alleqorik məna daşıdığını, uşaqlarda təbiətə, dostluğa, birliyə, qayğıkeşliyə, milli-mənəvi keyfiyyətlərə maraq və həvəs yaradacağını əminliklə vurğulamışdır.
A.Babayevin mətbuatda dərc olunan növbəti məqaləsi Azərbaycan təsviri sənətinin və kinematoqrafiyasının tanınmış nümayəndəsi, əllinci illərin məşhur "Görüş" (1955), "Bəxtiyar" (1955), "O olmasın, bu olsun" (1956), "Qızmar günəş altında" (1957) və s. filmlərinin quruluşçu rəssamı Cəbrayıl Əzimov haqqında yazdığı "Kino rəssamı" adlı məqaləsidir. Yazının üslubundan tələbə Aqşinin rəssamlıq sənətinin incə cizgilərinin məna, məzmun dərinliyinə bələd olması aşkar müşahidə olunmaqdadır. Şübhəsiz ki, burada filoloq-tələbənin sənətşünaslıq yönümündə zövqünün təşəkkülündə rəssam atası Əlisəttar Babayevin müdrik tövsiyələri və dəyərləndirmələri nəzərə alınmışdır.
Aqşin Əlisəttar oğlunun ilk ədəbi-bədii nəsr əsərləri olan "Azadlıq uğrunda", "Ay işığında", "Mən rəssam olacağam" adlı yığcam həcmli hekayələrində təbiilik, fərqlilik, insanın mənəvi gücünə dərin inam ifadə olunmuşdur. Ədibin ilk hekayələr kitabçası olan "Cazibəli üfüqlər"ə yığcam həcmli dörd hekayəsi daxil edilmişdir. Onlardan "Cazibəli üfüqlər", "Anamın baxışları", "Onu axtarıram" və "Həmişəbahar" adlı hekayələri lakonikliyi ilə seçilən, ilk baxışdan çox sadə görünən, həyati müşahidələri ilə yaddaqalan, bədii üslub müstəvisində təcəssümünü tapmış, xarakterlər və milli xüsusiyyətlər mənzərəsidir.
Altmışıncılar ədəbi nəslinin fəal, çevik, məhsuldar nümayəndələrindən biri olan Aqşin Babayev bir-birinin ardınca "Həmişəbahar" (1967), "Bir parça həyat" (1971), "Ağ ulduzlar" (1977), "Bir ürəyin hərarəti" (1979), "Kişilər az yaşadı" (1981) və digər əsərləri "Gənclik", "İşıq", "Yazıçı" nəşriyyatlarında böyük tirajla işıq üzü gördü. Akademiklərdən Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, tənqidçi-professor Qulu Xəlilov, yazıçı Çingiz Hüseynov, tədqiqatçı-yazar İrfan Ünver Nasrettinoğlu, ədəbiyyatşünas-professor Qasım Qasımzadə və digər görkəmli söz-sənət bilicilərinin Aqşin Babayevin nəsri, bədii yaradıcılığı haqqında yazdıqları ədəbi-nəzəri fikirləri, təhlil və dəyərləndirmələri bu gün də filoloji düşüncənin, humanitar elmin yüksək tələblərinə cavab verir. Akademik, yazıçı Mirzə İbrahimov həmkarının yaradıcılığına xeyirxahlıqla diqqət yetirərək yazırdı: "Aqşin Babayev adamlarımızın yüksək əxlaqını, mənəvi gözəlliyini, insanpərvərliyini, cəmiyyətdə, ailədə, yoldaşlıqda düzlük, sədaqət kimi uca duyğularını inamla, məhəbbətlə təsvir edir."
Aqşin Babayev nəsrində insan, onun iç dünyası, mənəvi aləmi, ziddiyyətlər mühitində mübarizəsi ön planda verilmişdir. Bu baxımdan onun "Kişilər az yaşadı" povestinin yüksək diqqətə və müzakirəyə səbəb olması, Moskvada "Sovetskiy pisatel" (1986) nəşriyyatında böyük tirajla yayımlanması ədibin yaradıcılığının dərinliyinə eniş və dönüş məqamıdır. Əsərdə həyatın istisnasız axını insan və zaman müstəvisində nəzərdən keçirilir, müqayisə olunur, yaşam üçün mövcud vaxt darlığı vurğulanır. Həyat həqiqətlərinin qabarıq təqdimatı üçün bədii konfliktə çevrilməsi, obrazların təbiiliyi, inandırıcılığı, ifalılığı yazıçı sənətkarlığının, peşəkarlığının bariz xüsusiyyətlərindəndir.
Aqşin Babayevin "Ayrılıq", "O illərin uşaqları", "Çovğunlu yollar", "Başımıza gələnlər", "Söz gülləsi" və s. povestləri, "Zəlzələ", "Dünyanın axırı", "O biri dünyanın astanasında" və digər romanları realist nəsr nümunələridir. Hər bir povest və romanlarda dövr, mühit, insanlar, onların yaşam və düşüncə tərzi geniş planda əks etdirilmişdir. Əsərlərdə təcəssüm olunan lövhələrin, təsvirlərin, dialoqların təbiiliyi, orijinallığı, mükəmməlliyi ona görə canlı və inandırıcı alınıb ki, mövzunun süjeti müəllifin həyatı, mühiti ilə sıx bağlıdır, onun gördüyü, müşahidə və təhlil etdiyi məqamlardan pöhrələnir, boy göstərir.
"Dünyanın axırı" (1992) romanında hadisələr XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən mürəkkəb ictimai-siyasi münaqişələrdən, 20 Yanvar faciəsindən, sovet rejiminin süqutundan, Qarabağda erməni iğtişaşlarından, milli istiqlal uğrunda açıq, cəsarətli mübarizədən və xaotik fonda insanların, ailələrin acılarından, gündəlik ehtiyaclar məngənəsində keçirdikləri sıxıntılardan bəhs edir.
Əsər Azərbaycanın müstəqillik çağının ilk irihəcmli nəsr nümunəsidir. Sürücü Sərxanın on illik həbsxana həyatından sonra azadlığa buraxılmasının ilk anlarının təsviri ilə yazıçı romanı başlamışdır. Əsərin aparıcı obrazı, ziddiyyətlərin mərkəzində dayanan qəhrəmanı - institut rektoru Zeynal Allahverdiyevdir. O, müsbət keyfiyyətlərə malik, milli-əxlaqi dəyərlərə sadiq, insani münasibətlərə üstünlük verən azərbaycanlı obrazıdır. Vaxtilə institutun partiya təşkilat katibi, kafedra müdiri, sovet ideoloji məktəbinin yetirməsi olmasına baxmayaraq işsiz qalmış, on il həbsxanada yatmış Sərxanın rektorun sürücüsü işinə qəbul olunması üçün heç kəs Zeynalı fikrindən daşındıra bilməmişdir. O, dürüstlüyün, humanistliyin, mərdliyin qarşılığında ləyaqətsiz, böhtançı, ikiüzlü qaragüruhla üzləşsə də əyilmir, sınmır, təmiz adını, şərəfini qoruyub saxlayır, uca tutur. Ədəbiyyatşünas S.Abasova Zeynal obrazı haqqında yazmışdı: "Zeynal mənəvi-əxlaqi kamilliyi, dözümlülüyü, təmizliyi ilə həm də bütün xəbislikləri üzə çıxaran kəsərli bədii gülüş silahı, ... ötən əsrin 90-cı illərinin əzilən, döyülən, mənən-ruhən sındırılan, lakin əyilməyən, sağlam... obrazdır. Zeynal, Aqşin Babayevin yeni insan axtarışlarının məhsuludur. Əqidə adamıdır."
Əsərin sərlövhəsi rəmzi məna kəsb edir. Respublikada yaşanan faciələr, sarsıntılar, dağıntılar, özbaşınalıq, ictimai-siyasi böhran ilk baxışdan "dünyanın axırı" təəssüratını yaratsa da romanda gələcəyə, xoşbəxtliyə, təhsilə, tərəqqiyə inam, ümid, nikbinlik güclü, əhatəli, dürüst ifadə olunmuşdur.
Aqşin Babayev ədəbi mühitdə, ictimai həyatda daha çox nasir-dramaturq, ədəbiyyatşünas, publisist kimi fəaliyyət göstərmiş, cəmiyyətdə sevilmiş və tanınmışdır. Yeniyetməlik dövründən ahıl çağlarınadək şeirlər yazsa da, mətbuat səhifələrində, kitab şəklində çap etdirməyə, oxuculara ünvanlamağa tələsməmiş, 14 yaşında ilk qələm təcrübəsi olaraq yazdığı "Bahar" şeirinin mətnini saxlamağa da ehtiyac duymamışdır. XX əsrin ortalarından qələmə aldığı "Prometey" (1954), "Gizlədə bilmirəm" (1956), "Səninlə birlikdə" (1957), "Qorxuram" (1957), "Həyatın özü" (1958), "Sən mənim Təbrizimsən" (1959) və digər şeirlərində köhnə mövzulara yeni düşüncə tərzi, cazibədar ifadə vasitələri gətirməyə çalışmışdır...
Görmədiyi, əlləri çatmadığı, yalnız səsini duyduğu, nəfəsini, hənirtisini dalğalardan hiss etdiyi doğma Təbrizin, əsrlərin əks-sədasından diksinən Ərk qalasının nisgili, xiffəti dilə gətirilir. Görüş məkanı, vüsal dəmi yalnız yuxular, xəyallardır:
Təbrizi dinlədim...
İnlədim...
Ürəyim Araz kimi coşdu.
Dedim, bəlkə yuxuma gələ Təbriz,
Sözsüz, nəğməsiz...
Gəlmədi!
Nə yaman olurmuş
hicran.
Nə yaman olurmuş
insan,
Həsrətindən ayrı düşəndə,
Ciyəriylə, canıyla
Xəyalən görüşəndə!"
Ötən yüzilliyin 50-ci illərində poeziyaya yenicə qədəm qoyan, milli ayrılığı, həsrəti içdən, candan duyan bir tələbə-gəncin - Aqşin Əlisəttar oğlunun göynərtilərindən ikiyə parçalanmış qədim bir xalqın bütöv taleyi boy göstərir. İrihəcmli "Sən mənim Təbrizimsən"in təqdim olunan sərbəst sətirlərində Nazim Hikmət ahəngi, duyğusu döyünür, Şəhriyar həsrəti, qətiyyəti çırpınır...
Gənc şairin "Vətənsizəm" şeirində vətənsizlik kədərinin kükrəməsi, həsrətin, intizarın sızıltılarından qopan qərib bir fəryadın yaralı ruhu... rəmzlərdə, söz içində yuvalanmışdır:
Bir boşluq var ürəyimdə,
Bir ağrı var kürəyimdə,
Bir həsrət var diləyimdə,
Vətənsizəm!
Bir sevgim var, adı kədər,
Bir arzum var, sonu hədər,
Bir ömrüm var, gec-tez bitər,
Vətənsizəm!
Vətənsizlik yalnız mühacir taleyinin ömürlük biçimi, qəzavü-qədəri, alın yazısı deyil, parçalanmış, bölünmüş vətənin qeyrətli, qüdrətli, aydın övladları da eyni ağrı-acıya məhkumdur.
Aqşin Babayevin poeziya yaradıcılığı haqqında söz xiridarlarının "xəsisliklə" bildirdikləri düşüncələri, münasibətləri ilk növbədə diqqətçəkəndir. Onlardan tanınmış şair Vaqif Bəhmənli yazır: "Aqşin müəllim ömrünün böyük hissəsini dünya və eləcə də ümumtürk poeziyasının dahi nümayəndəsi Nazim Hikmət yaradıcılığının araşdırılmasına həsr edib... Nazim Hikmət XX yüzilliyin elə bir sənət möcüzəsidir ki, qanında şair ruhu yaşatmadan ona toxunmaq, yaxud ona toxunub şair olmamaq mümkün deyil... Hərdən mənə elə gəlir ki... yazıçı Aqşin Babayev də Nazim Hikmət sözünün köynəyindən keçib!
Aqşin Babayevin şeirləri ifadəlidir, obrazlıdır, kövrək duyğuların çələngidir. Bu yazılarda ümumtürk poeziyasının intonasiyasını izləmək o qədər də çətin deyil."
Aqşin müəllimin şeirlərinin bir qismi zərurətdən yaranıb; pyeslərini qələmə alarkən mövzunun ruhuna, obrazın əhval-ruhiyyəsinə uyğun olaraq şeirlər, mahnı mətnləri yazmaq ehtiyacı ilə üzləşmişdir. Beləliklə, müəllif "Bir parça həyat" pyesində "Ayrılıq", "Bilim ki...", "Kim nə deyər" səhnə əsərində "Nəğmə", "Sevgililər" dramında "Ağlamaz", "Qonşular" əsərində "Sənə", "Gecikmiş bahar"da "Məktub", "Günlərin bir günündə" pyesində "İnanmıram...", "Dörd divar"da "Gərək gecikməyəsən", "Söz gülləsi" dramında "Həsrət", "Ceviz ağacı" pyesində "Son görüşümdür?" və s. adlı şeirləri musiqinin melodiyasına, ruhuna uyğun yazılmış səhnə əsərlərinin ayrılmaz bir parçasıdır.
Aqşin Babayevin "Bir içim su istədim" (2002), "Bir yolda gözüm qaldı..." (2016) şeir kitabları, müxtəlif vaxtlarda mətbuat səhifələrinə səpələnmiş ictimai məzmunlu, sosial-mədəni problemlərdən bəhs edən lirik əsərləri şairin fəlsəfi düşüncəli, poetik obrazlar qalereyası yaradan, vətəni, onun gözəl təbiətini, işgüzar, yaradıcı insanlarını tərənnüm edən sənətkar olduğunu istisnasız isbatlamışdır.
Filologiya elmləri doktoru, professor Aqşin Babayevin çoxyönümlü elmi-ədəbi yaradıcılığında ədəbiyyatşünaslıq araşdırmaları, tərcümə məsələləri xüsusi yer tutur. Onun hələ universitet tələbəsi olduğu dövrdə - 1957-ci ildə xitabət kürsüsündən heyranlıqla Nazim Hikməti dinləməsi, hər kəlməsini hafizəsinə həkk etməsi, 1961-ci ildə Moskvada böyük türk şairinin mənzilində qonaq olması, onun şeirlərinin sirli qatlarına baş vurması, incə mətləblərdən söz açması Aqşin Babayevin həyat yolunu aspiranturadan saldı, seçimi elmi tədqiqat işləri oldu. "Nazim Hikmətin dramaturgiyası" mövzusunda elmi dərəcə almaq üçün dissertasiya üzərində çalışaraq uğurla müdafiə etmişdir. Onun BDU-nun (sabiq ADU-nun) Şərqşünaslıq fakültəsində "Türk ədəbiyyatı tarixi" fənnindən mühazirələr oxuması türk ədəbiyyatina bələdliliyini daha da genişləndirmişdir. A.Babayevin "Azərbaycan və türk dünyası" (1998) kitabında "XX əsr türk ədəbiyyatının Azərbaycanda tədqiqi" və "Azərbaycan - Türkiyə əlaqələri" adlı elmi araşdırmalara geniş yer verilmiş, yeni ədəbi faktlar və şərhlər dövriyyəyə daxil edilmişdir.
"Müasir türk dramaturgiyası" (1998) elmi tədqiqat işində isə müəllif Türk ədəbiyyatında dramaturgiyanın formalaşması prosesi və müasir türk dramaturgiyasının mövzu dairəsini incələnmiş, dövrün Nazim Hikmət, Əziz Nesin, Haldun Taner, Necati Cumalı və b. ustad qələm sahiblərinin səhnə əsərlərinə şərhlər yazmışdır. Hər iki kitabda alimin çoxillik türkoloji tədqiqatları yer almış, ədəbiyyatşünaslığa dair elmi-ədəbi əlaqələr, ortaq ədəbi irs problemi və Nazim Hikmət mövzusu geniş araşdırılmışdır.
Professor Aqşin Babayevin "100 yaşlı Nazim Hikmət" adlı kitabı müxtəlif illərdə müəllifin böyük türk şairinə həsr etdiyi elmi məqalələr, resenziyalar, xatirələr toplusudur. Bu kitabda Nazim Hikmətin Azərbaycana sıx mənəvi tellərlə bağlılığını müşahidə edir, onun görkəmli şairlərdən - Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mikayıl Rəfili və b. ilə yaxın ədəbi-mədəni və mənəvi əlaqələrindən, görüşlərindən, dostluq tellərindən bəhs olunmuşdur. Tədqiqatçının "100 yaşlı Nazim Hikmət" kitabına böyük türk şairinin 60, 70, 80, 90 illik yubiley təntənələrinə həsr etdiyi elmi-nəzəri yazıları da salınmış və bu araşdırmalar Aqşin müəllimin Türk ədəbiyyatına, Nazim Hikmət yaradıcılığına sonsuz rəğbətinin və dərin məhəbbətinin unudulmaz ifadəsi, şəxsi ehtiramıdır.
Professor Aqşin Babayev dövlət müstəqilliyimizin ilk onilliklərində Türkiyə və Azərbaycanın elm cameəsində türkologiyanı, türk dünyasını və türk ədəbiyyatını mükəmməl, hərtərəfli bilən görkəmli mütəxəssislərdən birincisi və ilki idi. Təsadüfi deyildir ki, "Türk ədəbiyyatı müntəxabatı" (2001) kimi məsul bir toplunu elmi prinsiplər əsasında hazırlamaq A.Babayevə həvalə olunmuşdur. Türk xalqının zəngin ədəbi-bədii nümunələrindən seçimdə bulunmaq, tədris məqsədilə antologiya yaratmaq, icmallar, ədəbi cərəyanlar, çoxsaylı ədiblər haqqında lakonik portretlər yaratmaq, məlumatlar vermək tərtibçi-müəllifdən yüksək peşəkarlıq, səriştə və yüksək bilgi tələb edir.
Aqşin Babayev türk ədəbiyyatı tarixinin Azərbaycanda tədqiqi və təbliği sahəsində mühüm xidmətlər göstərmiş, onun geniş araşdırmaları nəticəsində "Azərbaycan Sovet Ensiklopediyası"nda verilmiş "Nazim Hikmət Ran" (20.1.1902-3.6.1963), "Namiq Kamal (21.12.1840-2.12.1888), "Rəşad Nuri Güntəkin" (25.11.1889-7.12.1956), "Səbahəttin Ali" (25.2.1907-2.4.1948), "Şinasi İbrahim" (1826-13.9.1871) "Xalidə Ədib Adıvar" (1884-9.1.1964) və digər onlarla elmi məqalələr, məlumatlar və mühüm informasiyalar yazılmışdır.
Prof.Dr. Aqşin Babayevin elmi yaradıcılığından Nazim Hikmət mövzusunun qırmızı xətt kimi keçməsi, şübhəsiz ki, təsadüfi deyildir. O gözünü açandan ailə mühitində Türk ədəbiyyatına dərin sevginin, məhəbbətin ilıq, munis təsiri altında böyümüşdür. Sovet rejimi ilə Türkiyənin siyasi, diplomatik münasibətlərində dərin çatların yarandığı zamanlarda da Babayevlər ailəsində doğma, qardaş xalqın ədəbiyyatına mədəniyyətinə, incəsənətinə isti münasibətlər dəyişməmişdir. Aqşin Babayevin ədəbiyyatşünaslığa dair yeni, növbəti kitabı "Nazim Hikmət qalaktikası" adlı toplu fəlsəfə doktoru, publisist Azər Turanın "Dünya poeziyasının Türk şahzadəsi" sərlövhəli müqəddiməsi ilə açılır. Ön söz bələdçisi müəllifə və mətnə zaminliyini vurğulayaraq yazır: "Aqşin Babayev "Nazim Hikmət qalaktikası"nı zadəgan bir üslubda, təvazökar ahəngdə, elmi səbatla yaradıb və təkcə nazimşünaslığa deyil, Azərbaycan filolojisinə etibarlı bir kitab bəxş edib. Tale bu kitabın müəllifinə Nazim Hikmətin ocağı başında olmaq, onunla duz-çörək kəsmək səadətini də nəsib edib. ...Aqşin Babayev təkcə Nazim Hikmətə deyil, bəlkə daha geniş ölçüdə o zaman sovet Azərbaycanında Türk ruhunun qorunub saxlanılmasına, Türk yaddaşının diri qalmasına əvəzsiz xidmət göstərmişdir."
"Nazim Hikmət qalaktikası" kitabında müəllifin müxtəlif vaxtlarda nəşr etdirdiyi elmi məqalələri, publisistik yazıları, xatirələri, müsahibə və jurnalist araşdırmaları çap edilmişdir. Əsər nazimşünaslıqda yeni mənbələr, tədqiqat materialları ilə zəngin mütəxəssislər üçün dəyərli və etibarlı qaynaqdır.
Professor Aqşin Babayev bir neçə yaradıcılıq yönlərini - nasir, şair, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, publisist, pedaqoq, jurnalist, ictimai xadim fəaliyyətlərini özündə birləşdirən, ziyalı, aqil və abırlı şəxsiyyət olmuşdur. Azərbaycanın elmi, ədəbi-mədəni tarixinin araşdırılmasında onun zəngin irsi müstəsna əhəmiyyət kəsb edir.
Bakı, 18.11.2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
