..."Hər havaya oynaması çətindi..." Çətin demişkən, məsuliyyətli olsa da, adı tək, sözü çoxmənalı şairdən bir ilin içində ikinci dəfə yazıram. Fevral ayında "Ulduz" jurnalının "Yazı masası" rubrikası üçün müsahibə almağa gedəndə Vahid müəllim dedi ki, oğul, mən görünməyənləri görür, deyilməyənləri eşidirəm. Bu, cavab idi, sualsız-filansız. Özüm bu cavabın sualının qayğısına qaldım. Bunu niyə dediyini soruşdum. Dedi, sözdü də dedim, istəsən inan, istəsən yox... Beləcə, müsahibəyə başladıq, sual verdim, cavab aldım... müsahibəmiz bitdi. Amma söhbətin əvvəlindəki cavabın sualını müsahibədən bir neçə saat sonra tapdım; düşünüb-daşınmadan, sadəcə, həmin günü yaşayaraq. Təsadüfmü, zərurətmi, ya şairin sözlərindəki həqiqətmi?.. Onu təkcə Yaradan bilir. Həmin "sual-cavab" haqqında haçansa yazacağım 3-cü yazıda söhbət açacağam. Bəzi sirlər var ki, onların qapısı əlimizdəki açarla deyil, sirr qapısının o biri üzündən açılır. Gözləyirsən açılmır, gözlənilmədən açılır.
Bu yazı xalq şairi Vahid Əzizin 81 yaşından çox, onun deyilib eşidilməyənlərinə və görülməyənlərinə həsr edilib... Onun elə şeirləri var ki, bir göz qırpımında, eləsi də var ki, nə az, nə çox, düz 52 ilə yazılıb. Əslində, 52 ilin ağrısı, yükü şeirin ikicə misrasında gizlənib: sancır, amma ağrıtmır, sancır, zəhərləmir, bu sancıdan insani-insani mənalar doğulur.
Bahar keçər, yamaclara gül əkər,
Payız gəlib soldurmasa yaxşıdı.
Çiçəkləri öpdüyümü küləklər
Qaçıb yara bildirməsə yaxşıdı...
Sirr kimi şeirdi... Şeirin sirri budur. Tam açıb-bükmək olmur. Qələmə və şairə bir yerə qədər sirr vermək ixtiyarı verilir. Sözün və şairin böyüklüyü ondadır ki, ixtiyar çərçivəsində dünyanın özündən də azman bir azadlıq rəsmi çizə bilir. Bu, Tanrı yaradılışının imitasiyası deyil, ilahi möcüzənin insani və ruhani təsdiqidi. Ümumiyyətlə, sevgili sirr və işıq müəmma şairin yaradıcılığını qarabaqara izləyir, beləcə, şeir də mənalanır, şeirin ağuşunda özü də.
Ruhuna yalnız Tanrı mərhəməti toxunan şair, köksünə cərrah bıçağı çəkən həkimə də sirr boğçasından pay ayırır:
Ovcuna çilənsə, qorxma, qan deyil -
büllur bir sevdadır, axar sinəmdən,
mənim ki ürəyim damardan deyil,
asılmış bir qızın hörüklərindən!
Çətin ki qəlbimi görərsən, həkim,
bürünmüş, güman ki, dumana, çənə,
güman ki, yaram da köhnəldiyindən
köhnə bir tanıştək yad gələr sənə.
Qız hörüklərindən asılan ürək, gümana və dumana bürünmüş qəlb... Şair ürəyi qız hörüklərindən asılıb edam edilmədən qəlbə çevrilə bilməzdi. Bəs necə, qəlb ürəyin əbədiyyətidir axı! Güman və dumansa cismani gözdən ruhani gözə keçid qapısının kölgəsi. Burdan o yana yalnız ürəyi qəlb olanlar görə bilir. Şair düşüncəsinə uzanan yol isə insanı özünə gətirib çıxarır. Belə yerdə gərək sözə inanasan, həqiqət olsun deyə. İnanmasan, sənə nə vəfa bəxş edəcək, nə də şəfa. Yolun özüylə yola getmək də bir şairlikdi. Yolun soyuq daşına istilik, tozuna nəfəs, göz işlədikcə uzanan ünvanlarına könül yaxınlığı bəxş etməkdən pərvazlanır şairlik:
Küləklər qardaşım, yel bacım ola,
nəfsim hər dərdimə əlacım ola,
ocağım, təndirim, öz sacım ola -
hər yerə öz halal yuxamnan gedəm.
Bu misralar ömür yolunun xeyir-duasıdı. Yola çıxan bir kimsəsizə doğma sözün ata-ana alqışıdı. Qardaşı külək, bacısı yel, çörəyi halal kəslərin yol zümzüməsidi. Bəndənin sümüyünə, Tanrının göyünə düşən zümzümədi. Səslə doğulub zümzümə ömrü yaşayan nəğmədi. Həm Vahid Əzizin şeirləri nəğməli doğulur axı. Nəğmə onun şeirlərinin əkiz qardaşıdı. Bətnin ürəyindən doğulanlar sevdalı ömrü yaşamaqla kifayətlənmirlər ki... Sevgilərə, könüllərə də öz eşqindən bağışlayırlar. Bu nəğmə gözəllərin dilində də, xəzəllərin külündə əbədiyyətə ünvanlanmış bir ədəbiyyat naməsidi. Dünyanın yağışlarının bir qızın bulud-gözlərindən qopduğuna inanan və inandıran şairin söz dünyasında ölümsüz olmayıb neynəyəsən?! Belə yerdə heç ölüm də düşmür yada:
Leysan gedir, bəlkə, yenə ağlayır,
Ağlım itir, bəlkə, vaxtı saxlayır?!
Kirpikləri elə açıb-bağlayır,
Elə bil ki, gül bələyir gözlərin.
Nəğmələrim gözəllərin dilində,
Namələrim xəzəllərin külündə.
Bir ömrüm var, o da sənin felində,
Daha nəylə hədələyir gözlərin?
Bu nəğməli namə düşüncənin ümman gözlərinə kül üfürmür, gözünü açır. Açılan göz bələyindən bəbəyinə doğru yol alır. Ürək dəyirman daşına çevrilir, sular misalı, qan töküldükcə döyünür, qaya və qara fikirləri əzib mum kimi bir sevgiyə döndərir. Onda şair qələmindən cavab-cavab suallar tökülür düşünən kağızın ağ qoynuna:
Gülüm, qırma onu, ürək daş deyil,
ləçəyə qonanlar şehdi, yaş deyil,
onun ki əjdadı yazdı, qış deyil,
dünyanı payıza yay niyə dartır?
Vurduqca, qırdıqca bərkidi dizi,
dövran çox incitdi Vahid Əzizi,
torpaq xırda-xırda böyüdür bizi,
qoymur göyə çatsın boy, niyə dartır?..
Bu sualların cavabı, heç şübhəsiz, Tanrı dərgahındadı. İnsan oğlu durmadan o dərgaha sual yağdırır. Bir gün bu sualların izinə düşüb cavab arxasınca getmək üçün. Deyirlər, sorğu-sual ordadı, məncə, orda sualdan çox cavab var. Bu dünyada tapmadığımız sualların, demə, cavabları ordaymış. İnsan kimi doğulmurmuş bəzi cavablar. Sualları bu üzdə, cavabları da dünyanın o biri üzündə qalırmış. Orda da şair var. Şair harda yoxdu ki?! Sualla cavabın görüşü ola, şair də orda olmaya?! Orda şairin əməl dəftəri elə şeir dəftəridi. Bu dəftər nə sağ ələ verilir, nə də sol ələ. İkiəlli yapışılır bu dəftərdən. Gözümüzün ağı-qarası tək övladımız kimi. O dəftərin siyah yazıları şairin yaşadığı qara sevdalı günləri, kağız bənizi isə ağ saçlarının bəyazlığıdı:
Hər rüzgar qəlbimi bir yana çəkir,|
səsləyən həyatın çiçəkləridir,
bu dənlər illərin ləçəkləridir,
düşünmə - saçları qar doğulmuşam.
İllərin ağ ləçəklərindən qara saçlara düşən ağ xallar - dənlər... Yaşamaq həm də sözün ecazında və məcazında xəyala dönməkdi. Söz ruhdu, onu anlamaq, eşitmək, duymaq, hiss etmək mümkün olsa da, toxunmaq mümkün deyil. Sözə yalnız Vahid Əziz kimi şairlər toxuna bilir. Vahid Əzizi duyanda anlayırsan ki:
Əzəllər hicranı ötəri saydım,
Məcnunu özümdən betəri saydım,
gərək fəlakəti görüb, duyaydım,
nə sən mənimkisən, nə özüm mənim...
Hər kəs Allahındı, ruh da, sevgi də. Nifrəti, kini insan cismi peydahlayıb. Elə ona görə də göylərə cismimizlə yox, ruhumuzla qayıdırıq. Hə, bir də sevgimiz də bizimlə gedir. Xatirəyə çevrilənlər sevgimizin izidi. İz bitən yerdə insanın öz yolu, sual və çək-çevirləri başlayır. Onda şairləşən insan oğlu bir beytində özünə sual verib, o biri beytində cavab verir:
Qəlbim arzusuna çatarmı bir gün,
qarşıda fəlakət, yoxsa ki, uğur?
Həyat sevgisini qazanmaq üçün
yaşamaq - ölümdən gərəkli olur...
Şairləşən insan oğlu dünyaya sevgi qazanıb, sevgi xərcləməyə gəlir. Onsuz da həqiqətin haqq-hesab kitabına yalnız sevgi məzənnəsi ilə alış-verişlər düşür. Dünya işlərinin qalanı fani və anidi. Axırı da ki bəlli, həyat tamaşasının sonunda pərdə enir. Bu pərdə həm də fani həyatla əbədiyyatın sərhədidir. Onda əbədiyyatın köksündəki şair ürəyindən bu dünyaya baxanda anlayırsan ki:
Canım çıxdı hər nəğməmi yazınca,
şərik çıxdı pay verdiyi qazanca,
iştah - böyük, bu "Heçnəli qazança!"
baş açmadım - qismətimə nə yazdı,
nə biləydim dünya belə dayazdı?!.
Vahid Əziz şeiri göylərin dərinliklərindədi. Yerdə yazdıqları göylərdə oxunanlardı. Onun haqqında yazıya başlamaq da sevindiricidi, yazını başa vurmaq da. Bitən yerdə başlayır, başlayan yerdə davam edir. "Sağ ol"u salamdı, "salam"ı kəlam. Yaşının neçə olmasından asılı olmayaraq, Vahid Əzizin gəlimli-gedimli dünyada diri və duru ruhu söz karvanının sarvanı olmaqda davam edəcək. Təkrarsız şair yenidən doğulmaqda, özü kimi doğulmaqda davam edəcək. Çünki:
Qışdandı, yaydandı, yazdandı ömrüm,
yazmasam, deyərlər: "Paslandı ömrüm",
dinlə, Vahid Əziz, dastandı ömrüm,
hər dəfə bir təzə "Boyla" gəlirəm.
Vahid Əziz göydəndüşmə həqiqətləri yer üzündə şeirə çevirib, kərpic-kərpic ruhumuzda saray qurur. Məna libasına bürünmüş həqiqətə qələmiylə sığal çəkir. Nağıl ömrü yaşayır. Ömrü nağıllar qədər uzun olsun. "Nağıl" demişkən, bütün nağılların sonunda göydən üç alma düşür. Ənənəni pozmayaq, qoy bu yazının da sonuna üç Vahid Əziz bəndi düşsün:
Səhər-səhər karvan keçdi üfüqdən,
Buludların hər birisi bir dəvə.
Dan yeriydi, karvan idi, bir də mən,
Məcnun gələr bu dünyaya min dəfə.
Karvan keçdi, baxa-baxa ağladım,
Hönkürmədim, səsim batdı içimdə.
Gözlərimi bir buludla bağladım,
Bir qız gördüm, Leyli boyda, biçimdə.
Sarvanların heç insafı yoxuymuş,
O karvanı uzaqlara sürdülər.
Bilməz idim, göz qoyanım çoxuymuş,
Ha gizlətdim mən bu eşqi - gördülər...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
