Cavanşir YUSİFLİ
Vüqar Vanın "Riyazi mənzərələr" hekayəsində üslubi gedişlər elədir ki, əvvəlcə dəqiq, aydın mənzərələr yaradılır, səmanın üzü sənin üçün həmin aydınlıq çevrəsində, elə o qədər açılır, daha sonra bu mənzərə qarışır, çünki səmanın üzərindən insan talelərinə nüfuz edir, hər iki "mənzərə" şairin taleyi və uşaqlığı arasındakı şırımların müdaxiləsinə tuş gəlir. Hekayənin ekspozisiyası da adına və hifz etdiyi məna çalarına uyğun gəlir. Sevgilisi hirslənib onu suçlayır, şərtlər qoyur, yumşalır, yenə hirslənir və çıxıb gedir... Bundan sonra, yəni qapı çırpıldıqdan sonra adamın gözləri qonşu binalara dikəlir, işıqlar ard-arda, uşaqlıqda "xəyalən qalxdığı nərdivan" üzrə yanır, bu mənzərə poeziyanı xatırlatsa da, onun ehtiyacını aradan qaldırır. İkinci belə mənzərə şair dostunun onun üçün Lənkəranda kirələdiyi evdə baş verir. Evin bir tərəfi dənizə açılır. Bir gün blokların üzərində oturub dincələndə kəşf edir: riyazi dəqiqliklə görünən (çəkilən!) mənzərələri rəsm etmək çox asandır və riyazi dəqiqliyi olan ayın, günəşin və bütün təbiət mənzərələrinin poeziyaya ehtiyacı yoxdur. Onlar riyazi dəqiqliyə malik olduqlarından poeziyanın gücünü əlindən alırlar. Ay, günəş o gücü, o sehri çəkib aparır. Son nöqtə... və son vurğudan sonra üst-üstə sonsuz pillələr. Hekayəni oxuyanda bu obraz səndən əl çəkmir.
Qızğın mübahisədən sonra sevgilisi çıxıb getdi və şair yenə tək qaldı. Pəncərəyə yaxınlaşıb qarşıdakı binanın adda-budda, nizamsız yanan işıqlarına baxa-baxa aralarındakı söhbəti düşündü.
...və bütöv bir həyat hekayəti...
Sanki gözlərini anidən yumub-açınca görmək istədiyi şeyləri görür.
Şairin olduğu yerdə həmişə nizam pozulur, riyazi dəqiqlik yerini xaosa verir. Ancaq riyazi dəqiqlik bəlkə insan həyatını dağıtmaq, "yerlə bir etmək" üçündür? Vüqar bütün hekayələrində dərindən duyulan, hə, ancaq dərinlərdən gələn nəsnələri yazmaq istəyir və onun təhkiyəsindəki zahiri sakitlik, aydınlıq, hər şeyin yer-yerdən görünməsi əslində aldadıcıdır. Bir dövrdən sonra yəqin ki, insan da yaşam içində hər şeydə bir nizam axtarır, simmetriya xəstəsinə çevrilir, bu onun içindəki sonsuzluq təşnəsinin artıq bitməsidir, bəlkə də son damcının gətirdiyi dəhşətli iztirabdır.
Bədii mətnlər zamanla və insandan-insana (oxucudan-oxucuya...) dəyişir, sən onu mənimsədikcə, dərinliyini kəşf etdikcə dəyişir, yerində durmur, şübhəsiz ki, oxucu və ya filoloq onunla ünsiyyətə, daha sonra dialoqa girdikcə. Bədii mətn qat-qat mənimsənilir, sirrini sənə vermək istəmir, aranızda "yumşalma" yaranan kimi bütün qapılarını qarşında açmaq istəyər; bədii mətni tam qavramadığın halda onu rədd edə bilərsən, "zəifdir, yarıtmazdı" deyə bilərsən. O sənə öz enerjisini ötürdükcə mümkün dərəcədə sirləri də qarşında açılır. Sən artıq o mətndə nəyin yerinə, qəlibinə zəif oturduğunu hiss edəcəksən, bədii mətni yaradan əsas duyğu, ideya istiqamətlərini tuta bilirsən. Vüqar Vanın yeni hekayəsində var belə çox həssas yerlər.
Uşaqlıqda sinif uşaqlarıynan çəkdirilən şəkil, ordakı geyimi və təbəssümü... hər şeylə münasibətdə aşkarlayıcı rol oynayır. Bəzi şeylərin düzümündəki "düz xətti" pozması qəribəliklər yaradır, şəkil sənin həyatını "ötüb keçir", hara getsən, harda olsan, yaddaşında dirilir, hamını yada salır və hamını da unutdurur.
Bu məqamlardan biri də adamın oturduğu hündürlükdən ətrafı seyr edərkən ürəyinə dolan hisslərin dəqiqliyi ilə bağlıdır. Harda ki riyaziyyat var... bunlar yalnız Vüqarın müşahidə edib duyduğu nəsnələr deyil, ancaq təkcə Vüqar bunu belə yaza, rəsm edə bilər, həm də riyazi dəqiqliklə.
Hər iki nasirin yaradıcılığında - Vüqarın kövrək mətnlərində, Azər Abdullanın miras qoyduğu mətnlərində səsin, sözün, bəzən bir sözdəki hecaların "geriyə qayıtma" anı var, bu an, bu məqam mətndə anidən işıqlanır və keçib gedir, yəni oxucu bunu tuta bilməsə də, sonradan daha geniş halədə geri qayıda bilir. Azər Abdullanın "Gül yağışı" hekayəsi bu geriqayıtmaların üzərində qurulub. "Riyazi mənzərələr" şeirdən bəhs edir (şeirin rəsmini çəkir, şeirin şairin qatili olduğunu yazır və geri qayıdıb rəsmdəki boş yerə gül ləçəkləri düzür və inanır ki, bunlar bir gün başqa, çox sehrli və gözəl varlığa çevriləcəklər...), hekayədəki qəhrəmanın özünü ilk dəfə nə zaman şair kimi hiss etməsinə bağlı suallar verilir, Gül yağışı metaforasının arxasında V.Səmədoğlunun şeiri dayanır. Vaqifin ən gözəl şeirləri həm də mahnı mətnləridir. Vaqif bu dünyada ən gözəl nəğməsi olan şairdir. Nəğməsi olmayan insanlar da var. Onlar şeir də yaza bilərlər.
Vaxtilə Azər Abdulla haqqında yazılan məqalədən: Azər Abdullanın qəribə yaddaş saxlancı var, bu, nəyisə dəqiq yadda saxlamaq anlamına gəlməz, sözü o mənada işlətdim ki, nasir haçansa eşitdiyi əhvalatlarla, şahidi olduğu hadisələrlə bərabər və onlardan daha çox, qulağına gələn səsləri dəqiq şəkildə hifz edir, bir də gördün hansısa təsvir qatında həmin səs "geri qayıtdı"...
Azər Abdullada, onun bütün yaradıcılıq platformasında hər şey geri qayıdır, hər şey son cümlələrdə sürətlə geriyə qayıdıb unudulmaz mənzərənin sonuncu "mazokunu/tişəsini" vurur, başlayan hekayə bitdiyi yerdən "başlayır", həmin keçmişdən gələn səsin sətirlərarası xışıltısını eşidirsən. "Qəmərlidən keçən qatar" hekayəsində bu prinsip ideal variantda əksini tapıb. "...O PAYIZ düzü-dünyanı soğan başına götürmüşdü. Zəmilərin qırağından, avtobus dayanacaqlarının, vağzalların yanından ötəndə qalaq-qalaq yığılıb tığlanmış qızılı, sarı soğan adamın üzünə gülür, aralanıb gedəndən sonra uzun müddət xışıltısı eşidilirdi."
Olur ki, bu səs, bu xışıltı bir mətndən digərinə adlayır: "Siyirmələrdən evin düzünə tökdüyü yüz cür xırdavatın, kağız-paranın içindən ağ, qara, sarı, göy rəngli sapları götürüb qəzetə bükdü, aparıb rəflərdəki kitabların arxasındakı boşluğa saldı. İşlənib balaca şamama boyda qalmış yun ipdən olan yumağı gətirib çarpayısının başındakı yazı masasının ortasına qoydu. Gözə çarpsın deyə masanın üstündəki kitabları, kağızı, qələmi götürüb pəncərənin önünə qoydu. İp xovlu, qalın və kövrək olduğundan ayaqlarına güc verib bir-birindən aralamaq istəyəndə barmaqlarını kəsmədən asanlıqla qırılacaqdı. "Ölənə qədər bütün ehtiyatımı özüm görməliyəm". Son vaxtlar başında ilan-çayır kimi dolaşan o ipləri evindən təmizlədiyinə görə bir az arxayınlaşdı. Ancaq hamama girib əllərinin toz-torpağını yumaq istəyəndə, içərisi kağız-kuğuzla dolu karton qutuya gözü sataşanda, sabah arvadının rayondan qayıdanda özüylə gətirəcəyi qutudan, şələ-şülədən heç olmasa birinin mütləq o murdar iplə bağlanacağını ağlına gətirəndə arxayınlığı uçub getdi, neçə saatdan bəri evi alt-üst edib qarış-qarış axtardığına, sərf elədiyi vaxta, zəhmətə hayıfı gəldi. Və anladı ki, yaxasını o iplərdən heç vaxt qurtara bilməyəcək." ("Gül yağışı")
Azər Abdulla hekayədə, bədii mətnin qurulmasında geriyə dönüşlərdən yerində istifadə edir, geridə bilərəkdən, yaxud sövq-təbii unudulmuş təsvirin dalınca qayıdan səs, söz irəli yüklü gəlir. Bu anda bədii mətnin nəfəs dərməsi, yaxud nəfəs dərmək üçün "dayanması" da hiss edilir.
Mətndə "gül yağışı" ilə bağlı metaforik, bədii mətnə münasibətdə assosiativ hissə sonda gəlir və zahirən ona uyuşmur, xaric söz, təsvir və sair təsiri bağışlayır. Qeyd edək ki, "gül yağışı" bədii mətndə simvolik məna daşıyır, çoxmənalı və çoxspektrlidir. Vüqarın dediyi o riyazi dəqiqlik burada tam pozulub, həm də dəqiqliklə onun pozulduğu hal sanki bir parçanın içində qərar tutub. Bu parçada ilahi mərhəmət hissi açıq-aydın hiss edilir. Sonluğa qədər təsvir edilən, rəsmi çəkilən reallıq bu hissədə sanki "unudulur", olduğu yerdən yuxarıya - ilahi məkana qaldırılır. Gül yağışı həmin hissəyə qədər özünü daşa-divara çırpan qəhrəmanın ruhi aləmində baş verən nostaljinin ideal təzahürünə çevrilir. Səhv etmiriksə, belə bir deyim var: biz məkanın üzərindəki çıxıntıları (deformasiyaları) zamanın təzyiqi altında görə bilərik. Müəllif psixoloji zaman anlayışına istinad edir, qəhrəmanın daxili aləmi, yaddaşındakı keçmişin "qanıyla" axıb gələn sözlər (bizim nəsildə dədələr öləndə oğullar yanlarında olmur...) onu ruhun girdablarına salır, orada itib batmaq üçün... Bu girdabların içində keçmişlə bu günün sərhədləri silinib gedir. Qəhrəman üzü keçmişə dayanıb hər şeyi, ötüb keçənləri bir-bir xatırlayır. Xatirələr, keçmişin fraqmentləri bu günü az qala əvəz edir, keçmiş bu günün işığını şam kimi üfürüb söndürür. Psixoloji zaman məkanın deformasiyasına səbəb olur, qəhrəman qəbirlə məşğul olduğu üçün məkan hər dəfə həcmin bir ölçüsünü itirir, məkan göz önündə dayanmır, qaçıb gedir, yerinə başqa parametrlər gəlir. Sual yaranır: hekayədəki gərgin psixoloji ovqat necə olur ki, sonda lirik-psixoloji üslub xəttiylə əvəz edilir? Mətndə qəhrəmanın daxili dünyası, psixoloji haləti dəqiq detalların köməyi ilə yaradılır və açılır. Əşyalar, səslər və qoxular... rənglər və onların məkanın göz önündəki gerçəkliyini dəyişdirən simvolikası... bütün bunlar gerçəkliyin həm real şəkildə görünməsini, həm də gerçəkliyin arxasındakı irreal məkanı hiss etmənin dəhşətini şərtləndirir. Hekayədə hər pasaj suallar yaradır.
Hekayədə təhkiyə, nəql psixoloji-assosiativ axınla irəliləyir. Epitet və metaforlar əşyaların "oynadığı" gerçəkliyin səthini və oradan aralanma anını göstərməyə xidmət edir.
"Riyazi mənzərələr"də yaddaş insanın özünü yenidən kəşfetmə vasitəsidir. Bu hekayədə də gerçək zamanla psixoloji zaman arasındakı sərhəd son dərəcə şəffafdır. Fləşbeklər keçmişin bir anını göz önünə gətirir, yuxarıda dediyimiz kimi, onun aşkarlayıcı funksiyası işə düşür. Təhkiyə boyu nəqlin (yaddaşın) qeyri-səlisliyi işə düşür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
