Yaşatmaq fəlsəfəsi - İsa HƏBİBBƏYLİ

İsa HƏBİBBƏYLİ

 

Müstəqillik dövrü Azərbaycan nəşrinin tanınmış nümayəndələrindən olan Günel Anarqızı müasir həyatın və adi insanların mənəvi aləmini real surətdə əks etdirən ciddi bədii əsərlərin müəllifidir.

Günel Anar qızı Rzayeva (Günel Anarqızı) 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1979-1990-cı illərdə Bülbül adına orta ixtisas məktəbində təhsil almışdır. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türkologiya ixtisasını 1995-ci ildə bitirmişdir. Türkiyənin Memar Sinan Universitetində 1993-cü ildə staj keçərək ixtisasını daha da təkmilləşdirmişdir.

Fəaliyyətinin böyük bir mərhələsi kütləvi informasiya vasitələri ilə bağlı olan Günel Anarqızı ilk əvvəl 1996-1998-ci illərdə ANS Media Holdinqində "Şəms" jurnalının reklam üzrə direktoru kimi çalışmışdır. Bir müddət 1998-2002-ci illərdə İmpratekst Holdinqdə reklam üzrə direktor olaraq fəaliyyətini davam etdirmişdir. ANS Press-in tərkib hissəsi olan "El" jurnalının Baş redaktoru kimi fəaliyyət göstərmiş, həmin şirkətin icraçı direktoru vəzifələrini daşımışdır. Bundan sonra o, 2009-2010-cu illərdə "Xəzər" televiziyasının "Pəncərə" verilişinin şef redaktoru və müəllifi qismində məsul bir vəzifəni uğurla yerinə yetirmişdir. Mətbuat sahəsində fəaliyyətini davam etdirən Günel Anarqızı "Ölkəm" və "Azerimobile" jurnalının Baş redaktoru kimi müstəqillik  dövrü Azərbaycan mətbuatının inkişafına öz töhfələrini vermişdir.

Günel Anarqızının fəaliyyətində mədəniyyət sahəsi mühüm yer tutur. O, 2006-2007-ci illərdə Mədəniyyət və Turizm Nazirliyində baş məsləhətçi olmuşdur. Günel Anarqızı hazırda 2011-ci ildən Bakı Kitab Evinə uğurla rəhbərlik edir. Bakı Kitab Evi respublikamızın əsas elm, ədəbiyyat və  mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir.

Günel Anarqızının çoxcəhətli ədəbi-ictimai xidmətləri öz qiymətini almışdır. Türk dünyası ilə geniş əlaqələr yaradan Atatürk Kültür və Dil-Tarix Qurumu Dil Qurumunun 2026-cı ildə esse üzrə Mükafatına əsas namizədlər sırasındadır. Bundan başqa, o, Humay Milli Mükafatını almış, Milli Kültüroloji Mükafatla təltif olunmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2010-cu ildə Günel Anarqızını Fəxri Fərmanla təltif etmişdir.

Günel Anarqızı 2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

***

Azərbaycanın Xalq yazıçısı Anarın sənət ənənəsini yaradıcılıqla davam etdirilməsi ilə ədəbiyyata gələn Günel Anarqızı orijinal yol seçərək oxşar, hətta eyni mövzularda özünün yeni, fərqli sözünü deyə bilmişdir.

Günel Anarqızı nasirdir. Yaradıcılığında epik ədəbiyyatın hekayə və povest janrlarında yazılmış əsərlər xüsusi yer tutur. Hekayələrinin mövzusu əsasən müasir həyatdan alınmış problemləri əhatə edir. Müasir insanın zamanla dialoqu bu hekayələrin süjet xəttinin əsasında dayanır. İnsanların davranışlarını və düşüncələrini buxovlayan nə varsa, Günel Anarqızı belə maneələrin hamısına qarşıdır. Hekayələrindən birində deyildiyi kimi, əgər insan özünə inanır və dəyərləndirirsə, onun əməl və rəftarı, fikir və düşüncələri üçün süni sərhədlər qurmağa heç bir ehtiyac yoxdur. Nəticə olaraq Günel Anarqızı əsərlərində möhkəm əqidəni və daxili özünəinamı, süni maneələrsiz həyatı və o cümlədən də bütöv, sərhədlərsiz dünyanı təqdim edir. 2024-cü ildə çap olunan kitabını "Sərhədsiz səma" adlandırması da yaradıcılığındakı bu istiqamətin önə, manşetə çıxarılması təsiri bağışlayır. "Sərhədsiz səma" adlı radiopyes yazmaqdan başqa, "Sonsuzluq" mövzusunda utopik hekayə qələmə alması ilə də o, əsl, təbii, etibarlı insan münasibətlərinin mənəvi əsarətin sərhədlərindən qat-qat üstün olduğunu göstərməyə xidmət edir. Müəllif əminliklə deyir ki, "göydə heç zaman sərhəd qoyulmadığı kimi, yerdə də sərhədlər mənasızdır".

Əslində Günel Anarqızının təqdimat etdiyi sərhədsizlik anlayışı cəmiyyətdə və mənəvi münasibətlərdə formalaşdırılmış sərhədlərdən daha ciddi və davamlı xarakter daşıyır. Onun "On altı səbəb" essesində öz əksini tapmış ictimai-mənəvi prinsiplər həm bu gün, həm sabah və həm də bütün dövrlər üçün şəxsiyyətin bütövlüyünün və vətəndaşlıq borcunun ədəbi normaları hesab oluna bilər. Yazıçının "Bu gün inamlı və ilhamlı olmağının səbəbi sırasında diqqət mərkəzinə çəkdiyi müddəaların əhatə etdiyi dövlətə sədaqət, xalqa və Vətənə sevgi, birlik, sayıqlıq və mərdlik, həqiqətpərəstlik, əqidə bütövlüyü və inam kimi prinsiplər hər bir insan üçün həyat idealı hesab edilməyə layiq dəyərlərdən ibarətdir. İkinci Qarabağ müharibəsinin hələ davam etdiyi günlərdə, 20 oktyabr 2020-ci il tarixdə yazılmış "On altı səbəb" essesində müstəqil dövlətimizin və xalqımızın bir çətin taleyüklü sınaqdan qalib çıxacağının əsas səbəbi kimi də daxili inamdan və əqidə bütövlüyündən bəhs edilmişdir: "Çünki hər gün mənim millətim daha sıx birləşərək daha da möhkəmlənir;... çünki mən düşmənimin alçaq və namərd mübarizə üsullarına əl atmayaraq, müharibəni şərəflə və ləyaqətlə aparıram;... heç bir övladı onu düşmənə qoyub getmir və ölümün üzünə dik baxır;... çünki bu müharibə bizə nə qədər acı və dözülməz gəlsə də biz bu şərəfli ağrını qürurla, alnıaçıq və odda kül olub yenidən doğularaq sona kimi yaşamağa hazırıq; çünki biz haqlıyıq".

Ümumiyyətlə, Günel Anarqızının mənsub olduğu ədəbi nəslin yaradıcılığında və o cümlədən də onun özünün əsərlərində təbii olaraq Qarabağ probleminə münasibət məsələsi müxtəlif mövqelərdən işıqlandırılmışdır. Qarabağın işğalı dövrü uzun sürdüyü üçün uzun bir müddət ədəbiyyatda bu mövzuya dair dərin kədər və ümidsizlik notları ilə baxmaq meylinin az qala önə çıxması zəminində Günel Anarqızının hekayələrində vətən torpağının düşmən tapdağında qalması ilə barışmamaq və səfərbərlik ruhunun ön mövqeyə çəkilməsi ədəbi prosesin axarını, səmtini reallığa qaytarmağa çağırış kimi səslənmişdir.

"Oğlun Qarabağ" (2004) və "Qarabağ hekayələri" (2014-2015) adları ilə nəşr edilmiş kitablarda toplanmış hekayələrində haqlı olaraq Günel Anarqızı Qarabağ məsələsinə biganəliyi tənqid etmiş, bağışlanmaz bir günah kimi dəyərləndirmişdir. Günel Anarqızı lazım gələrsə vətən və torpaq idealı uğrunda ölümü də qəbul etməyin zəruriliyini də diqqətə çatdırmışdır. Təsadüfi deyildir ki, "Ataya məktub" hekayəsində Qarabağı övlad kimi təsvir edən müəllif onun dilindən 2002-ci ildə yazdığı məktubda "Məni qaytarmaq istəmirsən" sualına əməli cavab verilməyəcəyi təqdirdə, "Ata, mən səni heç zaman bağışlamayacağam" hökmü bəyan olunmuşdur. "Ağac" hekayəsində də Günel Anarqızı ana torpağın müqəddəsliyi mövzusunu rəmzi olaraq uzunömürlü bir ağacın şahidliyinin timsalında Qarabağda XX əsrin əvvəllərində baş vermiş qırğınların, qarşıdurmaların, ağrılı talelərin, müxtəlif hadisələrin, xüsusən də azərbaycanlı oğlanla erməni qızının sevgi macərası əsasında oxuculara çatdırılmışdır. Bu, XX əsrin sonlarının yeni tipli "Bahadır və Sona"sı təsiri bağışlayan, ürək ağrıdan, çox təsirli bir hekayətdir. Yazıçının təqdimatında həmin hekayət Ağacın dilindən bütün qanlı-qadalı hadisələri ilə birlikdə təsvir edilmiş, nəticə etibarilə hər iki xalq üçün maraqlı qüvvələr tərəfindən yaradılmış düşmənçiliyin əbədi olmayacağına, aradan qaldırılacağına inam hissləri ifadə edilmişdir. Bundan başqa, "Arzu" və "Şuşam" hekayələrində isə Qarabağa qeyri-adi xəyali səfərlər, yaxud yuxuda Şuşada olmaq kimi üsullar vasitəsilə Günel Anarqızı xalqımızın gec-tez doğma torpaqlara qayıdacağına möhkəm inamını ifadə etmişdir. "Keçmişə sarı" hekayəsindəki Moskvada aspirantura təhsili alarkən erməni millətçiləri ilə əlbəyaxa olub, "ikinci dərəcəli əlil" vəsiqəsi ilə doğma torpağa qayıtmış Məsinin "Ay ata, bizim nə gözəl Vətənimiz varmış" sözləri də Qarabağa qayıdışa çağırış notlarını ifadə edir. "Qadın üzlü şəhər" hekayəsində isə ən müxtəlif təzyiqlərə, dağıntılara məruz qalsa da, qəti olaraq doğma torpağı qoyub getməyin mümkünsüzlüyü ideyası canlandırılmışdır. Bütün bunlar Günel Anarqızının işğal dövründə yazdığı hekayələrindəki Qarabağa xəyali Qayıdışın orijinal bədii ifadəsindən ibarətdir.

Günel Anarqızının yaradıcılığının ikinci mərhələsi II Qarabağ müharibəsi dövrünü və ondan sonrakı mərhələni əhatə edir. Aradan təxminən iyirmi ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu dövrdə yazıçı əvvəlki mərhələdə qələmə aldığı əsərlərində irəli sürdüyü ideyaların, arzu etdiyi idealların həyata keçməsinin daxili qürurunu, məsuliyyətini və şərəfini əks etdirir. İkinci Qarabağ müharibəsi hadisəsinin başlanmasından təxminən iki ay qabaq, 18 iyul 2020-ci ildə yazılmış "Əsgərə məktub" hekayəsi əslində Vətən torpaqlarını işğaldan azad etmək üçün savaşa başlamağa borclu olan Azərbaycan oğullarına həyəcanlı bir çağırışdır. "Ey mənim yaralı Vətənimin cəsur əsgəri!

Bu gün bu ulu torpağı qorumaq məhz sənin çiyinlərinin üzərinə düşən qürurlu və məsuliyyətli işdir.

Bilirəm, bu çox şərəfli vəzifədir. Yəqin ki, həyatının ən çətin vəzifəsi.

...Amma bil ki, ömrünün ən vacib əməlini sən məhz bu gün yerinə yetirirsən. Bu vəzifə sənə bütövlüyünün keşiyində dayandığın Vətənin tərəfindən verilib."

Günel Anarqızının yaradıcılığında hələlik yeganə dram əsəri olan 19 iyul 2020-ci il tarixdə yazılmış "Sərhədsiz Səma" radiopyesində də, müəllif qeydlərində deyildiyi kimi, "8 noyabr qələbəsindən yüz on bir gün öncə", Vətən torpaqları uğrunda gedən döyüş səhnələrini, şəhidlik məqamlarını təsvir etməklə Günel azad Qarabağ uğrunda müharibənin başlanması zərurətini diqqət mərkəzinə çəkmişdir. Vətən müharibəsinin gedişi prosesində, 20 oktyabr 2020-ci il tarixdə meydana çıxmış "On altı səbəb" essesində də torpağı yaralı olan, "xalqını, dövlətini, Vətənini var gücü ilə sevən" müəllifin inamlı və ilhamlı olmağın səbəbləri sırasında da təbii olaraq Qələbəyə qəti inamını ifadə edən konkret müddəalar dayanmışdır: "Bu müharibə bizə nə qədər acı və dözülməz gəlsə də, biz bu şərəfli ağrını  qürurla, alnıaçıq və odda kül olub yenidən doğularaq sona kimi yaşamağa hazırıq.

Çünki biz birlikdə güclüyük!

Çünki biz haqlıyıq.

Çünki biz Zəfər çalacağıq.

Çünki Qarabağ Azərbaycandır!"

Qarabağ Zəfərinə beş gün qalmış, 3 noyabr 2020-ci ildə yazılmış "Bayrağa ithaf" essesi Günel Anarqızının bu mövzuda yazılmış əsərlərinin mənalı epiqrafı və həm də sanki üvertürasıdır. "Bayrağa ithaf" essesini Azərbaycanın dövlət bayrağına həsr edilmiş mənsur şeir də adlandırmaq olar. Essedən görünür ki, Günel Anarqızı "İntizarlı baxışlarla" Qarabağın Zəfər sorağını gözləməkdə olsa da, onun daxilində bu tarixi qələbənin qazanılacağına möhkəm, dönməz bir inam hissi vardır. Sanki Vətən rüzgarı Günel Anarqızının qəlbində artıq Zəfər bayrağını dalğalandırmışdır. Ona görədir ki, essedə üçrəngli dövlət bayrağımızdan həm də Zəfər rəmzi kimi bəhs edilir: "Uca və şanlı bayrağımız!

...Birliyimizə, gücümüzə və zəfərimizə inam verən varlığımız!

...Zəfərimizi müjdələyən müqəddəs rəmzimiz!

Qoy bu haqq küləyi (Vətən Küləyi - İ.H.) daim əssin!

Əssin və çoxdan gözlədiyimiz, qanımız, canımız bahasına qazanacağımız qələbəmizin üçrəngli bayrağını əbədi dalğalandırsın."

"Şuşaya məktub" essesi Günel Anarqızının "Qarabağ hekayələri"nin mükəmməl bir finalıdır. Tarixi qələbəmizdən sonra qələmə alınmış bu esse Günel Anarqızının həyatda və ədəbiyyatdakı Qarabağ sevdasının və qələbə sevincinin təsirli bir bəyannaməsidir. Bu, artıq dərk olunmuş tarixi Zəfərin və Böyük Qayıdışın ədəbiyyat dili ilə ifadə olunmuş fəlsəfəsidir: "Bilirsən, Şuşa, illərlə, aylarla, ən keçilməz yollarla sənə doğru irəlilədik... Yolunda inanılmaz faciələr yaşayaraq, olmazın müsibətlərə dözərək, minlərlə qurban verərək... Səni qaytardıq.

Atasının vəsiyyətinə əməl edən Ali Baş Komandanımızın sarsılmaz əzmi, dəmir iradəsi ilə idarə olunan müzəffər ordumuz Səni Vətənə qovuşdurdu.

...Şuşa, övladlarının qanı torpağa qarışaraq sənin özün, gücün və qüvvən oldu.

İndi isə biz sənə sarılırıq, qəlbimiz, varlığımız, ən kövrək nəvazişimizlə.

Kim isə torpağına ayaq basar-basmaz alnını daşına söykəyərək Tanrıya şükür etdi, kim isə hönkür-hönkür ağladı, kim isə avazını dağlara yaydı, ...kim isə yallı getdi...

...İndi biz səni göz bəbəyimiz kimi qorumalıyıq. Səni yenidən tikib, qurub daha füsunkar, cazibədar və düşmən üçün cazibədar etməliyik.

...Şuşam, bu gün mən həyatımda olmadığın qədər xoşbəxtəm". 

Beləliklə, Günel Anarqızı Qarabağ məsələsinin bütün mərhələlərinin hiss və həyəcanlarını, duyğu və düşüncələrini ədəbiyyatımızda canlandırmışdır. Bu yığcam hekayələrdə və esselərdə Qarabağ mövzusunun problemləri sadə və təbii təsvirlər, yaddaqalan süjet xətti və düşündürücü  obrazlar vasitəsilə əks etdirilmişdir. "Qarabağ hekayələri"ndə Qarabağ həqiqətlərinin təqdimatında müəllifin fikirləri ilə obrazların atdıqları addımlar bir-birini tamamlayır.

"Qarabağ hekayələri" ideya-məzmun etibarilə olduğu kimi, sənətkarlıq xüsusiyyətlərinə görə də əsl orijinal bədii nəsr örnəkləridir. Əvvəla, Günel Anarqızının "Qarabağ hekayələri" janr baxımından esselərdən ibarətdir. Bu bədii nümunələrdə müəllifin fikirləri, hiss və həyəcanları ilə mövzuya dair süjetlər eyni mətndə ifadə olunmuşdur. Bu "esselərdə" süjet sanki yazıçının düşündürən, narahat edən fikirlərini aydınlaşdırmaq və ya təsdiq etmək üçün gətirilmiş misal təəssüratı yaradır. Lakin əksər hallarda hər bir essedə həmin süjetlər ümumi mülahizələrdən ayrı çap edilərsə, yenə də yığcam hekayələr alına bilər. Bu baxımdan Günel Anarqızı süjetli esselərin yaradıcısı kimi çıxış edir. Bundan başqa, Günel Anarqızının hekayələrinin əksəriyyəti məktub şəklində qələmə alınmışdır. "Ataya məktub", "Şuşaya məktub", "Əsgərə məktub" esselərində seçilmiş "məktub" forması həm müəllif "mən"inin, yaxud obrazın daxili aləminin ən dərin və incə qatlarının açılmasına, həm də yazıçının səmimiyyətinin, ürək döyüntülərinin, hətta nəbzinin təbii vasitələrlə ifadəsinə imkan yaradır. Bütün bunlara görə "Qarabağ hekayələri"ni olduğu kimi, heç bir əlavə etmədən "Qarabağa məktublar" adı ilə də təqdim etmək mümkündür. Məsələn, "Mənim əziz şəhərim" müraciəti ilə başlayan "Şəhərim" essesi də naməlum şəxsin məktubu formasında yazılmışdır. Essenin girişində müəllif özü də "bu məktubu sənə adi sakinlərindən biri yazır. Adım önəmli deyil" - sözləri ilə "Şəhərim" essesinin də məktub kimi ifadə etdiyini nəzərə çatdırmışdır. "Sonsuzluq" hekayəsinin də "epistolyar janrda", yəni məktub şəklində yazıldığını Günel Anarqızı mötərizədə qeyd etmişdir. "Sonsuzluq" hekayəsinin epiqraf kimi düşünülmüş şərh xarakterli kiçik girişdən sonra "Sevgilim" xitabı ilə başlaması, "Sən bu məktubu oxuyanda mən artıq yanında olmayacam" cümləsindəki "məktub" sözü də bu hekayənin də məktub formatında düşünüldüyünü göstərir. Lakin yazıçı oxucunu çox da intizarda saxlamayaraq "Sonsuzluq" essesinin "Ömür-gün yoldaşı"nın müxtəlif tarixi məqamlarda yazılmış bir-birini tamamlayan məktubları olduğunu açıq şəkildə qeyd edir. Hətta "Sərhədsiz səma" radiopyesi də təhkiyəsinin xarakterinə görə 8 noyabr Zəfərindən yüz on bir gün öncə gələcəkdə Qarabağ uğrunda baş verəcək müharibə səhnələri haqqında yazıçının üçüncü bir şəxsə məktub vasitəsi ilə çatdırmaq istədiyi mesaj təsiri bağışlayır. Ümumiyyətlə, "Sərhədsiz səma" radiopyesi janr baxımından dramatik hekayədir. Əsərdə hadisələrin dram əsərlərinə aid olan hərəkət, təqdimat vasitəsi ilə deyil, daha çox təsvir, təhkiyə üsulu ilə ifadə olunması da "Sərhədsiz səma"dan dramatik hekayə kimi söz açmağa əsas verir. Azərbaycan dramaturgiyası üçün dramatik hekayət forması tam yenidir.

Bütün bunlar Günel Anarqızının yaradıcılığının fərdi özünəməxsusluğunu, orijinallığını müəyyən edən əsas xüsusiyyətlərdir. Yazıçının "Altıncı" povestinin də başdan-başa gündəliklər və məktublar şəklində yazıldığını nəzərə alaraq, Günel Anarqızının Azərbaycan ədəbiyyatında məktublardan ibarət bədii nəsrin yaradıcısı olduğu qənaətinə gəlmək olar.

"Altıncı" povesti xalq yazıçısı Anarın "Ağ liman" povesti və "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanının qəhrəmanlarının iştirakı ilə yazılmış yeni tipli, tam orijinal bədii əsərdir. Günel Anarqızı Anarın ondan əvvəl yazılmış əsərlərini təkrar etməyərək, onun əsərlərindəki obrazların həyatının görünməyən tərəfləri əsasında fərqli bir bədii əsər yaratmağa müvəffəq ola bilmişdir. "Altıncı" povesti ilk baxışda sanki xalq yazıçısı Anarın oxucularda çoxlu suallar doğuran əsərlərinin ayrı-ayrı məqamları haqqında izahedici, aydınlaşdırıcı cavabların və həmin cavabları təsdiq edən hadisələrin təqdimatı görüntüsü təəssüratı yaradır. Lakin "Altıncı" povestinin daxili qatlarına endikcə Günel Anarqızının eyni mövzuda və məlum obrazların iştirakı ilə tamam yeni bir əsər yaratdığını əyani şəkildə görmək mümkündür. Oxşarlıq yalnız "Altıncı" povestindəki obrazlarla Anarın məlum əsərlərinin qəhrəmanlarının bənzər talelərə malik olması ilə bağlıdır. "Altıncı" povestində Təhminənin 1961-ci ildə dekabr ayına aid gündəliyində öz əksini tapmış aşağıdakı fikirlər xalq yazıçısı Anarla Günel Anarqızının ideya etibarilə obrazlarının taleləri haqqında çox yaxın mövqedə olduqlarını əks etdirir: "Həyatda ən dəhşətli şeylərdən biri də başa düşülməməkdir. Amma yox. Bu hələ ən dəhşətlisi deyil. Ən dəhşətli şey səni başa düşməyən, hiss etməyən, bəzən halını anlayıb sənə həyan, arxa, kömək olmayan adamla bərabər, bir evdə, bir dam altında yaşamaqdır. Bax bu, yəqin ki, ən dözülməz və qəddar işgəncələrdəndir. Nəyisə anlatmağa çalışmaq, bunun üçün dəridən-qabıqdan çıxmaq, əlləşmək, hər söhbətdən sonra boşalmaq, növbəti xəyal qırıqlığına uğramaq, amma yenə də öz-özünlə baş-başa qalmaq, yapa-yalnız qalmaq".

Müşahidələr göstərir ki, Anarın "Ağ liman" və "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərlərində, "Altıncı" povestində yazıldığı kimi, başa düşülməməyin faciəsi, anlatmaq dərdi və nəhayət, tənhalıq fəlakəti böyük istedadla rəsm edilmişdir. Günel Anarqızı isə mövzunu bir qədər də dərinləşdirərək, özünün yazdığı kimi, insanın onu başa düşməyən birisi ilə bərabər yaşamağa özünü məcbur etməsinin faciəsindən bəhs etmişdir. Anar başa düşülməməyin və tənhalığın faciəsini Təhminə və Zaurun və onları əhatə edən insanların simasında təsvir etmişdir. Sosialist realizmi ədəbiyyatının "hakimiyyətdə" olduğu bir zamanda bu ideya da, həmin talelərin daşıyıcısı olan adi insanların çətin, keşməkeşli talelərinin təqdim olunması da ədəbiyyatla inqilabi dəyişiklik idi. Anar insanı cəmiyyətin görünən həyatından qoparıb, mənəvi həyatın burulğanlarından keçirməklə yazıçı kimi özü də ictimai mühitin qasırğalarını yazmalı olmuşdu. Ona görə də XX əsrin altmış-yetmişinci illərində həyatda tənhalığın və başa düşülməməyin faciəsini açıb-göstərmək zamanına görə ədəbiyyatın və cəmiyyətin axarını dəyişdirmək demək idi. Anar "Ağ liman" və "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Molla Nəsrəddin - 66" və başqa  əsərləri ilə Azərbaycan ədəbiyyatını ideoloji buxovların məngənəsindən xilas edib, həyatın özünə, insanın mənəvi dünyasına doğru istiqamətləndirməyin, gətirməyin mümkünlüyünü isbat etmişdir. Günel Anarqızı isə müstəqillik dövründə 2005-ci ildə yazdığı "Altıncı" povestində ədəbiyyatda Anarın gəlib çatdığı nöqtədən başlayıb, mövzunu həyatın və insan talelərinin görünməyən tərəflərinə yönləndirməklə problemin mahiyyətini bir qədər fərqli və əyani surətdə açmışdır. Bu mənada Günel Anarqızının "Altıncı" povestinin Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərindən gətirilmiş parça ilə başlaması da mövzuya və problemə münasibətdə "davam" anlayışının olduğunu əyaniləşdirir. Günel Anarqızı "Altıncı" povestinin girişi kimi təqdim etdiyi müqəddiməni "epiloqlu proloq" adlandırmaqla əsərdə fərqli hadisələri və talelərin vasitəsi ilə vahid ideyanın daha da dərinləşdirilmiş şəkildə əks etdirildiyini də nəzərə çatdırmışdır.

Günel Anarqızı "Altıncı" povestini gündəliklər və məktublar əsasında yazmaqla da Anarın istinad etdiyi əsərlərindən fərqli üslubda yeni bir əsər yaratmışdır. Həm də bu gündəliklərin Anarın əsərlərindən tanıdığımız Təhminənin "Ağ liman"da və "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə təsvir olunan həyat hekayəsindən başqa, obrazın özünün yazdığı tale hekayəti kimi təqdim olunması da kompozisiya və süjet cəhətdən "Altıncı" povestinin orijinallığını  əyaniləşdirir. "Gündəliklər" də Təhminənin uşaqlıq və ilk gənclik illərinə dair hadisələrin təsvir olunması onun gələcək taleyini və dünyabaxışını formalaşdıran amillərin üstünə gur işıq salır. Bu hissələrdəki Əsəd əmi, Səməd, Rauf, Gülnaz, Şəfiqə, Gülər hekayətləri də "Altıncı"ya doğru gedən yolun dərinliklərini göz önünə gətirir. İlk gənclik illərindən etibarən "darıxması", "içində boşluq yaranması", "Niyə mən həmişə tək qalıram" sualı ətrafında düşünməli olması Təhminənin sonrakı real həyatının sentimentallığının və gələcək taleyinin başlanğıc hadisələri olaraq problemin mahiyyətinin nişanələri kimi yadda qalır. Sonra həyatın anlaşılmaz labirintləri, Manafla qurulan ailənin geniş təfərrüatları, Mədinə xəttinin fərqli təqdimatı, Spartakla olan ziddiyyətli münasibətlər, Muxtar əhvalatı, Dadaş-Nemət mühitinin reallıqları Təhminənin diktorluğu və sair kimi hadisələr "Altıncı"nın hərəkətverici qüvvəsini təşkil edir. Təhminə - Zaur münasibətlərində, xüsusən, Təhminənin Zaurdan da "nə qədər uzaq olduğunu" dərindən hiss etməsi "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndəkindən fərqlidir. Təhminənin gündəliklərindəki "ritorik cavabı olmayan suallar" təkcə onun yox, mənəvi mühitin cavabsız qalan mətləbləri kimi  darıxan adamı çarəsiz insana çevirir: "Nə üçün bizdə ərini sevməyib onunla yaşamaq təbii, ondan boşanmaq isə biabırçılıq sayılır?"  Yaxud əri Manafın ikili həyatından doğan "bəlalı evliliyin" təzadları və ya Zaurun "sevdiyi qadına qarşı gizlədə bilmədiyi qısqanclığı", yersiz şübhələri, "bir masa arxasında oturmağa məcbur olduğu insanlar arasında çılpaqlaşan komplimentləri" də Təhminə ilə mənəvi mühit arasında gərginlik yaradır. Digər tərəfdən isə Təhminənin öz xarakterindən gələn "heç kəs insanı daxilindəki tənhalıqdan qurtara bilməz" qənaəti də ətrafındakılarla ünsiyyətini məhdudlaşdırır, onu "sonsuz tənhalığa" doğru aparır: "Heç kim, heç kim insanı özündən, daxilindəki təkliyindən ayıra bilməz. İnsan bu dünyaya tək gəlib tək getdiyi kimi, həyatı boyu da təkdir. Sadəcə qiymətdənmi, ya təsadüfdənmi ömrü boyu cürbəcür insanlarla rastlaşır, ünsiyyət qurur və bəzən, hətta zənn edir ki, bu münasibətlər onu təkliyindən ayırır. Əsla! ...Onsuz da bu adamlar ömrün hansısa kəsiyində həyat konsertinin hansısa hissəsini ifa etmək üçün lazımdır, partiyalarını çalıb, tədricən yox olacaqlar. Sonra isə konsert qurtaracaq. Çünki bu dünyada əbədi heç nə yoxdur. Əbədi olan yalnız insan içindəki sonsuz tənhalıqdır".

Günel Anarqızı Təhminənin timsalında mənəvi azadlığın nədən ibarət olduğuna dair qənaətlərini də meydana qoymuşdur. "Yəqin ki, azad olmaq elə budur: maraq dolu nəzərlərdən gizlənmək, dedi-qodulardan, ara söhbətlərindən və qeybətlərdən üstün durmaq". Beləliklə, Günel Anarqızının Təhminəsi tənhalıq kompleksi ilə həyatını istədiyi kimi azad, sərbəst yaşamaq arzusu arasındakı daxili çarpışmaların labirintində yaşayıb, özünü axtaran qadın obrazıdır. Onun üçün mühitin süni tələbləri yox, həm tənhalıqda və həm də insanlar arasında "qəlbin həqiqəti" ideal həyat deməkdir. "Altıncı" povestinin qəhrəmanı özünün keşməkeşli həyatında "qəlbin həqiqətinə" tam nail ola bilməsə də, bu idealı oxucuya təqdim etməyə nail olmuşdur. Azərbaycan və dünya ədəbiyyatında həqiqət axtarıcılığının əsasən cəmiyyət həyatına, ictimai mühitə dair təzahürlərinin ön mövqedə dayandığını nəzərə alsaq, Günel Anarqızının "Altıncı" povestində mənəvi azadlığın hər şeydən üstün olduğunu diqqət mərkəzinə çəkməsi ədəbiyyatımızda insana qayıdışın əhəmiyyətli təzahürlərindən biri sayılmağa layiqdir. Günel Anarqızı Xalq yazıçısı Anarın və onun mənsub olduğu "altmışıncılar" ədəbi nəslinin ədəbiyyata gətirdikləri mənəvi azadlıq ideyasını davam etdirərək, "qəlbin həqiqəti" kimi təqdim etməsi əsərin orijinallığını daha da artırır.

Xalq yazıçısı Anarın "Ağ liman" və "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərlərinin bu gün də populyar olmasını nəzərə almaqla,  Günel Anarqızının "Altıncı" povesti Azərbaycan ədəbiyyatında eyni mövzuda və eyni obrazların iştirakı ilə yazılan ilk fərqli və orijinal əsər kimi mühüm əhəmiyyətə malikdir.

Qeyd edildiyi kimi, "Altıncı" povestinin Günel Anarqızına doğma olan epistolyar bədii formada - gündəliklər şəklində qələmə alınması da onu Anarın əsərlərindən fərqləndirir. Günel Anarqızı Azərbaycan ədəbiyyatında bütövlükdə gündəliklərdən ibarət olan ilk povestin yaradıcısıdır. Onu da qeyd etmək lazımdır ki, "Altıncı" povestindəki gündəliklərin bir neçəsi məktub şəklində yazılmışdır. Bu da Günel Anarqızının hekayətlərində aparıcılıq təşkil edən məktub janrına "Altıncı" povestində də sadiq qaldığını göstərir. Gündəliklər əsasında yazılmış "Altıncı" povestindəki məktublar obrazların mənəvi dünyasının bütün incəlikləri ilə açılıb oxucuya çatdırılmasına şərait yaradır. Zaurun qısqanclıqları və şübhələrindən mənasız yerə əziyyət çəkən Təhminə sevgilisinə dil ilə deyə bilmədiklərini məktubla açıb-ağardır: "Mənim əzizim, gözümün işığı! Dünənki söhbətimizin davamı olaraq, sənə demədiyim sözlərimi və sona çatdırmadığım fikirlərimi burada yazmaq istəyirəm.

Əvvəla, demək istəyirəm ki, səni başa düşürəm və məni ətrafdakı kişilərə qısqanmağının səbəblərini də lap əla anlayıram. ...Çoxlarının diqqət mərkəzindəyəm... Düzdür, deyə bilmərəm ki, əhatəmdəki insanların diqqəti mənim xoşuma gəlmir. ...Mənə elə gəlir ki, özünə lazımi qiymət verən hər bir qadın ona göstərilən diqqətə etinasız qala bilməz. ...Bağışla, Zaur, ...bilirsən, özünə güvənən kişi birinci növbədə sevdiyi qadına hörmətlə yanaşmalı və ona etibar etməlidir. Bəlkə də qısqanclıq məhəbbəti müşayiət edən vacib atributlardandır. Amma, zənnimcə, bu atribut tez bir zamanda əsl sevgiyə daha uyğun olan, onu möhkəmləndirən inama və həqiqi hörmətə çevrilməli, ya da gücdən düşüb yox olmalıdır. Əks təqdirdə, sevgi münasibətləri işgəncəyə dönəcək.

Ona görə də əzizim, canım gözüm!... Gəl bir-birimizi qısqanmayaq, boş və lazımsız şeylərlə qanımızı qaraltmayaq. Gəl bir-birimizə inanaq, görüşəndə sevinək, ayrılanda kədərlənək və ...rahat yaşayaq.

Axı mən sənsiz yaşaya bilmirəm. Zaurum, sadəcə, bacarmıram".

Bu, Azərbaycan ədəbiyyatında yazılmış ən səmimi məktublardan biridir. Bu, həqiqi sevginin qəlbin bütün hissiyyatı ilə təbii etirazının məktubudur. Təhminənin öz keçmişi haqqında Zaura yazdığı son məktub da onun "anadan-bacıdan" gizlətdiklərini açıb bəyan edən, təsirli edən həyat hekayətidir.

Bütövlükdə, "Altıncı" povesti forma cəhətdən də, ideya-məzmun etibarilə də fərqli və maraqlı bədii əsərdir.

Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı Təhminənin və Zaurun romanıdırsa, Günel Anarqızının "Altıncı" povestində dramaturji elementlər çox deyildir. O, mənəvi aləmin daxili gərginliklərini hekayələrindəki yığcam dialoqlar və məktublar vasitəsi ilə ifadə etməyə daha çox üstünlük verir.

Xalq yazıçısı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanında meydana qoyduğu Anlatmaq dərdi ideyasını Günel Anarqızı "Altıncı" povestində yaşatmaq fəlsəfəsi mövzusu ilə yeni məcraya gətirmişdir.

Bütövlükdə yaşamaq eşqi və yaşatmaq fəlsəfəsi Günel Anarqızının fərqli bir yazıçı kimi fərdi simasını, özünəməxsusluğunu müəyyən edir.

 

"Beşmərtəbəli evin altıncı mərtəbəsi",

Real həyatın ideal mərhələsi.

Anarın gerçək Zauru,

Və real Təhminəsi.

Günel Anarqızının məktubnaməsi.

"Altıncı"nın fərqli əksi.

Hər kəsin öz arzu-həvəsi,

Təhminənin nəvəsi,

Məmməd Nəsirin səsi,

Beşmərtəbəlinin gündəliklər bölgəsi,

Ədəbiyyatda eyni mövzuda

Fərqli düşünmək bəhsi.

"Altıncı" - fərqli nəticəsi!

Bir sözlə,

Həyatın davam etməsi...

Anarın gerçəkliyi anlatmaq dərsi,

Günelin yaşatmaq fəlsəfəsi.

 

Yaşatmaq fəlsəfəsi - yaşamaqdır!

Günel Anarqızının yaşatmaq fəlsəfəsi yaşatmaq eşqinin bədii ifadəsidir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!