Sevincdən quş olub uçurmuş kimi... - Sərvaz HÜSEYNOĞLU

Kamil Əfsəroğlunun "Çadır" romanı üzərinə

 

Xalqımız, böyük Türk dünyası şanlı Zəfər günümüzün sevincini yenidən yaşadı. Bir daha qutladıq o böyük günü.

Bu mübarək gündə tanınmış yazıçı Kamil Əfsəroğlunun "Çadır" romanından oxuduqlarımı yenidən xatırladım... Romanda Qarabağın köçkünlük həyatının gerçəkliyi yazıçının şahidi olduğu hadisələrin fonunda, tanıdığı insanların simasında dolğun şəkildə öz əksini tapıb. Əsas fikir odur ki, həyat insanları sınağa çəkir və gün gəlir, onlar bu sınaqdan üzüağ çıxırlar. Eynilə 30 illik Qarabağ olayları sınağından məcburi köçkün və qaçqın soydaşlarımız alnıaçıq, üzüağ çıxdılar - bax elə, o cür.

 

Romanın lap ilk səhifəsindəcə çadır komaya sığınmış qaçqın balası çat vermiş torpağı palçıqla, zığ-zımırıqla suvayır. Uzaqdan-uzağa ona göz qoyan Xalıq kişiyə səslənir ki: "Əmi, bax! Yer yarılıb e!.."

Xalıq kişi eymənir, qorxur ki, doğrudan da, "sanki torpağın sinəsindəki çatlar qeybdən dartılıb genələcək, uzanacaq, yer bir andaca dağılıb paramparça olacaq və dünya batacaqdı". O, istəyir işini-gücünü atıb balaca uşağa qoşulsun, nə qədər gec deyil, qoşalaşıb torpağın sinəsindəki çatları, cadarları palçıqlayıb, suvayıb yeri dağılmağa, dünyanı dağılmağa, xaraba qalmağa qoymasın...

Düz 30 il çadır şəhərciyinə sığınmış soydaşlarımızın halı-əhvalı beləydi. Qarabağ itkisi onların gözündə çat vermiş torpaq kimiydi. Dünyanın dağılması, paramparça olması anlamındaydı. Gün o gün idi ki, xalqımız "çadırda Üzeyir Hacıbəyov doğulmaz" təəssüfü, ağrısı yaşayırdı.

Əvəzində o çadır evlərdə Qarabağı azad edəcək oğullar doğuldu, boy atdı. Zəfərə yürüdü, Zəfərə qoşdu...

Və gün o gün oldu ki, elə bəhs etdiyimiz "Çadır" romanının unudulmaz obrazlarından biri olan, qaçqınlıq həyatının ağrısını yaşayan Xalıq kişi bir səhər gözünü açıb dünyanı başqa bir rəngdə gördü.

Yanılmamışdı. Gözünün önündəki Ziyarət, Haraylan, Gordu baba, Ağoğlan dağlarıydı: "Dimdik dayanmışdılar. Bu dağlardan əsən mehin sərini vururdu onu, yamacın ayağında qayalardan qaynayan Daşbulağın həzin pıçıltısı dəydi qulağına. Ağzını bulağın gözünə tutub buz kimi soyuq sudan doyunca içdi, yüngüllük hiss etdi. Elə yüngülləşmişdi ki, sanki quş olub havalanacaqdı, qalxacaqdı göyün yeddi qatına..."

Bu halı təkcə Xalıq kişi yaşamadı ki... Bu yüngüllüyü təkcə Xalıq kişi hiss etmədi ki! Bütün Azərbaycan xalqı, bütün Türk dünyası həmin sevinci yaşadı. Sevincdən quş kimi uçurdu hər kəs.

Qarabağ mövzusu düz 30 il boyunca eynilə "Çadır"da yazılan kimi keçdi ədəbiyyatımızdan; nisgillə başladı, Zəfərlə, qələbə müjdəsilə bitdi.

P.S. Mən qələm dostum Kamil Əfsəroğlunun "Çadır" romanı haqqında təəssüratlarımı 10 il əvvəl yazmaq istəyirdim. Amma dərin təəssüf, kədər hissi və boğazıma dirənən qəhər hər dəfə əlimi saxlayırdı.

Düz 10 il əvvəl başladığım yazını indi, böyük Zəfərimizin 6-cı ildönümündə tamamlayıram - hədsis qürurla, eynilə Xalıq kişi kimi, sevincdən quş olub uçurmuş kimi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!