Ruhun metafizik üsyanı və ilahi ədalət axtarışı - Lütviyyə ƏSGƏRZADƏ

Xalidə Nuray poeziyasında dünya və insan tragediyası

 

Xalidə Nuray yaradıcılığında subyekt (insan) dünyadakı haqsızlıqlar və "şər oğlu şərin" qurduğu maneələr qarşısında əzilən, məhv olan passiv bir qurban deyil, əksinə, şairənin lirik qəhrəmanı sosiomədəni aşınmalara və mühitin nankorluğuna qarşı öz mənəvi bütövlüyünü, daxili vüqarını qorumağı bacaran, təslimiyyəti rədd edən güclü fərddir. Bu fəlsəfi müqavimət xətti "Mərdin əyilməz başı!" şeirində özünün ən kamil lirik təcəssümünə çatır:

 

Bir ömür hüzur üçün

İllərlə can çəkişdim.

Kimsədən ərk ummadım,

Sirr dağın tənha aşdım.

 

Şeirin ilk bəndində zaman və insan taleyinin dialektikası "can çəkişmək" və "sirr dağını tənha aşmaq" metaforaları ilə vizuallaşır. Müəllif insanın bu dünyadakı mənəvi təkamülünü tam bir tənhalıq aktı kimi dərk edir. Burada, "Kimsədən ərk ummamaq" - sosioloji mənada kütləvi asılılıqları, kiməsə baş əyməyi və maddiyyatın girovuna çevrilməyi rədd etməkdir ki, romantizm paradiqmasında yer alan "kamil fərdin azad iqrarı" fəlsəfəsi ilə eyni tezlikdə səsləşir.

 

Şairə yaradıcılığında klassik Şərq ədəbiyyatının mifik-fəlsəfi simvollarını modern ekzistensializm prizmasından yenidən naxışlayır. Şeirdə "Leyli" adının və "bəxtəvər köynəyində qəm geyinmək" təsvirinin yer alması, sənətkarın xalqın mənəvi yaddaşına etdiyi dərin sətiraltı göndərmədir:

 

Leylitək dağ seyrinə

Mənlə gedən olmadı.

Bəxtəvər köynəyində

Qəm geyinən olmadı.

 

Klassik dastanlarda Leyli eşq və dərd fədaisidir. Xalidənin lirik qəhrəmanı da bu "dağ seyrinə" (mənəvi ucalığa, həqiqət axtarışına) tənha çıxdığını, zahirən bəxtəvər görünən insanların onun ruhundakı o fəlsəfi kədəri  - "qəm köynəyini" duya bilmədiyini vurğulayır. Bu, sözün kvant energetikası ilə yazılan elə bir lövhədir ki, burada kədər zəiflik deyil, insanı saflaşdıran, onu İblisə tay olmaqdan qoruyan müqəddəs bir titrəyişdir: "Nankorlar əlindən doldu səbir piyaləm, / İblisə tay olmadım, şahidim bütün aləm."

Şeirin fəlsəfi kulminasiyası bioloji qocalma, zamanın insan cismini zəiflətməsi reallığı ilə ruhun əbədi qürurunun toqquşmasıdır. Ömrün sonunu, qocalığı "yoxuşa" bənzədən şairə yazır:

 

Tükənib diz taqətim,

Ömür çəkir yoxuşa.

Olsa da son nəfəsim,

Yem olmaram Bayquşa.

Mənimlə qürurluyam,

Çatlasın, ölsün naşı.

Bükülsə bel kamantək,

Mərdin əyilməz başı.

 

"Bayquşa yem olmamaq" - fiziki cəhətdən dizin taqəti tükənsə də, mənəvi cəhətdən Şərin, naşılığın və rəzalətin önündə diz çökməmək iradəsi, belin "kamantək bükülməsi" bioloji zamanın, təbiətin qaçılmaz fizikasıdırsa, "mərdin başının əyilməməsi" zamandan fövqə ucalan mütləq ruhun qələbəsidir. Şairə bu misralarla oxucusuna bəşəri bir ləyaqət dərsi keçir. O, sübut edir ki, insan bədəni fani dünyanın keçid qanunlarına tabe olsa da, onun qəlbində daşıdığı ilahi mərdlik və qürur kultu əbədidir, sarsılmazdır.

Şairənin poeziya silsiləsinə daxil etdiyimiz "Talan oldu yaz ömrüm" şeiri, yaradıcılıq profilindəki ekzistensial böhranın, təbiət fəsilləri ilə insan taleyinin növbələşməsi dialektikasının ən dramatik lövhəsidir. Bu şeir, fərdin öz ömrünü bir kəşfiyyat obyekti kimi analiz süzgəcindən keçirdiyi, zamanın amansız termodinamikası qarşısında ruhun daxili laboratoriyasını açdığı bədii bir traktatdır.

Xalidə Nurayın poetik sintaksisində zaman, sadəcə saatların və günlərin mexaniki ardıcıllığı deyil; o, insan ruhunu bükən, onu vaxtından əvvəl yaşlandıran və ya saflaşdıran ekzistensial bir qüvvədir. Müəllif ömrü maddi bir əşya kimi deyil, kainatın təmizliyindən qopub gələn ülvi bir maddə - "gövhər" kimi xarakterizə edir:

 

Bir gövhərdin, öz qədrini bilmədin,

Əzab yüklü taleyini gəz, ömrüm.

Kədər sıxdı, heç doyunca gülmədi,

Bələyində tez qarıdı qız ömrüm.

 

"Bələyində tez qarımaq" metaforası, Şərq dünyagörüşündəki fani dünya təzadlarının ən kəskin bədii lövhəsidir. İnsanın doğulduğu an ilə (bələklə) yaşlandığı an (qarılıq) arasındakı məsafə o qədər qısalır ki, zaman bioloji xassəsini itirərək bir növ fəlsəfi sıçrayışa çevrilir. Kədərin insanı sıxması və doyunca güldürməməsi, fərdin cəmiyyətdəki yalançı sevinclərə və saxta təbəssümlərə ("çatlasın, ölsün naşı") baş əyməməsinin, öz daxili ləyaqət kədərini mütləq bir sığınacaq kimi qorumasının nəticəsidir.

Xalidənin poeziyasında təbiət fenomenləri nizamlı deyil, insanın içindəki fırtınalara uyğun olaraq xaotik hərəkət edir. Şairənin yaradıcılığında bahar öz əzəli xassəsini itirərək qışa tuş gəlir, yəni təbiətin riyazi fizikası alt-üst olur:

 

Baharı da soyuq qışa tuş oldu,

Sevgi adlı nağılı da boş oldu.

Həsrət adlı bir köçəri quş oldu.

Lələyindən düşən nurdu söz ömrüm.

 

"Sevgi adlı nağılın boş çıxması", Qərb rasionalizminin iddia etdiyi mexaniki cəmiyyət nizamında saf duyğuların necə sındırıldığını bədii şəkildə ifşa edir. Lakin bu ümidsizlik daxilində şairə ən böyük fəlsəfi tapıntısını ortaya qoyur: "Lələyindən düşən nurdu söz ömrüm". İnsan cismi köçəri bir quş kimi bu dünyadan həsrətlə uçub getsə də, onun bu zaman daxilində buraxdığı əbədi söz - məkandakı donuqluğu pozan, səs və məna dalğaları ilə gələcəyə ötürülən kvant energetikasıdır. Şairə inanır ki, onun bu gün vərəqə köçürdüyü söz, zamandan uca bir nur spektridir.

Sonrakı bəndlərdə xəzan dövrünün ("qəm libaslı xəzan") başlaması və insanın öz dərdini öz daxilində yaşaması Şərq arifliyinin ən təməl qaydasıdır. Müəllif ömrün sonuna doğru olan hərəkəti tekstil (toxuculuq) terminologiyası ilə vizuallaşdırır:

 

İlmə-ilmə qopmağa meh tək əsdi,

Son ünvanlı limanına tələsdi,

Bu oyunda taleyiylə güləşdi,

Yana-yana külə döndü köz ömrüm.

 

"İlmə-ilmə qopmaq" təsviri, insanın bioloji varlığının, planetar hüceyrələrinin zamana qarşı müqavimətini itirərək, yavaş-yavaş kainatın mütləq maddəsinə qarışması prosesidir. Şairə taleyi ilə kor-koranə barışmır, onunla "güləşir", fəlsəfi müstəvidə fərdin azad iradəsini fatalizmin donuq qəliblərinə qarşı qoyur. Ömrün "yana-yana külə dönməsi" isə daxili laboratoriyada yanan o mənəvi odun sönməsi deyil, əksinə, ağrıların saflaşaraq mütləq bir təmizlənməyə (katarsisə) çatmasıdır. "Qara saça qara gündən dən düşməsi" və "yaz ömrünün qiyamətdən betər olması" təsvirləri, sənətkarın söz energetikası ilə insan ruhunun sarsıdıcı manifestini tam mənada bütövləşdirir.

Xalidə Nurayın təhlilə cəlb etdiyimiz ən fundamental mətn - "İblis ələyində ələnir Dünya..." fəlsəfi şeiridir. "İblis ələyində ələnir Dünya..." şairənin yaradıcılığında subyektiv kədərdən qlobal, planetar və kosmik fəlakətlərin ifşasına keçidi təmin edən, sosioloji dərinliyi ilə Hüseyn Cavidin "İblis" fəlsəfəsi ilə eyni intellektual orbitdə fırlanan bir şeirdir.

Onun poetik sistemində dünya artıq təkcə insanın içində dayandığı fani bir keçid məkanı deyil. O, daxili nizamı tamamilə pozulmuş, Şərin və tamahın əsirinə çevrilmiş qlobal bir orqanizmdir. Şairə dünyadakı mənəvi deqradasiyanın və ictimai anarxiyanın səbəblərini konkret, sarsıdıcı sosioloji metaforalarla rəsm edir:

 

Zülmü ərşə qalxıb, açılmır sabah,

Özünə sığışmır, yırğanır Dünya.

Hamilə tamahdan doğulur günah,

Şeytanın əliylə çalxanır Dünya.

 

"Tamahdan günahın hamilə qalaraq doğulması" təsviri, cəmiyyətdəki maddi çıxarların, haramlığın və mənəvi aşınmaların bioloji-fəlsəfi köklərini ifşa edən unikal bir tapıntıdır. Şairə göstərir ki, Şeytanın əliylə çalxanan bu dünyada instrumental ağlın və kütləvi tamahın gətirdiyi qaranlıq, sabahın açılmasına, yəni mütərəqqi işığın, həqiqətin gəlişinə əngəl törədir.

Müəllif cəmiyyətdəki təbəqələşməni və cəhaləti tənqid edərkən, "dan yerinin sökülməsini" toxuculuq arxetipinin davamı kimi ("dan ilmə sökür") bədii vizuallığa gətirir. Ardınca gələn misra isə şairənin fəlsəfi fəhminin ən ali dialektik zirvəsidir:

 

Cahil qara günün qəhrini çəkir,

Gecənin gözündən dan ilmə sökür,

Özgəni çökdürən özündən çökür,

Nənnitək ölümə yellənir Dünya.

 

"Özgəni çökdürən özündən çökür" müddəası, Şərq dünyagörüşündəki dəyişməz karmik ədalət və ilahi mizan qanunudur. Başqasına zülm edən hər bir zalım, əslində öz daxili insanlığını və mənəviyyatını məhv edərək özünü çökdürür. Burdakı dünyanın "nənnitək ölümə yellənməsi" isə bəşəriyyətin kor-koranə öz sonuna doğru, heç bir qorxu duymadan və dərk etmədən (sanki bir körpə kimi) beşikdə yellənərək fəlakətə getməsini göstərən sarsıdıcı bir ekzistensial lövhədir. Şeirin fəlsəfi dramı, maddi dəyərlərin ön plana çıxdığı cəmiyyətdə mənəviyyat daşıyıcılarının, "imanlı" fərdlərin çəkdiyi sosioloji sıxıntılarda və "haqqın susaraq heybəsini sürüb getməsində" pik nöqtəyə çatır:

 

Azıbdı lövbəri, inam qalır ac,

İmanlı bir qarın çörəyə möhtac,

Gümana sarılıb dərd qulac-qulac,

İblis ələyində ələnir Dünya.

 

Burada, "Dünyanın İblis ələyində ələnməsi", bəşəriyyətin çox böyük bir sınaqdan, mənəvi imtahandan keçdiyini xəbərdar edir. Bu ələkdə saf olanlar, ləyaqətini qoruyanlar (mərdlər) ələyin üstündə qaldığı halda, saxta, maskalı arzular və naşılar ələnib İblisin rəzil dünyasına qarışırlar. Məhşər qismətini "kədərdən kəfənə bələnmək" kimi vəsf edən şairə, sonda mütləq Haqqın mizanına üz tutur və zalımın tora salınmasını, arxasızların güvənəcəyi o ali ilahi ədalətin bərqərar olmasını tələb edir: "Tanrı, dünyamızı İblisdən qoru, / Parçala zalımın hördüyü toru... Haqqın mizanında fırlanır Dünya."

Xalidə Nurayın yaradıcılıq laboratoriyasında dünya artıq sosioloji aşınmaları keçərək, fiziki və mənəvi ismətini, yəni əzəli nizamını və saflığını itirmiş "örpəyi yırtılmış" bir varlıq kimi təcəssüm olunur. Kainatın daxili termodinamikasını və cəmiyyətin əxlaqi paradoksunu heyrətamiz bir kinayə ilə süzgəcdən keçirən şairə yazır:

 

Örpəyi yırtılmış dünya,

ismətini qorumağa

görən hansı əxlaqsızdan

ümid umur?!

Yaxası qalıb günahla

doğulanların əlində.

 

"İsməti qorumaq üçün əxlaqsızdan ümid ummaq" metaforası, modern sivilizasiyanın, rəsmi idarəetmə konyunkturasının və beynəlxalq qurumların dünyadakı böhranları həll etmək adı altında apardıqları saxta siyasətin ən kəskin fəlsəfi diaqnozudur. Dünyanın yaxasının "günahla doğulanların əlində qalması", haqqın və insanlığın mum kimi əridiyi bu düzəndə idarəetmə alətlərinin tamamilə "soysuzların", mənəvi kökü, ilahi mənşəyi olmayanların əlinə keçməsinin bəyanıdır.

Şairə vizioner baxış bucağını planetar miqyasa qaldıraraq, dünyadakı geosiyasi, ekoloji və mənəvi xaosu fiziki koordinatlarla (Şimal və Cənub fəlsəfəsi ilə) formalaşdırır:

 

Şimalı yerlə güləşir,

Cənubu göylə əlləşir.

Tanrının nəzmi-nizamı,

yerin cismi, göyün ruhu,

soysuzların imzasıyla,

hey haqsızlıqla üzləşir...

 

Tanrının nəzmi-nizamının, yerin cisminin və göyün ruhunun soysuzların imzasıyla haqsızlığa uğraması, elmi müstəvidə insanın təbiətə, kosmosa və ilahi nizamın riyazi bütövlüyünə qarşı etdiyi zorakılığın ifşasıdır. Modern dövrün müharibələri, nüvə sınaqları və ekoloji qətl sənədləri, əslində göyün ruhunu zədələyən, insanlığı öz əzəli təmizliyindən qoparan qlobal İblisizmin hüquqi bədii rəsmidir. Şeirin ən sarsıdıcı, "səssiz tezlikləri tənzimləyən" qatı isə təbiət ünsürlərinin (suyun, meşələrin, dağların) antropomorfik (insanlaşdırılmış) fəryadıdır. Maddənin daxili təmizliyini itirməsini möhtəşəm bir dillə ifadə edən şairə yazır: "Çirkabları saflığıyla / təmizləyən suyun canı / qalıbdı paklığa möhtac..." Dünyanı təmizləməli olan suyun özünün paklığa möhtac qalması, mənəvi bəşəriyyətin gəlib çatdığı intellektual və ekoloji intihar nöqtəsidir. Od ağzında can verən meşələr (ormanlar) bircə qurtum suya həsrət qalarkən, kainatın estetik nizamı tamamilə alt-üst olur:

 

Kainatın gül gəlini,

yamacların bel bağı,

yanağı xallı laləsi,

çəmənliklər şahzadəsi,

nərgizi, bənövşəsi...

şəhid qanına yerikləyir.

Ucalığı ilə öyünən dağların bağrı

Sinəsinə dağ çəkən

zalımların tapdağında inləyir.

 

"Yanağı xallı lalənin, nərgizin şəhid qanına yerikləməsi" metaforası, Şərq bədii təfəkküründə misli görünməmiş dərəcədə dərin, qanlı və fəlsəfi bir tapıntıdır. Təbiət öz bətnində gözəllik yox, vətən və torpaq uğrunda canını fəda edən fədailərin müqəddəs qanını bəsləmək istəyir.

Xalidə Nuray dünyadakı sosio-mədəni aşınmaları, "kürsübazların xalqa qənim kəsilməsini" passiv bir kədər və ya fatalist (talepərəst) bir itaətlə qəbul etmir, əksinə, o, fərdin daxili azad iradəsini və vicdan səsini ön plana çəkərək, mövcud pozulmuş qlobal nizamın, bu "mürəkkəb məhşər qismətinin" və "Alın yazısının" Yaradanın ali mizanı ilə köklü surətdə yenidən yazılmasını və bəşəriyyəti boğan bu "apokaliptik kabusun" parçalanmasını tələb edən metafizik bir üsyan formalaşdırır.

Şairənin kütləvi riyakarlığa, "qeybət süfrələrinə" və doğmaların yaddaşının yadlaşdığı mühitə qarşı qoyduğu lirik qəhrəman mənəvi ucalığı (Leyli arxetipini və qəm köynəyini) daxilində sığınacaq kimi saxlayan, bioloji zamanın bədəni kamantək bükməsinə rəğmən ləyaqətindən əsla pay verməyən, "bayquşlara yem olmaqdan" imtina edən mərd bir fərddir. Onun poeziyasında kədər insanı yıxan zəiflik deyil, daxili laboratoriyada ruhu saflaşdıran spektral bir nur energetikasıdır.

Təhlil etdiyimiz "Dünyanın İblis ələyində ələnməsi", "nənnitək ölümə yellənməsi", "örpəyi yırtılmış dünyanın əxlaqsızlardan ismət umması" və "insanın quduzlaşıb keflə baş kəsməsi" paradiqması, onun həm də qlobal sosioloji və ekoloji təfəkkürə malik olduğunu sübut edir. Təbiətin "şəhid qanına yerikləməsi" və torpağın "nahaqq qandan doyub qan qusması" isə sənətdə maddənin və vətənpərvərlik ruhunun ən ali universal vəhdətidir. Xalidə Nurayın poeziyası, çağdaş ədəbi-ictimai fikrimizdə sözün energetikası ilə insan ruhunun saflaşma platformasıdır. Şair öz əsərində insanlığın ekzistensial ağrılarını və sosioloji təzadlarını passiv bir kədərlə təsvir etmir, əksinə, o, kainatın səssiz tezliklərini eşidən dahi bir vizioner kimi dünyadakı ədalətsiz nizamın "Alın yazısını" ilahi sevgi və irfan işığı ilə yenidən inşa etməyə çağırır.

Yazımızı çağdaş poeziyamızın fərqli və fəlsəfi səsinə - Xalidə xanıma sonsuz yaradıcılıq uğurları arzularımızla yekunlaşdırırıq. İlhamınız və təbiniz tükənməsin, sözünüz həmişə işıqlı və uca olsun, əziz Xalidə xanım Nuray!"

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!