"Azərbaycan bayrağı" şeirləri: tarixi yaddaş və poetik ənənə - Mətanət VAHİD

Mətanət VAHİD

 

Tarixən dövlətin ərazisi, suverenliyi və siyasi iradəsinin rəmzi kimi çıxış edən bayraq poeziyada daha geniş funksional məna kəsb edərək kollektiv yaddaş, milli özünüdərk, keçmişin yaşantıları, bəzən isə hələ gerçəkləşməmiş arzuların poetik ifadəsinə çevrilir. Bayraq obrazının Azərbaycan poeziyasında müxtəlif dövrlərdəki bədii təcəssümü xalqın milli özünüdərkini, siyasi düşüncə və mənəvi axtarışlarını izləməyə imkan verir. Müxtəlif dövrlərdə qələmə alınmış "Azərbaycan bayrağı" şeirlərinin müqayisəli təhlili bu obrazın poetik ənənədə keçdiyi yolu, məna dəyişmələrini və ayrı-ayrı müəlliflərin estetik yanaşmalarını izləməyə imkan verir.    

XIX əsrin sonu - XX əsrin əvvəllərində milli oyanış ideyaları ilə aktuallaşan bu mövzu Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətçilik düşüncəsinin poetik təcəssümünü tapıb, sonrakı tarixi mərhələlərdə isə müstəqillik, suverenlik və milli yaddaşla bağlı yeni məna çalarları qazanıb. Cümhuriyyət dövrü Azərbaycan poeziyasında bayraq obrazının xüsusi poetik aktuallıq qazanması təsadüfi deyildi. Milli dövlətçiliyin gerçəkləşdiyi, üçrəngli bayrağın siyasi varlıq və istiqlal rəmzi kimi tarix səhnəsinə çıxdığı həmin illərdə bu mövzuya müraciət edən şairlər üçün bayraq həm yeni reallığın, həm də uzun müddət milli düşüncədə yaşadılmış azadlıq arzusunun ifadəsi idi. Əhməd Cavad və Cəfər Cabbarlının "Azərbaycan bayrağına" adlı şeirləri bu poetik düşüncənin formalaşmasında mühüm yer tutur.

Əbdülxaliq Cənnətinin "Bayrağımız" şeiri Cümhuriyyət dövründə bayraq obrazına göstərilən poetik marağın diqqətəlayiq nümunələrindəndir. Klassik qəzəl formasının seçilməsi və ənənəvi Şərq poetik obrazlarından istifadə əsərin üslubi xüsusiyyətlərini müəyyənləşdirir. "Bayrağımız" rədifli yeddi beytlik qəzəldə bayraq milli qüdrət və qələbə rəmzi kimi təqdim edilir:

 

Olsa meydanda əgər şəqqəgüşa bayrağımız,

Düşmənin qəddini etməzmi düta bayrağımız?

 

Əhməd Cavadın bayraq şeirlərində isə istiqlal düşüncəsi şəxsi duyğu və milli həsrətlə daha sıx bağlıdır. "Elin bayrağı" şeirində bayrağın taleyi xalqın taleyi ilə eyniləşir. "Qalxıb bir də enməz elin bayrağı, / O sənin, o mənim əlimdədir, bil!" misralarında şair istiqlalın qorunması məsuliyyətini hər bir vətəndaşın üzərinə qoyur. Bayrağın ucalığı siyasi iradənin xalqın əzmi ilə qorunmasında ifadəsini tapır. Bu fikir Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" kəlamı ilə eyni istiqlal düşüncəsini ifadə edir. Hər iki mətn bayrağı milli azadlıq və dövlətçilik iradəsinin rəmzi kimi mənalandırır, onun ucalığını xalqın müstəqillik əzmi ilə bağlayır. Bu baxımdan Ə.Cavadın misrası ilə M.Ə.Rəsulzadənin kəlamı arasında Cümhuriyyət dövrünün azadlıq ideallarından doğan ideya bağlılığı var.

"Azərbaycan bayrağına" şeirində isə bayraq obrazı istiqlal düşüncəsindən daha geniş məna qazanaraq Əhməd Cavadın Turan idealı və milli gələcəyə dair arzuları ilə birləşir.

 

Gedərkən Turana çıxdın qarşıma,

Kölgən dövlət quşu, qondu başıma!

İzn ver gözümdə coşan yaşıma -

Dinlətsin dərdini aha, bayrağım!

 

İlk misra bayrağı şairin düşüncə yolunda qəfil qarşılaşdığı obraz kimi təqdim edir. "Dövlət quşu" təşbehi bayraqla qarşılaşmanı böyük səadətin qəfil nəsib olması kimi mənalandırır: bayrağın kölgəsinin şairin başına qonması milli istiqlalın onun üçün ən böyük qismətə çevrildiyini ifadə edir. Şeirdə bayrağın rəngləri tarixi yaddaşın dərin qatları ilə əlaqələndirilir; türk mənşəyi, dövlətçilik təcrübəsi və islam mənsubiyyəti milli kimliyin bir-birini tamamlayan tarixi əsasları kimi təqdim olunur, müasir milli rəmzin mənəvi və tarixi legitimliyi də bu əsaslar üzərində təsdiqini tapır.

Cəfər Cabbarlının "Azərbaycan bayrağına" şeirində bayrağın təsviri fərqli bir poetik düşüncə tərzinə söykənir.

 

Kölgəsində ay əyilib bir gözəli qucmada,

Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,

Şu görünüş bir ananın şəfqətinə oxşayor,

Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

 

Şeirin davamında müəllif bayrağın bütöv obrazını ayrı-ayrı rənglərin semantik yozumu ilə tamamlayır. Əvvəlki misralarda bayraq romantik təsvir və heyrət intonasiyası ilə canlanırdısa, burada onun üç rəngi türk mənşəyi, islam mənsubiyyəti və azadlıqla bağlı müasirləşmə düşüncəsini ifadə edir. Romantik təsvirlə ictimai-fəlsəfi qənaətin yanaşı gəlməsi şeirə tərənnüm xarakteri ilə bərabər, manifest səciyyəsi də verir.

 

Bu göy boya Göy Moğoldan qalmış

            bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı.

 

Bu misralardakı vaciblik çaları bayraq simvolikasına normativ məzmun verir. Xüsusilə sonuncu misrada azadlıq və təcəddüdün mədəniyyətlə əlaqələndirilməsi Cəfər Cabbarlının istiqlal düşüncəsinin miqyasını göstərir: milli varlığın təsdiqi onun üçün türk kimliyi və islam ənənəsinin qorunması ilə yanaşı, müasir mədəniyyətə yiyələnməyi də nəzərdə tutur. Rənglərin ideoloji yozumundan sonra bayrağın müqəddəsliyi və doğma torpaqla mənəvi bağlılığı önə çəkilir:

 

Mələklərin qanadımı üzərinə kölgə salan?

Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!

 

- misraları bayrağın vizual görünüşündən doğan heyrəti metafizik müstəviyə keçirir.      

Ay-ulduzun yaratdığı işıq-kölgə mənzərəsi mələklərin qanadları ilə əlaqələndirilir və ilahi qüvvənin təcəllisi kimi qavranılır. "Nə imiş bu, aman Allah?!" nidasi heyrətin emosional intensivliyini artırırsa, "od yurdunun yarpağı" metaforu obrazın semantik tutumunu genişləndirir - şairin poetik düşüncəsində bayraq göylə yer, ilahi təsəvvürlə milli yaddaş arasında məna əlaqəsi yaradır. Şeirin finalı ideya-məzmun yükünü tamamlayan, eyni zamanda bütün poetik hərəkəti gələcəyə yönəldən bir intonasiya üzərində qurulub:

 

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq,

O gün olsun bir göy bayraq, Turan üstə açılsın!

Turan üstə açılsın!

 

Arzunun gerçəkləşəcəyinə inamın qaynağı artıq görülmüş işlərə, qazanılmış istiqlala olan etimaddır. "İSTİQLAL" sözünün böyük hərflərlə yazılması şeir boyu müxtəlif obrazlar və duyğularla ifadə edilən fikrin bir kəlmədə cəmlənib kulminasiya nöqtəsinə çatdığının nişanəsidir.  "Bir göy bayraq" ifadəsinin təkrarı ilə Turan təsəvvürü getdikcə genişlənir; əvvəlcə göz önündə canlanan bayraq, sonra bütün Turan üzərində dalğalanan istiqlal rəmzinə çevrilir. Son misranın "Turan üstə açılsın!" şəklində yenidən təkrarlanması arzunun gerçəkləşəcəyinə yönəlmiş poetik təkiddir.

Yeri gəlmişkən, qeyd edək ki, şairin "Azərbaycan bayrağına" şeirində rənglərin ideoloji yozumu üzərində qurulan poetik düşüncə "Sevdiyim"də fərqli istiqamət alır; milli ideya birbaşa bəyan edilmir, bayraq qadın obrazında təcəssüm tapır. Təkrarlanan "yaşıl donlu, mavi gözlü, al duvaqlı" epitetlərində bayrağın üç rəngi qadının zahiri cizgiləri ilə ifadə olunur. Lakin obrazın poetik məzmunu zahiri bənzərliklə məhdudlaşmır. "Bir-bir oxşayırsan bütün Turan ellərin" misrası sevgi ünvanını geniş bir coğrafiyanın yaddaşı və mənəvi bağları ilə əlaqələndirir.

 

Canalıcı bir görkəmlə dağ başında durunca,

Oxşadıqca bahar yeli açıq-dağınıq tellərin.

Nazlı əlin umuzunda saçlarına vurduqca,

Bir-bir oxşayırsan bütün Turan ellərin.

Altaylardan, Altun dağdan doğma sellər bəkləyor,

Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

 

Bu lirik portret fərdi hissin hüdudlarını aşaraq bütöv tarixi-coğrafi məkanla əlaqələnir. Bayraq qadın-sevgili obrazında təcəssüm tapır: birinci bənddəki "al yanaqlı" epiteti sonrakı bəndlərdə "al duvaqlı" ifadəsi ilə əvəzlənərək qadın obrazına gəlin duvağını xatırladan vizual çalar əlavə edir. Cəfər Cabbarlı milli birlik düşüncəsini şüar və çağırış intonasiyasından uzaqlaşdıraraq məhəbbət lirikasının poetik imkanları daxilində ifadə edir.

 

***

Cümhuriyyət dövründən sonrakı Azərbaycan poeziyasında da bayraq obrazı müxtəlif tarixi və ictimai-siyasi şəraitlərdə yeni poetik məzmun qazanıb. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Məmməd Araz, Sabir Rüstəmxanlı, Ayaz Arabaçı, Balayar Sadiq, Rəşad Məcid, Abid Tahirli və digər müəlliflərin yaradıcılığında bayraq mövzusu müstəqillik, milli mənsubiyyət, dövlətçilik və tarixi yaddaş kontekstində işlənilib. Bu poetik nümunələr bayraq obrazının sonrakı dövrlərdəki bədii təcəssümünü izləmək baxımından əhəmiyyətlidir.

Ramiz Qusarçaylının "Azərbaycan bayrağı" şeiri poeziyamızda bu mövzunun əvvəlki tarixi-siyasi və mənəvi məzmununu müasir lirik düşüncə kontekstində davam etdirməsi, milli rəmz ətrafında kollektiv taleləri və konkret məkanların yaddaşını bir araya gətirməsi ilə poetik ənənədə özünəməxsus yer tutur. Şair bayrağı kollektiv tarixi yaşantının daşıyıcısı kimi təqdim edir; lirik "mən"in sərhədləri genişlənir, ayrı-ayrı insanların taleyi ilə xalqın mübarizə və yaddaş təcrübəsi eyni poetik müstəvidə qovuşur. "Hər rəngində "ya qazi, ya şəhid" bir mən bitər" misrası bu baxımdan şeirin ideya istiqamətini müəyyənləşdirən əsas poetik qənaətlərdəndir.

 

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,

Ulduzunu, ayını göydə mələklər öpər,

Hər rəngində "ya qazi, ya şəhid" bir mən bitər,

Sən ey İstiqlalımın əbədiyyət sancağı, -

Azərbaycan bayrağı!

 

Bayrağın rəngləri ənənəvi simvolik yozumlarından əlavə, talelərin, fədakarlığın və milli varlıq uğrunda mübarizənin yaddaşını daşıyır. Ramiz Qusarçaylının şeirində bayraq obrazının məna çevrəsini genişləndirən əsas amillərdən biri məkan poetikasıdır. Araz, Samur, Göyçə, Dərbənd, Savalan, Şah dağı və Şuşa adları mətndə coğrafi genişlik mənasından çox, tarixi yaddaşda yaşayan Vətən obrazını, itirilmiş torpaqlara bağlı həsrəti və milli mənsubiyyət duyğusunu ifadə edir.

Hər bəndin sonunda təkrarlanan "Azərbaycan bayrağı" müraciəti poetik məna sahələrini eyni mərkəz ətrafında cəmləşdirir, şeirin müxtəlif istiqamətlərə yayılan emosional və semantik hərəkətini bir nöqtədə birləşdirir. Qazi və şəhid taleləri, düşmənlə mübarizə, tarixi-coğrafi yaddaş, and və iman anlayışları, nəhayət, Şuşa ilə bağlı təsəvvürlər bu refren vasitəsilə vahid lirik bütövlük qazanır. Müəllifin müraciət poetikası da bu kompozisiya prinsipinə tabedir: bayraq şeirin bütün məna qatlarının ünvanı, lirik "mən"in özünü ifadə etdiyi əsas adresatdır.

 

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,

Barışda gül çələngim, savaşda qan yerimsən,

Sən mənim and yerimsən, mənim iman yerimsən,

Dalğalı ləngərlərin yelpiklənən yarpağı, -

Azərbaycan bayrağı!

 

Sülh və müharibə vəziyyətlərinin paralel sintaktik quruluşda təqdimatı rəmzin müxtəlif tarixi şəraitlərdəki funksiyasını bir-birinə qarşı qoymur, əksinə, daşıdığı mənaları eyni milli təcrübənin tərkib hissəsi kimi nəzərdən keçirməyə imkan verir. Şeirin poetik quruluşunda leksik paralelizm və fonetik səsləşmələr sintaktik ritmlə qovuşaraq publisistik pafosun lirik ifadə imkanlarını genişləndirir. Son bənddə Şuşanın ayrıca poetik ünvan kimi seçilməsi bayraq obrazının məkan və yaddaşla münasibətinə yeni məna çaları qazandırır.

Balayar Sadiqin "Azərbaycan bayrağı" şeirində müstəqillik, şəhidlik və Vətən torpaqlarının bütövlüyü ideyaları bir araya gəlir. Şair Şah İsmayıl Xətai və Şəhriyarın adlarını yanaşı çəkərək müxtəlif tarixi dövrləri və mədəni təcrübələri ortaq milli məkan təsəvvüründə qovuşdurur. "Neçə adsız şəhidin arzusundan doğuldun" misrası bayrağın mənəvi dəyərini şəhidlərin arzu və fədakarlığı ilə əlaqələndirir. B.Sadiqin mətnində də bayraq Vətən taleyi ilə bağlı ictimai məzmun daşıyır. Lakin burada həsrət motivi, xüsusilə ərazi bütövlüyü arzusu daha qabarıqdır.

 

Zəngəzurun, Göyçənin yuxusunda dalğalan,

Qarabağsız həsrətin qorxusunda dalğalan.

Sən Şuşanın, Laçının qoxusunda dalğalan,

Ey milli qeyrətimin ən ovxarlı yarağı,

Azərbaycan bayrağı!

 

Bənddəki çağırış intonasiyası həsrət yanğısını və bütövlük arzusunu gücləndirir. Şeirin sabit refreni isə bu arzunu hər bəndin sonunda yeniləyərək kompozisiyanın ritmik tamlığını qoruyur.

Süleyman Abdullanın "Azərbaycan bayrağı" şeirində tərənnüm intonasiyası aparıcı poetik prinsip kimi çıxış edir. "Sən, ey..." konstruksiyası ilə qurulan başlanğıcdakı təkrar, bəndlərin sonunda dəyişməz şəkildə təkrarlanan "Azərbaycan bayrağı" xitabı və finaldakı üçqat nida əsərin ritmik quruluşunu müəyyənləşdirməklə, mətnin təşkili prinsipinə çevrilir. Şeirin rənglərə həsr olunmuş bəndində sintaktik paralelizm və metaforik ifadə bir-birini tamamlayır:

 

Göyündə tarixlərin zəfər çələngi vardır,

Qırmızında qanımın zamanla cəngi vardır,

Yaşılında ruhumun təmizlik rəngi vardır,

Səkkizguşəli ulduz, hilaldır nur çırağı,

Azərbaycan bayrağı!

 

Sözlərin eyni qrammatik model üzrə sıralanması misraların daxili ritmini müəyyənləşdirir. İlk üç misranın eyni sintaktik qəlib üzərində qurulması rənglərin semantik yozumunu vahid ritmik quruluşda təqdim edir. Şeirin qafiyə sistemi və səs təşkilində də tərənnüm xarakteri güclüdür. "Vardır - cəngi vardır - rəngi vardır", "sənindir - sənindir - əbədiyyət sənindir" kimi konstruksiyalar ritmik bütövlüyü möhkəmləndirir.

Son bənddəki "Səcdənə durdum sənin, etdim biət" ifadəsi dini leksikanı dövlət rəmzinə ünvanlanan poetik müraciətə daxil edir. "Bir kərə yüksəlmisən, əbədiyyət sənindir" misrasında M.Ə.Rəsulzadənin məşhur kəlamına poetik göndərmə şeirin sonluğunu istiqlal ideyasının tarixi formulu ilə əlaqələndirir.

Dayandur Sevginin "Azərbaycan bayrağı" şeirində həmin poetik göndərmə qətiyyətli çağırışla davam etdirilir. "Bir dəfə qalxan bayraq, bir daha enməz dedi" misrasından sonra gələn "Endirmərik bir daha işıq saçan bayrağı" fikri tarixi kəlamın məzmununu müəllifin mövqeyi ilə əlaqələndirir. Hər bəndin "Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!" misrası ilə tamamlanması refrenin kompozisiyadakı rolunu gücləndirir. Süleyman Abdullanın şeirində bənd sonlarındakı xitab müraciət poetikasını qoruduğu halda, Dayandur Sevgində refren bütöv kompozisiyanın ritmik dayağına çevrilir.

Azərbaycan poeziyasında bayraq obrazının bir əsrdən artıq davam edən poetik taleyi milli tariximizin dəyişən duyğu mənzərəsini də əks etdirir. Hər tarixi mərhələ bayrağın poetik mənasına yeni çalar əlavə edir, hər şair öz zamanının düşüncəsini, ağrısını və ümidini onun rənglərində ifadə edir. Bu şeirlərin yaddaşında bayraq bir xalqın özünü tanıdığı, keçmişini mənalandırdığı, gələcəyə dair arzu və iddialarını ifadə etdiyi milli obrazdır. Onun dalğalandığı yüksəklik qədər, hər rənginə hopan insan taleləri, hər poetik müraciətdə yenidən ifadə olunan Vətən duyğusu da əbədiyyət qazanır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!