Azər TURAN
Onu anlamaq üçün "ədəbiyyat" anlayışının təsnifatına yenidən baxmalıyıq. Fransızcada o, bizdəki kimi, "tərbiyə", "ədəb" kökündən gələn ədəbiyyat deyil, "yazı" sözündən törənmiş literatur adlanır.
Ədəbiyyatdan yola çıxarsaq, Bodler əxlaqsız, literatur tərəfindən yanaşarsaq, yazı sənətinə yeni paradiqmalar gətirmiş möhtəşəmlərdən biridir, bəlkə də birincisidir... Bizdə kiminsə Bodler olması imkansızdır. Bodler olmaq Bodler tərzində yaşamadan mümkün deyil. Onun qatına yüksəlmək, yaxud onun həyat və təsəvvürlər dünyasının girdabına enmək üçün yenə də Bodler olmaq gərəkir ki, bu da mümkünsüzdür. Çünki o rəzalətləri seyr etmir, seyr etdiklərindən yaranmış intibaları yazmırdı. O, bizim rəzalət bildiyimizi yaşayırdı və yaşadıqlarını yazırdı... O, bizim bildiyimiz ədəbiyyatı deyil, literaturu yaradırdı.
Məsələn, bizim nəzərimizdə əxlaqdışı, həm də antiestet təsəvvürləri Bodler eşqanəyə çevirməyi bacarırdı. Oxuduqca bu yaşantılar ürəyini bulandıra bilər... O, yatağındakı qadını - boynunun ardından öpülməsinə mane olan saçları tökülmüş, cüzamlı xəstələr kimi alnının dərisi soyulmuş sevgilisini gecələr necə ehtirasla sevdiyini təsvir edir: "Yalayaram onu, İsanın ayağını yalayan o atəşli Maqdalinadan daha coşqun".
Yaxud "Şarl Bodler" məqaləsində Anatol Fransın xatırlatdığı Bodlerin bir məmura dediyi sözlər: "Heç çocuq beyni yedinizmi? Ondan yeyin. Təzə ceviz içinə bənzər, mükəmməl bir şey". Şeirində sezilən dəlilik halı kimi, həyatından, xatirələrindən sızan əsintilər...

Bodlerin şeirdəki gözəllik anlayışı. Kosmosdan xaosa, yaxud xaosun içində kosmos axtarışı
1857-ci il. Paris. Şarl Bodler "Şər çiçəkləri"ni yazdı. "Şər çiçəkləri" Parisi dünya poeziyasında modernizmin qibləsinə çevirdi. Bir azdan Tanrısını "öldürüb", tək qalacaq yeni insanın şeytana doğru enişi, səcdə və küfrün iç-içə gəlməsi ilk dəfə "Şər çiçəkləri"nin rayihəsində gerçəkləşdi.
Belə bir dünyanın bənzərinə Bodlerə qədər heç Avropa ədəbiyyatında (literaturunda) da rast gəlinmir. Şair sevgilisinə vaxtilə çəmənlikdə gördükləri və atəşli fahişələr kimi ayaqlarını yuxarı aralayıb uzanmış üfunət saçan at leşini xatırladır. "Yadındamı, deyir, o at leşinin üstündə qurdlar necə sürünürdü? Onun murdar sinəsi üstə milçəklər necə uçuşurdu? İndi səninləyəm, gözümün işığı, sən də elə bilmə ki, əbədi qalacaqsan. Şux durub baxdığın bu otun üstə, bir gün meyit kimi uzanacaqsan və sən də çürüyəcəksən..." Bodlerin timsalında Avropa poeziyasının metaforaları dəyişildi. Min illərdir poeziyada bülbülün ürəyini parçalayan tikanlı qızılgül İblisin, şərin, fənanın çiçəkləri ilə əvəzləndi. Ritorika bağçasındakı güllər soldu. Simvolizmin gülü gözəldən, gözəlin üzünə bənzəməkdən imtina etdi. Bu dəfə o, ayaqlarını şəhvətli qadın kimi yuxarı qaldıraraq açılıb-saçılmış leşə bənzədildi. Üfunət qoxuyan cəmiyyətin iç - leşin çürüməkdə olan içalatı milçək və soxulcan sürüsü ilə qaynaşdı... Bodlerin təsvir etdiyi leş - gözəl qadın göydən, uzaqdan baxanda yeni açılmış çiçəyə, yaxından, qayaların ardından pusan öfkəli köpəyin nəzərində isə skelet üzərində qalan son bir parça ətə bənzəyir. Və sonra...
"Bu dəhşət saçan iylənmişə çox bənzəyəcəksən, ey gözlərimin nuru, həyatımın günəşi, mələyim". Bunu isə Bodler, sevgilisinə xitabən deyir, çünki bir azdan o da öləcək, qoxuyacaq, çürüyəcəkdi.
"O vaxt səni öpüşlərə qərq edən o qurdlara anlat ki, mən hələ də sənin tanrısal gözəlliyini yaddaşımda qorumaqdayam..."
Bodler poeziyanın min ildir ki, tabulaşmış gözəllik qəsrini bir göz qırpımında belə viran qoyur. Ədəbiyyatın təsəvvüründəki eşq və gözəlik ilahəsi mifoloji Veneranı literaturda və həyatda venerial xəstə əvəz edirdisə, bunun poeziyasını yaratmaq üçün Bodler mütləq doğulmalıydı... Bu mənada Bodler özü də o üfunət qoxuyan girdabın içində yaşadıqlarını yazır. Anatol Frans bunu nəzərdə tutub "O iyrəncdir, qəbul edirəm. Fəqət şairdir, bu səbəbdən tanrısaldır" - yazıb. Bodlerə görə cəhənnəm aşiqlərin vadisidir. Bodler şər çiçəklərinin açılışı ilə üfunət saçan boğucu bir cəhənnəmin girdabına səfər etməkdən çəkinməyən ilk dünya şairidir. Onun ilham pərisi cənnətdə itirilmiş gözəlliyin, idealın sorağıyla cəhənnəmə eniş etməyi bacardı. Seçilmiş və lənətlənmiş və bəzən, hətta İblisin özünə belə "qırıq ümidlərimin anası" deyə lirik və kövrək ricətlərlə xitab edən dekadans Bodler son və qürub fəlsəfəsini belə çözürdü. Şair gözəlin deyil, poeziyanın bəkarətinə toxunmuşdu. Parisin bulaşdığı zöhrəvi xəstəliklərin içində "Yatağımız olacaq, xəfif qoxuyla dolu.../ Divanımız olacaq, bir məzar kimi dərin.../ Pənbə, lahuti, mavi bir axşam saatında,/ Ayrılıqla dolu uzun bir hıçqırıq halında. / Yanacaq aramızda bir tək şimşəyin fəri, / Nəhayət, qapıları bir az aralayaraq, / Sadiq və şən bir mələk gəlib oyandıracaq... / Buğulu aynaları və ölmüş alovları..." Və o, yaşadığı dünyada idealın bütün spektrlərdə qürub etdiyini görürdü. Bodler üçün seyrəngahın cənnətmi, cəhənnəmmi, qılavuzun Hz. İsamı, İblismi olması önəmli deyil. Bodler şeirin aradığı gözəllik anlayışını cəhənnəmdə belə kəşf edə bilər.
Bodlerin eşq anlayışı, yaxud "Səyahətə dəvət" şeiri
"Şər çiçəkləri"nin Tanpınarın da zehni düsturuna çevrilmiş "Orda nə varsa süs, sükun və şəhvət, / İntizam və gözəllikdən ibarət" misralarının keçdiyi "Səyahətə dəvət" şeirində Bodler sənə bənzəyən bir yer düşünür: Gedib orda bərabər yaşamanın, sevmənin, sevmənin və ölmənin səadəti"ni və həzzini bölüşmək istəyir. "Fəqət sıcaq-sıcaq bir ziya içində uyuyan kainatın xülya ilə sərxoş" olduğu o yer ömrün ələmindən, dünyanın çirkinliyindən qaçanların sığındığı metafizik bir aləmdir. Bu dünyada o yer yoxdur.
"Şər çiçəkləri"ndə gözəllik ilahəsi Veneranın mifoloji rayihəsini hərarətli Veneranın ekzotik parfümünü - səmada və Olimpdə deyil, yaxında və yataqda olan əsmər Veneranın - Janna Dyuvalın sinəsindən yayılan mistik ətir əvəz edir...Yahya Kamalı bayıldan "Balkon", "Ekzotik ətir" və s. şeirlər bu əsmər Veneraya həsr olunub və bu şeirlərdəki qadın Monenin çəkdiyi tablodakından daha əsrarlıdır. Çünki burda gözəllik ətirlə təfsir olunur. "Üstünə əyilirkən ey axşamın pınarı, / Sanırdım ciyərimdə qanının qoxusu var", yaxud "Məst olur, məhv olurdum nəfəsini içdikcə", yaxud Veneranın döşlərindən yayılan ətir Bodleri bilinməz, məchul və ekzotik aləmə çağırır.
.jpg.jpeg)
Anri Matiss "Lüks, hüzur və həzz"
Bodler aşiqi Anri Matiss çəkdiyi tablonu şairin misrası ilə adlandırmışdı:
"Lüks, hüzur və həzz"
Bodlerin şeirləri Avropa rəssamlığını da yeni ideyalarla zənginləşdirdi. Mone, Matiss, Roden kimi dahi rəssamlar öz xəyal dünyalarını həm də Bodlerin şeirləri üzərində qururdular. Xülyalarla sərxoş olan o məchul məkanı, "Səyahətə dəvət" şeirindəki dünyəvi cənnəti isə 1904-cü ildə Anri Matiss kəşf etdi, şeirdən aldığı intibalarla fovizmin ilk örnəyi hesab olunan "Lüks, hüzur və həzz" tablosunu yaratdı. "Lüks, hüzur və həzz" "Səyahətə dəvət" şeirinin misralarından biridir.
Matiss Bodler aşiqidir. O, həm də "Şər çiçəkləri"ndəki qadınların portretlərini rəsm edib. Bodlerin qara qələmlə çəkilmiş məşhur portretinin də müəllifi Matissdir.
Bodler və anası
Anası ilə münasibətləri hər necə olubsa, bunu şərh edənlər Edip kompleksini xatırlatmadan keçmirlər. Hətta "Ensest içində yaşayan bir ciftdi bu" deyir Sartr və əlavə edir: "özünü anasının bədəni və ruhuna sirli qatılışla bağlı hiss edirdi".
Anatol Frans onu şər şairi deyil, günah şairi adlandırır və bunu da əlavə edir: "Ən gözəl şeirləri kilsənin əski nəsrlərindən, dua kitabı ilahilərindən ilham almış kimi görünür..."
Bodlerin anasına ünvanladığı bu sətirləri Sartrın "Bodler" kitabından oxumuşam: "Həp səndə yaşayırdım, yalnız mənimdin. Həm bir büt, həm də bir arkadaşdın sən".
Bodlerin mətnləri ədəbiyyatşünaslıq təhlilləri deyil, daha çox psixoloji təhlil tələb edir. Yoxsa onun sirrini dərk etmək mümkün olmayacaq...
.png)
Tevfik Fikrətin "Gayyayi-vücud"unda, yaxud Orhan Vəlinin tərcüməsində Bodlerin güzgü arxetipi
Tevfik Fikrətin 1899-cu ildə yazdığı "Gayyayi-vücud" şeiri türk poeziyasına dekadans qürubunu və modernizm estetikasının dərin cizgilərini gətirmişdi. Vücud quyusu, daha doğrusu, cəhənnəm quyusu anlamına gələn "Gayyayi-vücud"un təsvir etdiyi cəhənnəm həyatın özüdür. "Gayyayi vücud"dakı həyat Bodlerin "Leş" şeirindəki qadınla eynidir. Həşəratlarla, mikroblarla, ilanlara, böcəklərlə qaynaşan cəhənnəm quyusunu Fikrət həm də güzgüyə, aynaya bənzədib: "titrədir qəlbi, fəqət, qurtulamaz gözləriniz... nəzər etməkdən o mirati-səmalutda yenə" (qəlbinizi titrədər, fəqət gözləriniz o ağulu suya, zəhərli aynaya baxmaqdan qurtula bilməz)". Güzgü arxetipi Bodleranədir. Nə zaman qarşısında dayanıb ona baxsan cəhənnəmi, çirkabı, həyatı göstərəcək.
Tevfik Fikrətdəki "mirati-səmalut" Orhan Vəlinin Bodlerdən tərcüməsindəki güzgünün az qala eynisidir: "Dəniz aynandır sənin, kəndini seyr edərsən... Sən də o qədər acı bir girdaba bənzərsən..."
Bodlerpərəst Yahya Kamal
Bodler Yahya Kamala musiqisi ilə nüfuz edə bilib. Tanpınara görə də şeirdə musiqinin səltənəti Bodlerlə başlayır... Türk şeirində sözləri rəqs etdirən, yaxud rəqs edən dilin şeirini yaradan Yahya Kamal "Hər zövqü bir haram olan əfsunlu cənnət"də - "Parisdə gənc ikən koyu Bodlerpərəst idim. / "Balkon"la, "Yolculuk"la, "Gözəllik"lə məst idim", - deyir.
Əski Parisdə bir ömür keçdi...
Tuncu canlandıran ilahdı Roden,
Verlain absenti, Bodler afyonuna
Qarışan bir sehrli həzzdi şeir...
Qoca kapitanı ölüm olan gəmidə batacağı girdab cənnət, ya cəhənnəm olsun, fərq etməz, məchulun dibində YENİNİ tapmaq ümidiylə səfərə çıxan Bodler və "Səssiz gəmi"sinə mistik və metafizik qürub çökmüş Yahya Kamal eyni dekadans cizginin üstündədirlər.
Cahit Sıtkı Tarançı deyir...
Bodlerin "Balkon" şeirini türkcəyə Cahit Sıtkı Tarançı çevirib. "Xatirələr annəsi, sevgililər sultanı/ Ey məni şad edən yar, ey tapındığım qadın... / Nə gözəldir günəşlər sıcak yaz axşamları! / Kainat nə dərindir, qəlb nə qüdrətlə çarpar! / Üstünə əyilirkən ey eşqimin bulağı, / Sanırdım ciyərimdə qanının qoxusu var. /Nə gözəldir günəşlər sıcak yaz axşamları!"
"Məndə ədəbiyyata və özəlliklə şeirə qarşı gerçək və köklü deyilə biləcək ilk ilgi Bodlerlə başlar. Bu dev fransız şairini içimə sindirə-sindirə oxuduqdan sonradır ki, şeir yazmaq mənim üçün bir nəfəs almaq, yemək, içmək qədər təbii bir yaşam tərzi oldu... Bodler əlində tutduğu canlı məşəllə mənə gedəcəyim, getməli olduğum yolu göstərdi. Bodler mənə suyun dibinə enməyi öyrətdi. İçimlə dışım arasındakı fərqi "Şər çiçəkləri"ni oxuduqdan sonra anladım..."
Cemal Süreya deyir...
"Bodler 1867-ci ildə öldüyü zaman estetikada yeni bir çağ başlamışdı. Bodler köhnəni qapamış, yenini açmışdı. O gündən bu günə şairlər min illik gözəlin yerinə çirkini oturtdular. Mısralarda iyi kötüyə yenildi. Tanrının göylərə çəkilməsi, insandaki şeytanın zəfərdən-zəfərə qoşması bu tarixdən sonra ortaya çıxan gerçəklərdəndir..."
Bodler romantizmə qarşı
1924-cü ildə Pol Valeri Bodler barədə yazırdı: "Böyük şair olmaq, lakin nə Lamartinə, nə Hüqoya, nə də Müsseyə bənzəmək". "Şər çiçəkləri"nin yazarı bilirdi və bəyan edirdi ki, "məşhur şairlər artıq çoxdandır ki, poetik səltənətin ən çiçəklənən ərazilərini öz aralarında bölüşüblər." Buna görə də Bodler poeziyanın başqa, bilinməyən ərazisini icad etməliydi. "Nəticədə o, özünün psixi vəziyyəti və göstəriciləri ilə açıq-aşkar romantizm adlandırılan sistemə qarşı çıxmağa məcbur" qaldı. Lamartindən, Hüqodan, Müssedən Bodlerə sıçrayış "Şər çiçəkləri"nin yazılışı ilə bir göz qırpımında baş verdi.
.jpg.jpeg)
Klod Mone. "Janna Dyuvalın portreti"
Albatros, yaxud Cavidin "yerə enməm də, səma şairiyəm" metaforası
Bodlerin Albatrosu yerdə yaşaya bilmədiyi kimi, Hüseyn Cavidin də ilham pərisi mövcud olmaq üçün bütün mənalarda səmaya, hüdudsuzluğa yönəldi. "Albatros"da "adamlar sıx-sıx yaxalar, iş olsun deyə, // Böyük dəniz quşlarını, albatrosları... // Amma buraxıldılarmı göyərtələrə, // O göy kralları... // Sərir böyük qanadlarını yerə... // Nə çirkin, nə gülüncdür o gözəl quş indi!.. // Yürüyə bilməz dev qanadları üzündən"... Eyni estetika Cavidin "Peyğəmbər"ində davam edirdi: "Bən fəqət hüsni-xuda şairiyim, // Yerə enməm də, səma şairiyim". Çünki yerdəkilərin, göyərtədəkilərin qulaqları sağır idi və Cavid inanırdı ki, onun ilhamını göyərtədəkilər deyil, yalnız göydəkilər - mələklər və cəbərut aləmi eşidir. Amma ilham pərisi hər nə qədər ona "Ərşi-lahutə doğru aç şəhpər" desə də, səmalara, mələklər aləminə pərvaz edən Cavid öz ilham şahpərinin, qanadlarının bir gün yanacağını, yandırılacağını, qırılacağını hiss edirdi: "Şimdi yerdən səmaya doğru dərin, // Pək dərin bir fəza təsəvvür edin, Yüksəlib bir bəyaz qanatlı hüma... // Yorulur, sonra çırpınır, bayılır, // Sönər əvvəlki etila həvəsi; // Uçamaz artıq, iştə son nəfəsi...
Yalnız ənginlərdə qanad gərmək üçün doğulmuş Albatrosu da qanadından zədələyib bir gəminin göyərtəsinə salıblar... Albatros məluldur, gəmidəkilər məsuddur... Əslində, sən demə, məsud olmaq üçün yerə enməmək, göydə, səmada qalmaq, ənginliklərdə qanad çalmaq lazım imiş. İnanarsan ki, Bodlerlə Cavid görünməyən ruhi tellərlə bir-birinə bağlıdır, ruhubirlərdir... Həm də çevrə - gəmidəkilərlə 1937-ci ildəkilər bir-birinə bənzəyir... "Sən ey qanadlı yolçu, bir zaman nə gözəldin!" (Bodler). Yenidən "yüksəl! Ərşi-lahutə doğru aç şəhpər". (Cavid) Yoxsa "sıx-sıx, əylənmək üçün, acımasız tayfalar / Yaxalar qanadından... (Bodler)
Sanki eyni şairin qələmindən çıxıb.
Bodlerlə Cavidin obrazlar sistemində bənzəyişlər çoxdur. Cavidin "Xəyyam"ında rəqs edən tül örtüklü gözəlin - skeletin "Səni ürkütdümü halım? / Keçmişdə, xayır, böylə deyildim. / Bilsən nə gözəl, ah nə gözəldim... / Gözlər bəni həsrətlə arardı, / Hüsnümdə səhər cilvəsi vardı. / Birdən-birə soldum da, dəyişdim, / İssız, əbədi hiçliyə keçdim. / Çirkinliyim etdirməsin ikrah / Könlüm səni öpmək dilər..." misraları Bodlerin "Leş"indəki qadının davamı kimidir... Bəlkə Cavid də romantizmdən dekadentizmə sıçrayış edən Bodler kimidir. İstinad etdiyi estetik cərəyan romantizm deyil, dekadentizmdir? Bəlkə də bu suala "hə" demək olardı. Amma oxşar şair ruhlarının belə ziddiyyətləri olmasaydı. Cavidin Gülbaharı ilə Bodlerin qərib adamının bənzərliklərindəki ziddiyyətlər kimi. Bizdə Gülbaharı bilməyən yoxdur. Bu da Bodlerin Qərib adamıdır:
- Ən çox kimi sevirsən, qərib yabançı?
Annənimi, babanımı, qardaşlarınımı?
- Nə annəm var, nə babam, nə də qardaşlarım.
- Vətəninimi?
- Harda olduğunu belə bilmirəm.
- Yoxsa paranımı?
- Nifrət edirəm ona.
- O halda nəyi sevirsən, əsrarlı qərib?
- Buludları sevirəm.
Qarşıdan gələn və qarşılara gedən buludları.
"Şər çiçəkləri" barədə Azərbaycanda ilk fikir Əli bəy Hüseynzadəyə məxsusdur
Əli bəy Hüseynzadə 1906-cı ildə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" məqaləsində Azərbaycan poeziyasına və şairlərinə "Şər çiçəkləri"ini təlqin etdi. Dekadentizm və simvolizm cərəyanlarının estetik mahiyyətini şərh edən Hüseynzadə bildirirdi ki, "Şeir və ədəbiyyat dekadentizması ilk əvvəl... "Les Fleurs du mal", yəni "Əzhari-fəna" ("Şər çiçəkləri") ünvanlı əsərilə məşhur Bodler bu məsləkdəki şairlərdəndir."
"Şər çiçəkləri" Fransada qadağan olunan ilk şeir kitabı
Bodlerin "Şər çiçəkləri" 1857-ci ildə nəşr olunandan dərhal sonra Fransa məhkəməsi tərəfindən yasaqlandı. Bəlkə də tarixdə yasaqlanan ilk şeir kitabıdır.
Dünya mədəniyyətinin beşiyi olan Parisdə "Şər çiçəkləri" yasaqlandı, Bodler isə cəzalandırıldı... Yasaqlansa da modern dünya poeziyası "Şər çiçəkləri"nin timsalında özünün qibləsini tapmışdı və bu günə qədər də poeziyanın Bodler qibləsi dəyişmir...
"Mütləq görüşək, amma burda deyil, dünyanın dışında"
Bodler başqa bir dünyanın adamıdır. Özü demişkən, "mütləq görüşək, amma burda deyil, dünyanın dışında". Bu həm də modernizmin ilk misrasını xatırladır: "Özgə planetmiş düşdüyüm məkan". (Obstfeller)
Şarl Bodlerin poeziyası Avropanın yenilənməsində mövcud fəlsəfələrdən az iş görmədi. Bu mənada o, "Tanrı öldü" deyə dünyanın dəyərlər sistemini dəyişmək gücündə olan (və əslində dəyişən) Nitsşe kimidir... "Tanrı ölmüşdü"sə də onu kilsədə öldürmüşdülər. Özü də xristian nihilizmi öldürmüşdü. Dekadansı isə öz acımasız təbiəti ilə Paris yaratdı.
10 noyabr 2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
