Vaqif YUSİFLİ
Azərbaycan şeirində neçə əsrdir ki, təbiətin ən gözəl, ən nadir çiçəyi olan Bənövşə vəsf olunur. Aşıq poeziyamızın ilk böyük ustadı Dirili Qurbaninin "Bənövşə" şeiri ilə klassik aşıq və şairlərimiz bu yolu davam etdirdilər, şeirimizdə bənövşə ruhunu yaşatdılar. Şair-tədqiqatçı Tariyel Abbaslının tərtib etdiyi "Bənövşə çələngi"ndə 300-ə yaxın müəllifin Bənövşə şeirləri toplanıb (Bakı, "Elm" nəşriyyatı, 2013). Təbii ki, Qurbaninin şeiri bütün sonrakı "Bənövşə"lər üçün ədəbi bir stimul oldu.
Başına döndüyüm ay qəşəng Pəri,
Adətdir, dərərlər yaz bənövşəni.
Ağ nazik əlinlə dər, dəstə bağla,
Tər buxaq altında düz bənövşəni.
Qurbani der, "Könlüm bundan sayrıdı,
Nə etmişəm, yarım məndən ayrıdı,
Ayrılıqmı çəkib boynu əyridi,
Heç yerdə görmədim düz bənövşəni.
Hər bir şair (Qaracaoğlandan, Ağ Aşıqdan tutmuş bu günün şairlərinə qədər) bənövşə çiçəyinin gözəlliyini, bununla yanaşı, onun ayrılıq və iztirabdan boynunun əyriliyini nəzərə çarpdırmışlar. Beləliklə, nikbin xallarla başlanan şeir bədbin notlarla tamamlanıb. Əlbəttə, bu yazıda bənövşə çələnglərini təhlil etmək fikrində deyiləm. Ancaq mənim qənaətimə görə, bənövşəli şeirlərin bir qismi sevgi motivləri üstündə köklənib - şairlər sevdikləri qızları bənövşəyə bənzədiblər, öz uğursuz sevgilərini qələmə alıblar.
"Ədəbiyyat qəzeti"nin 2026-cı il, 7 avqust sayında "Bənövşətək boynubükük qalmısan" adlı bir şeir oxudum. Oğuzda yaşayan Nazim Hüseynlinin o şeirində bir qızın taleyi bənövşənin taleyinə bənzədilir:
Hardasan, ayrılıq dərdimi dərdin?
Sənin nə yaşın var, bu dərdi dərdin?
Ötən yaz sən mənə bənövşə verdin
Yoxsa bənövşədən sən dərd çalmısan?!
Bənövşətək boynubükük qalmısan.
Ürək sevməyənə yar olmaq zülüm,
Tənəsinə dözüb xar olmaq zülüm,
Dünyada sevgisiz var olmaq zülüm,
Bu tezliklə nədən belə solmusan?
Bənövşətək boynubükük qalmısan.
Bu "Bənövşə"nin təsirilə mən Nazim Hüseynlinin şeir yaradıcılığı ilə tanış oldum.

Nazim Hüseynli əyalətdə yaşayır, amma Azərbaycan ədəbi mühitində də az-çox tanınır, o mənada ki, ilk növbədə, şeirləri ədəbi qəzet və jurnallarda dərc edilir. Amma ən əsası odur ki, bu şeirləri ilə seçilə, fərqlənə bilir. Onun "Bütövlük həsrəti" və "Hamıdan da Vətən üstün" şeir kitablarına Ön söz yazan müəlliflər - İlqar Fəhmi və Əli Rza Xələfli Nazim Hüseynlini müasir dövrün həqiqətlərini qələmə alan bir şair kimi təqdim etmişlər. O, ağacdan da yazır, o ağacın tufanlara sinə gərməsindən söz açır, sevdiyini vaxtsız itirmiş bir oğlanın könül fəryadını, Ahıska türklərinin yurd həsrətini, ulu sazın min illərdən üzü bəri ruhumuzu dilləndirdiyini şeirə çevirir. Onun ən çox sevdiyi bir şairi - Bəxtiyar Vahabzadəni "Vətən şairi" silsiləsindən dönə-dönə yad etməsini də təqdir edirik. Yaşının bu çağında ürəyində solmayan gənclik sevgisini unutmadığını da söyləyirik. Amma hamıdan da Vətən üstün:
Nə mən üstün, nə sən üstün,
Döyüşlərə gedən üstün,
Yağıyla cəng edən üstün,
Hamıdan da Vətən üstün.
Oğlu şəhid ana üstün,
Yağıları əzən üstün
Zəfərləri yazan üstün,
Hamıdan da Vətən üstün!
Əgər bir Azərbaycan şairinin son otuz-qırx il ərzində yaşadığı Vətənin ağrı-acılarını, məmləkətin keçdiyi əzablı, amma həm də qürurlu yolu, Qarabağ müharibələrini, şəhidlərimizi və igidlərimizi, milli-mənəvi birliyimizi əks etdirən şeirləri ilə qarşılaşırıqsa, deməli, o şair bütün varlığı ilə bu torpağa, bu Vətənə bağlıdır. Nazim Hüseynli də belə şairlərdən biridir. Əlbəttə, Vətənlə bağlı çoxlu şeirlər, poemalar yaza bilərsən, amma bəzən bu çoxluq ancaq kəmiyyət göstəricisinə çevrilir, o şeirlər yadda qalmır. Nazim Hüseynlinin Qarabağ müharibəsinə, şəhidlərimizə, Azərbaycan bayrağına, qəhrəman oğullarımıza həsr edilən şeirlərində hamımızın ürəyindən xəbər verən nümunələr az deyil. Elə bil, o, bizim bildiyimiz həqiqətləri şeir dililə canlandırır. Poeziyada Yaddaş deyilən unudulmaz bir səhifə var, o səhifədə yaşadığımız illərin, ayların lövhələri əks olunur.
Vətən oğlu, Şuşa, Laçın əsirdir,
Qarabağım, o baş tacım əsirdir,
Soydaşlarım, anam, bacım əsirdir,
Torpaq altda inildəyir torpağım.
***
Dağları, daşları, çölləri yaslı,
Dərəsi, çayları, gölləri yaslı,
Ağacı, çiçəyi, gülləri yaslı,
Köməyə çağırır bizi Qarabağ!
***
Keçərik hücuma dəstəbədəstə,
Çökərik yağının sinəsi üstə,
Anlayar düşmən də axır nəfəsdə,
Bir qarış torpağı vermərik yada!
Bu şeir parçaları yaşadığımız o illərin poeziya yaddaşından gəlir. Şeirlə publisistikanın birliyindən yaranan bu misralar təkcə Nazim Hüseynlinin deyil, əksər şairlərimizin Vətən duyğulu hisslərindən yaranmışdı.
Nazim Hüseynlinin Vətən müharibəsi qəhrəmanları Nail İbrahimliyə, Vüqar İbrahimova, Səftər Hacıyevə, Polad Əhmədova, Fariz Məmmədova və Qarabağ savaşında itkin düşmüş əsgərlərimizə həsr etdiyi şeirlər onun Oğuz şəhidlərinin döyüş yolunu əks etdirən "Torpaq uğrunda şəhid varsa Vətəndir" kitabındakı şeirlərlə eyni ruhda, eyni ahəngdədir - Heç kim unudulmur... Və məni ən çox həyəcanlandıran "Şəhidlər" şeirindəki bu misralar oldu:
Şəhid anası da şəhiddi,
Oğlunun ürəyi dayananda
ananın günəşi batar.
Nazim Hüseynlinin "Hamıdan da Vətən üstün" şeirlər kitabında, demək olar ki, bütün şeirlər məhz bu ruhdadır - Vətən, Əsgər (şəhidlər və qəhrəmanlar), Qarabağ və Türk dünyası... O, ADU-nun şərqşünaslıq fakültəsinin türk filologiyası bölməsini bitirib və onun türk birliyi ilə bağlı şeirləri də ürəkdən bağlandığı bir ideyanın - türkçülüyün ifadələridir. "Diləyimiz türk birliyi" deyən şair "Çanaqqala savaşının 100 illiyi", "Türk birliyi yaransın", "Üyğurlar", "Tatar ruhun ölməsin", "Dərdli Krım tatarları", "Ahıska türkləri yurd həsrətində", "Turanın çırağı sönməz heç zaman", "Turan deyib ağlar, ağlar boz qurdum" şeirlərində və "Bütövlük həsrəti" və "Turan" poemalarında heç də xəyal olmayan belə bir həqiqəti nəzərə çarpdırır ki:
Çox tezliklə axan sular durulacaq,
Ulu Tanrı rizasıyla görüləcək:
Turan adlı birliyimiz qurulacaq, -
Keçmişimiz, sabahımız ulu Turan.
Qeyd edim ki, Nazim Hüseynli Türkiyənin Adana şəhərində VII Uluslararası Şeir və Musiqi festivalı adına təsis edilmiş ATATÜRK medalı ilə təltif edilib.
Oğuzda yaşayan və o rayonun ədəbi həyatında mühüm rol oynayan bir şairin - Nazim Hüseynlinin şeir yaradıcılığından qısaca söz açdım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
