Rus romantizminin banisi, görkəmli şair və tərcüməçi V.A.Jukovskinin tərcüməylə bağlı məşhur deyimi (“nəsrin tərcüməçisi – quldur, poeziyanınkı isə – rəqibdir”) aforizmə çevrilmişdir. Həqiqətən, tərcümə təcrübəsinin tarixi göstərir ki, istedadlı şair-mütərcim seçdiyi orijinalın təsiriylə poetik təxəyyülündə qeyri-ixtiyari öz dilinin bədii imkanlarından istifadə edərək oxşar obrazlı dünya yaradır. Nəsrə gəldikdə isə, aydındır ki, tərcümədə orijinal mətnə aidiyyatda dəqiqlik əmsalı xeyli yüksəkdir.
O da aydındır ki, V.A.Jukovski orijinal və tərcümənin müəlliflərinin ayrı-ayrı fərdlər olduğu halları nəzərdə tuturdu ki, tərcümə təcrübəsində bunlar ən azı 99% tutur.
Qalan bir faizə aid halları konkret bilmirəm. Birindən danışa bilərəm. 1980-ci illərdə Azərbaycan nəsrində baş verən fenomenal hadisə rus romantikinə məxsus aforizminin imperativliyini pozur.
Söhbət əsərlərini rus və doğma dillərində yaradan, dünyaca məşhur yazar Çingiz Hüseynovun 1983-cü ildə Moskvada işıq üzü görən “Фатальный Фатали” romanından və təxminən üç ildən sonra əsərin Azərbaycan dilində yenidən işlənmiş, yeni adda – “Fətəli fəthi”nin – nəşrindən gedir.
Əvvəlcə gözə çarpan zahiri fərqlər haqda: a) fərqli adları (semantik vektor baxımından); фатальный lat. fatum – qismət, tale, “fəth” ərəb. – zəfər, fəth; b) rus nəşrində “Фатали” postmövqedədir, asılı; Azərbaycan nəşrində “Fətəli” keçir prepozisiona, yəni birincidə həlledici fatumdur, ikincidə – şəxsiyyətin özü; c) həcm: rusca mətn – 460 səh., Azərbaycan mətni – 100 səh. çox artıqdır), bəzi fəsillərin adlarında semantik nüans fərqləri (məs., “Я – Мирза Фет-Али Ахундзаде” / “Alın yazısı”, yaxud “Стрелы смерти”/ “Əcəl oxu” və s.)
Yazının bu yerində hardasa assosiativ olaraq Çingiz Hüseynovla tanışlığı olan alim-yazıçı dostumun mənə söylədiyi bir əhvalat yada düşdü: təxminən 2005-ci ildə Köln şəhərində (Almaniya) keçirilən Dünya azərbaycanlılarının Konqresində Rəyasət heyətinin üzvü kimi iştirak edən Çingiz müəllim dostuma avtoqrafı ilə “Доктор Н.” kitabını bağışladı. Romanın Azərbaycan nəşri haqqında verilən suala yazıçı cavabında demişdi: “Bu asan olmayan işə xeyli axtarış, vaxt lazımdır”.
Həqiqətən, milli tariximizdə bu iki (Mirzə Fətəli Axundzadə və Nəriman Nərimanov) nəhəng şəxsiyyətlərin taleyində müəyyən oxşarlıq var: qismətlərinə imperiya sistemlərində (rus, sovet) qulluqda olmaq düşüb və həmin amilin onların talelərinə faciəvilik qatdığına heç bir şübhə yaranmır.
Müstəqillik dövrümüzdə tarixi təftiş etməyə meyilli bəziləri tərəfindən nadir şəxsiyyətlərimizə kölgə salmaq cəhdlərini müşahidə edəndə nədənsə qeyri-ixtiyari Leninin (Lenin olanda nə olar?!) məşhur əsərlərindən birinin ritorik adı yada düşür: “От какого наследства мы отказываемся?” (“Biz hansı irsimizdən imtina edirik?”).
Araşdırılan mövzu kontekstində bir vacib məsələyə də toxunmağı vacib bilirik: işləndiyi dilin yazara təsiri... Məlumdur ki, haqqında sözügedən yazıçı bilinqvadır, yəni hər iki (Azərbaycan, rus) dilin mahir bilicisidir. O da məlumdur ki, inkişaf etmiş dillərin hansısa qatlarında daşıyıcısı olan xalqların implisit olaraq tarix, dünyagörüş, inanc, etnik-mədəni kod, mentallığının gözlə görünməyən izləri hifz olunmaqdadır. Və bu dil stixiyası ona müraciət edən eyni kökdən olan qələm sahibinə təsirsiz qalmır: doğma dil ümmanı istedadlı yazarın bədii təxəyyülünü hansısa görünməz qüvvəylə öz məkanına qəbul edərək onun gen yaddaşının dərin qatlarına sirayət edir. Yəni ikili yaradıcı proses gedir – görünməz təsir baxımından.
Ç.Hüseynov əsərini “sənədli fantaziya” adlandırıb, digər tədqiqatçılar janr təyinində fərqli fikirlər söyləmiş (Yaşar Qarayev, Yavuz Axundov, Həsən Quliyev, Vaqif Sultanlı, Təyyar Salamoğlu, Rəşad İsmayılov, Fidan Vahid və b.)
Bu yanaşmalar kontekstində ən çox rastlanan təyin şərtiliklə bağlıdır. Y.Qarayev bütövlükdə şərti üslubdan danışır və bu yanaşma qeyri-adi təhkiyə hərəkatına aiddir. Qeyri-ənənəvi, qeyri-xətti nəql üsulu, süjet quruluşu, mətn boyu “iç-içi” daxili nitq, assosiativlik, “keçmiş-indi-gələcək” triada üzvlərinin gözlənilməz yerdəyişməsi, zəngin alt qatlar, xülyalar, yuxular və s.
Hazırki yazının üsulu haqda. Sözsüz ki, məqsəd sözügedən mətnlərdə sadəcə üst-üstə düşməyən, fərqli fraqmentlərin aşkarlanması a priori qeyri-produktiv işdir. Düşünmək olar ki, optimal yanaşma reprezertativ seçimdir, yəni diqqəti qəhrəmanın dünyabaxışının təkamülünə dair (əsərin adlarına müvafiq) yönəldərək ən səciyyəvi görünən fərqli fraqmentləri aşkarlayıb şərhini verməkdir.
Hər bir əsərin adından sonra ilk gözə çarpan mündəricatdır ki, əsas etibarı ilə prinsipial fərqlər gözümüzə dəymədi, yuxarıda qeyd edilən iki fəslin adlarından başqa. Birinci hissənin ikinci fəsli həm də ümumiyyətlə əsərin rusca versiyasının adı ilə bağlıdır. Söhbət cavan Mirzə Fətəlinin məşhur rus şairi Lermontovla tanışlığı epizodundan gedir: “Я – Мишель. – А я Фет-Али. – Фатали – фаталист? – Уже пытались. Покойный Бестужев. – Вы что же, не верите в предопределение? У вас ведь, кажется, что у человека на лбу написано, того не миновать?! – Спорил я долго с мусульманскими муллами… неужто и с вами спорить?”
Azərbaycan mətnində:
– Mən Mişeləm, bəs siz?
– Mən də Fəth-Əliyəm, yəni Fətəli.
– Fatali-fatalist?
– Rəhmətlik Bestujev də... adımı eşidəndə “Fatalnıy Fatali” dedi.
– Yoxsa qədər-qismətə inanmırsınız? Bu ki şərqlilərin kəlamıdır: “Alnına nə yazılıbsa, o da olacaq”.
– Müsəlman mollaları ilə... qismətdən, taledən az mübahisə etməmişəm, indi sizinlə də bəhsə girək?”
Güman etmək olar ki, fəslin adının dəyişdirilməsi bu dialoqla bağlıdır. Bir də ki, Fətəlinin sonralar baş verdiyi (“İflas” adlı III hissə) böhranı, iflasının da anonsunu, zəif də olsa, Fətəliyə toxunan rus şairinin sualına cavabında görmək olar.
Əsər bir qədər qeyri-ənənəvi – “Müəllifin oxucuya müraciəti” ilə başlayır. Simmetrik olaraq əsər “Müəllifin bir daha müraciət” etməsiylə sona yetir; rusca mətndən bir qədər fərqli tonallıqda – təsirlilik baxımından. Bu haqda – öz yerində.
Romanın qeyri-ənənəvi strukturunda həcmcə və mənaca geniş “Giriş” (Пролог) bir neçə “kod” – fəsildən ibarətdir ki, bunlardan ən diqqət çəkəni “Xaç və aypara”, “Gülüstan müqaviləsi”, “Türkmənçay müqaviləsi”dir ki, sonra gələn əsas üç hissəyə, (hissə,) bir növ, anonslu prelüdiya kimi anlaşılır.
Məlum olduğu kimi, qeyd edilən müqavilələrdə XIX əsrdə baş vermiş Rusiya-İran müharibələrinin (1804-1813; 1826-1828) yekunları üzrə Qərbi Azərbaycanın xanlıqları, Dağıstan, Gürcüstan, daha sonra İrəvan, Naxçıvan və s. xanlıqlarının Rusiya imperiyasına verilməsi təsdiqlənib (əks təqdirdə, aydındır ki, bu ərazilərin çoxu İranın mülkiyyəti, ən yaxşı halda protektoratı statusunda olacaqdı; məşhur latın aforizminin imperativliyinə rəğmən: “Tertium non datur!” (üçüncü yol verilməmişdir!)
Romanda Rusiya-İran müharibələrinin gedişatının bir sıra epizodları, o cümlədən, hər iki tərəfdən tarixi prototipləri olan personajların (elə öz adları ilə) iştirakı ilə təsvir edilir.
Məsələn, general Sisianovun başçılıq etdiyi çar qoşunları Şimaldan – qurudan-sudan irəliləyə-irəliləyə Dərbənddən başlayan böyük yürüşün əhaliyə qarşı qəddar rəftarının mənzərələri təsvir edilir.
Bəzi hallarda canlı epizodların təsvirinə meyil diqqəti çəkir. Məsələn, Gəncənin alınmasında əsl qəhrəmanlıq göstərən şəhərin hökmdarı Cavad xanın Sisianovla dialoqu bir qədər qeyri-real təsvir edilir (rusca mətndə): – “Цицианов: Я предам тебя смерти, сдавайся! – Джавад хан: “Ты найдешь меня мертвым на крепостной стене! Твои пушки длиною в аршин, а мои в четыре аршина!”
И будто годовалый малыш зрелому мужу тщетно противится”
(Sanki bir yaşlı körpə nahaq yerə yetkin kişiyə müqavimət göstərirdi) “Sonra daha qeyri-ciddi: Хан сел на пушку и с саблей в руке бился с врагом”.
Azərbaycan versiyasında Cavad xanın qəhrəmancasına müqaviməti, ölümü real, təsirli verilir: “Müqəddəs bayraq da Cavad xana kömək edə bilməmişdir, həmin o bayraq ki, indi məscid qarşısında meydanda ... Əsas bayrağın ucuna sancılmış əl – bu, Məhəmməd peyğəmbərin əli idi – Sisianovun diqqətini cəlb etdi... Qonşu xanlar da Cavad xanın köməyinə gəlmədilər... Xanlıqlar Qafqaz güləşində məğlub olanın köynəyi kimi parçalanıb dağılmış üzrə idi... Bir-biri ilə çəkişən xanlıqların Rusiya və İran arasında uzun müddət qalması... Tarixi tale bunu həll etdi: Rusiya-İran müharibəsi nəticəsində”. Yığcam mətndə neçə bir-birinə bağlanılan ünvanlar qeyd edilir.
Gülüstan müqaviləsinə gəldikdə,
I Rusiya-İran müharibəsinin sonunda “Царь вынудил шаха подписать … в сказочно красивом – что в Карабахе, а земля здесь обильно полита кровью, и маки багрово вспыхивают весенней порой” . “Fətəli fəthi”də: “Qarabağın səfalı yerlərindən biri olan, gözəllikdə misilsiz Gülüstanda və burada bol-bol qan görən al-qırmızı rəngli çiçəklər də ona qismət olacaqdır”.
Və bu kənddə iki dövlətin nümayəndələri yığışıb... müqavilə imzaladılar: kimə xanlıq qaldı, kimə samanlıq... Çitə bənzəyir bu ərazi ki, qoynu al-əlvan çiçəklər məskənidir və bu, əsl Gülüstandır, insafsız dərzi qayçısı ilə kəsib çarın onsuz da ala-bula olan köynəyinə yamaq-yamaq tikildi və hər tikənin, hər yamağın üstündə xanlıq adı yazılmışdır”.
Azərbaycan mətnində heyrətlə qarışıq ağrı, yanğı. Xüsusilə “çarın onsuz da ala-bula olan köynəyinə yamaq-yamaq tikildi” ifadəsi assosiativ olaraq məşhur “лоскутная империя” ifadəsini yada salır (müəllifin adını daha demirəm).
Gülüstan müqaviləsinin bəndlərinə əsasən Bakı, Qarabağ, Quba, Dərbənd, Gəncə və s. daxil ediləndən sonra rus mətnində olmayan imperiyanın nəhəng alleqorik məcazvari obrazı təqdim edilir: “Şimal pəhləvanı bu cılız, cansız xanlıq və vilayətləri “hoppp” eləyib uddu və udub toxtadı, sonra yan-yörəsinə boylanıb fikrə getdi, uzaqlara göz gəzdirib, parlaq gələcəyini düşündü”.
Elə də oldu. Revanş arzusu ilə yaşayan Abbas Mirzənin başladığı ikinci müharibənin nəticələrinə görə “Azərbaycan torpağı Arazın köməyi ilə deyir, “Arazda axar qaldı, gözlərin baxar qaldı”. Arazın şimal tayı bütövlükdə Rusiyanın tərkibinə daxil oldu. İkiyə bölünmüş xalqın faciəsi Arazla bağlı bayatılar, hətta ağılarda iz qoyub: “Bir gəldin xəstə gördün, bir də can verəndə gəl”, “Araz, Araz, gəl eyləmə qan (!) Araz... Nədir bu tüğyan, Araz?”
Təbii ki, rus mətnində bunları vermək mümkünsüzdür. Həmin bölünmüş Araz obrazı xeyli müddət sonra (bunaqədərki əhvalatlar Fətəlinin uşaqlıq, yeniyetməlik dövrlərinə təsadüf edir) artıq Tiflisdə qulluqda ikən Fətəlinin xəyallarının böhran keçirdiyi dövrlə (“İflas” hissəsi) bağlıdır. Xüsusən, Türkmənçayla bağlı itirilmiş torpaqlar, bölünmüş xalqın faciəsi və bütün bunların səbəbkarı olan, inanıb xidmət etdiyi Rusiya imperiyasının qəddar siyasətinin mahiyyətini açdı: “Baxışı birdən aydınlaşıb dünyanın əsl sifətini Fətəliyə göstərdi... Sağalmaz yaradır Fətəli üçün bütün bu düşüncələr, o taydakı qohumlarının həsrəti” (rus variantında bir qədər qısa, amma adekvatdır). Qayıdaq fəslin adına: “Кинжальный Аракс” – “Qılınc Araz”. Əslində “кинжальный” sifəti elə rus dilində də “əldəqayırma” səslənir. “Qılınc Araz”da isə tonallıq dəyişir: “кинжальный” sifəti isimləşib ifadənin sərt imperativliyini təmin edir.
“Qılınc Araz yurdu çapıb bir milləti, bir torpağı ikiyə bölmüşdür, yoxsa bir ürəyi kəsib doğramışdır?!” Araz çayı çevrilir bu faciənin canlı simvoluna. Rus mətnində: “разрезанный край, разрезанный народ, разрезанные семьи” – «разрезанный» feili sifətin 3 dəfə təkrarlanması bircə dəfə substantivləşmiş “Qılınc”dan daha zəif təsirlidir. Və “Qılınc Araz” məcazı Fətəlinin uzun sürən xülyalarının, ümidlərinin iflasının da rəmzidir.
Yazıçı bu iflası yaxını, Bakıxanovun (hətta X.Usmiyevin) “ruhunda” boş xəyallarla bağlı (polkovnik paqonları, “Şir və Xurşid” ordeni, başqa təltiflər) keçdiyi yolda da görür. İyirmi il Fətəlidən yaşlı olan polkovnik A.Bakıxanov qulluğunun ilk pilləsində olan praporşik Fətəliyə öz təcrübəsini necə aşılasın? “Mənim bu günüm – sənin gələcəyindir, Fətəli, yadında saxla!” – “Bəs sənin gələcəyin, Abbasqulu ağa?” – “Mənim gələcəyim keçmişimə qayıtmağımdadır”. Rus versiyasından fərqli olaraq Bakıxanov şəxsiyyətinə kifayət qədər yer ayrılıb. Lakin Rusiya rəhbərliyi xidmətlərinə görə yüksək qiymətləndirdiyi hərbçiyə qarşı ikili mövqedədir: “И ценят его, и не верят ему”. Hətta vətəni Qubada böyük üsyan qalxanda Bakıxanov tələsik Tiflisə göndərilir, gözlərinin altında olsun deyə. Rus mətnində olmayan Quba ilə bağlı təsirli süjet xətti diqqəti çəkir: xəyalın uçuşunun Abbasqulu ağanı buralardan çox-çox uzaqlara aparması ... “Səadəti buralarda qoyub uzaqlarda axtarırıq!” Bu axtarışlar kontekstində ağlında yaranmış “Qüds” sözü qığılcım kimi yandı. Və həmin o “keçmişimə qayıtmağım”dan sonra: “Məkkəyə! Birdəfəlik uzaqlaşmaq!” Sonu da “Vadiyi-fatimə”də, Məkkə ilə Mədinə yolunda tapşırılan məzarda.
Cavanlıq illərində Fətəli yaxınlıq etdiyi, fəxrlə əhatəsində olduğu sürətlə yüksələn kumuk Xasayxan Usmiyev də artıq fikir içindədir: Fətəli nə vaxtsa knyazdakı romantik xülyaların yox olduğunu, dəyişildiyini və ona yaxın durmadığını görür. Xasayxan baş verənləri görüb “içini yeməyə vadar olmamağa” və yeganə yol kimi qulluq etməsini seçir. Belə ki, dostlar bir-bir sıradan çıxır.
Ümumiyyətlə, Fətəlinin əhatəsində olanlar: ailəsi, dostları, işlədiyi canişinlikdəki məmurlarla münasibətləri romanda ayrı-ayrı epizodlarda təsvir edilir. Türkmənçaydan sonra tərcüməçilik fəaliyyətində yeni istiqamət başladı: dağlı üsyançılarla bağlı əmrlər, məruzələr, hesabatlar, planlar və s. Qarabağda alınan torpaqların demarkasiyası prosesində (quruda və suda) hər qarış torpaq üstə yaranan mübahisələrdə tərcüməçi qismində iştirak edən və torpaqların alınması və sahibi olan əhalinin zorla çıxarılmasının şahidi olan Fətəlidə ikrah hissi oyanır (rus mətnində “.... переселение, yeni versiyada isə nədənsə dağlıların “mühacirəti” kimi təqdim edilir), işğalçı siyasətinin iç üzü açılır. Çarın qulluğunda olmaq, sən demə, imperiya siyasətinə qulluq etməkdir. Və... yeni əlifba layihəsi, “Aldanmış kəvakib”, xüsusən “Məktublar”. Əlyazma şəklində, senzorun qadağası, tanışların məsləhətləri, yaxşı tanışı şərqşünas Xanıkonun məsləhəti (geriyə dur!), ailəsi. Təqiblər. Psixoloji sarsıntı. Lakin yazılarından imtina etməyən Fətəli dağılan xülyaların, psixoloji və real böhranın, təqiblər əhatəsində hey fikirlər, şüur axınının burulğanındadır.
Qəribədir, bu qarışıq fikirlər axınında bəzən roman müəllifinin də səsi eşidilməkdədir.
Qeyd edildiyi kimi, Fətəlinin dairəsində tarixi prototipləri olan personajlarla ünsiyyəti təsvir edilir. O cümlədən, ən yaddaqalanlardan üsyançı dağlıların məşhur lideri, avar imam Şamilin obrazı. Bu tarixi şəxsiyyətin cəsurluğu, imanlığı, milliyyətçiliyi, xarizmatikliyi haqda kifayət qədər müxtəlif səpkili yazılar mövcuddur. Romanda hər bir ideallaşmadan uzaq, canlı obraz yaradılmışdır (qarşı tərəflərin danışıqlarında Fətəli də peşəsinə görə iştirak edib).
Romanda dağlılara qarşı mübarizədə (əslində müharibədə) Qafqaz canişinliyi, hətta tayfalarla bağlı uzun siyahı hazırlamışdır (tayfaların və daxilində olan qəbilələrin adları, artıq məhv edilənlər, tam tabe olmuşlar, qismən tabe olanlar, tabe olmayanlar və s.). Yəni hərbi planlardan savayı, ardıcıllıqla tayfaların azaldılması, qalanların köçürülməsi və s.
Bu işin tez başa çatmağının arzusunda olan konselyariya rəisi Qolovinin birdən gözlərinin önündə “nəhəng qazan canlanır, yürüşlərdəki əsgər qazanına oxşayır, amma bu lap yekələrdəndir! Altında da iri ocaq qalanıb, içində nə isə pıqqıldaya-pıqqıldaya bişib qaynayır – tayfalardır, alov əridir, əridir, tamam əriyəcəklər”. Şərhə ehtiyac yoxdur.
Dağlı tayfalarından ən xarizmatik, mahir hərbi lider, cəsur imam Şamilin obrazı bir neçə epizodlarda, fərqli situasiyalarda verilir: heç birində əfsanəvi qəhrəman, ideallaşdırılmış surət kimi deyil, real lider şəxsiyyət kimi.
Romanın “Qismətim bu imiş, nəyi bacardımsa onu da elədim” adlı fəslində (rus variantında: “Я сделал все, что было в моих силах”) Fətəlinin ölümündən sonra haqq dünyasına gedən çətin yolundan bəhs edilir.
Azərbaycan mətni həcmcə bir qədər genişdir. Fəsildə söhbət Fətəlini haqq dünyasına yola salmaqdan gedir. Üç gün qəbir yerinin axtarılmasına gedir, əsası – “tədbiri” canişinliyin nümayəndəsi idarə edir: əvvəlcə mərhumun əbədi yuxuda olduğu evinə başsağlığı vermək bəhanəsiylə gələn Nikitiçin əsl məqsədi əlyazmaları tapmaq idi. “Kafirin” məzarı üçün yerin axtarılması üç gün çəkir (canişinliklə əlaqə daimidir). Tiflisin qəbiristanlığında yer problemi yaranır. Nə müsəlman, nə qriqorian, nə katolik, nə pravoslav qəbiristanlıq yaramır. (yarayır.) Hətta edam edilmişlərin qəbiristanlığı təklif edildi. Nəhayət, dördüncü gün kimsəsiz yer tapıldı və cənazəni evdən çıxardıb dolayı yollarla dəfn yerinə gətirdilər (polisin müşayiəti ilə). Yola salanlar yaxın qohumlar, iki-üç nəfər dost-tanış idi. Və Yusif şahla (əsrləri bölə-bölə) Kəmalüddövlə Qahirədən (yoxsa Bağdaddan) və ... təbii ki, Cadugər (heç nə eləyə bilmədi). Bəs dostları? Kimisi vəfat etmiş, kimi edam edilmiş, kimi yoxa çıxmış.
“Müəllifin oxucuya bir daha müraciət etdiyinə” keçməzdən əvvəl ehtimal olunan bir mümkün suala cavab axtarmaq niyyətindəyik.
Birincisi, müəllifin əsərinin təyin etdiyi janra aid: “Sənədli fantaziya”. Aydındır ki, hər bir təsnifat, ələlxüsus, bizim ixtisas sahəsində, şərtidir. Hər halda söhbət orijinal tarixi romandan gedir! Özünəməxsusluğu isə sənədlər, faktlar əsasında özünəxas bədii təxəyyülün diktəsi ilə alt qatları qabartmaq.
Müəllifin son müraciətinin yarısı rus mətnində publisistik üslubda yazılmış xülasəyə bənzəyir; yalnız axırda “mülayimləşir”, üslub lirikləşir. Azərbaycan mətnindəki bu müraciətin ünvanı: “keçmişdə yaşayanların nəvə-nəticələri aramızda yaşamaqdadır,... ümid telləri qırılmazdır, səslər eşidilməkdə, deyilən deyilməkdədir, həm o tayda, həm də bu tayda, uzaqda və yaxında”. Və sonra müəllif doğma Bakının... Mirzə Fətəli küçəsində, üçbucaqlı bağına yollanır, – “постоять рядом с гранитным Фатали, сидящим в широком каменном кресле… и смотрит вдаль, не видя меня”, sonra isə “Tbilisinin təpəsinə qalxıram, Fətəlinin əbədi yatdığı yeri ziyarət edim, heykəlinin önündə – yoxsa məni yenə də görməyəcəkdir?! – durub uzaqlara baxıram – və cənub günəşi kürəyimi yandırır”.
P.S. 25 yaşlı Mirzə Fətəli Axundzadənin A.S.Puşkinin ölümünə yazdığı məşhur “Şərq poeması” elə 1837-ci ildə “Московский наблюдатель” qəzetində dərc olunmuşdur və redaktoru olan İ.Klementyev əsəri “прекрасный цветок, брошенный на могилу Пушкина” (“Puşkinin məzarına atılan gözəl bir gül”) adlandırmışdır. Düşünürük ki, bu məşhur ifadəni Çingiz Hüseynovun “Fətəli fəthi” romanına şamil etmək olar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
