Günel EYVAZLI
Dünyaya gələndə valideynlərim mənə ad düşünməkdə çətinlik çəkməmişdilər. Yəni onların adlar siyahısında Günel adından başqa ad olmamışdı. Səbəb çox sadəydi, əslində. 1979-cu ildə yazıçı Anarın ssenarisi əsasında ekranlaşdırılmış "Dədə Qorqud" bədii filmi 1984-cü ildə də olduqca populyar və baxımlı film olaraq qalırdı. Beləcə, filmin əsas obrazlarından birinin adıyla adlandırılmış oldum.
Əslində bu adın populyarlığını universitetdə təhsil aldığım zamanlarda daha qabarıq hiss etmişdim. Təssəvvür edin, filologiya fakültəsi, patoka toplaşan gənc ədəbiyyatçı qızlar və hər beş nəfərdən ikisinin adının Günel olması maraqlı hadisəydi. (Universiteti bitirənə qədər soyadlarımızla çağırıldıq). Əslində bu adların qoyuluşu eyni mənbədən, eyni filmə olan sevgidən qaynaqlanırdı.
Mənim yazıçı Anarla qiyabi tanışlığım elə filmlərdən başlayıb. Yeniyetmə çağlarımda izlədiyim filmlərdə diqqətimi çəkən fikirləri, dialoqları daima qeyd dəftərçəmə yazırdım. İndi isə bu kəlmələri söyləyən obrazın arxasında yazıçını dəqiq konturlarla görə bilirəm. Obrazlar, film, rəng, effektlər - hər şey kənarda qalır, mən çap makinası arxasında əyləşən, düşüncələrə dalan, fikirlərini sözə çevirən şəxsi - yazıçını görürəm. Və istənilən fikir məndə şəxsin özü haqqında informasiya ötürərək onu düşüncələrimdə ucaltmağa başlayır.
Məsələn, "Gün keçdi" filminin məhəbbət fonunda görünən qabarıq problematika elə indinin özündə də aktualdır. Əslində problematikanın bütün dövrlərdə aktual olaraq qalması bir az qorxuludur. Çünki istənilən şəxs pis xüsusiyyətlərini, ya xasiyyətini təmizləyə-təmizləyə (əgər özü istəyirsə) böyüyür. Cəmiyyətin "Çırmanırıq keçməyə çay gəlməmiş" (M.Ə.Sabir) psixologiyası, düşüncəsi və bu qəbildən olan bir çox xüsusuyyətləri dəyişməyibsə, demək cəmiyyətimiz öz üzərində işləməyi bacarmır və ona görə də əsərlərdə qabardılan problemlər xoşagəlməz "milli xüsusiyyətimiz" olaraq əsrdən-əsrə bizimlə birgə "pis xasiyyət" kimi addımlayır.
- Əyri-üyrü küçələr bizim nəyimizə lazımdır? - Maraqlı sualdır, deyilmi?
Və yaxud "Sənin sözündən belə çıxır ki, saçın kəpəyini təmizləmək üçün başı kəsmək lazımdır" ("Gün keçdi") fikri yazıçı Anarın Bakı təəssübkeşliyinin bariz nümunəsi olaraq əks olunub. Yazıçı öz düşüncələrini bundan gözəl təsvir edə bilməzdi. Məncə, dəfələrlə yazılmış, çeynənilmiş məqalələrdən də üstdədir ədəbiyyatda, film yaddaşında daşlaşan bu qızıl kəlmələr.
"Mollalar bilirsən necə qazanır? Hər ölənə bir yasin oxusaydın artistdən yaxşı dolanardın. Kaş ya xanəndə olaydım, ya aşıq, ya da molla. Toydan, yasdan gələn gəlir heç yerdə yoxdur" kimi fikirlər "Dantenin yubileyi" filmində gənc aktyor Cavadın qocaman Kəbirlinskiyə məsləhəti idi. Yaxşı məsləhətdir, deyilmi?
"Bizim ayrı-ayrı adamlara yazığımız gəlir, amma sənətə yazığımız gəlmir" fikirləri gənc aspirantın, tənqidçinin fikirləri kimi bizi də düşündürür. Doğrudur, stajla istedad ayrı-ayrı şeylərdir.
Film 1978-ci ildə ekranlaşdırılıb. Rəqəmlərə nəzər salıram, Anar müəllimin həmin vaxtlarda 40 yaşı var idi. İnsanın ən müdrik çağı. Filmin əvvəlində fonda qabardılan Kəbirlinski obrazı öz "gərəklilik" missiyasına əsərin sonunda qədəm qoyur. Obraz eyni gündə həm məyusluq yaşayır, həm də sevinə bilir. Günün başlanğıcının təsviri zamanı tamaşaya bilet əldə edə bilməyən bədbəxt Kəbirlinski "Yaşamağımın nə mənası var? Bu qədər ömür sürmüşəm, belə çıxır bir qəpiklik iş görməmişəm. Heç kimə lazım deyiləm" fikirlərini dilinə alaraq yazıçı müdrikliyinin yardımıyla uçurumdan xilas ola bilir. Ən azından belələri xatirələri dilə gətirmək baxımından bir yaddaş kartı olaraq gərəkli ola bilər lazımlılığında bulunur.
Anar müəllimin həyəcanını bir də (Moskva) "Nezavisimaya qazeta" da rus dilində dərc olunan (22 oktyabr 2015) V.Mayakovskiyə həsr olunmuş "Kosoy dojd" ("Çəpəki yağış") essesində hiss etmişdim. "Ədəbiyyat qəzeti"nin baş redaktoru, hörmətli Azər Turan essenin tərcüməsini mənə həvalə etmişdi. Bu məsuliyyətli işin öhdəsindən lazımınca gəlməyə çalışmışdım. Həm də eyni hissi, eyni həyəcanı (Mövzu mənə yad deyildi), enerjini olduğu kimi tərcümə mətninə yansıtmaq istəyirdim. Məncə, tərcümə alınmışdı da. Esse 2015-ci ilin noyabr ayında "Ədəbiyyat qəzeti"ndə dərc olunmuşdu.
Anar müəllimi tədbirlərdə dəfələrlə görmüşəm. Yox, yaxınlaşmamışam. Əl verib görüşməmişəm də. Bilmirəm, bəlkə də utanmışam. Və yaxud bir çoxları kimi görünmək istəməmişəm. Dəngəsər, bezdirici, üzlü, kitabını belə şəxslərə güclə sırıyan kimilərdən olmamışam. Həmişə kənarda dayanmışam. Ya da onun məni səsləməsini, tanımasını istəmişəm, bəlkə də.
Keçən il Anar müəllimin Sumqayıt şəhərində ziyalılarla görüşü zamanı şəhərin qocaman, stajlı qələm adamları arasında gənc yazar olaraq yalnız mən tədbirə dəvət almışdım. Heç gözləmədiyim halda, Yazıçılar Birliyinin gənclər üzrə katibi hörmətli Rəşad Məcid məni söz söyləmək üçün tribunaya çağırdı. Mən isə Avestanın ən məşhur, sehrli, üç mistik kəlməsi ilə çıxışıma giriş verərək cümlələrimin ardını gətirmişdim. "Haumata, hukta, hvaraşta"... Məncə, istənilən insanın düşüncələri, sözləri və əməlləri arasında sıx əlaqə olmalıdır. Üçündən birinin olmaması - sözlə əməlin, düşüncə ilə sözün, əməllə düşüncənin əlaqəsinin olmaması ümumi mənzərənin, şəxsin bütövlüyünün üzərindən xətt çəkə bilir. Bəlkə də elə bu səbəbdən bütöv görünən şair, yazıçıların toplaşdığı bir tədbirdə bədahətən ağlıma gələn bu üç kəlməni dilə gətirmişdim.
Eyni ildə hörmətli yazıçımız Əjdər Olun dəvətilə Sabir günləri çərçivəsində Şamaxı səfərində Anar müəllimlə səfər yoldaşı oldum. Gözəl gün idi. Yaradıcı insanlarla eyni mərasimdə iştirak etmək, eyni ədəbiyyat düşüncələrini bölüşmək, eyni aurada olmaq xoş təəssürat yaradır. Unudulmaz xatirəyə çevrilir. Əslində, gözəl nəsnələri görmək şəxsin özündən asılı olan keyfiyyətdir. Mən isə heç nəyi eybəcər, kələ-kötür görə bilmirəm. Qaranlığı görə bilmirəm. Heç görmək istəmirəm də. Ümumiyyətlə, bu camiədə olmağıma görə, yazmaq qabiliyyətində olduğuma görə, bir vaxtlar mənə əlçatmaz görünən şəxslərlə indi eyni sırada dayandığıma görə, onlarla ünsiyyət qura bildiyimə görə çox şanslıyam.
Qəribədir, yazı boyunca hansı abzasda təbrikə giriş etməyim haqqında düşünürdüm. Ümumiyyətlə, nə arzulayım, necə edim ki, daxilən hiss etdiyim səmimilik yazıma da yansıya bilsin, deyə düşünürdüm. Mən ən yaxın adamımı, doğmamı necə təbrik edirəmsə, Anar müəllimi elə təbrik etmək istəyirəm. Sadə, bər-bəzəksiz, pafosdan uzaq sözlərlə təbrikimi ünvanlamaq istəyirəm. Cansağlığı arzu edirəm ona. Sevdiyi insanların əhatəsində olmağı, daima nəvazişlə, istiliklə əhatələnməyi arzu edirəm. Ədəbiyyat eşqiniz heç vaxt sönməsin. Var olun, Anar müəllim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!