Fərid HÜSEYN
Assosiativ poeziya
Əgər xaç görən kimi İsa Məsih, qardaş qətli xəbəri eşidən kimi Habil-Qabil yadına düşürsə, deməli, əldə etdiyin bilgilər gördüklərinlə, yəni həqiqətlə sənin aranda sipər çəkib, qala hörüb. Yəni bildiklərin yalnız assosiasiya doğurmağa, oxşarlıqları yada salmağa xidmət edirsə, deməli, həqiqət sənin üçün ancaq əlavə müqayisə imkanı deməkdir. Şairin poetik yaddaşı ancaq oxşar nəsnələrin qruplaşma nöqtəsi deyil. Məsələn, dənizdən yazırsa, qağayı obrazının da şeirdə olması vacib deyil. Şeirdə assosiasiya natamamlığı bütünləşdirmək üçün sadəcə bir vasitədir. Şair vasitəni vacib saydıqca əsas məqsəddən uzaq düşür.
Günümüzdə sərbəst şeirimizin, məncə, ən ciddi problemi yersiz və əsassız təsvir aludəçiliyidir. Sanki yol gedə-gedə sağa-sola baxan bir adam gördüyü hər şeyi qeyd dəftərinə yazır, amma bu qeydlər arasında yolun fəlsəfəsi, gediş-gəlişin anlamı, bir sözlə, əsl poetik mahiyyət olmur. Mənaya çatmağa poetik gücü yetməyən, Allahın istedad payını əsirgədiyi şairlər, adətən, bu yazı manerasını özlərinə rəhbər tuturlar. Qəribədir ki, bu aldanış havasının içində həmin "mənasızlığın tüstüsünə düşən" həqiqi istedad yiyələri də öz iç səslərini, həyat duyumlarını unudaraq sadəcə "ətraf mühit xəttatlarına" - üzköçürənlərə çevrilirlər. "Bu səpkin" şairlərinin sırasının genişlənməsi nəticəsində sonradan, - bulanıq sular durularkən - ədəbiyyatımızda "quru adlar" intəhasızlığı yaranacaq...
Şairlərin dünyaları...
Şairlər adətən iki cür olur: Var şeirlərində oxucuların özlərini tapdığı şairlər, bir də var ki, poeziyası vasitəsi ilə özünü, sözünü axtartdıran şairlər. Məsələn, bizim ədəbi mühitdə tərif naminə hansısa şairə deyirlər ki, oxucular sizin şeirlərinizdə özünü tapır. Hansı şairin ki şeirlərində oxucular özünü tapır, zamanla həmin şairin yazdıqlarını mütaliəsevərlər sürətlə unudurlar.
Deyək ki, mən bu gün bir şeirdə, sabah isə başqa bir poetik nümunədə özümü tapıram. Amma əsl şairlərin şeirlərində oxucular özlərini yox, axtardığı, dünyasının sakini olmaq istədiyi şairi tapır. Məsələn, oxucu nə zamansa beş dəqiqəlik də olsa Pasternak dünyasının sakini olmaq istəyirsə, yaxud Füzuli sözünün ecazına qapılmaq xiffəti çəkirsə, az müddətə də olsa həmin şairlər kimi var olmağı arzulayırsa, onda açıb onların şeir kitablarını oxuyur. Yəni bu tipli böyük şairlər öz dünyagörüşünə oxucuda ehtiyac yaradırlar.
Bir sözlə, böyük şair oxucunun onun şeirlərində özünü tapdığı şair yox, oxucuya öz dünyasını axtartdıran qələm əhlidir. Fəqət hansı şairin şeirlərində ki oxucular özlərini tapırlar, zamanla həmin şairin qələm bəhrələri unudulub arxa plana keçir.
Susmuş şairlər...
Zamanla, illər ötdükcə şeir yazmağın daşını atan şairlər, adətən, iki cür olur: Birincilər çox təsadüf edilənlərdir: onların yağı bitmiş çıraq kimi könüllərindəki nəğmələr zamanla sovrulub itir, həyat burulğanında poetik mənlərini, şeir hissiyyatlarını qeyb edib, içlərindəki adamların sözləri ilə biryolluq üzülüşürlər.
Belələrindən bəziləri bir dövr ədəbiyyat meydanını doldurur, "köhnə şeirlərinin tamadası"na çevrilərək illərlə "ölməyiblər deyə sağdırlar" məntiqi üzrə güzəranlarını sürürlər.
İkincilərin isə yazmadıqları dövr də özü-özlüyündə bədii-fəlsəfi bir prosesə çevrilir və onlarda həmin şeir yazılmayan, qələm işləməyən günlər də zamanla öz bəhrəsini verir.
İranın dünyaca məşhur şairəsi Fürux Fərruxzad redaktor dostu Sirus Tahbaza söz veribmiş ki, rəhbəri olduğun jurnala yeni şeirlər göndərəcək. Sonrasa həyatın gedişatında görür ki, yeni şeirlər yaranmır, təzəcə qələmə aldıqları da hələ ortalığa çıxacaq səviyyədə deyil, bu halda redaktora məktub ünvanlayır və şeir yaza bilməməyini ona belə izah edir: "Bu bədbəxt xanım Fərruxzad həyatın divarlarını bəzəmək üçün bədii-ədəbi uyğunluqlar tapmağın yox, həyatın parlaq bir mənasını ifadə etməyin dalınca düşüb".
Həqiqətən də, bəzən şair həyatın anlamını ifadə edən özək mənadan uzaq düşüncə sanki yazmaq gücünü itirir. Onun həyatında yeni bir dövr başlayır, ətrafdakılar isə onu tamam başqa zamana aid edirlər.
Şairin "daxili dövrü" zamandaşlarının zamanları ilə düz gəlməyəndə də onun qələmi susmağı seçir. Və həmin disbalans zaman problemini Fürux həmin məktubunda təbiətdən örnək aldığı belə bir bənzətməylə ifadə edir. O, özünü nəzərdə tutaraq deyir: "Əgər bu qırt düşmüş, kürt yatmış toyuğun ayılması hələ uzanırsa, onun başını kəsin, yaxud da ikisarılı yumurtayacağı günü gözləyin".
Qaibanəlikdən xilas
Cüzam xəstəliyinin rəmzi adları çoxdur: kimisi bu xəstəliyə "səssiz yara" deyir, bir özgəsi bu mərəzi "insandan insana çəkilən pərdə" adlandırır. Hər halda, necə adlandırılmasından asılı olmayaraq, bu bəla son dərəcədə ağır bir fiziki mübtəlalıqdır. Sözüm onda deyil...
Deməli, şöhrətli fars şairi Fürux Fərruxzad bir zamanlar qəlbən bağlandığı İbrahim Gülüstanın rejissoru olduğu "Ev qaradır" adlı filmə çəkilib. Film zamanında uğur qazanıb, adıbəlli mükafatlara layiq görülüb. Onlar çəkiliş müddətində 12 gün cüzam mərizlərinin saxlanıldığı xəstəxanada qalıblar. Sonra "Ruşənfekr" qəzeti onlardan film barədə müsahibə dərc edib. Müsahibədə rejissor çox sadə, cüzam xəstəliyi barədə hamıya bəlli məsələlərdən danışıb, şair Fürux Fərruxzadın cavablarında isə çox qəribə müşahidələr var. Onlardan cəmi ikisini yada salıram:
1. Cüzam xəstəxanasında ən çox rast gəlinən əşya aynalardır. Orada hər otaqda ayna var və xəstələr üzlərində itirdikləri orqanlarına baxırlar.
2. Orada elə qadın gördüm ki, cüzam xəstəliyi gözlərinin axırına çıxmışdı. Üzündə gözünün yerinə sadəcə qırmızı bir xətt qalmışdı. Amma o qadın diqqətlə o xəttin üstünə sürmə çəkməyə çalışırdı.
Qəribədir, şair Füruxun bu sayaq müşahidələri, rejissorun filmdə görüb-göstərdiklərindən çox dəhşətlidir. Çünki həqiqi şair həyatın rejissorudur.
Gerçək şair özünün və başqalarının itirdiklərini həyati mənalandırmalarla qaibanəlikdən xilas edir.
Şair cavabdehliyi
Yaradıcı insan çox zaman anladığına görə deyil, hiss etdiyinə görə cavab verməli olur. Məsələn, alim, yaxud həkim hansısa cinsi bir təcrübə haqqında yazarkən çoxları düşünür ki, o, bu qənaətə başqaları üzərindəki təcrübələrdən sonra gəlib. Amma şair hansısa bir məhrəm duyğusunu qələmə alanda insanlar dərhal düşünürlər ki, o, öz obrazını yaradıb. Əslində, elm, yəni anlayaraq dərk olunanın təcrübəsinə inam daha güclü olmalıdır, nəinki hissi - yaradıcılıq məsələsinə münasibət.
Şərq dünyası hisslərin həqiqətinə inanır. Ona görə də hisslər çox halda tədqiq və müzakirə olunur. Məsələn, Fürux Fərruxzadın şeirlərindəki duyğular onun sağlığında yaşantıları kimi qəbul edilirdi deyə öz dövründə ağır tənqidlərə tuş gəlirdi. Yaxud Orxan Vəlinin azad şair tövrü "ifrat avaralıq" kimi dərk edilirdi. Qəribədir ki, bu tipli cəmiyyətlərdə bu günün tələbləri nə qədər ağır olursa, keçmişə münasibət o qədər loyal olur. Züleyxa asanca qəhrəman kimi qəbul edilir, Fürux isə linç edilir. Bir sözlə, sanki Şərqdə ibrət təcrübə üçün yox, daha çox tarix üçün gərəklidir...
Şairin dəftərçəsi...
Orxan Vəlinin qeyd dəftərçəsinə baxıram. Redaktoru olduğu jurnalın abunəçilərinin siyahısını tutub. Ümumilikdə 366 adamın adı var. Siyahıda Əhməd Kabaklı, Ferdi Tayfur, Zekeriye Sertel, Bülent Ecevit və s. məlum adamların isimləri diqqətimi çəkir. Aydın olur ki, jurnal dövrün ziyalılarının ümidinə qalıbmış və redaktor bütün alıcılarını az qala şəxsən tanıyırmış. Beş aşağı, üç yuxarı bizim indiki mühitdəki ədəbi aqibətimizlə oxşardır, sadəcə yeganə fərqimiz budur ki, orada hər təbəqədən ziyalılar ədəbiyyata maraqlıymış, yalnız yazı-pozu əhli yox...
Təqlid bazarı...
Böyük şairlər əksərən yeniliyini ənənəyə tətbiq edənlərdir. Poeziyada yenilikçi olmaq üçün yeniliyi ənənədən ayrı düşünməlisən. Yenilik istəyi, hətta təqlidçi şairlərin şeirlərində də var, amma yamsılayanlar, yaxud "peşəkar" ortabablar yeniliyi, adətən, gizli qatda edirlər. Beləcə hər təqlidçidə, hər ortababda yenilik işartı şəklində yaranır. Sadəcə yenilikçi şair özünə qədər başqalarında tör-töküntü şəklində olan fərqlilikləri bir yerə toplayır. Ən əsası, təqlidçilərdən və ortabablardan fərqli olaraq yenilikçi şair öz yeniliyinə, yaxud topladıqlarına ad verir.
Sənəti qəbul etdiyin metoda əsaslanaraq adlandırmaq sənətkarlıq göstəricisidir. Orxan Vəli "Qərib" şeir axını ilə, əslində, Türkiyədə bunu etdi.
Gecikməyənlərin poeziyası...
O cəmi 27 il yaşayıb və o 27 ilin də 9 ilini həbsxanada keçirib. Cəmi 18 il asudəcə dünyaya baxmağa, ömürdən kam almağa tale fürsəti tapıb. Həbsxanada 66 gün quru aclıq edib. Axırı da məlum: ölüm. Amma o az ömür içərisində elə şeirlər yazıb, elə duyğularını sözə çevirib ki, oxuyandan sonra heyrətlənməyə bilmirsən. Söhbət irland şairi Bobby Sandsdan gedir.
Məsələn, anasına həsr etdiyi şeirdə diqqətədəyər bir məqam var, yazır ki, "sən heç zaman mənə gecikmədin". Ananın həmişə vaxtından əvvəl övladının karına gəlməsini, dadına yetməsini qəribə bir hissiyyatla, sonradan anlayan bir adamın dili ilə canlandırır. İnsan bu misranı oxuyarkən düşünür ki, həqiqətən də, analar çox zaman bütün vaxtını övladına uyğun nizamlayır, nəyinsə onun üçün gecikməsini, ləngiməsini istəmir və bunu təkrar-təkrar, illər boyunca etməkdən usanmır.
Ümumiyyətlə, biz ömrümüzdə hər şeyi vaxtında edən adamları istər-istəməz sevirik, sanki onlar heç nəyə gecikməmələri, bizi gözlətməmələri ilə vaxtımızı almırlar.
Şeirin sonunda B.Sands anasına minnətdarlığını, ona həyat və şəfqət bəxş edən qadına razılığını onun özünə yox, əbədiyyətə edir: "Sonsuzluğa şükr edirəm". Çünki ananı ana edən mənəvi mizan həm də sonsuzluqla, əbədiyyətlə bağlıdır...
Eşq metamorfozu...
Zaman-zaman Səməd Vurğuna aid edilən məlum əhvalat dərin düşünəndə heç də ürəkaçan məsələ deyil. Həmin əhvalatda belə nəql olunur ki, şairin ilk məhəbbəti Dürrə xanım illər sonra onu görən Səməd Vurğuna "mənim sevgim səni şair elədi" söyləyib. Şairsə cavabında təxminən "sənin məhəbbətin adamı şair eləsəydi, birinci yanındakını - ərini şair eləyərdi" deyib.
Əslində, bu cavabda eşqin insanı dəyişəcəyinə qarşı inamsızlıq var. Eşq insan oğlunu əsrlərcə dərviş, divanə edə bilibsə, bir insanı şairə döndərməkdə niyə aciz qalsın ki?! Burada məsələnin birinci tərəfi əgər şairin eşqin insanı dəyişəcəyinə inamsızlığıdırsa, digər yanı isə qarşı tərəfin kimisə dəyişə biləcəyinə ümidsizliyinin ifadəsidir.
Aşıq Veysəl isə bir şeirində bunun əksini söyləyir, o, nəinki eşqinin kiməsə görə yarandığını dilə gətirir, hətta öz mövcudluğunun da sevdiyinin varlığı ilə zərurətə çevrildiyini deyir:
Sən bir eşqsən, mən bir Məcnun,
Sən olmasan, mən olmazdım.
Sən bir gülsən, mən bir bülbül,
Sən olmasan, mən olmazdım...
Sənsən mənim cümlə varım,
Yoxdur başqa kəsbi-karım.
Həm yazımsan, həm baharım,
Sən olmasan, mən olmazdım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
