Hər bir yazıçı və şairin özünəməxsus yaradıcılıq üslubu mövcuddur. Bununla bərabər, hər bir adamın həm də özünəməxsus bir yaradıcılıq xronikası vardır. Lakin sosial şəbəkədə mövcud olan mexanizm bu xronikanın pozulmasına səbəb olur. Belə ki, sosial şəbəkədə paylaşımlar anlıq və mövcud aktual hadisələrlə sıx bağlı olur. İstənilən yazıçı və şair yaradıcılıq istiqamətindən asılı olmayaraq sosial şəbəkədə real vəziyyətdə cərəyan edən hadisələrlə bağlı paylaşım edir. Bu, sosial şəbəkənin həm tələbi, həm də mexanizmidir.
Sosial şəbəkə platformalarında, xüsusilə də, facebook-da aktiv fəaliyyət göstərən şairlərdən biri Şəhriyar Del Geranidir. Şairin facebook səhifəsində mövcud paylaşımlarını nəzərdən keçirdikdə, xüsusilə diqqət cəlb edən şeirləri qadın mövzusuna həsr olunmuş şeirlərdir. Bu şeirlər daha romantik və qadını bir sənət əsəri kimi təqdim edən bədii nümunələrdir. Bu şeirlərə nümunə kimi "Bir qadın olmalıdır əlbət" şeirini göstərə bilərik. Şeir, adından göründüyü kimi, konkret bir şəxsə ünvanlanmamışdır. Lakin qadını vəsf edən hər bir misra daha çox analarımıza xas olan xüsusiyyətləri ön planda təqdim edir:
Bir qadın olmalıdır əlbət,
Quşlara uçmağı,
Balıqlara üzməyi,
Buludlara yağmağı öyrədən bir qadın
Olmalıdır əlbət.
Səadətə çatmaq üçün adamlara 100-ə qədər
Saymağı öyrədən bir qadın.
Verilmiş nümunədə olduğu kimi, şairin qadına həsr olunmuş bir çox şeirlərində hər birimizin həyatında analarımızın qoyduğu izləri görürük sanki. Həmçinin, müəllifin "Mart şeiri", "Bir də var pıçıldamaq" kimi şeirləri mövzu etibarilə fərqli olsa da, burada da sanki itirilmiş bir insana qarşı duyulan həsrət hiss olunur. Biz bunu müəllifin anası ilə olan vaxtsız ayrılığı ilə əlaqələndiririk ki, bu fikri isbat edən bir sıra nümunələrə rast gəlirik. Şairin sosial şəbəkədə olan səhifəsində anası ilə bağlı paylaşdığı uşaqlıq xatirələrindən aydın olur ki, müəllifin anasına aldığı ilk hədiyyəsi bir cüt tufli olmuşdur. Anasını itirmiş müəllifin bir çox şeirlərində bu hədiyyənin əşyəvi obrazına rast gəlirik.
Əşyaların ən qəddarı
Toz basmış tuflilərdir,
Geyib həyətdə gəzirəm,
Qoy həyət darıxmasın.
Bu hədiyyə sanki müəllifin anası ilə arasında qalan bir bağdır. Yaradıcılıq nümunələrində də rast gəldiyimiz obrazı isə bu bağı təmsil edir.
Sosial şəbəkədə, xüsusilə də, facebook platformasında fəal olan müəlliflərdən biri də Aqşin Evrəndir. Müəllif öz səhifəsində yaradıcılıq nümunələrini geniş şəkildə paylaşmır. Lakin bir neçə şeiri var ki, müəllif bu şeirləri müxtəlif aralıqlarla səhifəsində oxuculara təqdim edir. Bu şeirlərə nümunə kimi "Unutmağın resepti", "Biz əlifbanı sevgi məktubu yazmaq üçün öyrənmişik..." şeirlərini göstərə bilərik. Müəllifin sosial şəbəkədə təqdim etdiyi bədii nümunələr onun yaradıcılığında daha çox sevgi və bu müqəddəs duyğunun insanda qoyduğu izlərin təsvir olunduğunu göstərir. "Sevginin ölçü cihazı" adlı şeirdən verilmiş misralar da bunu göstərir:
Sevməyin ölçü cihazı bu sadə cümlədəydi:
"Əlini tutsa sevgidir, nəbzini tutsa taleyin".
Nə etməli... belə oldu... İndi ki üşüyürsən,
Götür eşqdən ürəyində qalan o odu geyin.
Şairin sosial şəbəkələrdə ən çox seçilən şeirlərindən biri "Biz əlifbanı sevgi məktubu yazmaq üçün öyrənmişik..." misrası ilə başlayan əsəridir. Bu şeir sadəcə sevgi şeiri deyil, həm də saf sevginin insan qəlbini xəbis duyğulardan necə qoruduğunu əks etdirən bədii nümunədir... Bu şeir, həmçinin həyatının ən sərt üzünü kəskin cümlələrlə ifşa edir. Bu, aşağıdakı misralardan da aydın olur:
Biz əlifbanı sevgi məktubu
yazmaq üçün öyrənmişdik,
Bunu 3-cü sinifdə oxuyarkən anladım.
Dəftərimdən qopardığım vərəqə
iki söz yazmışdım:
"sənin adın+mənim adım".
Rəsm dərsində ürək şəkli çəkirdik
bayraqla gerb əvəzinə,
Körpə qəlbimiz öz sümük beşiyində
yenicə gülürdü onda.
Onda hələ öyrənməmişdik
rəqəmlərin təkcə əskinas olduğunu.
Onda bilmirdik ki, dördbucaq
çəkə bilməyən dostumuz
dörd divara düşəcək.
Bilmirdik ki, "ampermetr"dən
5 alan qız cərəyandan öləcək.
Bilmirdik ki, hər şey boş çoxluqdur,
Bu yaddaş kitabçasında
adam öz əllərini unudur.
Yaxın otur, bir az etiraf edəcəm,
yaxın otur, əziz müəlliməm.
Müəllifin sosial şəbəkədə təqdim etdiyi hər bir bədii nümunədə müəyyən dərəcədə bir bədbinlik hiss olunur. Şəhriyar Del Geraninin şeirlərində görünən o hüzndən fərqli olaraq Aqşin Evrənin şeirlərində həm də ifşaedici və barışmaz bir mövqe var.
Sosial şəbəkədə aktiv olan başqa bir müəllif isə Banu Muharrəmdir. Müəllifin şeirlərindən sanki məlhəmsiz dərdə tutulmuş bir xəstə səslənir. Onun paylaşdığı bədii nümunələr sanki acı, kədər və iztirab qoxur. Şəhriyar Del Gerani haqsızlığı duyur, lakin sabaha ümidi olan bir müəllif kimi çıxış edir. Aqşin Evrən həyatın qaranlıq üzünü acı bir dillə ifşa etməyə, sanki zamanı qamçılayaraq düzəltməyə çalışır. Lakin Banu Muharrəmin yazılarında əks olunan lirik qəhrəman həyatdan ümidini üzmüş, iztirab çəkən bir obraz təsiri bağışlayır. Müəllifin "Yalanların da yandı", "Ölənlər heç zaman qayıda bilmir", "İnanma", "Ocağım söndü" şeirləri buna misal ola bilər.
Sosial şəbəkədə öz paylaşımları ilə diqqət çəkən başqa bir müəlliflərdən biri olan Hədiyyə Şəfaqətin yaradıcılığından bir nümunəyə nəzər salaq:
Hər gecənin bir ağ qapısı var:
sabaha açılmayan, səhərə açılmayan,
Pəncərəyə açılmayan,
quşlara açılmayan, günəşə açılmayan,
Dünyaya açılmayan,
ölkəyə açılmayan, şəhərə açılmayan.
Hər gecənin bir ağ qapısı var,
bəbəklərimizin dibindən başlayıb
geriyə qayıdan yolun üstündə.
Bu misralarda danışan lirik qəhrəmanın qarşısındakı o qapı aydınlığa açılmır sanki. Müəllifin bu qapını geriyə qayıdan yolun üstündə təsəvvür etməsi onun keçmişlə olan hesablaşmasının yarımçıq qaldığını göstərir. Nəzər saldığımız nümunələrin bir çoxunda müəllifin - lirik qəhrəmanın daha çox keçmiş xatirələrə meyilləndiyini, bu günlə dünəni müqayisə etdiyini, keçmişə qayıtmaq istədiyini görürük. Nəsr və dram əsərləri daha çox "525-ci qəzet"in, "Ədəbiyyat qəzeti"nin saytlarında, həmçinin ənənəvi nəşri olmayan "Kulis.az", "Yazarlar.az" kimi saytlarda yayımlanır.
"Kulis.az" saytında yayımlanmış hekayələrdən biri Mahir Rəsuloğlunun "Divardakı yazı" hekayəsidir. Hekayə saytların tələbinə uyğun, hazırda aktual mövzulardan birinə həsr olunmuşdur. II Qarabağ müharibəsindən sonra məcburi köçkünlərin öz ata-baba yurdlarına böyük qayıdışı Azərbaycan xalqının əsas gündəm məsələlərindən biridir.
Yayımlanmış hekayələrdən biri Nadir Yalçının "Balıqçılar" hekayəsidir. Hekayə əsasən insan psixologiyasının maraqlı bir tərəfinə toxunur. Belə ki, insan yaşadığı kədərləndirici hadisələrin yükündən azad olmaq, bəlkə də, vicdan əzabından xilas olmaq üçün məsuliyyəti yükləyəcək bir hədəf axtarır hər zaman.
Sosial şəbəkədə aktiv olan və sevilən yazıçılardan biri olan Təranə Vahidin öz səhifəsində paylaşdığı aşağıdakı sətirlər əslində gənclərin bu axtarışını çox gözəl bir şəkildə ifadə edir: "Yağışın damcılarından tuta-tuta yuxarı qalxdı. Dırmaşıb buludların üstündə oturdu. Ordan yuxarı boylandı. Göylərin təmizliyi onu qorxutdu. Damcılardan yapışa-yapışa Yerə - günahların içinə qayıtdı". Bu sözlər hazırda Z nəslinin içində olduğu vəziyyəti aydın ifadə edir. Z nəsli nə romantik aləmə uyğunlaşıb, sufi fəlsəfəsinin dərinliyində qala bilir, nə də realizmin hakim olduğu dünyada xoşbəxt ola bilir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
