2025-ci il İraq-türkman ədəbiyyatında ədəbi mənzərə: poeziya ənənələrinə sədaqət - Orxan İSAYEV

 

2025-ci ildə İraq-türkman ədəbiyyatında ənənəyə uyğun olaraq poeziya aparıcı mövqeyini qoruyub saxladı, şeiriyyatın müxtəlif janrlarında poeziya nümunələri ərsəyə gəldi. Kərkük, Ərbil, Mosul, Bağdad və İraqın digər şəhərlərində dərc olunan jurnallarda türkman şairləri müxtəlif mövzuları əhatə edən şeirlərlə çıxış etdilər.

İraq-türkman ədəbiyyatının özünəməxsus xüsusiyyətlərindən biri də əsərlərin dövrün aktuallığına uyğun şəkildə yazılmasıdır. Əsasən, ictimai-siyasi mövzulu əsərlər türkman xalqının mövcud problemlərini özündə ehtiva edir. 2025-ci il İraq-türkman ədəbi mənzərəsinə nəzər saldıqda, şairlərin daha çox məhz yuxarıda qeyd etdiyimiz mövzulara müraciət etdiyinin şahidi oluruq. Türkmanların yaşadığı ağrı-acılar, məhrumiyyətlər vətən mövzusunda yazılan bədii əsərlərdə müxtəlif poetik çalarlarla canlandırılır. İbrahim Havarsəsin "Məmləkətim Mosul şəhəri", Növrəs Rəşid Daquqlunun "Yolumuz bizim", Nəsrin Ərbilin "Öz yurdum", "Məmləkətim", "14 Temmuz", "Oyan, Kərkük", İsmayıl Sərttürkmanın "And olsun", Mehmet Ömər Qazançının "Kərkükə eşqnamə" və s. kimi əsərlərdə bu mövzular geniş şəkildə işıqlandırılıb. İsmayıl Sərttürkman "And olsun" adlı şeirində zülmə qarşı necə savaşdıqlarını, İyun üsyanı ilə düşmənə cavab verdiklərini, əgər yenidən qayıdarlarsa, süngü ilə cavab verəcəklərini yazır:

 

Ey istimar, getdi qəflət günləri,

Temmuz ilə korladığ planları.

Çox yorulma dönmək üçün,

Çox burulma qəflət üçün,

Süngüdür cavab sənə. (9, s.20)

 

Şəmsəddin Kuzəçinin "Vəzn" jurnalında dərc edilmiş iki bəndlik "Kərkük üçün" adlı şeirində də Kərkükün, İraq türkmanlarının yaşadıqları çətinliklər, əzab-əziyyət böyük ustalıqla təsvir edilir:

 

Kərkük üçün arzular al qana boyandı,

Nə gül qaldı, nə çiçək, nə dağ başında qarlar.

Nə göyərçin, nə qumru, nə vətənsevər ərlər,

Qıyım aşdı həddini, bıçaq köksə dayandı. (7, s.34)

 

Müasir İraq-türkman poeziyasının ən parlaq simalarından olan Nəsrin Ərbilin də 2025-ci ildə qələmə aldığı şeirlər arasında vətən mövzusu üstünlük təşkil edir. Nəsrin Ərbil öz üslubuna sadiq qalaraq Türkmaneli şəhərlərinin, demək olar ki, hər birinə şeirlər həsr edir və bu şəhərlərdə axıdılan nahaq qanların, törədilən vəhşiliklərin poetik təsvirini böyük ustalıqla oxucuya çatdırır. Şairin "Tuzxurmatu", "Öz yurdum", üçhissəli "Altunkörpü", "Sitəm", "Vüslət", "Bəkləyiş" və s. şeirləri bu qəbildəndir. Türkmanların başına gətirilən münasibətləri özündə əks etdirən ən gözəl poeziya nümunələrindən biri xanım şairin "Sitəm" şeiridir. Nəsrin Ərbil bu şeirin hər sətrində doğma xalqının yaşadığı zülmləri ürək ağrısı ilə qələm alıb:

 

Uğrunda şəhid verdik, hələ də vermədəyiz,

Əlimizdən tutan yox, bunu net görmədəyiz.

Kölgəni belə bizdən saxındın, əsirgədin,

Könlün gözü kor olsun, hələ də sevmədəyiz. (6, s.221)

 

Şair bu şeirin ikinci bəndində "ana vətən" deyərkən Türkiyəni nəzərdə tutur. Ümumiyyətlə, İraq türkmanları Türkiyəyə "ana vətən", Azərbaycana "ata vətən" deyirlər. Sözsüz ki, son 5 əsrdə Osmanlının tərkibində olan İraq torpaqları XX əsrin əvvəllərində güc yolu ilə ana vətəndən qoparıldıqdan sonra türkmanlar hər çətinlikdə Türkiyəyə ümidlə baxır, oradan imdad diləyir, yardım gözləyirlər.

Ötən əsrin 60-cı illərindən sonra türkman şairlərinin poema yaradıcılığı birmənalı şəkildə Məhəmmədhüseyn Şəhriyarın təsiri altındadır. Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması İraq-türkman ədəbiyyatının poema yaradıcılığında yeni bir mərhələnin əsasını qoydu. Təsadüfi deyil ki, bu günə qədər Şəhriyarın "Heydərbabaya salam" əsərinə 60-dan çox nəzirə yazılıb. 2025-ci ildə yazılan poemalarda da Şəhriyar yaradıcılığının təsiri açıq-aydın hiss olunur. Əli Yağmuroğlu "Türkmaneli dastanı" kitabında poemanın Şəhriyara nəzirə olduğuna və təbrizli şairə böyük hörmət və rəğbətinə işarə edərək əsərə bu misralarla yekun vurur:

 

Heydər Baba, Türkmaneli gözümdür,

Dastanımda xoyratımdır, sözümdür.

Dünya bilsin Kərkük, Təbriz özümdür.

Yağmuroğlu, nəğməsi xoş bəstənin,

Ərmağandır Şəhriyara dastanın. (11, s.143)

 

Əli Yağmuroğlu "Dünya bilsin Kərkük, Təbriz özümdür" yazmaqla, həm də Azərbaycanla tarixi, etnik bağlılıqlarına işarə edir. Şairin yaradıcılığında Azərbaycan mövzusu daim öndə olub. 44 günlük Vətən müharibəsindən sonra da Əli Yağmuroğlu Azərbaycanın şanlı qələbəsinə bir neçə şeir həsr etmiş, ölkəmizə hər dəfə səfər etdikdə bu şeirlərini müxtəlif tribunalardan səsləndirmişdir. Şairin 2025-ci ildə işıq üzü görən "Türkmaneli dastanı"nda da Azərbaycana aid fikirləri yer alır.

 

Türkmaneli, Qarabağla Xocalı,

Kərkük ilə Təbriz kimi əcəli.

Gün keçdikcə yaralarım qocalı,

Azərbaycan Türkmaneli yarası,

Qarabağtək bulunaydı çarası. (11, s.133)

 

2025-ci ildə poema janrında qələmə alınan əsərlərdən biri də "Telafər dastanı"dır. Görkəmli şair Rza Çolaqoğlunun müəllifi olduğu əsər Telafər şəhərinə həsr olunub. Şair əsərində Telafərin tarixini, təbiətini, tarixi şəxsiyyətlərini, görməli yerlərini böyük ustalıqla qələmə alır. Bu əsər də Şəhriyarın "Heydərbabaya salam" poemasının təsiri ilə yazılmışdır.

"Telafər dastanı" əsərini Azərbaycan oxucusu üçün maraqlı edən cəhətlərdən biri də poemanın dilidir. Rza Çolaqoğlu öz üslubuna sadiq qalaraq bu əsəri də digər əsərləri kimi daha çox xalq danışıq dilinə yaxın şəkildə qələmə almışdır.

 

Darıxdım, düşündüm xəyalə daldım,

Yerin bir bucağı yadıma düşdü.

Rəfdəki dəftəri yadıma saldım,

Kül-kömür yarpağı yadıma düşdü. (4, s.121)

 

Təqdim etdiyimiz şeir parçasında azərbaycanlı oxucunun başa düşməyəcəyi bir kəlmə belə yoxdur. Şeir əvvəldən axıra qədər Telafər ləhcəsi ilə Azərbaycan dilində qələmə alınıb. "Telafər xatirəsi" şeiri bütün parametrləri ilə Səməd Vurğunun "Yadıma düşdü" şeirini xatırladır. Rza Çolaqoğlunun bununla bağlı hər hansı bir qeydi olmasa da, fikrimizcə, "Telafər xatirəsi" Səməd Vurğunun "Yadıma düşdü" şeirinə nəzirə olaraq yazılmışdır.

Telafərdə yetişən gənc şair Əli Çolaqoğlunun qələmə aldığı "Ər Mahmud dastanı" da İraq-türkman ədəbiyyatının müasir poema yaradıcılığında yeni bir addımdır. Əli Çolaqoğlu öz sələflərinin ənənələrinə sadiq qalaraq bu şeirini Şəhriyarın "Heydərbabaya salam poeması"nın təsiri ilə yazıb. Telafərdə bir zamanlar böyük övliya kimi tanınan Mahmudun adına belə bir poema yazması türkman gənclərinin öz tarixlərinə və görkəmli şəxsiyyətlərinə bəslədikləri hörmət və sayğının göstəricisidir. "Ər Mahmud dastanı"nda şair Mahmudun xalq arasında olan nüfuzunu göstərməklə yanaşı Telafərdə olan tarixi yerlərin də adlarını çəkir, bir növ bu şəhərin tarixini oxuculara təqdim edir. Poemada Telafər qalasının, Xıdır İlyasın məzarının, Heyyo gölünün adları xüsusi şəkildə qeyd edilir. Poema əvvəldən sona qədər Ər Mahmudun və Telafərin vəsfi ilə diqqət çəkir:

 

Ər Mahmud, gəl Telafərin halın gör,

Bağların gör, dağların gör, çölün gör.

Qalanı gör, şanlı ata elin gör,

Unudulmaz adın hələ söylənir,

Kəramətin dilə gəlir, dillənir. (3, s.37)

 

Şəmsəddin Kuzəçinin Bakıda nəşr olunan "Kərkükün günəşi" şeirlər toplusunda mövzusu Azərbaycanla bağlı olan "Azərbaycan sevgisi", "Bakıya", "Gətirmişəm", "Tovuzlu qıza" və s. şeirləri yer alıb.

Şəmsəddin Kuzəçinin cinaslı xoyratları da "Kərkükün günəşi" kitabında yer alıb. Burada da müəllif xoyrat ənənələrinə sadiq qalaraq cinaslı qafiyələrdən və xalqın danışıq ləhcəsinə uyğun sözlərdən istifadə edilib.

2025-ci ildə məhəbbət mövzusunda yazılan ən gözəl şeirlərdən biri Casim Babaoğlunun "Yorulmaz imiş" şeiridir. Bu şeirdə Əsli, Kərəm, Arzu, Qənbər, Leyli, Məcnun, Şah İsmayıl kimi məhəbbət dastanlarının qəhrəmanlarının adları çəkilir, aşiq özünü bir növ onlarla müqayisə edir:

 

İki könül bir olarsa sevda da

Qiyamətə qədər yorulmaz imiş.

Sadiq olduysalar zövqi-səfada,

Məhşərdə günahlar sorulmaz imiş.

 

İraq İslam coğrafiyasının ən önəmli ərazilərindən biridir və bu dinin tarixində əhəmiyyətli rol oynamış bir neçə şəxsin məzarı da məhz İraqdadır. Məhz bu səbəbdən türkman şairlərin yaradıcılığında dini mövzulu əsərlərə tez-tez rast gəlinir. 2025-ci ildə İraq-türkman ədəbiyyatında bu mövzuda bir neçə maraqlı poeziya nümunəsinin yarandığının şahidi oluruq. Onlardan xüsusi olaraq Taha Həmzəlioğlunun "İslam yolu", Kahtan Camçının "Oxlar yarası yeri", Rza Çolaqoğlunun "İmam Hüseyn eşqinə", "Məhəmməd", Casim Babaoğlunun "Sordu Yusifi" şeirlərini qeyd etmək olar. Şair Qara Vahabın 2025-ci ildə çap olunan "Əstəğfürullah" adlı kitabında da dini mövzuda yazdığı şeirləri toplanmışdır.

2025-ci ildə qəzəlləri dərc olunan şairlərdən biri də Rza Çolaqoğludur. Ümumiyyətlə, 2025-ci il telafərli şair üçün olduqca məhsuldar keçib. Onun "Gerçəyə açıq qapılar" adlı şeir kitabında qəzəllərinin də yer alması, şairin klassik ədəbiyyat ənənələrinə də sadiq qaldığını sübut edir. Rza Çolaqoğlunun qəzəlində təsəvvüf ideyalarının yaşadığı da müşahidə edilir:

 

Şəbi-yeldadan bezmiş, usanmış çiləkeşlərin,

Bəklədiyi sabahın ağaran şəfəqiyiz biz... (4, s.531)

 

Qeyd etdiyimiz kimi, 2025-ci il İraq-türkman poeziyası üçün xeyli zəngin və məhsuldar olmuşdur. Yuxarıda qeyd etdiyimiz kitab, qəzet və jurnallarda dərc olunan şeirlərlə yanaşı, bir neçə şeir kitabı da işıq üzü görmüşdür. Sözsüz ki, şeiriyyata böyük önəm verən türkman xalqının ədəbiyyatında baş verən ədəbi prosesləri bir məqaləyə sığışdırmaq qeyri-mümkündür. Çalışdıq ki, Azərbaycan oxucusu və İraq-türkman ədəbiyyatı ilə maraqlananlar 2025-ci ildə baş verən ən mühüm ədəbi gedişatla tanış olsunlar. Daha geniş təsəvvür yaratmaq üçün ötən il İraqda türkman şairlərinin nəşr etdirdikləri kitabların adlarını da təqdim etməyi lazım bildik: Talib Bayraqdar "Könül həyəcanı", Məhəmməd Həmzəli "Qismət", Hicran Kadıoğlu "Qızıl illər", Azad Tərzi "Qürbət əsintilər", Qədriyyə Ziya "Kərkükə eşqim ölümsüzdür", Qara Vahab "Əstəğfürullah", toplama-tərtib kitabları: "Söz süfrəsi" (toplayan: Seyid Məhəmməd), "Fələkoğlu" (hazırlayan: İhsan Parçabağlı), "Kimliyimiz xoyrat" (Türkman şairlərinin xoyratlar toplusu) və s.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!